Bu hələ başlanğıcdır

İsmayıllının ən uca nöqtəsində sinəsi məxmər meşəli dağlar qoynunda bir məbədgah ucalır – elm, bilik, ziya, tərbiyə yayan bir yanar ocaq.
Hər səhər Babadağın məlhəm mehi saçlarını darayır, gülümsəyən günəş işığı yolunu işıqlandırır, divarlarına, pəncərələrinə nur qonur. Öyrənmək və öyrətmək həvəsli insanlar kandarına iz salır. Beləcə, hər gün hər saat yaşayır, yaradır, ucalır və yüksəldikcə də öz kiçik tarixini yazır, öz şərəf salnaməsinə yeni-yeni imzalar atır.
Bu hələ başlanğıcdırBu hələ başlanğıcdır
Bu hələ başlanğıcdır

İsmayıllının ən uca nöqtəsində sinəsi məxmər meşəli dağlar qoynunda bir məbədgah ucalır – elm, bilik, ziya, tərbiyə yayan bir yanar ocaq.
Hər səhər Babadağın məlhəm mehi saçlarını darayır, gülümsəyən günəş işığı yolunu işıqlandırır, divarlarına, pəncərələrinə nur qonur. Öyrənmək və öyrətmək həvəsli insanlar kandarına iz salır. Beləcə, hər gün hər saat yaşayır, yaradır, ucalır və yüksəldikcə də öz kiçik tarixini yazır, öz şərəf salnaməsinə yeni-yeni imzalar atır.
Ali məktəblərə qəbul siyahısı açıqlandı. Həmin gün neçə-neçə xoş xəbər İsmayıllı rayonunu kənd-kənd, oba-oba, ev-ev dolaşdı. Təbii ki, hər məktəbin qazandığı uğur, nailiyyət böyük bir zəhmətin, uzun illərin gərgin əməyinin nəticəsi idi. Lakin bir ziya ocağı – şəhər 5 nömrəli tam orta məktəbi həm digər məktəblərin, həm də özünün əvvəlki nailiyyətlərini qat – qat üstələmişdi. Təbii ki, rayon təhsilinin bir nümayəndəsi, bir ziyalı kimi bütün bunlar məni çox sevindirdi, qəlbimi qürur hissi ilə doldurdu. Qalibləri təbrik etmək, bu sevinci bölüşmək arzusu ilə fəxrimiz olan bu ziya ocağına üz tutdum. İlk baxışda diqqəti cəlb edən həyətdəki səliqə-sahman, zövqlə bəzədilmiş foye, fənn kabinetləri oldu. Bütün bunların hansı zəhmətin sayəsində qazanıldığını təsəvvür etdim. Məktəb direktoru, onun işgüzarlığı, zəhmətsevərliyi haqqında da çox eşitmişdim. İcazə alıb kabinetə daxil oldum. Kreslodan azca seçilən bu gənci görəndə həm təəccübləndim, həm də ürəyim qürur hissi ilə döyündü. Ürəyimdən bir hiss keçdi: gör bizim gənclik nəyə qadirdir.
İlk baxışda bu gənci görəndə böyük nailiyyətlərin hansı zəhmətin sayəsində qazanıldığını təsəvvür etdim.
İlk sualım da elə bu oldu:
– Məktəb direktoru yolunuz hansı mərhələlərdən keçib?
Xəsisliklə, bir neçə cümlə ilə özü, keçdiyi yol haqqında məlumat verdi:
– Əslində elə də möcüzəli həyatım olmayıb. Mən, Məmmədov Elçin Rafiq oğlu 1976- cı ildə anadan olmuşam. Gideyli kənd ibtidai və Kürdeldarbəyli orta məktəblərində təhsil almışam.
1994-cü ilin yanvar ayından 1997-ci ilin oktyabr ayına qədər döyüş bölgələrində Tərtər və Ağdam rayonlarında hərbi xidmətdə olmuşam. ADPU-nin filologiya fakültəsini bitirmişəm. Əmək fəaliyyətimə 2001-ci ildən başlamışam.
2004-cü ilin noyabr ayının 24-dən əmək fəaliyyətimi yeni açılmış İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində direktorun tərbiyə işləri üzrə müavini vəzifəsində davam etdirmişəm. 2008-ci ilin avqust ayından İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşam. 2011-ci ilin sentyabr ayından indiyədək şəhər 5 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində çalışıram. YAP-ın üzvüyəm.
Məktəbimizin tarixi haqqında nə deyə bilərsiniz?
-Tarix sözü bir az gülməli gəldi mənə. Çünki tarix deyəndə on illər, yüz illər canlanır gözümüzün önündə. Bizim isə belə demək mümkünsə, tariximiz cəmi 10 ildir.
– Əvvəlki illərin hansı yadda qalan nəticələri olub?
– Bayaq dediyim kimi, məktəbimizin elə uzaq tarixi yoxdur. Bu təhsil ocağı 2004-cü ilin noyabr ayının 24-də istifadəyə verilmişdir. İlk dəfə cəmi 5 məzunumuz olub. Adətən, məktəbin müvəffəqiyyəti nəticənin necə reallaşması ilə ölçülür. Bu sahədə də ürəkaçan nailiyyətlərimiz az olmayıb. 2005-2006-cı tədris ilində isə 24 məzunumuzun 11-i, 2006-2007-ci tədris ilində 7 nəfər tələbə adını qazanıb.
Pillə-pillə qalxdıqca, təcrübəmiz çoxaldıqca nailiyyətlərimiz də artıb, çoxalıb. 2007-2008-ci tədris ili daha uğurlu oldu. Altı məzunumuz 500-dən, 2 nəfəri isə 600-dən yuxarı bal toplayaraq respublikamızın nüfuzlu ali məktəblərinin tələbələri olmaq şansını qazandılar və həmin ilin nəticələrinə görə məktəbimiz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qərarı ilə respublikanın ən qabaqcıl məktəbləri siyahısına daxil edilib.
Bu müvəffəqiyyətdən ruhlanan kollektivimiz daha məhsuldar və davamlı çalışaraq sonrakı illərdə bir çox nailiyyətlərə imza atdı.
2009-2010-cu tədris ilində 7 nəfər məzun 600-dən, 15 nəfər isə 500 baldan artıq, 2010-2011-ci ildə 28 nəfər tələbə adına layiq görülməklə 6 nəfəri 600-dən çox, 3 nəfəri 500-dən yuxarı bal topladı. 2011-2012-ci tədris ilində 28 nəfər tələbə olmaqla, Badam Bədəlova ilk qızıl medalçımız kimi bizi çox sevindirib. 2012-2013-cü ildə də nəticələrimiz fərəhli olub: 39 tələbə kollektivimizə sevinc gətirib. Həmin dövr məzunlarının sorağı dünyanın ən nüfuzlu ölkələrinin təhsil ocaqlarından gəlir. Təbriz Şıxəliyev, Nəzrin İspərzadə, Nəzrin Ağazadə, Ceyhun Məmmədov və bir çox başqaları ümumi dünya layihələrində uğurla iştirak edirlər.
Deyəsən, çox yoruldunuz? Nəhayət, gəlib çıxdıq ən uğurlu ilimizə 2013-2014-cü tədris ilinə.
– Bəli, bu şərəfli yolun şərəfli mərhələsinə. Mən bu ili ən uğurlu il hesab edirəm. Əlbəttə ki, bu rəhbərlik etdiyim təhsil müəssisəsinin respublikada böyük uğura imza atması ilə əlaqədardır. Builki məzunlar sevincimizin üstünə sevinc qaladılar. 42 nəfər tələbə adına layiq görüldü. Bir çoxları bu ada yüksək balla nail oldu. 20 nəfər 600 balçıdan 8 nəfəri bizim məktəbin payına düşür. O cümlədən 4 nəfər 500-dən, 12 nəfəri isə 400-dən yuxarı bal toplayaraq sələflərinin layiqli davamçıları olduqlarını bir daha sübut etdilər.
Ancaq bu başlanğıcdır. Biz hələ son sözümüzü deməmişik.
– Bu uğurları necə qazandınız?
– Əvvala onu qeyd edim ki, hər şeyin bünövrəsi, təməli möhkəm olmalıdır. İkincisi, nəsillərin varisliyi qorunanda həmin iş daha uğurlu alınır.
Bəli, bir danılmaz həqiqətdir ki, həyat daim dəyişir, yeniləşir, nəsillər bir – birini əvəz edir. Bu yeniləşmədə biz gənclərin qazandıqlarımız təkcə yaşlı nəsillərin nə zamansa tutduqları yer deyil. Əvvəlki nəsillərin həyat təcrübəsindən xəbərdar olmadan, mənəvi keyfiyyətləri, milli dəyərləri mənimsəmədən davamlı uğur mümkün deyil. Bu, artıq elmi şəkildə sübut olunub ki, varisliyin gözlənilməsi tərəqqidə, inkişafda ciddi rol oynayır .Keçmişlə müasirlik arasındakı bağların möhkəmlənməsi hər bir işin uğuru deməkdir. Bu mənada məktəbimizin nailiyyətlərində məktəbimizin ilk direktoru, təhsil veteranı Fərman Bəşirovun böyük xidmətləri olmuşdur.
Məlum məsələdir ki, özülü möhkəm bina həm gözəl, həm də uzun ömürlü olar. İşimizin belə alınmasına görə Fərman müəllimə çox borcluyuq.
Kollektivinizdən razısınızmı?
– Çox sağ olun ki, ən böyük bir məsələni yada saldınız. Əslində bütün bu müvəffəqiyyətlər istedadlı kollektivimizin gərgin və səmərəli əməyinin bəhrəsidir. Məşhur pedaqoq Suxomlinski çox gözəl demişdir: “Bir damla öyrətmək üçün bir dərya öyrənmək lazımdır”. Müasir dövrümüz üçün dəyərli olan müəllimdən daim axtarışda olmağı, müntəzəm olaraq öz üzərində çalışmağı tələb edir. Biz də bunun bəhrəsini görürük. Hal-hazırda 800-dən çox şagirdin təlim-tərbiyəsi ilə 80 nəfər müəllim məşğul olur. Onların çoxu təhsil sahəsində öz sözünü demiş, peşəsinin vurğunu, təlim-tərbiyənin əsaslarını dərindən mənimsəmiş, dövlətimizin təhsil sahəsində qarşıya qoyduğu vəzifələri ürəklə yerinə yetirməyə çalışan, yeri gələndə sanballı nəticələrə nail olan istedadlı pedaqoqlardır. Onlar hər bir dərsin keyfiyyətini yüksəltmək, vətən üçün layiqli vətəndaşlar yetişdirmək uğrunda var qüvvələri ilə mübarizə aparan əsl pedaqoqlardır. Bilmirəm kimin adını çəkim, haradan başlayım, harda qurtarım. Bu uğurlar məktəb rəhbərliyinə dəstək və dayaq olmuş belə kollektivin gərgin əməyi sayəsində qazanılmışdır. Məktəbdə onların yaxından köməyi ilə yaradılmış yüksək və nəfis tərtibatı olan 13 fənn kabineti və laboratoriya fəaliyyət göstərir.
– Məktəbinizin nailiyyətləri təkcə tələbə qəbulu iləmi ölçülür?
– Xeyr, əsla. Digər sahədə də davamlı və yüksək nailiyyətlərimiz çoxdur. Məktəbdəki saysız- hesabsız tədbirlərimiz yüksək səviyyəsi ilə seçilir.
Rayon və respublika miqyaslı tədbirlərin də fəal iştirakçısı olmuş, dəfələrlə mükafatlara layiq görülmüşük. İnşa yarışlarında, olimpiadalarda da şagirdlərimiz öz sözlərini demişlər. Komandamız dəfələrlə “Xəmsə” bilik yarışmasının qalibi olub. Eyni zamanda, şagirdlərimiz respublika televiziyasının müxtəlif kanallarında yayımlanan intellektual oyunlarının qalibi adına layiq görülüblər. 2010-cu ildə cəsurlar komandamız respublika turunda qalib olmuş, 2013-cü ildə isə IV yeri tutmuşdur. Məktəbimizin fəxri Vüsalə Dəmirova cüdo üzrə Avropa çempionatının qızıl medalçısı olub. Hal-hazırda şagirdimiz Məhəmməd Məmmədov Avropada keçiriləcək yarışa hazırlaşır.
Rəsm, şeir, mahnı və digər müsabiqələrdəki qalibiyyətdə də bizim samballı payımız var.
Müasir təhsili necə görürsünüz?
– Vətənimiz müstəqillik qazanandan sonra hər sahədə , o cümlədən təhsil sahəsində də inkişafımız zəruri şərtə çevrilmişdi. Birinci növbədə isə böyüməkdə olan gənclərin şəxsiyyət kimi formalaşdırılmasına daha böyük qayğı göstərilir və bu məsələ qarşıya xüsusi vəzifə kimi qoyulur. Çünki, adamların şəxsiyyət kimi formalaşdırılması ölkəmizdə dövlət siyasətinin çox mühüm əhəmiyyət kəsb edən tərkib hissəsidir.
Biz bunu hər an yadda saxlamalıyıq. Təhsilin bütün mərhələlərində elə də əvvəlki illərlə müqayisədə bir coşqunluq, ciddi irəliləyiş müşahidə olunur. Respublikamızda təhsilin səviyyəsi hazırda beynəlxalq standartlara cavab verən səviyyəyə çatmışdır. İsmayıllı təhsili də bu sırada mühüm həlqədir və illərdir ki, öz layiqli sözünü deyir. Lakin hələ də bütün işləri görülmüş hesab etmək olmaz. Daim inkişaf edən dünya ilə ayaqlaşmaq heç də asan deyildir. Çünki dünyada gedən qlobal proseslər, biliyə əsaslanan iqtisadiyyatın sürətli inkişafı keyfiyyətli insan kapitalının diqqətdə saxlamağı tələb edir. Bunun üçün təhsil sahəsində çalışan hər bir kəs öz vicdanı və dövlət qarşısında hesabat verməli, öz üzərində müntəzəm işləməli, yeni təlim texnologiyaları, müasir təlim metodlarına dərindən yiyələnməkdir
Son vaxtlar unudulan ən vacib məsələlərdən biri övladların təlim və tərbiyəsində rolu danılmaz olan valideyn məsuliyyəti artırılmalıdır. Çünki yaxşı bilirik ki, valideyn şagirdin gələcək taleyində mühüm rol oynayan ən vacib personajlardan biridir.
Gənc yaşında yaşıdlarınızdan fərqli olaraq, bir çox müvəffəqiyyətlər qazanmısınız. Heç fəxrlə ürəyinizdə demisiniz: “Mənim məktəbim”. Onda hansı hissləri keçirmisiniz?
– Əlbəttə ki, yox. İndiki dövr üçün bu nədir ki?!
Dahilərdən biri söyləmişdir: “Həyat yaşanan günlər deyil, yadda qalan günlərdir”. Mən də yaşımı deyil yadda qalan günlərimi həyatıma yazıram. Deməli, yaşımdan da hələ çox gəncəm və yadda qalan günlərin sayı artırmağa çalışacağam. Çünki sevimli şairimiz Bəxtiyar Vahabzadə demiş:
Bəli, əziz dostum, bunu yaxşı bil,
Şöhrət də zəhmətlə yaşa dolmalı!
Vəzifə insana şan-şöhrət deyil,
İnsan vəzifəyə şöhrət olmalı.
Eyni zamanda, rəhbərlik etdiyim təhsil ocağının uğurları, ictimaiyyətin mənə və bu məbədə münasibəti məni dərindən sevindirməklə bərabər daha da ruhlandırır.Burada ataların məşhur bir kəlamı yada düşür: ağacı meyvəsinə, insanı işinə görə tanıyarlar. Arzumuz budur ki, hamı bizi səmərəli, faydalı işimizə görə tanısın, qiymətləndirsin. Mənəviyyatı zəngin insanların bizə bəslədikləri ümidi, inamı, ləyaqətlə doğruldacağıq. Ən böyük məqsədimiz təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən ulu öndərimiz Heydər Əliyevin və onun kursunun layiqli davamçısı İlham Əliyevin yüksək dəyərləndirdikləri və millətin gələcəyi hesab etdikləri təhsilə öz samballı töhfəmizi verməyi bacarmaqdır.
– Eşitmişəm ki, həm də şeir yazırsınız. Sirr deyil ki?
– Bəli, arada ürəyimdən gələnləri kağıza köçürürəm. Əlbəttə ki, ona şeir demək mümkünsə… (gülür): S.Vurğunun qəhrəmanı demişkən:
Azəri xalqının oğluyam mən də,
Az-az uydururam yeri gələndə.
– Məktəbimizin on yaşı tamam oldu. Hələ “uşaq” olan müəssisəmiz üçün bu uğurlar ilk addımlardır.
– Sizi, kollektivinizi 10 il ərzində qazanılan uğurlar münasibətlə təbrik edir, Azərbaycan təhsili, onun avanqardı İsmayıllı təhsili naminə daha böyük zirvələr fəth etməyi arzulayıram. Yolunuz həmişə açıq olsun!
– Xoş arzularta görə çox sağ olun. Minnətdaram. Bu hələ başlanğıcdır…

Bu hələ başlanğıcdır
Rəna Mirzəliyeva

Şərh Yaz