Ot kökü üstə bitər

Adətən, insan bir qədər yaşa dolduqdan sonra deyirlər ki, o, ömrünün müdriklik çağını yaşayır. Lakin müdriklik heç də yaşla ölçülmür. O həm də inanılmış, sabit və etibarlı sərvətdir. Fəlsəfi düşüncə tarixində deyildiyi kimi, qüvvət, gözəllik və həqiqətə tapınma insanın bu ali məziyyətə sahib olması haqqı və səlahiyyəti ilə bağlıdır.
Çoxdan tanıdığım, bir müddət bir yerdə çalışdığım, rayon ictimaiyyəti arasında tanınan, sayılıb-seçilən ziyalı Əhmədağa Ağaələkbər oğlu Ələkbərovu biz çoxdandır müdrik bir insan kimi sevir, ona ehtiram, hörmət bəsləyirik.
Ot kökü üstə bitərOt kökü üstə bitər

Adətən, insan bir qədər yaşa dolduqdan sonra deyirlər ki, o, ömrünün müdriklik çağını yaşayır. Lakin müdriklik heç də yaşla ölçülmür. O həm də inanılmış, sabit və etibarlı sərvətdir. Fəlsəfi düşüncə tarixində deyildiyi kimi, qüvvət, gözəllik və həqiqətə tapınma insanın bu ali məziyyətə sahib olması haqqı və səlahiyyəti ilə bağlıdır.
Çoxdan tanıdığım, bir müddət bir yerdə çalışdığım, rayon ictimaiyyəti arasında tanınan, sayılıb-seçilən ziyalı Əhmədağa Ağaələkbər oğlu Ələkbərovu biz çoxdandır müdrik bir insan kimi sevir, ona ehtiram, hörmət bəsləyirik.
Arzusuna, amalına doğru getdiyi yol onun tərcümeyi-halında öz əksini belə tapıb.
Ot kökü üstə bitər

Əhmədağa Ağaələkbər oğlu Ələkbərov 1954-cü il dekabr ayının 8-də qədim Basqal qəsəbəsində böyük ziyalı ailəsində dünyaya gəlmişdir. Respublika və keçmiş SSRİ miqyasında tanınmış ziyalılar, ictimai xadimlər, hərbiçilər, sənət adamları – fizika-riyaziyyat elmləri doktorları professor Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri Maqsud və Mais Cavadovlar, xalq yazıçısı Əbülhəsən Ələkbərzadə, tarix elmləri namizədi Nəccar Mustafayev, fizika-riyaziyyat elmləri namizədi Sədaqət Əzizov, fizika-riyaziyyat elmləri namizədi Rasid Əfəndiyev, neftçi Hacıbala İsgəndərov, SSRİ Dövlət mükafatı laureatı Ağasəf Bağırov və yüzlərlə elm xadimi, ziyalısı, sənətkarlarının təhsil aldığı Rəmzi Novruzov adına Basqal qəsəbə orta məktəbini əla qiymətlərlə 1970-ci ildə bitirmişdir.
1975-ci ildə ADPU-nun kimya fakültəsini, 1990-cı ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. 1975-1984-cü illərda Basqal qəsəbə tam orta məktəbində kimya müəllimi, 1984-1991-ci illərə İsmayıllı rayon Patiya komitəsində təlimatçı, şöbə müdiri, 1992-1999-cu illərdə İsmayıllı TTM-nin müdiri, 2000-2005-ci illərdə İsmayıllı Bələdiyyəsinin sədr müavini, 2005-2006-cı illərdə İsmayıllı Rayon İcra Hakimiyyətində şöbə müdiri işləmiş, 8 dekabr 2006-cı ildən hal-hazıra kimi şəhər 3 nömrəli tam orta məktəb-liseyinin direktoru vəzifəsində çalışır.
Davranışında mentalitetimizdən gələn tələblər önəm kəsb edir. Orta məktəbdə oxuduğu illərdə ictimai işləri çox sevərdi. O, məktəbdə əvvəlcə pioner, sonra komsomol fəalı olmuşdur. Məktəb komsomol təşkilatının sədri idi. Bəlkə də Əhmədağa müəllimin gələcək taleyini onun bu bacarığı müəyyənləşdirmiş, fəaliyyət göstərdiyi sahələrə bu marağı istiqamətləndirmişdi. Bacarığı, təşkilatçılığı, insanlarla ünsiyyət qurmaq qabiliyyəti olan gənc oğlanın əsl karyerası bundan sonra başlandı.
Basqal qəsəbə orta məktəbində çalışan Əhmədağa müəllim özünün bilik adlı sərvətini şagirdləri ilə səxavətlə bölüşür. Böyük həvəs, tələbkarlıq və ciddilik nümayiş etdirərək çalışır ki, hər bir şagirdi bilikli və savadlı olsun, yaxşı vətəndaş kimi yetişsin. O, buna nail də oldu. Dərs dediyi yüzlərlə şagirdi respublikanın, bu gün MDB-nin müxtəlif yerlərində çalışır və yüksək nəticələr əldə edirlər. Şagirdlərindən üç nəfəri 1979-1981-ci illərdə M.V.Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutuna daxil olmuşdur. Bu uğuru 1981-ci ildə SSRİ-nin başqa şəhərlərinin ali məktəblərinə qəbul olunan tələbələrlə görüşündəki məruzəsində ümummilli liderimiz Heydər Əliyev xüsusilə qeyd etmişdir.
Bu səbəbdən işgüzar, bacarıqlı, qabaqçıl təhsil işçisi kimi, 1981-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə ixtisasartırma kursuna göndərilmişdir. Ə.Ələkbərov rayonumuzun müəllimləri sırasından bu şərəfə nail olmuş yeganə müəllimdir.
Biz dostumuzun bu xüsusiyyətini ilk növbədə xeyirxahlıq, səxavət kimi dəyərləndiririk. Dərindən düşündükdə isə bu, eyni zamanda böyük bir vətəndaşlıq hünəri, insansevərlik, vətənpərvərlik nümunəsidir.
Əhmədağa müəllimin ən yaxşı xüsusiyyətlərindən biri də budur ki, heç vaxt nail olduğu nəticələrlə kifayətlənmir, kənara çəkilib rahatca oturmur. Daim qazandığı yüksək nəticələrin dairəsini genişləndirir, dərinləşdirir.
Əhmədağa Ələkbərov böyük təşkilatçılıq və idarəetmə qabiliyyətinə malik şəxsdir. O, hər hansı vəzifəni tutmasından asılı olmayaraq, həmişə yüksək ziyalılıq keyfiyyətləri nümayiş etdirir.
Rəhbərlik etdiyi məktəb 2014-cü ildə ali məktəblərə tələbə qəbulunda daha böyük uğur qazanmışdır. Məktəbin 18 nəfər məzunu tələbə adını qazanaraq, üç nəfəri – Hacıməmmədli Güllü İlham qızı (650 bal), Səmədli Elnarə İlham qızı (645 bal), Hüseynov İlkin Əjdər oğlu (634 bal) 600-dən yuxarı bal toplamışlar. Məktəbin 4 məzunu Prezident təqaüdçüsüdür.
Ot kökü üstə bitər

Məktəb respublika və beynəlxalq miqyaslı müsabiqələrdə iştirak etmiş, uğurlu nəticələr qazanmışlar.
Respublika inşa yazı müsabiqəsində məktəbin X sinif şagirdi Fidan Canəliyeva uğur qazanmış, Təhsil Nazirliyinin diplomuna layiq bilinmişdir. Onun həmin yazısı müsabiqəyə aid kitaba daxil edilmişdir.
Ot kökü üstə bitər

Respublika Təhsil Nazirliyi və rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu ilə İSTECH və NEATS şirkətlərinin dəstəyi ilə rayonda keçirilən “Qunduz” informatika və kompyuter bacarıqları müsabiqəsində də məktəbin şagirdləri fərqlənmişlər.
Məktəb 2009-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş, məktəb direktoru kimi, Ə.Ələkbərovun təqdimatı ən yüksək – 10 balla qiymətləndirilmişdir. Məktəbin riyaziyyat müəllimi Brilyand Mürsəlova, ingilis dili müəllimi Humay Əhmədova və Azərbaycan dili, ədəbiyyat müəllimi Çingiz Muradlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
Məktəbin 31 nəfər müəllimi “Fənlər üzrə Elektron Təhsil Resurslarının hazırlanması”, “Mədət Azərbaycan ” MMC və Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə “Həmkara Dəstək” layihəsi üzrə 15 müəllim təlim kurslarından keçmişdir.
Məktəbin pedaqoji heyəti “Promethean interaktiv texnologiyaların tədrisində tətbiqi” üzrə təlimdə iştirak etmişlər. Beş nəfər fənn müəllimi “Öyrədənlərin öyrədəni” kursunu bitirmişdir. Məktəbdə sinifdənxaric işlər də yüksək səviyyədə təşkil olunmuşdur.
Məktəbdaxili nəzarətin düzgün təşkili məktəbdə nizam-intizamın möhkəmlənməsinə, təlim prosesinin yüksəldilməsinə müsbət təsir göstərir. Sözsüz ki, qazanılan uğurlarda kollektivin hər bir üzvünün öz payı var. Lakin etiraf edək ki, kollektivin formalaşmasında onun işinin düzgün təşkilində əsas ağırlıq və məsuliyyət məhz rəhbərliyin üzərinə düşür.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 avqust 2014-cü il tarixli, 930 saylı əmri ilə məktəbin bazasında məktəb-lisey yaradılmışdır. Liseydə texniki və təbiət təmayüllü siniflərə VII sinif şagirdlərinin qəbulu olmuş, artıq məktəbdə iki belə sinif yaradılmış və məktəbin qabaqcıl müəllimləri şagirdlərin təlim-tərbiyəsinə təhkim olunmuşlar.
Əhmədağa müəllim gözəl, səmimi bir ailənin başçısıdır. Ömür-gün yoldaşı Turac xanım İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində çalışır, oğlu Səbuhini, qızları Aygün və Günayı da yaxşı tanıyırıq. Oğlu ixtisasca iqtisadçıdır. Vergilər Nazirliyi sistemində çalışır. Aygün ADPU-nun biologiya fakültəsini bitirib, müəllimlər ailəsinin davamçısıdır. Kiçik qızı Günay ATU-nu bitirib, həkimdir. Rezidenturada təhsilini davam etdirir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Daşdəmir Əjdəroğlu bu ailə haqqında tez-tez oçerklər, məqalələr yazmış, bu ailənin nəcibliyi, böyüklüyü, ziyalılığını yüksək qiymətləndirmiş və böyük dəyər vermişdir. Bu yazılardan biri də “Yaxşıları sevər Allah” başlıqlı yazıdır. Bu yazıda Əhmədağa müəllimin atası Ağaələkbər Əkbərov və anası Seyid Turə haqqında geniş məlumat vermiş, onların böyüklüyü, ziyalılığı yazıda geniş əks olunmuşdur. Bu da onun nümunəsidir ki, ot kökü üstə bitər!
Əhmədağa Ələkbərov prinsipial insandır. O, elmi mübahisə və müzakirələr zamanı mövqeyindən geri çəkildiyini görməmişik. Həmişə öz fikirlərini, əldə etdiyi nəticələri əsaslandırmağı, dəlil-sübutlarla təsdiqləməyi bacarır. Bu inam və qətiyyət isə ondan irəli gəlir ki, onun söylədikləri ötəri olmur, həqiqətə, elmi əsaslara söykənir.
Ot kökü üstə bitər

Deyilişi sadə, lakin mənası çox dərin olan bir məsəl var: soruşurlar ki, qardaşını tanıyırsanmı? Deyir ki, onunla yoldaş olmamışam.
Biz Əhmədağa müəllimi uzun illərin yoldaşlığı, dostluğu, həmkarlığı sayəsində dərindən tanıya bilmişik. Bununla belə, onunla hər dəfə həmsöhbət olanda, hər hansı bir məsələni müzakirə edəndə, birgə yol gedəndə nə isə təzə bir məziyyət kəşf edirsən.
Əhmədağa müəllim elə bir insandır ki, onu vəzifə, ad-san, şan-şöhrət heç vaxt dəyişdirmir. Vəzifə onun üçün məqsəd deyil, bir vasitədir. Biz Əhmədağa müəllimi həmişə eyni cür görmüşük. Müəllim işləyəndə, bələdiyyə müavini, icra hakimiyyətində ərazi idarəetmə şöbəsinin müdiri və məktəb direktoru olanda da davranışında, ətrafdakı dostlarına münasibəti dəyişməyib.
Əhmədağa müəllim maraqlı insandır. Bir tərəfdən kövrək, son dərəcə həssas, mülayim, digər tərəfdən ciddi, təmkinli, səbirlidir. Onunla söhbət etdikdə müdrik məsləhətlərinə, hikmətli və ibrətli qənaətlərinə heyran qalmaya bilmirsən.
Onunla tez-tez həmsöhbət oluruq. Mühakimələri, fikirləri məndə həmişə xüsusi maraq oyadır.
60 yaşın mübarək, əziz həmkarımız! Uca Allah Sizi qorusun. Bundan sonra da qoy həyat hər sahədə sizə sevinc və uğur gətirsin, çəkdiyin zəhmətlər daha bol bəhrələr versin.
Hacıməmməd Məmmədov

Şərh Yaz