Nura boyanmış ömür

Əməkdar elm xadimi, ulu öndər Heydər Əliyevin müəllimi və BDU-nun tarix fakultəsində oxuduğu vaxtlarda dekanı olmuş, əksər dövlət xadimlərimizin və ziyalı alimlərimizin müəllimi olmuş Səidə İmanzadə taleyinin hər addımını gözəl öyrənmiş, onun xatirələri və poetik ruhunun ifadəsi olan şeirləri də ilk dəfə bu kitabda dərc edilib.
Nura boyanmış ömürNura boyanmış ömür

Nura boyanmış ömür

Xeyrulla Ağayev “Səidə İmanzadə: Nura boyanmış ömür” kitabının təqdimatı.

Noyabr ayının 15-də rayonun Hacıhətəmli kəndində yerləşən “Monolit” istirahət mərkəzində yazıçı-jurnalist Xeyrulla Ağayevin “Nura boyanmış ömür” kitabının təqdimatı keçirilib. Respublikanın müxtəlif guşələrindən ziyalıların, yaradıcı adamların iştirak etdiyi bu tədbirin aparıcısı, xalq artisti İlham Əsgərov qeyd edib ki, “Nura boyanmış ömür” kitabı müəllifin uzun illərin axtarışlarının, gərgin əməyinin məhsuludur. Arxivlərdən, saralmış vərəqlərdən, insanların yaddaşında qərar tutmuş xatirələri toplayıb kitab halında bir nurlu insan obrazını yaratmaq da təbii ki, asan deyil. Yazıçı-jurnalist, “Neft Daşları” qəzetinin baş redaktoru , “Qızıl qələm”, H.B.Zərdabi mükafatları laureatı Xeyrulla Ağayev kitabın ərsəyə gəlməsi üçün Azərbaycan qadını obrazının ən gözəl daşıyıcısı, qadın azadlığı uğrunda fəal mübariz, böyük ictimai xadim, pedaqoq, XX əsrin əvvəllərindən başlayaraq qadın azadlığı uğrunda çətin və məşəqqətli mübarizəyə qoşulmuş və bu çətinliklərə mərdliklə sinə gərmiş, sonadək mübarizə aparmış, elmin inkişafı sahəsində nəhəng işlər görmüş, ömrünü məktəb, təhsil,maarif işinə həsr etmiş pedaqoq, alim, ictimai xadim, respublikamızın ilk Əməkdar müəllimlərindən biri, Əməkdar elm xadimi, ulu öndər Heydər Əliyevin müəllimi və BDU-nun tarix fakultəsində oxuduğu vaxtlarda dekanı olmuş, əksər dövlət xadimlərimizin və ziyalı alimlərimizin müəllimi olmuş Səidə İmanzadə taleyinin hər addımını gözəl öyrənmiş, onun xatirələri və poetik ruhunun ifadəsi olan şeirləri də ilk dəfə bu kitabda dərc edilib.
RİH-in təqdimat mərasimində iştirak edən nümayəndəsi Murad Məhərrəmov çıxış edərək kitab müəllifi Xeyrulla Ağayevin yaradıcılıq uğurlarından geniş söz açıb.
Tədbirdə Azərbaycan qadın azadlığı hərəkatının görkəmli nümayəndəsi Səidə İmanzadənin oğlu, müstəqil dövlətimizi bacarıqlı diplomat kimi uzun illər Şərq ölkələrində ləyaqətlə təmsil eləmiş Mübariz İmanzadə və S.İmanzadənin nəvəsi, Azərbaycan neft məktəbini dünyanın bir çox ölkələrində təmsil etmiş və bu gün də neftçi fəaliyyətini xaricdə davam etdirən Cavid Hacıyev çıxış etmiş, kitabın ərsəyə gəlməsində təqdimatın keçirilməsinə xüsusi dəstək olanlara minnətdarlığını bildirmişdir.
Nura boyanmış ömür

Çıxış edənlərdən Əməkdar müəllim Şəfaqət Rəsulov, Mehdi Məmmədov, Şakir Abdullayev yetirmələri X.Ağayevin uğurundan qürur duyduqlarını dilə gətiriblər. Rayon ziyalıları Hafiz Kərimov, Qalib Bəşirov, Ramil Dadaşov, Rövşən Şirəliyev, İsmayıl Tarverdiyev, Rasim Şərifov, Rəna Mirzəliyeva bu gün də aktual mövzu olan qadın azadlığına həsr olunmuş kitabın məziyyətlərindən və gənc nəslin tərbiyəsində əhəmiyyətindən danışıblar. Müəllifin həmyerliləri Feyruz Mehdiyev, Seyid Seyidov, Tərlan Saleh, Baba Babayev, bu sətirlərin müəllifi X.Ağayevin yaradıcı uğurları ilə doğma yurda şöhrət gətirdiyini, hamı üçün fəxr yeri olan gözəl ziyalı olduğunu qeyd ediblər.
Sonda müəllif kitabın yazılma tarixindən, üzləşdiyi çətinliklərdən, bu yolda ona dəstək olmuş insanlardan söz açıb. O bildirib ki, kitabı oxuyanlar Azərbaycanda qadın azadlığının hansı əzab və məhrumiyyətlər hesabına əldə olduğunu dərk edəcək, xalqımızın bu böyük dəyərinə daha hörmətlə yanaşacaq və bu şərəfli adı gələcək nəsillərə layiqincə ötürəcəklər.
Tədbirdə İsmayıllı İncəsənət Məktəbinin gənc muğam ifaçıları, İvanovkanın “Slavyanka” folklor ansamblı və “Şəki” musiqi ansamblının solistləri gözəl ifaları ilə tədbir iştirakçılarının zövqünü oxşayıblar. Həmin gün nurlu insanın taleyindən bəhs edən bir kitabın nurunda mərasim iştirakçıları gözəl və unudulmaz bir gün yaşayıblar.
Şahməmməd Dağlaroğlu

Şərh Yaz