Əməyi yüksək ada layiqdir


Onunla dəfələrlə görüşüb həmsöhbət olmuşuq. Həmkarıq, bir-birmizə doğmalığmız da var. Yaraşıqlı boy-buxunu, danışdıqca açılan zəngin daxili aləmi, yüksək intellektual səviyyəsi, dağ təbiətindən doğan suyuşirinliyi və qibtə olunacaq nəzakəti onunla təmasda olan hər kəsdə xoş təəssürat yaradır.

Əməyi yüksək ada layiqdirƏməyi yüksək ada layiqdir

Onunla dəfələrlə görüşüb həmsöhbət olmuşuq. Həmkarıq, bir-birmizə doğmalığmız da var. Yaraşıqlı boy-buxunu, danışdıqca açılan zəngin daxili aləmi, yüksək intellektual səviyyəsi, dağ təbiətindən doğan suyuşirinliyi və qibtə olunacaq nəzakəti onunla təmasda olan hər kəsdə xoş təəssürat yaradır.
İstər-istəməz düşünürsən ki, belə qabiliyyətli, vətəninə, torpağına, dövlətinə qırılmaz tellərlə bağlı gəncləri olan bir ölkənin sabahı daha işıqlı, daha firavan olacaqdır. Onu İsmayıllıda hamı yaxşı tanıyır. Nəinki çalışdığı məktəbin, sakini olduğu rayonun, eləcə də böyük bir bölgənin ictimai-siyasi həyatında, bəlkə də, bütün Azərbaycanın təhsil sahəsində son dərəcə fəal iştirakı ilə həmişə diqqət mərkəzində olur.
Söhbət şəhər 3 nömrəli məktəb-liseyin dil ədəbiyyat müəllimi Muradlı Çingiz Məzahir oğlundan gedir.
Əməyi yüksək ada layiqdir

Ali məktəbi 1999-cu ildə bitirən gəncin elmi-nəzəri hazırlığı və pedaqoji ustalığa malik olması onu tezliklə qabaqcıllar sırasına çıxardı. 1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə oldu. Hərbi xidmətdən qayıtdıqdan sonra İsmayıllı rayonunun qabaqcıl məktəblərindən olan Lahıc qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətə başlayan müəllimin sorağı tezliklə bütün rayona yayıldı. 2001-ci ildən ailə vəziyyəti ilə əlaqədar rayon mərkəzinə dəyişilən Çingiz müəllim İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbində ixtisası üzrə şagirdlərimizə dil-ədəbiyyat fənnini sevdirməyə başladı. 2003-cü ildə onu məsul bir işə – şəhər 1 nömrəli tam orta məktəbində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkdilər. O, burada təlim-tərbiyənin daha yüksək dərəcədə qurulmasına çalışdı. 2003-cü ilin sentyabr ayından şəhər 3 nömrəli tam orta məktəbinə tədris işləri üzrə direktor müavini təyin olundu. Çingiz müəllim bu vəzifədə 2007-ci ilin avqustunadək çalışdı.
Fəaliyyətə başladığı ilk günlərdən Çingiz müəllimi daha çox düşündürən şagirdlərdə Azərbaycan dilinə, ədəbiyyata, təhsilə, elmə məhəbbət hissi aşılamaq idi. O, öz ixtisasını da məhz bu ideyalar naminə seçmişdi. Öz işini sevən və ona ürəkdən bağlanan Çingiz müəllim inanırdı ki, tezliklə şagirdlərinin ürəyinə yol tapacaq, müəllimlərin və valideynlərin hörmətini qazanmağa müvəffəq olacaqdır. Belə də oldu. İsmayıllı şəhəri 3 nömrəli tam orta məktəbinin müəllimi Çingiz Muradlının adı məclislərdə, tədbirlərdə tez-tez çəkildi.
Qısa tanışlıq: Çingiz Məzahir oğlu Muradlı 30 iyul 1978-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur. 1995-ci ildə orta məktəbi yüksək qiymətərlə bitirərək N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə ali məktəbi müvəffəqiyyətlə bitirmişdir. Hal-hazırda Sumqayıt Dövlət Universitetinin magistraturasında II kursada təhsilini davam etdirir.
Çingiz müəllimin böyük zəhmətinin, gərgin əməyinin nəticəsi öz bəhrəsini vermiş, onun yandırdığı şamlar ürəklərdə, könüllərdə özünə yer tutmuşdur.
Yenilik axtarışları ilə yaşayan, bütün vaxtını, biliyini və enerjisini şagirdlərin mükəmməl bilik almasına sərf edən Çingiz müəllim hec vaxt arxayınlaşmır, daim öz üzərində işləyir, pedaqogika və psixologiyanın yeniliklərini, pedaqoji mətbuatı, qabaqcıl təcrübəni ardıcıl izləyir, xüsusən Azərbaycan dili və ədəbiyyata dair ən yeni məlumatları həvəslə öyrənərək, onları toplayır. Bununla o, işlədiyi kollektivin başqa üzvlərinin də mütaliə mədəniyyətinin yüksəlməsinə təsir göstərir.
Çingiz müəlim şagirdlərlə təmasda olmaqdan yüksək mənəvi zövq alır. Onun aləmində hər bir uşağa həssaslıqla, səbr və təmkinlə, qayğı ilə yanaşmaqla, ona sonsuz məhəbbət bəslənməlidir. Məşhur pedaqoqların sözü ilə desək: “O, tələbkarlıqla heç kəsin xətrinə dəyməmək” prinsipini özünün iş devizi sayır. Onun dərsləri, yad əhval-ruhiyyədən tamamilə uzaqdır, sinifdə yaratdığı xoş mənəvi iqlim, uşaqlarla mülayim rəftar şagirdlərin mənəvi varlığına öz təsirini göstərir.
Çingiz müəllimin bu cür olmasının öz kökü var. Atası Məzahirlə bir müddət 6 nömrəli tam orta məktəbdə çalışmışam. Tez-tez görüşüb, həmsöhbət olmuşuq. Anası Pəlvər Çingiz müəllimin təlim-tərbiyəsilə ciddi məşğul olmuşdur. Onların hər ikisi ədəbiyyatı çox sevir. Firdovsinin “Şahnamə”sindən, H.Cavidin “İblis”indən əzbər parçalar söyləyirlər. Yeri düşəndə, M.Müşfiqdən, S.Vurğundan ağız dolusu danışırlar. Müasir ədəbiyyata da yaxşı bələddirlər. Ona görə də onlar övladları Çingizi ədəbiyyatçı görmək istəyirdilər. Çingiz də onların ümüdlərini doğrultdu.
Həmişə axtarəşda olan bu pedaqoq müəllimlik məsuliyyətini dərindən anlayır. Ürəynin atəşini, gözünün nurunu dərs dediyi uşaqlara verir, öz xeyirxah əməlləri ilə onların yoluna nur saçır. O, yəqin edib ki, müəllim ömrü nəsil-nəsil ömürlərə calanır, öz şöləsini başqalarına ötürür və bu illər xalq üçün, uşaqlar üçün yaşanılanda daha mənalı olur.
Onun bir neçə dərsinin dinləyicisi olmuşam. Həmişə gözümün qarşısında savadlı və təmkinli, gözəl nitqi ilə, müasir təlim metodları ilə çalışan, işləyən bir pedaqoq görmüşəm. Dərsi motivasiya ilə başlayan müəllim çalışır ki, mövzuya uyğun olaraq motivasiya daha orjinal, daha cəlbedici olsun.
Gənc müəllim ara-sıra mətbuatda da çıxış edir. “Təhsil və zaman” qəzetinin yaradıcı üzvlərindəndir. Bu qəzetin Təhsil Şurası ilə birgə keçirdiyi “Ən yaxşı məqalə” müsabiqəsinin də qalibidir. Bu uğurların əsas səbəblərindən biri də odur ki, Çingiz orta məktəbdə də, ali məktəbdə də əla qiymətlərlə oxumuşdur. Çingiz müəllim hər bir şagirdini əsl vətəndaş kimi görmək istəyir. Onun yetirmələrinin sorağı bu gün ölkəmizin müxtəlif yerlərindən gəlir. Çox sevdiyi şagirdlərindən Qumru Hacıyeva, Aysel Abdulxalıqova, Aygün Babakişiyeva, Aysel Mustafali, Gülşən Məsumlu, Mətləb Ağaməmmədli, Turac Məmmədova, Vüsal Mustafalı, Çinarə Vəliyeva, Əhliman Tapdıqlı, Şəhriyar və Əfsanə Tapulovlar və başqaları onun yolunu davam etdirirlər.
O, 2004-cü ildən başlayaraq müxtəlif illərdə bir-birinin ardınca 20-dən çox təlim-treninqlərdə iştirak edib. 2004-2005-ci illərdə Dünya Bankının dəstəyi ilə Təhsil Nazirliyinin və Açıq Cəmiyyət İnstitutunun Məktəb Qrant Proqramları çərçivəsində təlimlərdə iştirak etmiş, nəticədə, İsmayıllı və regionda ilk dəfə olaraq “Təhsil Resurs Mərkəzi” adlı layihəni udaraq çalışdığı məktəbdə resurs mərkəzini yaratmışdır. Bu mərkəz vasitəsilə rayonda və regionda internetə qoşulan ilk məktəb kimi fəaliyyətini davam etdirərək, rayon müəllimlərinə xidmət göstərir. Çingiz müəllim 2008-ci ildə AMİ-nin Şamaxı filalında ixtisas artırma kursunda olmuşdur. 2008-ci ildənTəhsil Nazirliyinin və Mədəd-Azərbaycanın 15-dən çox təlimlərində, 2011 və 2012-ci illərdə UNİCEF təlimlərində iştirak etmiş və təlimçi statusu almışdır.
O, “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” təlimləri çərçivəsində İsmayıllı, Ağdaş, Şəki, Qax, Oğuz rayonlarında iki mindən çox müəllimə təlim keçmiş və onlara təhsildəki yenilikləri öyrətməyə çalışmışdır. Qabaqcıl müəllim üç ildir ki, kurikulum təlimçisi kimi çalışmaqla Bakı, Sumqayıt, Ağsu, Göyçay, Hacıqabul, Zərdab, Cəlilabad, Qəbələ, Şamaxı rayonlarında 300-dən çox müəllimə kurikulum təlimləri keçmişdir.
Yaxşı müəllimi səciyyələndirən cəhətlər çoxdur: dərin bilik, müəllimlik məharəti, yüksək peşəkarlıq, innovativ düşüncə və s. Bu keyfiyyətlərin hamısı Çingiz müəllimdə var. O, 2008-2009-cu tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinə qatılmış, müsabiqənin qalibi olmuşdur. Bu uğurdan sonra Çingiz müəllim öz üzərində işləməklə 2012-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və “1 sentyabr“ Pedaqoji Universitetində distant təhsil alaraq oranın da məzunu olmuşdur.
Ç.Muradlı 2013-2014-cü tədris ilində TQDK-nın qəbul imtahanlarında uğur qazanaraq SDU-nun Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr təhsili alır. Bu işgüzar pedaqoq həmçin, 22-23 iyun 2013-cü il tarixdə AzETA-nın beynəlxalq təlimində “İKT-dən istifadə etməklə interaktiv dərsin qurulması” mövzusunda təlimçi olmuşdur. İşlədiyi on dörd illik pedaqoji fəaliyyəti dövründə 200-dən çox şagirdi müxtəlif ali məktəbləri bitirmiş, 42 nəfəri isə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir.
Həyatda qazandığı nailiyyətlərlə bağlı təəssüratlarını bölüşən Çingiz müəllim Azərbaycan təhsilinin uğurlarında müəllimlərin cəmiyyətdə nüfuzunun, onlara hörmət və ehtiramın qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərinin olduğunu bildirir.
Onlarla şagirdi 600-dən çox bal toplamış, bunlardan ikisi müxtəlif illərdə 690, üçü 680 baldan çox bal toplayaraq böyük uğur qazanmışlar. Şagirdlərindən Şəhla Səmədli, Aydan Ağazadə, Qəmər Qüdrətli Prezident tədaüdçüsü olmuşdur. Şagirdləri dəfələrlə fənn olimpiyadalarında mükafata layiq yerlər tutaraq rayon birincisi, dörd nəfər şagirdi fənn olimpiadalarının respublika turunun iştirakçısı olmuşdur. Qumru Hacıyeva, Həsən Kamil və Fidan Camaliyeva fənn olimpiadalarının respublika turunun qalibləri olmuşdur.
Bu fədakar müəllim nailiyyətləri ilə kifayətlənmir və hər zaman yenilik axtarışındadır. O, daim öyrənir, yaradıcı axtarışların nəticələrini, təcrübəsini həmkarları ilə həvəslə paylaşır. Şagirdlərindən Həcər Novruzova “M.F.Axundzadə 200” inşa yazı müsabiqəsində respublika turunda II (ikinci) dərəcəli diploma layiq görülmüşdür. Fidan Canaliyeva ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev-91” inşa müsabiqəsinin respublika turunda iştirak etmiş, Təhsil Nazirliyinin diplomuna laiq görülərək, inşa yazısı “H.Əliyev uşaqların gözü ilə” kitabında dərc olunmuşdur.
Hazırladığı “Babadağ” komandası 2004-cü ildə AZTV-nin “Tusi klubu”intellektual yarışının respublika üzrə qalibi olmuş “Super Kuboka”a layiq görülmüşdür. 2013-cü ildə rəhbərlik etdiyi komanda “Xəmsə” milli intellektual oyununun rayon və zona qalibi olmaqla, respublika turunda 2-ci yeri qazanmışdır. Komandanın üzvü və kapitanı İbrahim İbrahimli isə yarışın “Ən yaxşı oyunçusu” adını qazanmaqla NOKİA şirkəti tərəfindən mükafatlandırılmışdır.
Çingiz Muradlı 2013-cü ildə “Lider” TV-nin təşkil etdiyi “Zəif bənd” intellektual oyununun qalibi olaraq 2200 manatla mükafatlandırılmışdır.
Şagirdlərin sevimlisi olan Çingiz müəllimin əməyi müxtəlif təşkilatlar, dövlət qurumları tərəfindən vaxtaşırı olaraq qeyd edilib, qiymətləndirilib. Diplom və Fəxri fərmanlarla təltif olunub. 2012-ci ildə təhsil sahəsindəki uğurlarına görə o, Təhsil Nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 30 sentyabr 2014-cü il tarixli sərəncamı ilə Çingiz Muradlı “Tərəqqi” medalı ilə təltif olunub.
Müəllimin şagirdə verdiyi bilik onun bir şəxsiyyət kimi formalaşması, həyatın enişli-yoxuşlu yollarına tab gətirməsi üçün mənəvi dəstəkdir. Bunun yetirmələrindən əsirgəməyən Çingiz müəllim yenilikçi olduğu qədər də şagirdlərinin qəlbini isitməyə nail olan müəllimdir. Əminliklə deyə bilərəm: – Şagirdlərinin sevimlisidir!
O, hələ gəncdir və uğurları hələ irəlidədir. Çingiz həmçinin 86 saylı DSK-nin 1 saylı məntəqə seçki kamissiyasının sədridir. Ona tutduğu bu müqəddəs və şərəfli yolda böyük uğurlar arzulayırıq.
Yaradıcı, innovativ, öz üzərində daim işləməyə həvəsli, bildiklərini nə şagirddən, nə müəllimdən əsirgəməyən Çingiz müəllim həmsöhbətləri ilə hər zaman bir fikri təkrar-təkrar deməkdən yorulmur: “Mən təhsil sahəsində ən yüksək zirvələrə ucalacağam!”
Onun həmkarı, müəllimi kimi ürək sözlərimi belə bitirirəm: Layiqdir əməyin ən yüksək ada!
Hacıməmməd Məmmədov,
Qabaqcıl təhsil işçisi,”Qızıl qələm” mükafatı laureatı

Şərh Yaz