Laqeydlik böyük bəladır

“İsmayıllı Yazarları” ədəbi ictimai birliyi yaradılması ilə bağlı RİH başçısı Mirdaməd Sadıqovun təşəbbüsü və iştirakı ilə keçirilən yığıncaqda mən də var idim. Yığıncaqdakı müzakirələrdə tərkibi yazarlardan ibarət olan bu təşkilatın rayonun mədəni-ictimai həyatında əhəmiyyətli rolunun ola biləcəyindən söhbət getdi. İşlərini lazımi istiqamətə yönəldiləcəyi halda bu qeyri-hökumət təşkilatına RİH tərəfindən hər cür köməklik göstəriləcəyi bildirildi.Laqeydlik böyük bəladır

“İsmayıllı Yazarları” ədəbi ictimai birliyi yaradılması ilə bağlı RİH başçısı Mirdaməd Sadıqovun təşəbbüsü və iştirakı ilə keçirilən yığıncaqda mən də var idim. Yığıncaqdakı müzakirələrdə tərkibi yazarlardan ibarət olan bu təşkilatın rayonun mədəni-ictimai həyatında əhəmiyyətli rolunun ola biləcəyindən söhbət getdi. İşlərini lazımi istiqamətə yönəldiləcəyi halda bu qeyri-hökumət təşkilatına RİH tərəfindən hər cür köməklik göstəriləcəyi bildirildi.
RİH başçısı M.Sadıqov rayondakı ziyalıların bir yerə toplanmasında, ideoloji işin canlanmasında Birliyin mühüm rol oynayacağına ümidvar olduğunu qeyd etməklə yanaşı, rayon ziyalılarının passiv mövqe tutmalarına təəssüfləndiyini də diqqətə çatdırdı. Yeni yaradılan təşkilatın rayon ziyalılarının fəallaşmasına təsir edə biləcəyinə, onları bəyənilməyən biganəlikdən, laqeydlikdən çıxaracağından ümidvarlıqla danışdı. Başçı narahatçılıqla qeyd etdi ki, laqeydlik, biganəlik, bu kimi hallara dözmək özü də inkişafa yonəldilmiş işlərimizə mane olur, irəli getməyə, yeni, müasir təfəkkürə sahib olmağa əngəl törədir.
Müdriklər deyirlər ki, dost düşmənə çevrilə bilər, düşmən düşmənliyində qalır və ondan həmişə qorunmağa çalışırsan. Düşmənin ən təhlükəlisi laqeydlikdir. Çünki onun necə hərəkət edəcəyini, harada nə vaxt üzə çıxacağını müəyyənləşdirmək çətindir.
Hər yerdə, elə rayonumuzda da müşkülə çevrilən bir sıra məsələ və ya hadisənin kökündə biganəlik, laqeydlik durur. Heç bir hadisə birdən-birə ildırım çaxması kimi, ani baş vermir. Sonradan pislədiyimiz hadisələrin böyük əksəriyyəti müxtəlif mərhələlərdə ictimaiyyətin, eləcə də ziyalıların gözləri önündə baş verir və son həddə çatır.
Yaşlı nəslin nümayəndəsiyəm. Bir jurnalist kimi uzun illər rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında baş verən hadisələri, ictimaiyyətin arzu və istəklərini işıqlandıran yazılara müəlliflik etmişəm. Tənqidi yazılarla çıxışlarım yaşlı nəsldən olan oxucuların hələ də yaddaşındadır. Açığını deyim ki, 30-40 il əvvəl insanlarda bu gün müşahidə olunan qədər nə laqeydlik vardı, nə də biganəlik. Hərə bir işdə işləyir, sabahını, gələcəyini düşünürdü. Ziyalı, ağsaqqal sözünə qiymət verilərdi…
2013-cü ilin məlum İsmayıllı hadisələri baş verənə qədər ziyalılarımızın, ağsaqqallarımızın sözü, səsi eşidilmədi.
Şəhərin ortasından keçən kanalın doldurularaq ayrı-ayrı adamlara satılması, mağazaların tikilməsi də gözümüzün önündə oldu. Maraqlısı da budur ki, oradan yer alanlara heç bir sənəd verilmədi. Əslinə qalanda, belə sənəd verilə də bilməzdi. Torpaq verənlər rayondan uzaqlaşdılar, oradan yer alanlar başağrısı çəkməli oldular. Qala divarlarının ucaldılmasına sərf edilən vəsaitlə elə o küçənin abadlaşdırılması mümkün idi. Buranı əhali Berlin divarları adlandırırlar. Əslinə qalanda, həmin kanalın suyundan istifadə edərək burada yaxşıca bir istirahət guşəsi yaratmaq mümkün idi. Bunun necə təşkil edilməsini bu sahənin mütəxəssisləri daha yaxşı bilərlər. Həmin sudan kaskad formasında şəlalələr düzəltmək, ətrafında gül-çiçək, bəzək kolları əkmək və sair abadlıq işləri həyata keçirmək mümkün idi. Şəhərə çox gözəl yaraşıq ola biləcək bir istirahət guşəsi alınardı.
Adətən, yaşayış məntəqələrinin ortasından çay, yaxud su kanalı keçirsə, bu, həmin yaşayış məntəqəsinin havasına, insanların sağlamlığına müsbət təsir edir. Hətta, dünya təcrübəsində belə qurğuların süni yaradılmasına da rast gəlinir. Ancaq torpaq acları bunu etmədilər, qazanmaq üçün alver variantını seçdilər. Öz vəzifələrindən ikiəlli yapışan məmurlar isə kimlərəsə züy tutdular, etiraz səsini qaldıran olmadı. Hətta, iş o yerə çatdı ki, bu “əsrin tikintisində” çalışan fəhlələrə, ustalara əmək haqqını da borclu qaldılar. Borcu ləğv etmək üçün məktəblərdən, ayrı-ayrı təşkilatlardan pul yığmaq halları da oldu. Bu halda da ağsaqqallar, ziyalılar susdular. Vəzifədə olan bəzi məmurlar öz kreslolarından, yaxınlarının gələcək karyerasından qorxurdularsa, bəs biz ağsaqqallar, ziyalılar nədən qorxduq?! Buna ancaq laqeydlik adı vermək olar.
Son günlər internetdə bir neçə cəfəngiyyat xəbərə rast gəlmişəm. Adlarını xəbər agentliyi qoyan bəzi İsmayıllıdan xəbərsizlər haray-həşir salırlar ki, rayonun Qalınçaq kəndində hər şey bərbaddır, heç bir abadlıq işi görülmür.
Burada demək istəyirsən ki, ay erməni xislətli (onlar həqiqəti inkar edirlər) son zamanlar Qalınçaqda görülən işlər əvvəlki on illərlə ölçüyə gələr. Kəndə gələn yola asfalt döşənib. Mərkəzi küçədə səkilər qurulub, işıq dirəkləri basdırılıb, digər işlər görülüb. Bunu inkar etmək, görməmək nankorlluqdur. Orada qeyd edilir ki, guya başçı bu kəndə əhali ilə görüşə getmir. Digər bir neçə kəndin adı da çəkilir. Guya başçı heç bir iş görmür, gününü kabinetdə oturmaqla keçirir, adamları qəbul etmir. Belədə dözməyib ən nalayiq sözü ifadə etsən də yerinə düşər.
Təəssüf ki, həqiqəti görməyənlər, görmək istəməyən gözlü korlara bu məlum həqiqəti çatdırmaq çox müşgül məsələdir.
İsti yay günlərində parkın ən sərin yerini tutan 4-5 nəfər işdən qovulan, təklif olunan, olan işi bəyənməyən həpənd ara qarışdırmaq üçün qara planlar cızır. Onların fikri-zikri olmuşları inkar etmək, adamlara qara yaxmaq, hay-həşir qoparıb özləri kimilərinə yalan məlumatlar ötürməkdən ibarətdir. Rayona gələn bəzi üzdəniraq jurnalistlər belələrini elə də tez tapırlar ki, sanki yol kənarında durub onların yolunu ` gözləyirlərmiş. İlana zəhər verənlər belələri deyilmi? Şəhər sakinləri də ən dəhşətli xəstəlikdən qaçanlar kimi onlardan uzaq durmağı üstün tuturlar. Belələrinin bəziləri özlərinə, yaxud əziz xələflərinə yağlı bir vəzifə almaq üçün hər cür həyasızlığa əl ata bilirlər.
İndi işə girmək üçün müəyyən testlərdən, söhbətlərdən keçmək lazım gəlir. Buyur, qabağa dur, biliyini sübut et və işə gir. Daha burada qarayaxalıq nəyə lazımdır?
Adamlarımızın bəzilərində çox qəribə bir xəstəlik də var. Bu da torpaq acgözlüyüdür. Bir də görürsən ki, hərə öz çəpərini küçəyə tərəf bir metr, yaxud elə çəkdirdiyi hasarın tutduğu yer qədər də olsa atdı. Küçə o qədər daralır ki, oraya nəqliyyat vasitəsinin girib-çıxması problemə çevrilir. Belə hallar kəndlərdə də baş verir. Bundan sonra da müxtəlif şikayətlər baş alıb gedir. Heç kəs də qonşusuna irad tuta bilmir, çünki özü də nə vaxtsa eyni ilə belə qəbahət iş görüb. Əlbəttə, bu da son nəticədə, laqeydlik, biganəlikdir.
Birlik, düzlük olarsa, belə nöqsanların qarşısını vaxtında almaq asandır. Bizə elə gəlir ki, ilk növbədə həmin küçənin ağsaqqalları, ziyaliları ayağa qalxmalı və həmin adamlara izah etməlidirlər ki, bu cür acgözlükdən ancaq onların özləri əziyyət çəkəcəklər. Ataların gözəl bir deyimi var: Heç kəs nə torpağı, nə də var-dövləti özü ilə qəbirə aparmayıb.
Digər bir misal gətirmək istərdim. Şəhərin istirahət yerlərində, səkilərində günəbaxan tumlarının qabıqlarına, siqaret kötüklərinə və başqa tullantılara hər gün rast gəlirik. Şəhərin yeni salınmış yaşıllıqlarında nə qədər zibilə – boş su butulkalarına, siqaret qutularına və digər şirniyyat kağızlarına rast gəlirik. Bu antisanitariyanı yaradanlar da uşaqlar və gənclərdir. Hansısa, ziyalı, yaxud ağsaqqal bu gənclərə belə natəmizliyə görə iradını bildiribmi? Yəqinliklə demək olar ki, yox. Əminəm, onlar kobud cavab eşitməkdən çəkinirlər. Axı belələrindən- yetərincə tərbiyə almayanlardan hər cür təhqiramiz hərəkət gözləmək mümkündür. Görünür, indiki ağsaqqalların, ziyalıların sözünün kəsəri azalıb. Bu işə elə məktəblilərin özlərini cəlb etsək, bəlkə müsbət nəsə əldə etmək olar. Məsələn, uşaqlardan ibarət təmizlik qrupları yaradıb vaxtaşırı reydlər keçirmək də mümkündür. Yaşlıların susduğu yerdə uşaqların iradlarını eşitmək bəlkə kimlərəsə, müsbət təsir göstərər.
B.Babayev

Şərh Yaz