Şərbaf Həsənin səadəti

İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur. İnsanpərvərlik cəmiyyəti qoruyub saxlamaq üçün lazımdır. Bütün dövrlərdə əqidəli, əzmli, sözübütöv, xeyirxah və prinsipial insanlar böyük hörmətə sahib olublar. Çox vaxt insan özü də hiss etmir ki, onun xarakterinin müsbət və mənfi cəhətləri harada və necə formalaşır: böyüyüb boya-başa çatdığı ailədəmi, düşdüyü mühitdəmi. Amma bir şey həqiqətdir ki, insanın qəlbində kök salan nur, yaxud da zülmət onun ömür yolunu müəyyənləşdirir. Əgər qəlbin işıqlıdırsa, cəmiyyətdə də öz yerini tapacaqsan, həyatın sevincini və ya ağrı-acısını duyaraq ömür sürəcəksən. Onda təkcə özün yox, başqaları üçün də yaşamağı bacarırsan. Vətən üçün, xalq üçün xeyirli, gərəkli adama çevrilərsən. Şərbaf Həsənin səadəti

İnsan xoş təbiəti ilə yüksək məqama çatar. Bir qan ki, müşk kimi safdır, o pak olar.
Saib Təbrizi

İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur. İnsanpərvərlik cəmiyyəti qoruyub saxlamaq üçün lazımdır. Bütün dövrlərdə əqidəli, əzmli, sözübütöv, xeyirxah və prinsipial insanlar böyük hörmətə sahib olublar. Çox vaxt insan özü də hiss etmir ki, onun xarakterinin müsbət və mənfi cəhətləri harada və necə formalaşır: böyüyüb boya-başa çatdığı ailədəmi, düşdüyü mühitdəmi. Amma bir şey həqiqətdir ki, insanın qəlbində kök salan nur, yaxud da zülmət onun ömür yolunu müəyyənləşdirir. Əgər qəlbin işıqlıdırsa, cəmiyyətdə də öz yerini tapacaqsan, həyatın sevincini və ya ağrı-acısını duyaraq ömür sürəcəksən. Onda təkcə özün yox, başqaları üçün də yaşamağı bacarırsan. Vətən üçün, xalq üçün xeyirli, gərəkli adama çevrilərsən.
Saib Təbrizinin bir kəlamı var: “Ulu o adamdır ki, torpağın üzərində bulud kölgəsi kimi gəzsin, qarışqanı belə ayağı altında incitməsin”. Bir də insan xoş təbiəti ilə, zəhməti ilə, elmi ilə yüksək məqama çatar. Bütün bu keyfiyyətləri cəmləşdirən İbrahim Məşədi Həsən oğlu İsmayılzadə də məhz belə insanlardan olub. Əziz oxucu, gəl səninlə birlikdə XX əsrin əvvəllərində qəhrəmanlarımızın anadan olduğu qədimdən qədim Şamaxıya baş çəkək, oradakı olayları, ictimai-siyasi hadisələri və bu şəraitdə ömür sürən, yetişən insanları qısaca da olsa seyr edək.
… Dörd il idi ki, Şamaxı sakini Ələkbər kişi Məkkə-Mədinəni ziyarət edib vətənə qayıtmış, daha iki il keçəndən sonra O, Hacı Əzim Şirvaninin “Əmioğlu” çağırdığı, onun yaxın dostu, nəzm həvəskarı, özü də gözəl qəzəllər yazan Hacı Mirismayıl oğlunun evinə elçi gedib onun qızılgül qönçəsi kimi yaraşıqlı, ay kimi şölə saçan qızı Seyid Fərruxu oğlu Həsən üçün almaq istədiyini bildirəndə, cəddinin nurundan sifəti otuzluq çıraq kimi parlayan ağa tərəddüd etməmişdi:
– Ay Hacı Ələkbər, sənə nabələd deyiləm. yaxşı dolanışığın var. Ev-eşiyin abaddır. Həm özün, həm əhli-əyalın böyük nüfuz sahibisiz. İbadətin yetkindir, hafizi-Quransan. Sənin kimi zatın övladı da fərasətli və ədəbli olar. Amma Fatimeyi-Zəhranın kənizi olan ömür-gün yoldaşım Seyid Əsbət xanımın atası Hacı Hüseynağanın, qayınlarım Məşədi Seyidrəsul ağanın, Mirbağır ağanın, Mirdaməd ağanın rüsxəti olmadan mən razılıq cavabı vermiş olsam, tərkiədəblik göstərərəm. Basqal, Allaha şükür, uzaq deyil. Sən heç zəhmət çəkib Çuxuryurd malakanlarına furqon sifariş etmə, faytonçum Nəsib istədiyiniz gün sizi Basqala aparar, həm əmoğlanlarımı ziyarət edərsiz, həm də istəyinizi bildirərsiz.
Sevincindən Hacı Ələkbərin sifəti qızardı, səsi titrədi. Ayağa durub Hacı Mirismayıl ağanın əllərini opdü.
– Xeyr, cəddüvə tasaddıq olduğum, ağa. Nəqliyyat sarıdan narahat olmayın. Allahın kərəminə yüzlərlə dəfə şükür edərəm ki, nəsli-peyğəmbərin övladı mənim evimi öz bərəkətiylə zinətləndirəcək. Ağa, sabah günlərin seyyidi cümə günüdür. İnşaallah səhər tezdən Basqala mübarək səfəri icra edərik.
Kəllə otaq zənənlərə məxsus idi. Burada da xanımlar danışır, deyib-gülürdü. Hiss olunurdu ki, qadınlar arasında da zövqlər, rəylər, istəklər bir-birilərinə xoş və uyğun gəlib. Məclisin baş tərəfində salınmış əlvan nimdər üstündə evin xanımı Seyid Əsbət oturmuşdu. O, söykəndiyi mütəkkədən qalxdı, əynində bərq verən zərxara libasını düzəltdi, qolbaqlı biləklərindən sallanmış qızıl zəncirlərin ağırlığından ləng hərəkətlə qalxıb Hacı Ələkbərlə gəlmiş zənənləri xoş təbəssümlə, xeyir-dua ilə yola saldı.
… Kiçik çillə yenicə bitmişdi. İlk su çərşənbəsinin gəlişi ilə dünənki sərt şaxtalı hava fövqəltəbii qüvvənin hökmü ilə ilıq, mülayim bir günlə əvəzlənmişdi. 1912-ci ilin 23 fevralı Məşədi Həsən Hacı Ələkbər oğlunun Minaxor məhəlləsindəki ikimərtəbəli evi şadyana bir xəbərlə müjdələndi. Övladın doğulması zilhiccə ayının onuna – Qurban bayramına təsadüf etdiyi üçün ona yeganə oğlunu ilahi vəhylə qurban kəsməyə təslim etmiş peyğəmbərin adını – İbrahim adını verdilər.
Şərbaf Məşədi Həsənin evinə bol ruzi, bərəkət, əmin-amanlıq, xoş ovqat gəlmişdi. Kərgarlıq işi tərəqqi tapmışdı. Seyid qızı, onun dünyaya gətirdiyi oğul övladı Məşədi Həsənin ürəyində min bir diləyin, arzunun baş qaldırmağına səbəb olmuşdu. Bu, evcanlı, qayda-qanunu zahiri parıltı, xarici görkəmdən daha çox daxili mənaya, batini məzmuna malik idi. Gənc ev sahibəsinin bütün hərəkətləri, oturub-duruşu ailəyə dərin məhəbbətdən, sədaqətdən xəbər verirdi. Seyid Fərrux yaxşı, qayğıkeş, tələbkar ana olacaq. Kişiyə bundan artıq daha nə lazımdır?!
Hörmətli oxucular, şəcərədən, soy kökündən bəhs etməkdə məni qınamasınlar. Bu, bizim çox yaralı yerimizdir. Sovet tərbiyə sistemi insanların formalaşmasında, onların bir şəxsiyyət kimi yetişməsində genetikanın, irsiyyətin üstündən qələm çəkirdi. Bizdə olan bu inkar, bu unutqanlıq sovet quruluşunun xalqları manqurtlaşdırmaq siyasətindən gələn bir faktordur.
Soy kökünün tanınmasında, insanların yetişməsində əsl-nəcabətlə yanaşı şəxsiyyətin doğulduğu məkan və mühitin rolu da danılmazdır. Hələ lap qədim əyyamlardan əli qələm tutanlar onları əhatə edən təbiətin və cəmiyyətin təsvirini, təhlilini verməyə çalışmışlar. Mübaliğəsiz desək, İbrahim Həsən oğlu İsmayılzadənin doğulduğu Şamaxı özü bütövlükdə bənzərsiz maddi-mədəniyyət abidəsidir. Onun yerləşdiyi coğrafi mövqe, keçdiyi keşməkeşli tarix bu şəhəri əsrlərin şahidi edib.
Bu gün Şamaxı öz dühaları ilə orta əsrlərdən bəri yetişdirdiyi ədəbiyyat, mədəniyyət, incəsənət korifeyləri ilə tarixi prosesi günümüzə qədər keçib gəldiyi azsaylı yaşayış məskənlərindən biridir. Onun hər daşında canlı bir tarix yaşayır. İqlimin, mühitin, şəraitin insan mənəviyyatına, psixologiyasına təsirini heç kim inkar etmir. Bu baxımdan Şamaxının, onun kiçik qardaşı Basqalın tarixi keçmişinə kiçik bir səyahət edək, bu yerlərin insan faktorunda kəsb etdiyi əhəmiyyətli rolun şahidi olaq.
Miryavər Hüseynov

Şərh Yaz