Gəzək, görək, yaxından tanıyaq

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakının Nizami və Xətai rayonlarının məktəbliləri noyabr ayının 10-da İsmayıllıya gəliblər. IX-XI sinif şagirdlərindən ibarət heyət əvvəlcə İvanovkaya aparılıb. Burada onlara rusdilli əhalinin yaşadığı kəndin tarixi, mədəniyyəti, sakinlərin məşğuliyyəti və kəndin digər özəllikləri barədə məlumat verilib.
Gəzək, görək, yaxından tanıyaqGəzək, görək, yaxından tanıyaq

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakının Nizami və Xətai rayonlarının məktəbliləri noyabr ayının 10-da İsmayıllıya gəliblər. IX-XI sinif şagirdlərindən ibarət heyət əvvəlcə İvanovkaya aparılıb. Burada onlara rusdilli əhalinin yaşadığı kəndin tarixi, mədəniyyəti, sakinlərin məşğuliyyəti və kəndin digər özəllikləri barədə məlumat verilib.
Rayon mərkəzinə gətirilən şagirdlərə İsmayıllın tarixi, turizm və kənd təsərrüfatı potensialı, sosial və iqtisadi sahələrdə həyata keçirilən layihələr barədə məlumat verilib.

Gəzək, görək, yaxından tanıyaq

Qonaqlar rayondakı Heydər Əliyev Mərkəzində olublar. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Mərkəzin konfrans zalında keçirilən görüşdə məktəblilərə rayonun tarixi, flora və faunası, mədəni, sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verib.
Başçı bildirib ki, İsmayıllı Böyük Qafqazın Cənub yamaclarında yerləşir. Dağlıq relyefə malik rayonun ən hündür nöqtəsi 3629 metr yüksəklikdə olan Babadağ zirvəsidir. Babadağ yaxınlığında, dəniz səviyyəsindən 3400-3500 metr yüksəklikdə, bir-biri ilə yanaşı 3 təbii göl bu yerlərin sərvətidir. İsmayıllı qədim tarixi abidələrlə də zəngindir. Xanagah kəndi yaxınlığında VII əsrə aid Qız qalası, Sulut kəndində XVIII əsrə aid Fit dağı məscidi, VII əsrə aid Cavanşir qalası bu qəbildəndir. Bu məlumatları Bakı məktəbliləri maraqla qarşılayıblar.

Gəzək, görək, yaxından tanıyaq

Ulu öndərin həyat və fəaliyyətinə dair 200-dən çox sənədin, o cümlədən, şəkillərin, əlyazmaların, disklərin nümayiş etdirildiyi Heydər Əliyev Mərkəzi, burada fəaliyyət göstərən 6 dərnəyin işi şagirdlərdə xoş təəssüratlar yaradıb. Məktəblilərə rayonun tarix və mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.
Buradan xüsusi sahəyə gətirilən şagirdlər akasiya növündən olan 180 ədəd ağac əkiblər. Əkilən cavan tinglərin qorunması üçün sahənin ətrafı çəpərlənib.
Məktəblilərin ağacəkmə kompaniyası başa çatdıqdan sonra növbəti ünvan Lahıc qəsəbəsi olub. Dağların döşündən salınmış yol, ətrafdakı dağlar və payızın qızılı rənginə bürünmüş meşələr, xüsusilə də qədim memarlıq sənətinin orijinal abidəsi sayılan, alimlər, sənətkarlar diyarı olan Lahıc şagirdlərdə xoş təəssürat yaradıb.
Qonaqlar Azərbaycanda tolerantlığın parlaq nümunəsi olan İvanovkada, eləcə də sənətkarlar diyarı Lahıc qəsəbəsində olmaqdan məmnun qaldıqlarını bildiriblər. Bakının Xəzər rayonundan gələn qrupun rəhbəri, 181 saylı məktəbin direktoru Nəzakət Mahmudova İsmayıllı ilə tanışlıqdan, görüşlərdən aldığı təəssüratları bölüşüb:
– Bu cür ekskursiyalar ölkəmizi, onun ayrı-ayrı bölgələrini daha yaxından tanımaq baxımından zəruridir. Məktəblilərimizin aldıqları məlumatlar onların yaddaşından heç vaxt silinməyəcək. Bunun üçün Prezidentimizə çox minnətdarıq.
Nizami rayon 32 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Aytac Quliyeva da tur-aksiyanın təşkilinə görə ölkə başçısına minnətdarlığını bildirib. A.Quliyeva deyib ki, bu, biz məktəblilərə həm böyük hədiyyə, həm də böyük diqqətdir. Biz həm Vətənin ayrı-ayrı bölgələrini gəzir, həm də həmin yerlər haqqında daha çox məlumat öyrənirik. Sanki bölgələrimizi, nəticə etibarilə bütövlükdə vətənimizi yenidən kəşf edirik. Dünən Şamaxı ilə tanış olduq, bu gün isə İsmayıllı barədə bilmədiklərimizi öyrəndik. Sabah Qəbələyə gedəcəyik. Çox istərdik ki, Azərbaycanın bütün bölgələrini bu cür gəzək, görək və yaxından tanıyaq.
Ş.Soltanov

Şərh Yaz