Dağ çiçəkləri

Hər “Ana” sözünü eşidəndə mən,
Səni axtaracam, gəzəcəm, ana.
Qocalsam, tellərim olsa da dən-dən,
Səni axtaracam, gəzəcəm, ana.

Səni ölənədək edəcəm soraq,
Deyəcəm : “ Anadır həqiqət ancaq ”
Kor olsam, yenə də əlimdə çıraq,
Səni axtaracam, gəzəcəm, ana.Dağ çiçəkləri

Səni axtaracam, gəzəcəm, ana

Hər “Ana” sözünü eşidəndə mən,
Səni axtaracam, gəzəcəm, ana.
Qocalsam, tellərim olsa da dən-dən,
Səni axtaracam, gəzəcəm, ana.

Səni ölənədək edəcəm soraq,
Deyəcəm : “ Anadır həqiqət ancaq ”
Kor olsam, yenə də əlimdə çıraq,
Səni axtaracam, gəzəcəm, ana.

Gecələr yuxumda sağsan sübhəcən,
Gündüzlər fikrimdə, xəyalımda sən.
Nə qədər ömrüm var bu dünyada mən,
Səni axtaracam, gəzəcəm, ana.

Bağışla, danışıb-gülsəm də bir gün,
Tapmaram… bu haqqı bilsəm də bir gün.
Axtara-axtara ölsəm də bir gün,
Səni axtaracam, gəzəcəm, ana.
Aidə Gədəbəyli

Müəllim
(Miryavər müəllimə)

Ziyası zülmətə şəfəqlər saçan,
Əbədi sönməyən nurdu müəllim.
Əngin səmaların sirrini açan,
Özü başdan-başa sirdi müəllim.

Aldığı bilikdir dövləti, varı,
Gecəni gündüzə qatar, yorulmaz.
Onun əlindədir elmin açarı,
Ömrün qışına da çatar, yorulmaz.

Qayğısı gizlənər nurlu üzündə,
Görər səhvimizi narahat olar.
Hecaya bölünmüş “Vətən” sözündən
Qaşları çatılar, gözləri dolar.

Bitib tükənməzdir eşqi, həvəsi,
Əsər üstümüzdə bir loğman kimi.
Ali tribunadan gələr haqq səsi,
Tanınar, sevilər bir insan kimi.

Ziyası zülmətə şəfəqlər saçan,
Əbədi sönməyən nurdu müəllim.
Əngin səmaların sirrini açan,
Özü başdan-başa sirdi müəllim.
Daşdəmir Əgdəroğlu

Miryavər müəllimin 80 illiyinə

Seyyida, qəm çəkmə ki, ömrün xəzan anındadır,
Çəkmə qəm ki, növbaharın cəddinin yanındadır.

Şükr ola Allaha ki, sağlam durubdur qamətin,
Səksəni vurdun başa, bir qırx da eyvanındadır.

Müəllim oldun bizə, həm dərs verən ustadımız,
Daima üzdə təbəssüm, xoş niyyət canındadır.

Yurdumun övladısan, ağsaqqalı, həm alimi,
Həmdibillah, hörmətin, sərvət də öz şanındadır.

Yazmısan bir çox kitab, zəhmət çəkibsən, ey ağa,
Bu mərifət, bu elm, pak nəslinin qanındadır.

Ey ana yurdum mənim, saxla, əzizlə Seyyidi,
Çünki o, cənnətməkan torpağın ehsanındadır.

Eylədim xoş bir təmənna Rəbbidən Miryavərə,
Ey Həbibi, xoş niyyət pak qəlbin ünvanındadır.
Kərbəlayi Zülfüqar Hacı Həbib oğlu

Bu payız

Əlini ver əlimə, vaxtdı daha ayrılaq,
Nə bu günə ümid var, nə sabaha, ayrılaq.
Sovurur xəzəlləri, əsən qar küləyidi,
Qopub düşən hər xəzəl bir fidan ürəyidi.

Vaxtdı daha, ayrılaq, qapını kəsdirib qış,
Gəlir, ayrılıq gəlir, gözlərində qar, yağış.
Yağışın yığışdığı yeri üfürür külək,
Alıb süpürgəsini, silib süpürür külək.

Çılpaq ağaclar qalıb göylərə əli açıq,
Gedən fəsil can üstə, gələn fəsil əlaçıq.
Nəyi var atıb gedir, atılıb gedir payız,
Küləkdən tutub gedir, yad olıb gedir payız.

Ağacda ilişən də, kol-kosla didişən də,
Gedir özü yıxılan, ayağı sürüşən də.
Diyirlənir cır-cındır, diyirlənir kar kağız,
Gedir taleyimizdən, gedir yenə bir payız…

Mənim də bu payıza yamanca bənzərim var,
Mənim də qışım gəlir, məni də gözləyir qar,
Gələn ömrün əlini ya sıxmayam, ya sıxam,
Gələn yaza ya qismət, ya çıxmayam, ya çıxam.
Nazir Ziya Talıstanlı

Öldürür

Dünya dərd-sər içindədir,
Gör nə boyda biçimdədir.
Mərdlər ölüm köçündədir,
O, öldürür, bu öldürür.

Dəyişibdir zaman, məkan,
Unudulub ədəb, ərkan.
İblismidir verir fərman?
O, öldürür, bu öldürür.

Səddamlara qırğın düşüb,
Qəddafilər yorğun düşüb…
Öz yurdundan oğrun düşüb,
O, öldürür, bu öldürür.

Unudubdur din-imanı,
O dünyanı, bu dünyanı.
Çaşdırıblar müsəlmanı;
O, öldürür, bu öldürür.

İnsan oğlu –– yerin tacı,
Nədir bu dərdin əlacı.
Üzülürük acı-acı
O, öldürür, bu öldürür.
Xalıq Yusifoğlu

Getmə sən bada

Haqqını unudub, borcunu tutma,
Qəlbini, ağlını nəfsinə satma,
Hər sözün-söhbətin dalınca getmə,
İnanma özgəyə, aldanma yada.

Alış öz odunda, yan öz odunda,
Ləkə tapılmasın heç vaxt adında,
Öz əslin, öz kökün qalsın yadında,
Tutmasın gözünü yersiz qan, qada.

Alışsan, sevginin odunda alış,
Qarışsan, çay kimi dəryaya qarış,
Talelə, qədərlə, qismətlə barış,
Qəlbini döndərmə xaraba yurda.

Tayını-tuşunu axtar, tap, ara,
Qiymət ver, hörmət et, hər an dostlara,
Çalış düşmə şərə, böhtana, dara,
Qoru qürurunu, getməsin bada.

Minnətdən üstün tut öz kədərini,
Bəxtindən görmə sən hər qədərini,
Həmişə, hər yerdə bil öz yerini,
Baş əy bu dünyada bir təmiz ada.
Gülxar Cəbiqızı

Tutum xəyalının əlindən

Mən sənin eşqinin əsiri idim,
Özgəsi sevgisin öyməsin mənə.
Tutub xəyalının əlindən, gedim,
Kimsənin nəzəri dəyməsin mənə.

Xəyal aləmində batmaz ki, gəmim,
Arzu sahilinə çıxım, dayanım.
Beləcə ərisin həsrətim, qəmim,
Başımı köksümə sıxım, dayanım.

Çağırım geriyə sənli zamanı,
Nağıllar qurmuşam yenə, əzizim.
Mənim səadətim yuxu gümanı,
Yuxuda çatacam sənə, əzizim.

Mən sənin eşqinin əsiri idim,
Özgəsi sevgisin öyməsin mənə.
Tutub xəyalının əlindən, gedim,
Kimsənin nəzəri dəyməsin mənə.
Xatın

Qəzəl

İçimdə qəm kamanım var, ruhum süslü simdir mənə,
Hər nəğmənin bəstəkarı, sevdalı qəlbimdir mənə.

Neyliyim mehmanı yox, yəqin bilir viranədir,
Varsa eşqin sərmayəsi, bəs memarı kimdir mənə.

Təmənnalı baxışlarda üşüdükcə tənhalığım,
Duyğularım ziyafətdə, gündə mərasimdir mənə.

Şükr eylərəm yaradana nə yaxşı ki, əzabı var,
Həyat şirin əzab ilə, sevdası tilsimdir mənə.

Kim Şahları qınayacaq etmədiyi ibadətçin,
Bilsin yolum haq yoludur, vicdanım hakimdir mənə.
Şahlar Hacıyev

Çiçək

(Yaxşı adamlar da çiçəklərə bənzəyir)

Biri gəldi, çiçəyi
dərib qoxladı, getdi,
Biri, gözəlliyini
qəlbdə saxladı, getdi.
Birisi çələng hörüb
taxdı onu tellərə,
Biri ləçəyin yolub
verdi onu yellərə.
Biri çəkib çıxardı,
biri sancdı torpağa,
Biri başa tac etdi,
biri saldı ayağa.
Çiçək ətir saçmaqdan
əl çəkmədi, doymadı,
Nə yaxşıya, nə pisə
heç zaman fərq qoymadı.
Südabə Şeyda

Gəlirəm

Yığıb qəlbimə hicranı,
Mən sənə sarı gəlirəm.
Qovrulub od, atəşində,
Əridib qarı gəlirəm.

Nə zalımdı fələyimiz,
Tərsdən əsdi küləyimiz.
Dəyib daşa, göyərdi diz,
Aşıb dağları gəlirəm.

Yerimiz ah, göyümüz ah,
Bazarında ucuz mətah.
Duz daşıyıb axşam-sabah,
Görüb bazarı gəlirəm.

Ayna bulaq, saf göl üçün,
Çəmən, çiçək, ağ gül üçün.
Çöldə xarı bülbül üçün,
Gəzib gülzarı gəlirəm.

Getdiyim çox, qaldığım az,
Geri dönməz bir də o yaz.
Möhlət ver, Allahım, bir az,
Qazıb məzarı gəlirəm.
Murad Məhərrəmov

O qocanın

Baxdım ömür sarayına,
Soraqladım hər ayına.
Çatan yoxdu harayına,
Yorğun düşmüş o qocanın.

Üz-gözündə qırışları,
Düyün tutmuş o qaşları.
Sönük, solmuş başışları,
Yorğun düşmüş o qocanın.

Gəncliyində hansı əməl,
Bu gününə qoymuş təməl.
Baxışına qaldım mətəl,
Yorğun düşmüş o qocanın.
Nailə Yırğançaylı

Olmağım var

Ömrüm xəzəlləşib düşsə budaqdan,
Dəyişib, torpaqda gül olmağım var.
Sonuncu nəfəsim uçsa dodaqdan,
Külək olmağım vare, yel olmağım var.

Nə bahar görmüşəm, nə yaz görmüşəm,
Daima dünyanı ayaz görmüşəm.
Bu gecə yuxuda bir saz görmüşəm,
Tarama çəkilib, tel olmağım var.

Qaçdım daxışının ürkək yerindən,
Ömrümün-günümün göynək yerindən.
Süzülüb qəlbimin kövrək yerindən,
Bulaq olmağım var, sel olmağım var.

İlahi, dünyaya bu nə gəlişdi?
Ömrüm bircə anda sona yetişdi.
O qədər ürəyim, sinəm genişdi,
Muğan olmağım var, Mil olmağım var.
Cəbrayıl Hüseyn

Şərh Yaz