Zirvələr sorağında

Sanki nağıllar aləminə düşmüşdüm: əzəmətli zal, nəhəng çılçıraqlar, neçə illərdir ki, belə bir məclisin-ziyalı toplantısının həsrətini çəkən qəlbi nurlu insanlar.
İstər-istəməz xatirələrin işığında keçmişə qayıdıram. Orta məktəb illəri yadıma düşür.

Zirvələr sorağındaZirvələr sorağında

Zirvələr sorağında

Sanki nağıllar aləminə düşmüşdüm: əzəmətli zal, nəhəng çılçıraqlar, neçə illərdir ki, belə bir məclisin-ziyalı toplantısının həsrətini çəkən qəlbi nurlu insanlar.
İstər-istəməz xatirələrin işığında keçmişə qayıdıram. Orta məktəb illəri yadıma düşür. Ustad şairimiz Səməd Vurğunun “Muğan” poemasını keçirdik. Qəhrəmanın həmyerlimiz olması qürurumuzu daha da artırırdı. Aşağıdakı şeir parçasını isə həvəslə əzbərləyirdik:
Arabir də anıb yenə qalın Topçu meşəsini,
Yada saldı həsrət ilə maralların nərəsini
Yada düşdü nişanlısı, nazlı sular sonası da,
Öz oğlunu yola salmış ağ birçəkli anası da.
“Topçu meşəsi” ifadəsinin üstü işarələnmiş, səhifənin sonunda izahı verilmişdi: Qarayazıda meşə.
Biz uşaqlar bilirdik ki , bu meşə rayonumuzun bəzəyi, şərəfidir. Sarvanın uşaqlıq və yeniyetməlik illərini keçirdiyi Zoğallıq kəndindən də Topçu meşəsi də aydın görünür. Və burdan Qarayazını necə görmək olardı?! (Səməd Vurğun özü də hər ağacına bələd olduğu bu meşəni çox gəzib dolanmışdı)
Universitet illərini xatırladım. Sevimli müəllimim, mənsur şeirlər ustadı Gülhüseyn Hüseynoğlu nakam şairimiz Mikayıl Müşfiqin taleyindən danışırdı. Və qeyd etdi ki, son dəfə onu məhbəsdə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Diyallı kəndindən Səməd Vurğun adına kolxozun sədri görüb. Gecə məhbəsdə bir yerdə qalıblar. Müşfiq səhərəcən dayanmadan şeir söyləyib. Müəllimimizi bir çətinliklə inandırdıq ki, bu, İsmayıllı rayonudur.
Müəllim işlədiyim illərdə də test bankından bu torpağın şair övladı Musa Yaqubun ən məşhur şeirinin altında başqa bir şairin adının yazıldığını gördüm.
Bütün bunlar qürurumuza toxunur, mənliyimizi əzirdi. Axı niyə şərəfli tarixi, məşhur övladları olan bir torpağı səhv salırdılar?
Və həmin gün Azərbaycan torpağının mirvarisi olan İsmayıllının təkcə təbii gözəllikləri ilə deyil, sorağı çox uzaqlara gedib çıxan övladları ilə tanındığını, səhv salınmadığını görüb bu təntənənin işığında istər-istəməz bir fəxarət hissi duydum.
70-ci illər idi. O vaxt biz məktəbli idik. Hər sentyabrda məktəbimizə yeni-yeni müəllimlər gələrdi. Onlar Azərbaycanın müxtəlif bölgələrini təmsil edərdilər. Bu müəllimlərdən yadda qalanı da oldu, yaddan çıxanı da.
Və həmin illərdə əsli Bərdə rayonundan olan və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirən bir müəllimimiz də oldu. Zahirən cılız görünən bu insanın daxilində vulkan kimi püskürəcək bir təlatümlü dünyası vardı: şair idi bu insan. Təkcə dərs deməklə, Azərbaycan poeziyasının incilərini sevdirməklə kifayətlənmir, hər bir uşağın qəlbində yazar olmaq həvəsi oyadırdı.
Məktəb sanki “poeziya dərsi”nə çevrilmişdi. Əli qələm tutan da, tutmayan da, oxuyan da, oxumayan da yazırdı. Lakin bu çızmaqaralar Əli müəllimin “senzura”sından keçmirdi: iki nəfərdən: Baba Vəziroğlu və Aydın Səlimzadədən başqa.
İlk şeirlərini məktəb divar qəzetində oxuyanda artıq qürurumuzdan yerə-göyə sığmırdıq. Necə də olmasın, ucqar bir yerdə, hələ maşının “ayaq” açmadığı kənddə şeiri çap olunan şairlərimiz vardı!
Sonralar Baba Vəziroğlunu “Zəhmətkeş” qəzeti redaksiyasına gedən gördük. Burada da bəxti gətirmişdi. Təkrarolunmaz gözəlliyi ilə hər daşının altında bir tarix dastan yatan bu torpağın elə özünə layiq şair övladı, bu gün Azərbaycan poeziyasının “Palıd vüqarı”, tarixlər şahidi Göyçayın zümzüməsi ilə yuxuya gedən, sinəsi məxmər meşəli Canalı dağına söykənən, “Soyuqbulağın” sərin suyunu içən Buynuzdan ana torpağa, ana təbiətə, ana vətənə bənzərsiz şərqilər söyləyən Musa Yaqub qarşıladı onu. “Dağ çiçəkləri”nin ədəbi mühitindən qidalandı, gözəl çiçək ətirli şeirləri qəzet səhifələrini bəzədi. Oxucular onun qələmindən çıxan tapıntılara alışmışdılar, səbirsizliklə gözləyirdilər.
İllər ötdü. Bakıda, Moskvada oxundu. Həyat təcrübəsi artdı, qələmi püxtələşdi.
Respublikanın ədəbi orqanlarında çap olundu. Artıq daha böyük miqyasda onu tanıyır, yeni-yeni əsərlərini gözləyirdilər.
Yaxşı yadımdadır. Bir gün işdən evə dönəndə radio dalğalarında gözəl bir mahnının sədalarını eşitdim – (O vaxtlar kəndin mərkəzindən elektrik dirəklərinə radiolar quraşdırılırdı. Verilişləri bütün kənd evlərində eşidirdilər). Gözəl, xanım-xatın müğənnimiz Şövkət Ələkbərova oxuyurdu. Söz yox onun oxuduğu bütün mahnılar gözəldir. Lakin bu mahnıdakı şirinlik, həzinlik sanki məni ovsunlamışdı.
Gec qayıtsam, dözərsənmi?
Tez qayıtsam, bezərsənmi ?
Sənə könül bağışlasam,
Sevərsənmi, sevərsənmi?
Bir anlığa fikrim uzaqlara, keçmişə qanadlandı. Nizamının “Sənsiz”i yadıma düşdü:
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz
Hər nəfəs çəkdim hədər getdi o saət sənsiz
Əsrlərdən Nəsimi boylandı:
Üzün məndən nihan etmək dilərsən, etməgil?!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil?!
Füzulinin məşhur şeirini xatırladım:
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Düşündüm: bu Nəbati sözünün şirinliyi deyildimi?!
Badi-səba, söylə mənim yarıma
Bülbül gülüstanə gəlsin-gəlməsin
Zirvələr sorağında
Bu poeziya çələngini nə qədər uzatmaq olardı!
Bəli, mahnının sözlərində klassik poeziyamızda əks olunan fikirlər vardı. Bu təbiidir ki, məğzində, mayasında məhəbbət olan şeirlərdə sevən sevdiyinə könül hədiyyə edir. Lakin təzadlar şəklində qurulan şeirdə bu fikrin bənzərsiz şəkildə ifadəsi məhz ona – məktəbimizin yetirməsi Baba Vəziroğluna məxsus idi.
İllər sözünü deyirdi. Yeni-yeni kitablar, əsərlər yazılırdı. “Dama-dama göl olar” deyiblər babalarımız. Bir-birinin ardınca çap olundu: “Səhər qatarı”, “Yaddan çıxan görüş”, “Ocaq”, “Yol”, “Dünya dəyməz göz yaşına”.
Filmlərin ssenarisi yazıldı. Əsərdən əsərə püxtələşirdi. Mənalı əsərlər çoxaldıqca mükafatlar da artırdı. Respublika komsomolu mükafatı laureatı adına layiq görüldü, Əməkdar incəsənət xadimi oldu.
Poeziya isə bir an da onu tərk etməmişdi. Mahnı mətnləri çoxaldıqca hər biri yeni bir məna kəsb edirdi. Lakin onların hamısından qırmızı xətlə keçən insan mənəviyyatını bəzəyən, zənginləşdirən xüsusiyyətlər idi: Vətənə, torpağa, insana, sevdiklərinə, doğmalarına olan böyük məhəbbət.
Və saf, səmimi duyğuların ifadəsi olan məhəbbət istər mahnı mətni kimi, istərsə də adi şeir kimi yazdığı əsərlərdə təmizdir, ülvidir, milyonların ürəyincədir. Bəşəri hissləri oyadan, ali və nəcib duyğular yaradandır. Bir “Yadındamı?” sualı insanı haralara aparmır? “Dilim quruyardı” qarğışı nələri yada salmır?
Əlbəttə, balaca bir yazıda Baba Vəziroğlu yaradıcılığını bütün təfərrüatları ilə təhlil etmək ağlasığmazdır. Lakin qəlbləri ehtizaza gətirən bir mahnı haqqında danışmamaq qeyri-mümkündür. Mahnının mətni Baba Vəziroğlunundur.
Məzmun adidir. Dil də hər gün danışdığımız şirin ana dilimizdir. Adi bir uşağın da başa düşəcəyi tərzdədir: Bu millətin səhəri onun gözlərində açılır. Xalqın hər zəfəri adıyla bağlıdır. Qədəmi dəyən yerdə səhralar da gül açır. Yurdun kəndi, şəhəri gülüstana dönür. Adı çəkiləndə hər kəsin üzünə günəş nuru qonur. Dostlar fəxr edir, düşmən kor olur.
İnam yox olanda, insan da yoxdur. O isə bəşəriyyətə töhfə olan inamı qaytarıb.
Sal qayalar min illər yaşayır. Külək, boran, tufan onlara heç nə etmədiyi kimi, bu uca zirvəyə də küləklər neyləyəcək ki?! O, dünənimiz, bu günümüz, çətin zamanda gücümüz, qüvvətimiz, dünyada ən böyük sərvətimizdir. Böyük Hadinin müqəddəs arzusunu gerçəkləşdirəndir: millətinin imzasını imzalar içinə yazandır. Bu dəyərli işlərə görə xalqın tükənməz və müdrik məhəbbəti halaldan da halaldır ona.
Vəssalam. Fikir budur. Çətin, anlaşılmayan söz yoxdur.
Ancaq gəlin onu şeir şəklində dinləyək. Mahnı donu geyindirək, müğənni nəfəsi qataq: Muncuq kimi düzülən sözləri eşidən kimi, göytürklərin göy üzü çadırımız, günəş bayrağımız ifadəsi ilə birgə ürəklərə sanki sərin su kimi çilənir.
Danko kimi ürəyini məşələ çevirib yandıran, işıqlı portretini Vətən göylərinə çəkən müdrik bir lider – Heydər Əliyev bütün əzəmət və qüdrəti ilə gözlərimiz önündə canlanır. Bəli, dünyada hər xalq öz lideri çətin gündə onu aydınlığa çıxaran lideri haqqında ehtişamlı cild-cild əsərlər yazıb.
Bu müdrik insan haqqında da çox əsər yazılıb. Onların da hər birinin özünəməxsus üstünlüyü var. Lakin bu əsər qədər duyğuları dilə gətirən, məmnunluq hissi yaradan ikinci bir əsər yoxdur desək, səhv etmərik.
Əsər səslənəndə sanki doğma Vətən səmasında fəxrlə, əzəmətlə qanad çalan qartala dönürsən. Görəsən, Azərbaycan boyda bu əzəmət, bu vüqar hardan qaynaqlanır?
Bu bənzərsiz “simfoniya”nın işığında elə bil qəhrəman oğullarımız yeni nəfəs alır, “Koroğlu” cəngisi ilə düşmən üzərinə inamla şığıyırlar.
Çünki, arxalandıqları bir dağ, zamanın küləyin, boranın da təsir edə bilməyəcəyi bir lider – Heydər Əliyev zirvəsi var.
Əsəri bu şəkildə xalqa çatdırmaqla əsər müəllifləri də özlərinə məxsus zirvəyə qalxıblar: Azərbaycan poeziyasının və Azərbaycan musiqisinin uca zirvələrindən birinə.
Və bu gün 60 illik bir ömrün müdriklik zirvəsindən boylanan, bu yurdun, bu el-obanın övladı Baba Vəziroğluna uzun ömür, can sağlığı, doğulduğu, ayaq açıb yeridiyi, yeniyetməlik çağlarını yaşadığı, həyatın, yaşamağın, düşünməyin nə olduğunu ilk dəfə dərk etdiyi, anladığı bu torpağa daha möhkəm bağlılıq, balaca soydaşlarına daha yaxın dayaq olmağı – bir sözlə, adına layiq (Müqəddəs Baba dağına ziyarətdən, müqəddəs bir diləkdən sonra dünyaya gəlib. Buna görə el arasında Babaverdi çağırılır) gülüstan yaratmağı arzulayır və sözümü Zəlimxan Yaqubun bir bənd şeiri ilə bitirmək istəyirəm:
Azərbaycan övladı ! Sənindir bu məmləkət,
Dayağındır həqiqət, bayrağındır məhəbbət.
Yurd sevgisi ocaqdır, qalma bu oda həsrət,
Ömrün boyu alovlan, bu ocaq üçün yaşa.
Rəna Mirzəliyeva

Şərh Yaz