Yaşamaq elmi

Redaksiyadan: Yazıçı-publisist Miryavər Hüseynovun üç cildlik əsərləri nəşr olunmaq üçün hazırlanır. Bu yaxında çapdan çıxacaq birinci cildə müəllifin başqa əsərləri ilə yanaşı “Yaşamaq elmi” adlı sənədli povesti də daxildir. Bu əsərin süjet xətti sınaqdan çıxmış bir həqiqət üzərində qurulmuşdur: nəcib, xeyirxah və mətanətli insanlar cismən ölsələr də, mənəviyyatca ölmürlər. Dünyadan köçdükdən sonra da xatırlanır, yaşayırlar. Əsərin qəhrəmanı olan professor İbrahim İsmayılzadə də belələrindəndir. O, həm elmdə, həm istehsalatda özünü sübut etmiş alim-mütəxəssis, həm də yüksək nüfuzlu, ali bir nəsil şəcərəsinin layiqli varisidir. Alimin çoxcəhətli həyat və fəaliyyətinin oxucu auditoriyası üçün maraqlı olacağını nəzərə alıb povestin bir neçə bölməsini dərc edəcəyik.

Yaşamaq elmiYaşamaq elmi

Redaksiyadan: Yazıçı-publisist Miryavər Hüseynovun üç cildlik əsərləri nəşr olunmaq üçün hazırlanır. Bu yaxında çapdan çıxacaq birinci cildə müəllifin başqa əsərləri ilə yanaşı “Yaşamaq elmi” adlı sənədli povesti də daxildir. Bu əsərin süjet xətti sınaqdan çıxmış bir həqiqət üzərində qurulmuşdur: nəcib, xeyirxah və mətanətli insanlar cismən ölsələr də, mənəviyyatca ölmürlər. Dünyadan köçdükdən sonra da xatırlanır, yaşayırlar. Əsərin qəhrəmanı olan professor İbrahim İsmayılzadə də belələrindəndir. O, həm elmdə, həm istehsalatda özünü sübut etmiş alim-mütəxəssis, həm də yüksək nüfuzlu, ali bir nəsil şəcərəsinin layiqli varisidir. Alimin çoxcəhətli həyat və fəaliyyətinin oxucu auditoriyası üçün maraqlı olacağını nəzərə alıb povestin bir neçə bölməsini dərc edəcəyik.
Aşağıdakı hissə əsərin proloqudur.
Yaşamaq elmi
Səhər tezdən buludlar səmada sürünür, Xəzərdən iliyə işləyən soyuq külək irəliləyirdi. Bakı bulvarındakı ağacların dibi xəzəllə örtülmüşdü. Arabir göydə fırlana-fırlana uçan yarısolmuş yarpaqlar yerə tökülürdü. Bir dəstə qağayı harasa, naməlum bir məqsədə tərəf dəniz dalğaları üzərində qanad çalmaqda idi.
Kül rəngində bığı, həmişə nikbin, şad və çevik nəzərə çarpan, yaşı yetmişi keçmiş İbrahim müəllim bulvardan şimala tərəf dönüb möhkəm addımlarla Nizami küçəsinə tərəf gedirdi. Ömrünün payızına qədəm qoymuş alim hələ gəncliyindən sirli ehtiraslarla Bakının payızını sevirdi. Zahirən daha cavan görünən İbrahim müəllimin baxışları rütubətli küçələr və şehli xiyabanlar üzərində gəzir, əsən külək isə dərisini nəvazişlə tumarlayırdı. Bədənində və qocalmış əzələlərində sanki yeni bir qüvvə hiss edirdi. Ona elə gəlirdi ki, küçə boyu əkilmiş ağaclar şən və oynaq hava ilə rəqs edir, qağayı isə şad bir xəbərin müjdəsini gətirir. Təbiət onun nəzərində yaraşıqlı gəlin kimi par-par cilvələnirdi. Qoltuğundakı qara rəngli dəri qovluğu möhkəm sıxmışdı. Gözləri parıldayırdı. Əynində onun uca qamətinə yaraşan al rəngli kostyum başında elə o rəngdə fetr şlyapa vardı.
İbrahim İsmayılzadə bu yaşa kimi çox şəhərlər, çox kəndlər, çox yollar, küçələr görmüş, qət etmişdi. İnsan ömrü də yollar kimidir. Gərək bu yolda yorulmayasan, təntiməyəsən. Addımların gərək mətin, ürəyin təpərli olsun ki, ömrün dağlarını aşmağa özündə qüvvə tapsan, zirvəyə qalxmağa dizində taqətin tükənməsin.
İbrahim İsmayılzadə bütün ömrünü hərəkətdə, fəaliyyətdə keçirən nadir əməksevərliyə, güclü istedada malik olduğu üçün geniş ictimaiyyət içərisində tanınır, sevilirdi. Hörmət və ehtiramla onunla salamlaşırdılar, hal-əhval tuturdular. Bu təvazökar, özü barədə danışmağı sevməyən alimin çox zəngin hadisələrlə dolu olan həyatı oxunmamış bir kitaba bənzəyir. Bu kitabı gəlin, vərəqləyərək, canı qədər sevdiyi millətinin, xalqının yolunda çox zəhmət çəkmiş sadə, səmimi bir insanla, istedadlı, geniş erudisiyaya malik olan bir alimlə, tanınmış ictimai xadimlə tanış olaq.
İbrahim Həsən oğlu İsmayılzadənin keçdiyi ömür yolu ilə daha dərindən tanış olub haqqında kitab yazmağı öhdəmə götürəndə tərəddüd keçirməyimi etiraf etməyə məcburam. Onunla yaxın qohumluq əlaqəmiz olmasına baxmayaraq çox az hallarda görüşmüş, yalnız haqqında tərifli sözlər eşitmişdim. Ondan yadigar qalmış qalın qovluğu, qat kəsib saralmış sənədləri açdım, vərəqlədim. Alimin aldığı mükafatlara aid diplomlara, acılı-şirinli günlərini, aylarını, illərini əks etdirən şəkillərə, şəxsi kitabxanasına mütəmadi baxdım, oğlu – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası Personalının hazırlıq mərkəzinin rəisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Həsən İsmayılzadə ilə, qızları Firəngiz və Solmaz xanımla, qohum-əqrəba ilə görüşdüm, neçə-neçə yazıları oxudum, qeydlər apardım. Bir daha öyrəndim ki, 1988-ci ildə 76 yaşında vəfat etmiş professor İbrahim İsmayılzadə dərin bilikli alim olmaqla yanaşı, həm də mürəkkəb ictimai hadisələrə, görkəmli insanların həyatına, musiqiyə, rəssamlıq, teatr, kino sənətinə, Azərbaycan xalqının tarixi keçmişinə, onun öz istiqlaliyyəti və müstəqilliyi uğrunda mübarizəsinə yaxşı bələd imiş. Nizaminin, Füzulinin, Şərq poeziyasının başqa nümayəndələrinin vurğunu imiş. A.S.Puşkinin, M.Y.Lermontovun, N.A.Nekrasovun bir çox şeirini əzbər söylərmiş. İti hafizəsi varmış. Qırx-əlli il bundan qabaq baş vermiş hadisələrdən yerli-yerində, həm də təfərrüatı ilə danışarmış.
Yazı masamın üzərindəki qalın qovluqda quru rəqəmlərlə dolu müxtəlif anketlər, ezamiyyət vərəqələri, xasiyyətnamələr, məktublar, Amerika Birləşmiş Ştatlarına, İngiltərəyə, Fransaya, İsveçə, İsveçrəyə və sair ölkələrə getmək, elmi-praktik konfranslarda, simpoziumlarda iştirak etmək üçün tərtib edilmiş çoxsaylı sənədlər yetmiş altı illik bir ömrün zəngin tarixçəsi kimi söhbət açırlar.
Professor İbrahim İsmayılzadənin yetişdirdiyi alimlərin məqalələri dərc olunmuş qəzetlərə baxıram. Bu yazılarda alimin xidmətləri necə böyük məhəbbətlə təhlil edilir, çəkdiyi zəhmətlər sonsuz minnətdarlıqla yad olunur. Fizika-riyaziyyat elmləri doktoru, professor rütbəsinə keçən yollar həyatın dilindən başlayır, çağdaş ziyalıların ilk nəsilləri üçün çox əzmkarlıq, prinsipiallıq, nəhayət, vətənpərvərlik nümunəsidir.
Mən ürəyimdə tutduğum bir sualla İbrahim müəllimin 62 yaşlı qızı, uzun müddət Elmlər Akademiyasında ingilis dilindən tərcüməçi işləmiş, hazırda təqaüddə olan Solmaz xanıma müraciət edirəm:
– Solmaz xanım, heç mümkün deyil ki, bəşər övladının az-çox xarakter çatışmazlığı olmasın. Bəs İbrahim müəllimin şəxsiyyətində hansı zəif cəhət özünü göstərirdi?
Solmaz xanım kövrəlir, müəllim qarşısında imtahan sualına cavab verən şagirdi xatırladır. Limonlu çay içirik. Nəhayət, danışır:
– Rəhmətlik atam möhkəm iradəli adam idi. Çətinliklərdən qorxsa idi, elmin zirvəsinə çata bilməzdi. Lakin onun yeganə zəif cəhəti haqsızlığa, ədalətsiz mühakimələrə, hərəkətlərə dözməməsi idi – istər ayrı-ayrı fərdlərin olsun, istər cəmiyyətin, müxtəlif qurumların naxələf işləri ona əzab verir, öldürücü zərbə vururdu.
Söhbətə İbrahim müəllimin böyük qızı, hazırda təqaüddə olan tanınmış memar Firəngiz xanım qoşulur:
– Atamın ölümünə səbəb elə onun haqsızlığa dözməməsi oldu. Atam 23 fevral 1912-ci ildə anadan olmuşdu. 1987-ci ildə doğum günündən bir həftə sonra iş yerində alimlər və iş yoldaşları, doğmaları onun 75 illik yubileyini qeyd edirdilər. o, özünü xoşbəxt sayırdı. Gözəl ailəsi, vəfalı ömür-gün yoldaşı, cani-dildən bağlandığı işi vardı.
Firəngiz xanım köksünü ötürür. Onun xatirələrinin sarı siminə toxunulması, danışmağa çətinlik çəkməsi aydın sezilirdi.
Orta yaşlı, xoş simalı bir qadın Firəngiz xanımı sakitləşdirir, özü danışır:
– Etiraf edim ki, belə nəcib insanlara həyatımda az rast gəlmişəm. İxtisasıma uyğun olmasa da, taleyin hökmü məni Elmlər Akademiyasının Radiasiya tədqiqatları şöbəsinə aparıb çıxarmışdı. Elmi əsərləri fransız dilinə tərcümə etməklə məşğul idim. İbrahim müəllim ilk dəfə ünsiyyətdə olduğum alimlərdən idi. Xaricdən gələn fransızca məktub və məqalələri mənə tərcümə etdirərdi. Rus dilində ləhcəsiz danışar, elmi əsərlərini rus dilində çox yüksək səviyyədə yazardı. Alman dilində də sərbəst danışardı.
Bir dəfə öz keçmiş təcrübəçisi Jan Ravezdən məktub almışdı. Mən tərcümə edirdim. Məktub oxunub qurtardıqdan sonra mənə dedi ki, Jan Ravezi bu yaxında Bakıya dəvət edəcəyəm, onda sənin də fransızca danışmaq imkanın olacaq. Sonralar İbrahim müəllim özü Fransaya elmi ezamiyyətə getmişdi. Qayıdanda öz təəssüratını bizimlə bölüşdü.
Bir az fikirli, bir az gileyli idi. Danışırdı ki, mənim təcrübəçim olsa da, Jan Ravez böyük işlər görüb, müasir cihazlarla təchiz edilmiş laboratoriyası, gözəl iş şəraiti, həsəd aparası dolanacağı, ev-eşiyi var. Ancaq biz necə yaşayırıq?! Hələ mən bu cəmiyyətdə ən yüksək maaş alanlardanam. Adam lap xəcalət çəkir… Danışığı səmimi, sadə idi, ürəyitəmiz, ədalətli insan idi.
Babasının adını daşıyan Həsən müəllim uca boylu, yaraşıqlı, orta sinli, üzü öz təbəssümü ilə işıqlanan bir kişini kiməsə təqdim edəndə “Tanış olun, qardaşımdır”, – deyir. Ancaq bələd olanlar, tanıyanlar yaxşı bilirlər ki, o, bu sözləri isti, məhrəmanə münasibətə görə belə deyir. Əslində fizika-riyaziyyat elmləri doktoru, professor İlyas Musa oğlu Əliyev Solmaz xanımın həyat yoldaşı, Həsən müəllimin kürəkəni, onun sədaqətli sirdaşıdır.
İlyas müəllim qayınatası İbrahim müəllimi doğma atası qədər sevirmiş. “Məhəbbət cüt olar”, – deyib atalar. Rəhmətlik də onu öz övladlarından ayırmazmış.
İlyas müəllim inandırır ki, o, İbrahim müəllimi vətən təəssübkeşi zirvəsinə qalxıb şəhid olanlardan hesab edir. “Soruşa bilərsiniz ki, niyə? 1988-ci il fevral ayının 28-də erməni hiyləsi ilə baş verən hadisələrdən hələ heç kəsin xəbəri yox idi. Sözlər, söhbətlər, şayiələr, doğru-yalan mülahizələr baş alıb gedirdi. İbrahim müəllim ertəsi gün, yəni fevralın 29-da rəhbər olduğu laboratoriyada Qorbaçova yazdığı məktubu oxumuşdu. Demişdi ki, axşam redaktə edib sabah göndərəcək. Hirsindən qaralmışdı. Axşam məktubu redaktə edən zaman halı dəyişmiş, mizan-tərəzisi pozulmuş, haqqı, ədaləti təhrif olunmuş bu dünyayla vidalaşmışdı. Qorbaçovun Azərbaycan xalqına olan səbəbsiz qərəzini, xəyanətini üzünə oxumaq, onu doğru mühakiməyə, haqqa çağıran qəzəbli məktubunu göndərmək ona nəsib olmamışdı.
Professor İbrahim Həsən oğlu İsmayılzadənin bütün keyfiyyətləri yaxşılıqla bağlı olub. O, dünyaya yalnız xeyirxahlıq üçün gəlmişdi. Kim inanmaz ki, min-min il bundan əvvəl yaşamış bir insan ətrafına, yan-yörəsinə, dağa-daşa, qayalara, dənizə, ağaclara, güllərə, çiçəklərə baxıb əllərini sinəsi üzərində çarpazlayaraq dərindən köks ötürməyibdir? Və eləcə də köksünü ötürə-ötürə deməyibdir: “Aman, Allah, bu dünya nə qocadır? “Niyə axı, bizə elə gəlir ki, dünya bizimlə yaşayır, dünya bizimlə də qurtarır. Yox, dünya bizimlə qurtarmır. Heç dünya bizimlə də başlamayıb. Dünya yaratdıqlarını alır. Biz dünyanın yadında yalnız əməllərimizlə qalırıq. Qala bilirikmi?
“Yaşamaq elmi” adlandırdığım bu kitab yadda qalan bir gözəl alim, xeyirxah, təvazökar, dincliyini, aramını yaxşılıqda tapan nəcib bir insan haqqındadır. Kitab təkcə müəllifin deyil İbrahim İsmayılzadəni tanıyanların, onu sevənlərin, ondan yaxşılıq görənlərin, şərəf və iftixar duyanların kitabıdır. Nə yazmışamsa, sevərəkdən yazmışam. Sevərəkdən yazmaq, məhəbbətlə yazmaq bu məsul işin bir tərəfidir. İkinci tərəfdən böyük risklə ruzini az gördüyüm, heç ünsiyyətdə olmadığım bir insan haqqında sənədli povest yazmaq məqsədimə nail olmuşamsa, bu səyimə yardımçı təxəyyülüm və az-çox yazıçılıq təcrübəm olub.
Özü sağlığında sakitlik bilməyən insanların ruhu da sakitlik nə olduğunu bilməz. “Özü xeyirxah olanların ruhu da xeyirxah olar”, – deyiblər. Allah İbrahim İsmayılzadəyə rəhmət eləsin!
Miryavər Hüseynov

Şərh Yaz