Oqtay İsmayıllı

Oqtay İsmayıllı (Fərzəliyev Oqtay Baba oğlu) 1955-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuşdur. Diyallı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edir. Ali kateqoriyalı metodist müəllimdir. Onun adı Təhsil Nazirliyinin “Şərəf kitabı”na yazılmışdır.
Oqtay  İsmayıllıİsmayıllı yazarları

Oqtay İsmayıllı

Oqtay İsmayıllı (Fərzəliyev Oqtay Baba oğlu) 1955-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuşdur. Diyallı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edir. Ali kateqoriyalı metodist müəllimdir. Onun adı Təhsil Nazirliyinin “Şərəf kitabı”na yazılmışdır.
Oqtay  İsmayıllı
Oqtay İsmayıllı 1970-ci ildən rayon, 1980-ci ildən isə respublika mətbuatında əsasən şeirlərlə çıxış edir. Şeirləri “Yaşıl budaqlar”, “Azərbaycan”, “Poeziya günü”, “Dağ çiçəkləri”, “Abşeron inciləri”, “XX əsr Şirvan şairləri” almanaxlarına salınmışdır. 3 kitab müəllifidir. “Dodaqla dil arasında” 2007-ci, “Rübailər” 2008-ci, “Müqəddəs söz günü” 2012-ci ildə nəşr edilmişdir.

Allah

Səsim çatmır sənə, yer ilə göyün
Beləmi uzaqdır arası, Allah?
Yuyulub gözümün seliylə, bir gün
İtəcək gözümün qarası, Allah!

Dünya yox, gərək “dun” olaydı adı,
Sənin şirin dünyan zəhrimar dadır.
Qarabağ, Zəngəzur, Göyçə boydadır
Mənim ürəyimin yarası, Allah!

Ağrıtmır talanmış dağca zər məni,
Torpaq itkisiylə əzdi şər məni.
Bütöv yaratmışdın, deyirlər, məni,
Bəs hanı canımın parası, Allah?

Zamanın ağrısı, zilləti bizim,
Ədalət sürünür, bax, dizin-dizin.
Yarpaqtək yolundu millətimizin
Körpəsi, cavanı, qocası, Allah!

Ağıl deyil qəti bu insan ağlı,
At oynadır haqsız, tapdanır haqlı.
Bəşərin yarısı xəncər-bıçaqlı,
Qurbandır o biri yarısı, Allah!

De: “Dostluq”, “ədalət”, “sülh” deyə-deyə
Nədən bəndələrin dönür dəliyə?
Sən var ola-ola, çoxunun niyə
İblis kimi yoxdur tanrısı, Allah!

Lap gözəl

Xoşdur gəzsəm hər yerini dünyanın,
Bir güllükdə yuva salsam, lap gözəl!
Əbədiyyət çiçəyitək tər qalam,
Şəhid qəbri üstə solsam, lap gözəl!

Məhəbbətdir insanlığın naxışı,
Eşqlə dindir hər yarpağı, hər daşı.
Qorqud kimi aqil olsam, çox yaxşı,
Məcnun kimi dəli olsam, lap gözəl!

Hər tərəfdə gül bitirsəm, nə xoşdur,
Ümidsizə ümid versəm, nə xoşdur.
Hər insanda dostu görsəm, nə xoşdur,
Düşmənlərə qılınc çalsam, lap gözəl!

Tanrı nurtək eləyibdir xəlq bizi,
Könlüm olub saf sevgilər dənizi,
Silim, yerdə görünməsin qan izi,
Qatillərdən qisas alsam, lap gözəl!

Hər iş üstə məqamında gəlim kaş,
Xeyri Xeyrə, şəri Şərə bölüm kaş.
Öləndə də öz evimdə ölüm kaş,
Sərhədimdə şəhid olsam, lap gözəl!

Daha bəsdi, bəsdi ha

Səmum yeli gülümüzü tökərək
Yaman əsdi, yaman əsdi, əsdi ha!
Düşmənlərin qara məkri qılınctək
Bizi kəsdi, bizi kəsdi, kəsdi ha!

Hay-harayı diksindirmir bir yadı,
Xalqın axan nahaq qanı dəryadı.
Güclü üçün gücsüzlərin fəryadı
Quru səsdi, quru səsdi, səsdi ha!

Dünya, salma vicdanına çox ləkə,
Gec-tez səni bürüyər xof, səksəkə.
Qulluq etmə iki dinə, məsləkə,
Biri nəsdi, biri nəsdi, nəsdi ha!

İllərdir ki, uduzmuşuq çox şeyi:
Bizə ancaq silah edər köməyi.
Zorluların “vuruşmayın” deməyi
Haqqa qəsdi, haqqa qəsdi, qəsddi ha!”

Zaman meylin şərə vermiş zamandı,
Bu barışıq qan-qırğından yamandı.
Yaramıza yalnız silah dərmandı,
Daha bəsdi, daha bəsdi, bəsdi ha!

Xoşbəxtliyim tikələnibdir

Daim sevincini qəm talan edir,
Həyatın nur üzü kölgələnibdir.
Heyif bu dünyadan: onun hər yeri
İblis tərəfindən bəlgələnibdir.

Nə qədər ürək var – nifrətlə dolu,
Nə qədər adam var – şeytanın qulu.
Ədalət sarayı – yarıuçulu,
Min dəfə təməldən silkələnibdir.

Qəddar insan ovu – ən qədim bir fənn,
Tökülən al qanlar dəryalara tən.
Zamanın namusu zor tərəfindən
Bəlkə də, hər saat ləkələnibdir.

Dünyada qədimdən bu nə qaydadır? –
Xeyiri matəmdə, şəri toydadır.
Mənim xoşbəxtliyim yurdum boydadır,
Onuntək doğranıb, tikələnibdir.

Verək cəzasını

Az qalır ki, dünya uçub-dağılsın,
Yaman silkələnir sülhün təməli.
Dağılır ölkələr, didilir canlar,
Zar edir bəşəri minlərlə dəli.

Niyə qurbanıdır min gül bir xarın,
Hər div talan edir min bağın barın?
Sümürür qanını günahsızların
Gör neçə ölkədə bir ovuc zəli.

Vəhşətə nə qədər səbirlə baxaq? –
Axı bizlərdədir həm güc, həm də haqq.
Qoy şər adamların Allahdan qabaq
Versin cəzasını insanın əli.

Kim çağırdı, kim?

Axtara-axtara qaldım hər yeri,
Məni bu dünyaya kim çağırdı, kim?
Bəlkə, heç Tanrı da bilmir bu sirri,
Kimin dəvətinə aldanıb gəldim?

Bəxt qara buluddur, yerə enmədi,
Tale ulduzumdan nur ələnmədi.
Cahan çox köhnədir, təzələnmədi,
Ha yudum üzünü, tozunu sildim.

Dünya bəxşiş verdi hərəyə bir cür:
Şan-şöhrət, səltənət, sağlıq, qızıl, dürr.
Mənə daş uzatdı, buna da şükür:
Bəlkə, bir itindən qoruna bildim.

Var məndə

Günəş deyiləm ki, saf işıq olam,
Nur ilə yanaşı, zülmət var məndə.

Sevirəm Tanrının pak bəndəsini,
Çirkin bəndəsinə nifrət var məndə.

Bir gün mələkləyəm, bir gün şeytanla,
Mənə də müəmma xislət var məndə.

Bəsdir qüsurlarım min nəslə belə,
Min nəslə də layiq ibrət var məndə.

Ah, əməlim hara, bu dilim hara?!
Həm zəiflik, həm də qüdrət var məndə.

Özgədən agaham, özümdən qafil,
Biliyim qədər də qəflət var məndə.

Şadlıqla doluyam qocaldığımçün,
Cavanlıq üçün də xiffət var məndə.

Ruhuma baxıram, sapsağlamam ki,
Canıma baxıram, illət var məndə.

Həyat necə xoşdur, ölüm nə qorxunc,
Dincliyimlə əkiz dəhşət var məndə.

Bu dünya eşqindən dəliyəm, vallah,
Amma cənnətə də həsrət var məndə.

İlahini duyunca

Dərddən uzun heç nə yoxdur,
Düz zamanın boyuncadır.
Yenə şükür, qəm payımız
Torpağa baş qoyuncadır.

Nahaq kefin varla sazdır,
Yiğ, özünə günah yazdır.
Mal-dövlətin ömrü azdır;
Əcəl səni soyuncadır.

Xeyri Şərə satmağımız,
Safı qəlpə qatmağımız,
Toza, kirə batmağımız
Mürdəşirlər yuyuncadır.

Tamah canı əritməsə,
Qəlbə xəncər yeritməsə,
Nəfs adamı xar etməsə,
Vallah, sevinc doyuncadır.

Bir xəyala düşmə gündə,
İşığa çıx, itmə çəndə.
Çaşqınlıq öz ürəyində
İlahini duyuncadır.

Bəsdir mənə

Çoxun, azın fərqi yoxdur,
Şam nuru da bəsdir mənə.
Nəfsim qarışqa nəfsidir,
Bir darı da bəsdir mənə.

Nədir saray, qızıl-gümüş?!
Bu puçlara könlüm gülmüş.
Üstü qamışla örtülmüş
Bir barı da bəsdir mənə.

Yetər bir kilim yatmağa,
Dadlı yuxuya batmağa.
Bir zərrə balın dadmağa
Bir arı da bəsdir mənə.

Təki hələ sağlıq olsun,
Yerim daşlıq, dağlıq olsun.
Qoy bir tikə balıq olsun,
Lap yarı da bəsdir mənə.

Küsübdür çox şeydən ürək,
Cavan gözəl nəyə gərək?!
Versin hərdən çayla çörək,
Bu qarı da bəsdir mənə.

Əllidən sonra

Zərər içindəyəm əllidən sonra,
İtirdim dünyanın yüz ləzzətini.
İllər yavaş-yavaş aldı ağzımdan
Cücə ləzzətini, qaz ləzzətini.

Paslanıb qalmışam xəncərtək qında,
Matam arzu- imkan qalmaqalında.
Kababın, qaymağın, yağın, balın da
Getdikcə duyuram az ləzzətini.

Pozsam pəhrizimi, ölərəm deyə
Ağzımı tamarzı qoydum çox şeyə.
Yana-yana baxıb dolu süfrəyə,
Qıraqdan çəkirəm göz ləzzətini.

Bədənim taqətdən düşdükcə hər an,
Dilim qüvvətlənir öyüddə yaman.
İş-gücün dadını azaldır zaman,
Çoxaldır nəsihət, söz ləzzətini.

Ay, il sancır məni, gün gəlir hədə,
Üşütməm, titrətməm artır get-gedə.
Ocaq yanındayam yay günündə də,
Günəş vermir daha köz ləzzətini.

Yazdır, aləm gülə, çiçəyə batıb,
Tanrım yerə, göyə şirinlik qatıb.
Dünyanın ləzzəti min dəfə artıb,
Heyif, yaş itirib öz ləzzətini.

Bizimçün yaranıb bu bahar, bu yay,
Yurdun hər guşəsi bir behiştə tay.
Bu cənnət dünyanın, ay naşı Oqtay,
Vaxtında gəl çəkək biz ləzzətini.

Qalibdir
Qədim qəbiristanda düşüncələr

Bir zaman huritək gözəl qızlardan
İndi tər bədən, nə üz qalıbdır.
Nazıyla, gözüylə can alan canan
Ayaqsız, barmaqsız, gözsüz qalıbdır.

Torpaq ac qurd kimi hamını yeyir,
Saç, dırnaq toz olur, sümük əriyir.
Susur bülbül kimi nəğməkar şair,
Ürəksiz, dodaqsız, sözsüz qalıbdır.

Ağzı qıfıllanıb qudurğanların,
Nəfəs çəkə bilmir burda bir harın.
Bir zaman dünyaya od vuranların
Gorları ocaqsız, közsüz qalıbdır.

Burda dəyirmantək işləyib illər,
Üyünüb dən kimi bir-bir nəsillər.
Bu yoxluq mülkündə yoxdur fəsillər,
Məzarlar payızsız, yazsız qalıbdır.

Dədə Qorqud kimi söz dağı hanı?
Məclis sevənlərin qulağı hanı?
Ələsgərtək təcnis bulağı hanı?
Nəğmə dolu sinə sazsız qalıbdır.

Korlardan seçilmir ən iti görən,
Qalıb qaranlıqda xalqa nur verən.
Fillərin dizini yerə gətirən
Ərlər belsiz, əlsiz, dizsiz qalıbdır.

Özünü İlahi bilib öyənlər,
Varıyla, zoruyla haqqı əyənlər,
“Dünyanın ağası mənəm” deyənlər
Kölgətək yox olub, izsiz qalıbdır.

Quru barıt kimi tez alışanlar,
Qaynar qazan kimi daim daşanlar,
Sel kimi kükrəyib kinlə coşanlar
Əbədi bihuşdur, hissiz qalıbdır.

Mənə dil öyrət

Qəlbimdə sonsuz bir sevgi sıxılır,
Canım məhəbbətdən alışıb-yanır.
Lal kimi qalmışam əzabımla tək,
Danışa bilmirəm sevdiklərimlə.
Alovlu eşqimə qərq eləyərək,
Duyğumu bölmürəm bircə pərimlə.

Ey ulu təbiət, mənə dil öyrət,
Tamam başqalaşım sehrinlə sənin,
Dönüm Süleymana mehrinlə sənin.
Öyrət pərvanənin, quşun dilini,
Baharın, payızın, qışın dilini,
Zirvənin, qayanın, daşın dilini.
Sevgimi etiraf edim onlara,
Mənimçün yaranıb var olanlara.

Ey ulu təbiət, mənə dil öyrət:
Küləyin, şimşəyin, neyin dilini,
Səmanın, torpağın, çayın dilini,
Ulduzun, Günəşin, Ayın dilini,
Açım ürəyimi kainata mən,
Dəlitək vurğunam bu həyata mən.

Ey ulu təbiət, mənə dil öyrət,
Bilim pak ocağın, odun dilini,
Ağacın, çiçəyin, otun dilini,
Buludun, yağışın, qarın dilini,
Gecənin, gündüzün, nurun dilini,
Onlara eşqimi deyə bilməsəm,
Heç bəşər deyiləm, bir quru səsəm.

Ey ulu təbiət, mənə dil öyrət,
Duyum səadəti verib baş-başa
Təzə xanımlaşan sünbüllər ilə,
Qonum bir kəkliklə qayaya, daşa,
Bağda cəh-cəh vurum bülbüllər ilə.

Ey ulu təbiət, mənə dil öyrət,
Elə öz dilinə öyrət dilimi,
Məhəbbət dilimi, ülfət dilimi.
Deyim sənə olan büllur sevgimi,
Dünya işığından bu gur sevgimi.
Sənindir həyatım, ruhum, bədənim,
Leylim olarsanmı, de görüm, mənim?

Biri … biri … biri …

Gör kimlər edibdir girinc bəşəri:
Biri dəli, biri səfeh, biri gic.
Üç dəstə var, böyüdürlər hər şəri:
Biri yaltaq, biri qorxaq, biri gic.

Ümidimi səadətdən üzdüm mən,
Sona qədər Əzrayıldır ancaq şən.
Bu həyatın üç üzü var əzəldən:
Biri fitnə, biri qırğın, biri güc.

Günlər çoxdur, bəşər üçün yoxdur gün,
Hanı xoşbəxt guşəsi yer üzünün?
Bəlası var hər dördündən üçünün:
Biri xəstə, biri çılpaq, biri ac.

Qaynamırsa bizə qanı dünyanın,
Nə fərqi var, olsun onu dünyanın?!
Ha sayıram, üçdür sonu dünyanın:
Biri yoxluq, biri puçluq, biri heç.

Fəryad etmə, göylər tamam kardır, kar,
Öz qəlbini didib-çeynər ahuzar.
Faciədən qurtulmağa üç yol var:
Biri qəbir, biri kəfən, biri köç.

Şərh Yaz