Həmişəyaşar qızıl ulduzlu qəhrəman

Alman – faşist işğalçılarına qarşı Böyük Vətən müharibəsi bütün dünya tarixində ən ağır, ən amansız müharibə idi. Müharibə alovunun sönməsindən uzun illər keçməsinə baxmayaraq, xalqımızın, onun igid əsgərlərinin böyük rəşadəti bəşəriyyətin nəzərində daha da ucalır. Azərbaycan xalqının oğul və qızları başqa xalqlarla yanaşı müharibə yollarında inamla irəliləmiş, unudulmaz fədakarlıq göstərmişlər. Cəbhələrdəki igidliyinə görə xalqımızın iftixarına və şərəfinə çevrilmiş Sovet İttifaqı Qəhrəmanları artıq həyatda qalmamışlarsa da, onların göstərdiyi əfsanəvi şücaət əbədi olaraq mərdlik, öz xalqına sönməz məhəbbət simvolu kimi yaşayır.
Həmişəyaşar qızıl ulduzlu qəhrəmanBəhyəddin Mirzəyev – 100 il

Həmişəyaşar qızıl ulduzlu qəhrəman

Alman – faşist işğalçılarına qarşı Böyük Vətən müharibəsi bütün dünya tarixində ən ağır, ən amansız müharibə idi. Müharibə alovunun sönməsindən uzun illər keçməsinə baxmayaraq, xalqımızın, onun igid əsgərlərinin böyük rəşadəti bəşəriyyətin nəzərində daha da ucalır. Azərbaycan xalqının oğul və qızları başqa xalqlarla yanaşı müharibə yollarında inamla irəliləmiş, unudulmaz fədakarlıq göstərmişlər. Cəbhələrdəki igidliyinə görə xalqımızın iftixarına və şərəfinə çevrilmiş Sovet İttifaqı Qəhrəmanları artıq həyatda qalmamışlarsa da, onların göstərdiyi əfsanəvi şücaət əbədi olaraq mərdlik, öz xalqına sönməz məhəbbət simvolu kimi yaşayır.
Həmişəyaşar qızıl ulduzlu qəhrəman
Böyük Vətən müharibəsinin tarixi kütləvi qəhrəmanlıq nümunələri ilə zəngindir. Lakin həmyerlimiz Bəhyəddin Mirzəyevin igidliyi öz xüsusiyyəti ilə diqqəti cəlb edir. Kapitan B.Mirzəyevin komandir olduğu batareya faşist tanklarının qənimi idi. Visla, Oder, Şpreye sahillərindəki vuruşmalarda topçu batareyası üz-üzə dayanmış düşmən sıralarını qorxu bilmədən, sözün əsl mənasında biçib irəliləmişdi.
Adı dillər əzbəri olan Bəhyəddin Mirzəyevi tanıyanlar onun şanlı-şöhrətli hünər sahibi olması qədər çox sadə, təvazökar bir insan olduğunu da görürdülər. Özünü öyməz, qəhrəmanlıq zirvəsinə aparan həyat səhifələrini vərəqləməyi sevməzdi. Bununla belə, mən dəfələrlə evimizdə qonağım olarkən, bir də onun işlədiyi Azərbaycan Rabitə Nazirliyindəki iş otağında söhbət edərkən qeydlər aparmış, qəhrəmanı səciyyələndirən insani keyfiyyətləri dərindən öyrənmişdim. Sovet dönəmində Moskva mətbuatında məqalə ilə çıxış eləmək asan iş deyildi. Lakin mən 1974-cü ilin bahar aylarının birində apardığım qeydləri nizama salaraq Bəhyəddin Mirzəyevin anadan olmasının 60 illik yubileyi ilə əlaqədar olaraq Ümumittifaq Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) orqanı olan “Sovetskiy patriot” qəzetində geniş yazı dərc etdirmişdim. Məqalənin çox hissəsi müsahibə xarakteri daşıyırdı. Ən diqqəti cəlb edən cəhət o idi ki, redaksiya məqalə çıxan qəzet nömrəsinin bir nüsxəsini Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevə, birini isə mənə sifarişli məktub şəklində göndərmişdi.
Bu il Bəhyəddin Mirzəyevin 100 illik yubileyi rayon mərkəzində təntənəli qeyd olunmuşdur. Yubiley yığıncağında rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Prezident Aparatının məsul işçisi və qəhrəmanın nəvəsi, ANS televiziya kanalının istedadlı jurnalisti Ayaz Mirzəyev də iştirak etmişdir. Hamı kimi məni də mütəəssir və məmnun edən tədbir kompleksinə görə rayonumuzun İcra Hakimiyyətinin başçısı, qədirbilən və alicənab insan Mirdaməd Sadıqov cənablarına öz dərin minnətdarlığımı və təşəkkürümü bildirmək istəyirəm. O, uzun illər ərzində yaranmış laqeydlik baryerini sökərək Sovet İttifaqı Qəhrəmanı kimi çox yüksək ada layiq görülmüş, təkcə İsmayıllı rayonunun yox, müstəqil respublikamızın fəxri olan Bəhyəddin Mirzəyevin adının şəhərdəki bir küçəyə verilməsi barədə qərar da imzalamışdır. Həmin küçə abadlaşdırılmış və oraya asfalt örtük döşənmişdir.
Ərazisinin ən məhsuldar hissəsini işğal etmiş, bir milyondan çox əhalisini öz doğma yurdundan didərgin salmış əbədi-əzəli düşmənimiz olan erməni faşistləri ilə mübarizə etməkdə gənclərimiz üçün əsl örnək və nümunə olan qəhrəmanımızın həyatı ilə qısaca tanış olaq.
Həmişəyaşar qızıl ulduzlu qəhrəman
Bəhyəddin Şahvələd oğlu Mirzəyev 1914-cü ildə rayonumuzun Sulut kəndində anadan olmuşdur. Gənc Bəhyəddin kənd məktəbində oxumuş, zəhmətə alışmış, 1936-cı ildə həqiqi hərbi xidmətə çağırılmışdır. O, Tiflis şəhərində topçu komandirləri hazırlayan hərbi məktəbi bitirərək zabit rütbəsi almışdır. Ordudan tərxis olunduqdan sonra o, bir müddət Göyçay rayonunda müəllim işləmişdir. Müharibə başlanan ilk günlərdə artıq həyat təcrübəsi qazanmış və hünər göstərməyə qadir olan Bəhyəddin Mirzəyev cəbhəyə göndərilmişdir. Batareya komandiri kimi xidmətə başlayan zabitin əsgərləri Kistijen (Polşa) yaxınlığında təkcə bir döyüşdə alman faşistlərinin yeddi tankını, yetmişə yaxın əsgər və zabitini məhv etmişdir.
… Komandir məntəqəsi ilə təpənin arasındakı məsafə üç kilometr idi. Ətrafda mərmilər partlayır, mina qəlpələri vıyıldayırdı. Hər qarış torpaq atəş altında idi. Verilən əmr sözsüz yerinə yetirilməli idi. Bəhyəddin Mirzəyev cəsur və soyuqqanlı döyüşçü olan rabitəçi Həsən Orucovla birlikdə əvvəlcə kiçik məsafələrlə qaça-qaça, sonra da sürünə-sürünə təpəyə doğru irəliləməyə başladı. Bəhyəddinin doğma Azərbaycanda qazandığı idman vərdişi, bacarığı bu dəfə də öz bəhrəsini verdi.
Nəhayət, təpəyə qalxdılar. Rabitə yaradıldı. Kapitan B.Mirzəyevin verdiyi məlumat üzrə atəş açan toplar almanların müdafiəsinin ön xəttinə zərbə endirməyə başladılar. Düşmən əlverişli mövqeyinin itirilməsi ilə razılaşmaq istəmirdi. Onlar bütün silah növlərindən əsgərlərimizin üzərinə atəş yağdırırdılar. Torpaq partlayışdan lərzəyə gəlmişdi. Hər tərəfi tüstü bürümüşdü. Buna baxmayaraq Bəhyəddin Mirzəyevin topçu batareyası bir addım da geri çəkilmədi. Komandirin və onun döyüşçülərinin dəyanəti və hünəri sayəsində həmin gün faşistlər çoxlu tələfat verərək geriyə çəkilməli oldular.
Bəhyəddin Mirzəyevin topçuları təpədə möhkəm mövqe tutdu. Səhəri gün almanlar onların üstünə 30 tank göndərdilər. Batareya tankları atəşlə qarşıladı və sərrast zərbə ilə düşmənin səkkiz tankını, 2 avtomaşınını, 20-dən çox pulemyot nöqtəsini məhv etdi. 120 faşist əbədi olaraq torpağa gömüldü.
Müharibə qərbə doğru irəliləyirdi. Doğma torpaq artıq arxada qalmışdı. Bizimkilər faşistləri geriyə çəkilməyə məcbur edərək Polşa torpağına daxil oldular. Bəhyəddin Mirzəyevin batareyasına yeni əmr verildi: piyada hissələrlə birlikdə Byalobjeki şəhərini tutmalı. Bura edilən hücum elə qızğın keçdi ki, qüvvəcə xeyli üstünlüyə malik olan düşmən lərzəyə gəldi və qaçmağa üz qoydu. Topçular şəhərin küçələrində düşmənin 6 tankını vurdular.
Bəhyəddin Mirzəyev döyüş ustalığını yorulmadan təkmilləşdirən, müxtəlif taktiki üsulları cəsarətlə tətbiq edən zabit idi. Faşistlərin yuvası Berlinə lap az qalmışdı. 1945-ci il fevralın əvvəlində kapitan Bəhyəddin Mirzəyevin batareyası Oder çayını keçdi və özü üçün əməliyyat meydanı ələ keçirtdi. Almanlar Sovet əsgərlərinin çayı keçməsindən xəbər tutan kimi onların üstünə böyük qüvvə göndərdilər. Faşistlər B.Mirzəyevin batalyonunu tələyə salmaq və məhv etmək istəyirdi. Ön cərgədə olan batalyon komandiri düşmənin bu niyyətini başa düşdü və cinahdan onu ötüb keçdi, sürətli zərbə ilə faşistlərin mövqeyini ələ keçirdi. 60-dan çox hitlerçi məhv edildi, 5 atəş nöqtəsi dağıdıldı. Döyüşdə Bəhyəddin Mirzəyevin batareyasının və onun əsgərlərinin iradəsi, qorxubilməz əzmi qalib gəldi.
Ertəsi gün yaxşı təşkil edilmiş, sıx atəş vasitələri ilə təchiz olunmuş müdafiə sistemi ilə yenidən hücuma keçdi. Onlar kiçik məsafələrlə irəliləyir, daldalandıqları yerdən atəş açırdılar. Hitlerçilər azğınlaşaraq topdan, minaatandan və pulemyotlardan atəşi dolu kimi yağdırsalar da, kapitan B.Mirzəyevin döyüşçülərinin həmləsini dayandıra bilmirdilər.
– Dostlar! Cəsarətlə irəli! Ardımca düşmən üzərinə!
Cəsur zabit bu çağırışlarda öz döyüşçülərini şəxsi igidliyi ilə ruhlandıraraq irəliyə doğru cumurdu. Oder çayını keçmiş batalyon qat-qat güclü olan düşmənə müqavimət göstərdi. Əsgərlərimiz nəinki Oder sahilindəki mövqelərini əldə saxladılar, hətta onu xeyli genişləndirdilər.
Qeyri-adi hünər sahibi olan igid həmyerlimiz Bəhyəddin Mirzəyevin döyüş şücaəti çoxsaylı Orden və medallarla qiymətləndirilmişdi. 1945-ci il mart ayının 24-də SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə B.Mirzəyev Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının Qızıl Ulduzu ilə təltif edildi. Bu, Vətənin öz sədaqətli oğluna şərəfli igidliyinə görə təşəkkürü idi.
Son döyüşlərin birində Bəhyəddin Mirzəyev ağır yaralandı. O, yaralı olsa da, bütün gün ərzində döyüş meydanını tərk etmədən komanda verməkdə davam etdi. İgid zabit yalnız axşam düşəndən, döyüş sakitləşəndən sonra tibb məntəqəsinə getdi.
Müharibə qurtardıqdan sonra üzü ağ, alnı açıq Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyev vətənə qayıtdı. Demək olar ki, o, ömrünün axırına kimi Azərbaycan Rabitə Nazirliyində şöbə müdiri işlədi. O, tez-tez gənclərin arasında olur, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində xeyli iş görürdü. Doğma Sulut kəndini unutmurdu. Ömrünün 7-8 ili ərzində hazırda onun adını daşıyan Sulut kənd orta məktəbində keçirilən bütün ilk və son zəng tədbirlərində iştirak edərdi. Hamı ilə dostcasına görüşər, hal-əhval tutardı. Basqala da tez-tez gələrdi.
Qəhrəman həmyerlimiz 1987-ci il iyun ayının 12-də vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn edilmişdir. Bəhyəddin Mirzəyevin bir oğlu, iki qızı, yeddi nəvəsi öz həyat və fəaliyyətlərində şərəfli sələflərinin adını ucaltmağa çalışırlar.
Miryavər Hüseynov

Şərh Yaz