Bülbül səsli həkim

İnsan ömrü çox qısadır. Bəlkə də zaman və məkan baxımından ulu Tanrının yanında qırx gün yaratdıqlarını sevə-sevə yaşadan Allah, yəqin ki, öz rizası ilə hərəni bir peşəyə, sənətə meylləndirir. Kiminə şairlik, alimlik, rəssamlıq, kiminə loğmanlıq, gözəl səs, bəstəkarlıq, güc-qüvvət, şahlıq, sərkərdəlik və sair bəxş edir. Kiminə isə heç nə qismət etmir. Bu da Allah qisməti, Allah bölgüsüdür. Nə etmək olar? Bax, belə xoş qismətli, sadə, səmimi, şəfqətli tale yolunda ziyalılığı, zərif davranışı ilə böyük hörmət-izzət sahibi, həyatının müdrik illərini yaşayan ziyalılarımızdan biri haqqında danışacam. Onu lap uşaqlıqdan tanıyıram. Bir yerdə böyümüşük desəm səhv etmərəm. Amma bu illər ərzində onu tam tanımamışam. Yəni, bir insanı tanımaq üçün ona bir insan ömrü bəs etmir. Bir təsadüf məni onun haqqında yazmağa ruhlandırdı.

Bülbül səsli həkimBülbül səsli həkim

İnsan ömrü çox qısadır. Bəlkə də zaman və məkan baxımından ulu Tanrının yanında qırx gün yaratdıqlarını sevə-sevə yaşadan Allah, yəqin ki, öz rizası ilə hərəni bir peşəyə, sənətə meylləndirir. Kiminə şairlik, alimlik, rəssamlıq, kiminə loğmanlıq, gözəl səs, bəstəkarlıq, güc-qüvvət, şahlıq, sərkərdəlik və sair bəxş edir. Kiminə isə heç nə qismət etmir. Bu da Allah qisməti, Allah bölgüsüdür. Nə etmək olar? Bax, belə xoş qismətli, sadə, səmimi, şəfqətli tale yolunda ziyalılığı, zərif davranışı ilə böyük hörmət-izzət sahibi, həyatının müdrik illərini yaşayan ziyalılarımızdan biri haqqında danışacam. Onu lap uşaqlıqdan tanıyıram. Bir yerdə böyümüşük desəm səhv etmərəm. Amma bu illər ərzində onu tam tanımamışam. Yəni, bir insanı tanımaq üçün ona bir insan ömrü bəs etmir. Bir təsadüf məni onun haqqında yazmağa ruhlandırdı.
Murad Alıcan oğlu Həbibov 9 yanvar 1952-ci ildə İsmayıllı şəhərində qulluqçu ailəsində anadan olub. Ailədə iki bacı, üç qardaş olublar. Dördüncü övlad olan Murad hələ uşaqlıqdan həm davranışı və həm də dözümlülüyü ilə bacı və qardaşlarından fərqlənirdi. Sakit, dinməz, heç nəyin fərqinə varmayan, kimsəyə qaynayıb qarışmayan idi. Həyətdə bir-biri ilə oynayan, şənlənən bacı və qardaşlarını kənardan seyr edər və hərdən xəfifcə gülümsəyərdi.
Bir iş görəndə ağırından yapışardı. Hamımızdan güclü olduğu üçün hərdən ona paxıllığımız da tuturdu. Onu cırnatmaq üçün sataşar, vurar, nəyini isə götürüb verməzdik ki, bəlkə Murad etiraz edə. Heç nəyi vecinə almazdı. Amma çətinə düşəndə hamımıza əl tutar, kömək edərdi. Zəhmətsevər idi. Həyəti
təkbaşına belləyər, süpürərdi. Süfrəyə də hamıdan gec gələr, nə versələr yeyərdi. Gününü kitabların arasında başa vurardı. Xalası Bəsirə bibi kitabxanada işlədiyindən onun üçün maraqlı kitab axtarıb tapmaq çətin deyildi. Yeddinci sinifdə oxuyanda Murad Avropa və türk yazıçılarının əsərlərini mütaliə edirdi. Bədii ədəbiyyatdan başqa o təbiət elmlərinə də böyük maraq göstərirdi. Botanika, zoologiya, kimya, fizika və biologiyanı sanki “yeyirdi”. Kimya və fizikadan məsələləri bir göz qırpımında həll edər, bitkilərdən herbarilər toplamağı sevərdi. Lovğalıqdan, eqoistlikdən uzaq idi. Qardaşının köhnə, qolları yamaqlı pencəyini təzə pencək kimi geyinər, kimsənin nə deyəcəyinin fərqinə varmazdı. Əsas o idi ki, təmiz, səliqəli və ütülü olsun. Şalvarının ütüsü “xoruz başı kəsərdi”. Kitab və dəftərlərini də səliqəli saxlayardı. “Oqonyok” jurnalının vərəqləri ilə kitab və dəftərlərinə üz çəkərdi. Bax, beləcə illər ötdü, biz də yaşa dolduq. Orta məktəbi bitirib ali məktəblərə qəbul olmaq üçün sənədlərimizi qəbul komissiyalarına təqdim etdik.
1969-cu ildə Murad Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya və gigiyena fakultəsinə daxil oldu. Tələbə olduğu illərdə nəzəri və klinik fənləri dərindən öyrənən Murad sonuncu kursda patoloq-anatom olmağa qərar verir. 1975-ci ildə təhsilini uğurla başa vurur.1976-cı ilin aprel ayında Bakı şəhəri 2 saylı Klinik Xəstəxananın patoloji anatomiya şöbəsinə müdir təyin olunur. Burada o, respublikamızda qədim tibb ocaqlarından hesab edilən 2 saylı Klinik Xəstəxanada akademik M.Topçubaşov, professorlardan M.E.Əfəndiyev, M.Sultanov kimi tibb elminin dərin biliciləri ilə birlikdə işləyir.
Bülbül səsli həkim
Elə ona görə də təyin olunduğu vəzifə gənc həkim Murad Həbibov üçün olduqca məsuliyyətli olur. Həmin ilin sonunda Tiflis Həkimləri Təkmilləşdirmə İnstitutunun patoloji-anatomiya kafedrasında kursa gedir. Dörd aylıq ixtisasartırma kursu keçən gənc həkim az vaxtda özünü ixtisaslı və bacarıqlı patomorfoloq kimi tanıdır. Təcrübəli patomorfoloq kimi formalaşan Murad Həbibov 1979-cu ilin dekabr ayında Azərbaycan Səhiyyə Nazirliyinin ETKE Cərrahlıq İnstitutunun patomorfologiya laboratoriyasına həkim-patoloq-anatom və kiçik elmi işçi vəzifəsinə təyin olunur.
Onun burada işlədiyi illər çox gərgin və zəhmətli illər olub. O, 1981-ci il aprel ayının 29-da apardığı patoloji anatomik təşrih zamanı o vaxta qədər heç bir tibbi ədəbiyyatda təsvir olunmamış anadangəlmə ürək qüsurunu aşkar edir. Bu yeni elmi tapıntı Azərbaycan Tibb jurnalının 1982-ci il 5-ci sayında professor M.S.Abdullayevlə birgə təsvir olunmuşdur. Murad Həbibov patoloq-anatom kimi fəaliyyəti dövründə 1000-ə yaxın müxtəlif patoloji-anatomik təşrih və on minlərlə biopsiya və cərrahi materialları histoloji müayinə etmiş və 1000-ə yaxın nümunəvi patohistoloji preparatlar hazırlamışdır.
1983-cü il idi. Moskvaya məqsədli aspiranturaya həmkaraları arasında bir nömrəli namizəd olsa da onun yerinə başqasının göndərilməsi ona pis təsir etdi. Elə bu səbəbdən də həmin ilin sentyabr ayında artıq peşəkar patoloq-anatom kimi məşhurlaşan M.Həbibov Leninqrad vilayətinə köçüb gedir. Bundan sonra o patoloji-anatomiyadan uzaqlaşır və daha çox klinik sahədə işləmək qərarına gəlir. O zamanki SSRİ məkanında qabaqcıl təcrübə məktəbi olan Krişi MRX-nın təcili yardım xəstəxanasında həkim-lobarant işləyir və eyni zamanda akademik Pavlov adına Leninqrad Tibb İnstitutunun hospital terapiya
kafedrasında hematologiya və klinik laborant diaqnostika üzrə ixtisaslaşma kursları da keçir.
Vətəndən çox-çox uzaqlarda olsa da daim qəlbi doğmaları ilə birgə vururdu. Qoynunda böyüyüb başa çatdığı, füsunkar və əvəzolunmaz əsrarəngiz gözəllikləri ilə nazlı gəlinə bənzəyən İsmayıllıya dönmək, ailə qurub doğma yurdda yurd-yuva sahibi olmaq arzusu ilə 1986-cı ildə Vətənə dönür. İxtisası üzrə bütün bilik və zəngin təcrübəsini MRX-nın klinik laboratoriyasının müdiri vəzifəsində davam etdirir. O zaman xəstəxanada klinik laborator xidmətin səviyyəsi çox aşağı idi. Gəlişi ilə işə başlayan Murad Həbibov klinik-laborant diaqnostikasının bütün sahələrini yenidən qurmağa başladı.
Onun böyük zəhməti bahasına təşkil edib yaratdığı klinik-biokimyəvi laboratoriya həm avadanlığı, həm də diaqnostik imkanlarına görə o zaman respublika miqyasında tanınan və fərqlənən laboratoriyaya çevrilmişdir.
M.Həbibov eyni zamanda həkim və feldşer-laborant kadrlarının hazırlanmasına da böyük əmək sərf etmişdir. Demək olar ki, rayonda bu sahədə özünün məktəbini yaratmışdır. O, bacarıqlı, təcrübəli, tanınmış həkim-hemotoloqdur. Ən mürəkkəb qan xəstəliklərinə düzgün və dəqiq diaqnoz qoymağı bacarır. 1994-cü ildə respublikada qan köçürmək üçün konservantların tapılmadığı zamanda özünün orijinal üsulu ilə hemo-konservantlar hazırlamağa başlamışdır. Onun hazırladığı hemokonservantlar Bakı şəhərinin bir neçə tibb müəssisəsində müvəffəqiyyətlə sınaqdan çıxarılmışdır. Həmin illərdə onların köməkliyi ilə yüzlərlə insana qan köçürülmüş və onların həyatı xilas olunmuşdur.
M.Həbibovun yaratdığı laboratoriya bu gün də yaşayır, fəaliyyət göstərir. Rayon Mərkəzi Xəstəxanasının yenidən təmiri və bərpası ilə əlaqədar müvəqqəti olaraq laboratoriya rayon mərkəzi Uşaq Xəstəxanasında darısqal şəraitdə bütün gücü ilə işləyir. M.Həbibov 25 ildən artıqdır ki, klinik biokimyəvi laboratoriyanın müdiridir. Onun rəhbərliyi altında burada qan xəstəliklərinin, yoluxucu-infeksion xəstəliklərin, şəkər xəstəliyinin, onko-sitoloji, bakterioloji, seroloji və sair analizlər edilir.
Laboratoriyanın bütün avadanlıqlarını, tibb ləvazimatlarını bu illər ərzində o, öz əlləri ilə zərrə-zərrə yığıb, toplayıb. Bir növ buranı kafedra səviyyəsinə çatdırıb. Demək olar ki, bu kafedra bütün dövrlərdə yeni kadrların hazırlanmasında və yetişməsində əsl məktəbə çevrilmişdir. O, birlikdə işlədiyi kadrlara bir müəllim kimi peşəsinin sirlərini, dərinliklərini yorulmadan, həvəslə öyrədir.
İyirmi dörd yaşından bu günə kimi keşməkeşli həyat yolu keçən Murad həkimin gəncliyi başdan-başa həm maraqlı, həm də elmi axtarışlarda keçmişdir. Patoloji-anatomiya tibb aləminin ən ağır sahəsidir. O deyir ki, seçdiyim sahənin əsl bilicisi olmağı arzulamışam. Qarşılaşdığım maneələrin, çətinliklərin hamısından üzüağ çıxmağa çalışmışam. Səbirlə, təmkinlə elə hey oxumuşam, öyrənmişəm. İstəyimə doğru inamla, iynəylə gor eşə-eşə, kirpiklərimlə od götürə-götürə nail olmuşam. Harada işləməyimdən asılı olmayaraq həmişə İsmayıllı olmağımla fəxr etmişəm. İnsanların sağlamlığı keşiyində durmaq, onların hörmət və məhəbbətini qazanmağa çalışmışam. Onların mənə olan sevgi və inamını həyatda ən böyük mükafatım və sərvətim sanmışam.
Ötənləri tez-tez xatırlayıram. Nə tez ötüşdü illər. İllərlə çiyin-çiyinə işlədiyim akademiklərdən – M.Topçubaşov, C.Hüseynov, professorlardan E.Əfəndiyev, N.Rzayev, F.Zərgərli, C.Zəkirçayev mənim həyatımda və sənətimdə əsl müəllimim olublar. Mən o böyük insanlardan çox şey – mərhəmətli, təmkinli, xeyirxah, insansevər olmağı öyrənmişəm. M.Həbibov onu da qeyd etdi ki, doğma İsmayıllıya qayıtmağım, 35 yaşına qədər tibbdə qazandığım təcrübəmi həmyerlilərimə sərf etməyim, onların sağlamlığına fayda verməyim məni həmişə sevindirib, qəlbimə rahatlıq gətirib. Ötənləri, olub keçənləri yada salarkən heç nəyə heyifslənmirəm.
Bizim nəsil şəcərəmizdə həkimlik peşəsini sevib seçmək ənənəyə çevrilib. Yaxınlarımın, doğmalarımın əksəriyyəti talelərini bu işə bağlayıblar. Elə övladlarım da…
M.Həbibov səmimiliyi, nəcib keyfiyyətləri ilə birgə həm də gözəl ailə başçısıdır. Ailədəki səmimilik, onun dolğun nizamından, rəftarından, sakit, aramla danışmağından hiss olunur. Ömür-gün yoldaşı Zöhrə xanım müəllimədir. Şəhər 3 saylı tam orta məktəbdə coğrafiya müəllimi işləyir. Övladları Polad və Afaq xanım atalarının yolunu davam etdirirlər. Polad stomotoloq, Afaq isə terapevtdir. Fidan adında bir nəvəsi var.
M.Həbibov Vətəninin, torpağının, peşəsinin vurğunu olduğu kimi, ədəbiyyatı, poeziyanı, sazı-sözü, incəsənəti sevən adamdır. O, klassik musiqimizin, xalq mahnı və muğamlarımızın, milli operamızın banisi Üzeyir bəyin, Bülbülün pərəstişkarıdır. Eşitmişdim ki, Bülbülün ifa etdiyi bütün ariya və romansları, xalq mahnılarını xəlvətə düşəndə yana-yana oxuyur. Odur ki, fürsəti fövtə verməyib soruşdum:
– Həkim, eşitdiyimə görə Bülbülü elə Bülbül kimi oxuyursunuz. Bəlkə bir ağız oxuyasınız. Bayaqdan söhbətimizə sakit-sakit oturub qulaq asan dostumuz, respublikamızın Əməkdar həkimi Şahmurad Şirəliyev söhbətə müdaxilə etdi: – Gəlin bu söhbəti bax orada davam etdirək, – deyə əli ilə söyüd ağacının altını göstərdi.
– Gedək, nə deyirəm, deyə mən də razılaşdım. Söyüdün altında elə oturmuşduq ki, Şahmurad Muradın əl telefonunu alıb bir-iki düyməsini sıxıb masanın üstünə-qoyub – söhbətinizə davam edin, – dedi. Telefonun yaddaşından həzin bir melodiya ətrafa yayıldı. “Bülbül” oxuyurdu:
“Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan.
Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan”.
– Hə, necədir, sənə bu musiqi töhvəsi? – deyə soruşdu.
– Çox sağ ol, həkim. Bülbülün lent yazısıdır, – dedim.
– Ay, hay! Mənim musiqidən başı çıxanıma bir bax. Doğrudan elə bilirsən, oxuyan Bülbüldür? Yaxşı dinləmədin. Bir də qulaq as.
Bu dəfə başqa bir romans – Asəf Zeynallının “Ölkəm” romansı ifa olunurdu. Birdən sanki yuxudan ayıldım. Romansın musiqi müşayiəti yox idi. Ancaq səs tembri, boğazlar, vurulan xallar, zəngulələr, romansın zili, bəmi Bülbülün ifası kimi idi. Lap möcüzə idi. Axı Bülbülün ifasında olan romansları, ariyaları, xalq mahnılarını onu kimi kim oxuya bilərdi? Telefon öz işindəydi. Bülbülün repertuarında olan və bu gün çoxlarımızın belə unutduğu, xatırlamadığı mahnılar, ariya və romanslar bir-birini əvəz etdikcə fikirləşdim ki, bütün bunları Murad həkim ifa edir? Bax, beləcə tərəddüd və şübhə içində sağollaşıb ayrıldıq. Xeyli götür-qoydan sonra yadıma düşdü ki, bütün bunlar ola bilər. Axı rayonumuzun sayılıb-seçilən müğənnisi, öz ecazkar səsi ilə bizi valeh edən Rövşən Teyyubov Murad həkimin bacısı oğludur. Necə deyərlər, yaxşı oğul dayısına çəkər. Dayı özü üçün oxuyur, bacı oğlu isə öz gözəl səsi ilə bizlərin qəlbini oxşayır.
Ertəsi gün səhər Murad həkim işə gedərkən onu səslədim. Otağıma gəldi.
– Həkim, – dedim. Uşaqlıqdan bir yerdə olmuşuq. Amma sənin mahnı oxuduğunu eşitməmişəm. Necə oldu ki, sən Bülbül kimi oxuyursan? Yoxsa məni sınağa çəkirsən?
– Yox! Bülbül rəhmətə gedəndə mənim vur-tut 9-10 yaşım olardı. Radioda onun ifasında səslənən mahnıları acgözlüklə əzbərləyirdim. Xəlvətə düşəndə ara-sıra oxuyub özümü yoxlayırdım. Amma adamlar arasında oxumaqdan utanırdım. İnstitutda oxuyarkən də həmişə Bülbülün mahnılarını zümzümə edərdim. Tələbə idim. Evində qaldığım adam məni xəbərdar etmişdi ki, ev pulunu bu gün verim. Yoxsa məni evdən çıxaracağını bildirmişdi. Özümü ora-bura vurub kirayə pulunu bir təhər düzəldib evə gəlirdim. Birdən qulağıma Bülbülün səsi gəldi. Səs vallar satılan mağazadan gəlirdi. Tez-tələsik dükana girdim. Bülbülün mahnıları yazılan dəst vallar satılırdı. Cibimdəki pulları verib bir val oxudan alıb valları da götürüb evə qaçdım. İnanın ki, özümü dünyanın ən xoşbəxti sayırdım. İndi sevimli Bülbülün ifasında olan mahnılar əlimdə idi. İstədiyim qədər qulaq asa bilərəm. Evə çatan kimi val oxudanı işə salıb Bülbülün mahnılarını səsləndirməyə başladım. Unutdum ki, axı mən dünəndən bəri bir tikə çörək yeməmişəm. Səsə ev sahibi gəldi. Mən öz dünyamda idim. Hər şeyi unutmuşdum. Bir vaxt özümə gələndə gördüm ki, ev sahibi də mənə qoşulub oxuyur. Pullarımı vallara və val oxudana verdiyimi dedim. Ev yiyəsi heç bir söz demədi və çıxıb getdi. O valları indi də əziz, qiymətli sərvət kimi bu gün də sevə-sevə, qoruyub saxlayıram. Mən o böyük sənətkarın vurğunuyam. Ondan başqa müğənni və xanəndəni dinləsəm də bəyənmirəm. Bülbül, onun sənəti mənim üçün əvəzolunmazdır. O mənim musiqi dünyamın şahı, hakimidir.
– Yaxşı, həkim, onda elə isə bir romans da mənim üçün ifa et, inanım ki, sən oxuyursan.
Murad həkim özünə məxsus tərzdə gülümsədi. Sağ əlini dizinin üstə qoyub gözlərini naməlum nöqtəyə zillədi.
Oxudu. Özü də “Sənsizi” oxudu. Peşəkar xanəndə, müğənni kimi oxudu. Ötən əsrin səksəninci illərin sonunda Uşaq Yaradıcılıq Mərkəzində müəllimlərdən ibarət “Zəka” xalq çalğı alətləri ansamblı yaratmışdıq. Az vaxtda ansamblın ətrafına çoxlu sayda səsi və ifaçılıq qabiliyyəti olan müəllimlər toplaşmışdı. Basqal, Lahıc, Xanagah, Diyallı, Buynuz, Qubaxəlilli və digər məktəblərdən müəllimlər həvəslə gəlib məşqlər edirdilər. Lakin sonralar gediş-gəliş çətinləşdiyindən ansamblın da fəaliyyəti dayandı. İndi bu gün təkcə müəllimlərdən yox, elə İsmayıllı ziyalılarından ibarət xalq çalğı alətləri ansamblı yaratmaq olmazmı? Murad həkim kimi onlarla gözəl ifaçılıq qabiliyyəti olan ziyalılarımızı bir yerə toplayıb gözəl bir ziyalı ansamblı yaratmaq olar.
Bax, beləcə. Son olaraq Murad həkim, müğənni həkim gələcək arzularını belə bölüşdü:
– Xəstəxanamız möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişi və dəstəyi ilə əsaslı təmir olunub. İnsanlarımıza can sağlığı arzulayıram. Bir də yeni xəstəxanada, yeni laboratoriyada adamlarımızın sağlamlığı keşiyində durmaq, onlara xidmət etmək istəyirəm. Təki sağlıq olsun!
X.Xalıqov

Şərh Yaz