Əsas odur ki, insan bir şeyi ürəkdən istəsin

Vüsal Abdullazadə gənc olmasına baxmayaraq peşəkar Karate-do və dünya hərbi idman döyüş çoxnövçülüyü sahəsində qazanıla biləcək bir çox uğurları əldə edib və yenə də irəliləyir. Hal-hazırda İdman Akademiyasında təhsil alır, həmçinin Peşəkar Karate-do Federasiyasının baş katibidir. Heç bir zaman çətinliklərdən qorxmayıb və qalib gəlmək üçün daha çox prinsip aparıb.
Əsas odur ki, insan bir şeyi ürəkdən istəsin
Əsas odur ki, insan bir şeyi ürəkdən istəsin

Vüsal Abdullazadə gənc olmasına baxmayaraq peşəkar Karate-do və dünya hərbi idman döyüş çoxnövçülüyü sahəsində qazanıla biləcək bir çox uğurları əldə edib və yenə də irəliləyir. Hal-hazırda İdman Akademiyasında təhsil alır, həmçinin Peşəkar Karate-do Federasiyasının baş katibidir. Heç bir zaman çətinliklərdən qorxmayıb və qalib gəlmək üçün daha çox prinsip aparıb.
Vüsal Abdullazadənin Avropa.info-ya verdiyi müsahibəni “İsmayıllı xəbərləri”nin oxucularına təqdim edirik. V.Abdullazadə söhbətə özü haqqında məlumat verməklə başlayıb:
– Mən Vüsal Abdullazadə Karate – Do idman növü ilə məşğulam. İkiqat dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısı, 7 qat respublika çempionuyam. İdmanla təxminən 10 ilə yaxındır ki, məşğulam. Peşəkar olaraq 6-7 ildir ki, yarışlara qatılıram. İştirak etdiyim yarışlarda çox vaxt uğur qazanıram.
– Azərbaycan yığmasına necə düşdünüz?
– Daha öncə dəfələrlə yığmaya qoşulmaq istəsəm də, çox ciddi əngəllərlə rastlaşırdım. O zaman yığmada olan idmançılara dəfələrlə qalib gəlsəm də məni yenə qəbul etmirdilər. Amma mən məqsədimə nail olmaq üçün hər bir rəqibimə qalib gəldim.
2011–ci ildə Dünya hərbi idman döyüş növləri üzrə keçirilən yarışda dünya çempionu oldum və məni yığmaya dəvət etdilər. Bundan sonra qazandığım yeni nailiyyətlərlə medalların sayını artırdım.
– Ən çətin döyüşünüz hansı idmançı ilə olub?
– 2 idmançı var ki, onları özümə əzəli rəqib hesab etmişəm. Demək olar hər yarışda final və yarımfinal görüşlərində onlarla qarşılaşıram. Biri Ukrayna idmançısı, digəri isə Fransa idmançısıdır. Çox zaman onlara qalib gəlirəm.
– Bu əzəli rəqiblərinizə məğlub olmusunuzmu? Əgər olubsa, uduzanda nə etmisiz?
– Olub. Bir dəfə bu rəqiblərimdən biri Avropa çempionatında məni qızıl medal qazanmaqdan məhrum edib. Həmin çempionatda mən 2-ci yerə çıxdım. Daha sonra uduzduğum oyunda etdiyim səhvlərə baxdım və onları düzəltdim. Növbəti turnirdə ona qalib gələrək qızıl medalı əldə etdim.
– Yəni siz geri çəkilmədiniz?
– Bəli geri çəkilmədim. Mübarizliyimlə və əzmkarlığımla qalib gəldim. Professional idmanın zədələri, məyusluqları çox olur. Buna baxmayaraq işini sevən və əziyyətə qatlaşa bilən hər bir insan məqsədinə asanlıqla nail ola bilər.
– Sizcə, həyatda uğur qazanmaq üçün nə etmək lazımdır?
– Əsas odur ki, insan bir şeyi ürəkdən istəsin. Uğur qazanmaq üçün çətinliyi sevmək və mübariz olmaq lazımdır. Əzmkarlıq göstərib maneələrə asanlıqla qalib gəlmək olar.
– Ən böyük arzunuz və ya planınız nədir?
– Hər bir idmançı kimi mənim də arzum Azərbaycanın bayrağını hər zaman yüksəklərə qaldırmaqdır. Bir idmançının bundan vacib planı ola bilməz.
– Vüsal, bəzi idmançılarımız bir-iki yarışda uğur əldə etdikdən sonra məşqləri azaldır və sonra aşağı nəticə göstərirlər. Sizcə, bunun səbəbi nədir? Sizi də belə bir şey gözləyə bilər?
– Belə idmançılarımız çoxdur. Əvvəl başlayanda nəticələri yaxşı olur. Sonra həmin idmançılar aşağı nəticələr göstərməyə başlayırlar. O idmançılar “ulduz xəstəliyinə” tutulan idmançılardır.
Əsas odur ki, insan bir şeyi ürəkdən istəsin
– Nə üçün Respublika çempionatlarında İsmayıllını təmsil edirsiniz? Axı hal-hazırda Bakıda milli komandada məşq edirsiniz?
– Mənim üçün vətən bölünməzdir. Amma suala gəlincə, İsmayıllıda doğulub, boya-başa çatmışam. İlk məşqlərimə də İsmayıllıda, rayonun baş təlimatçısı Bayram Qəhramanovun rəhbərliyi altında Tircan kəndində başlamışam. Hal-hazırda lüks Park Plyus-da məşq etməyimə baxmayaraq ilk məşqə başladığımız köhnə, yararsız idman zalı hər zaman qalib olduğumda gözümün önünə gəlir və qürur hissi keçirirəm. İnsan çətinliklə qazandıqlarının qədrini bilir. İsmayıllını təmsil etmək ürəyimin dərinliyindən keçən bir istəkdir. Federasiyanın prezidenti Sabir Süleymanın da fikrimə heç bir etirazı yoxdur. Sabir müəllim böyük ustad olması ilə yanaşı həmdə gözəl insandır.
– Siz İsmayıllıya sadiq qaldığınız kimi İsmayıllı ziyalılıları da sizinlə maraqlanırmı?
– Bəli. İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdaməd müəllim, millət vəkili Novruz Aslan, həmçinin Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov hər zaman mənimlə maraqlanır. Yarışlarda çatışmayan maddi məsələləri həll edirlər. İnkişafım üçün əngəl ola biləcək problemlərin aradan qaldırılmasında dəstək olurlar. Mən İsmayıllıya dünya çempionatlarından 2 qızıl, 1 gümüş medal qazandırmışam. Ali məktəbə əziyyətimin qarşılığı olaraq cənab prezidentin fərmanı ilə daxil olan tək idmançıyam. İstəyərdim ki, belə idmançıların sayı İsmayıllıda daha çox olsun.
– Yaxınlarda Portuqaliyada keçirilən Dünya Döyüş Növlərinin dünya çempionatında gümüş medal qazanmağını özünə arxayınlıqla izah etdin. Nadir idmançılardansan ki, səhvini etiraf edirsən. Bəs bu arxaynçılıq nədən irəli gəlirdi?
– Düzdür, zədələrim var. Amma baxmayaraq ki, zədəli idim qalib olacağam deyə arxaynçılıq da var idi. Bundan da ciddi zədə alıb, amma qalib olduğum vaxtlar olub. Artıq bu, baş verib. Allahın qədəri idi. Şükürlər olsun Allaha.180 ölkə arasında gümüş medal da yaxşı nəticədir. Amma qızıl da qazanmağa gücüm var idi. Növbəti dəfə bu səhvi artıq təkrarlamayacağam. İnsan gərək öz nəfsini utandıra bilsin.
– Öz yaşıdlarına və idmana ilk gələnlərə nə tövsiyə edərdin?
– Bir gənc olaraq, gənclərə tövsiyə edərdim ki, çətinliyi sevsinlər və ondan qaçmasınlar. Çünki hər bir çətinliyin arxasınca bir rahatlıq gəlir.

Şərh Yaz