“İsmayıllı Yazarları”ndan

Əldə çıraq edib sən etibarı,
Tapdınmı gəzdiyin o dostu, yarı ?!
Batarıq, üzməyək axına sarı,
Sellərə, sulara qarışaq gedək,
Razı ol, ürəyim, insafın olsun!
“İsmayıllı Yazarları”ndan

Gedək

Əldə çıraq edib sən etibarı,
Tapdınmı gəzdiyin o dostu, yarı ?!
Batarıq, üzməyək axına sarı,
Sellərə, sulara qarışaq gedək,
Razı ol, ürəyim, insafın olsun!

Mirvari axtarma lilin içində,
Zərgər nə libasda, zər nə biçimdə?!
Sərrafı Misirdə, bazarı Çində,
Haqqı, təmənnanı soruşaq gedək,
Razı ol, ürəyim, insafın olsun!

Töksə də başına ildırım, dolu,
Həyat sevda dolu, məhəbbət dolu.
Daha buz bağlayıb həqiqət yolu,
Yerimək çətindir, sürüşək gedək,
Razı ol, ürəyim, insafın olsun!

Allah verib mənə əgər bu canı,
Niyə yaranmısan canıma cani?!
Bu insan köçəri, bu dünya fani,
Arzular qoy qalsın, görüşək gedək,
Razı ol, ürəyim, insafın olsun!

Ərköyün elədim bu qədər səni,
Qoruyub saxladım təzə-tər səni.
Vallah, yandıracaq bu kədər səni,
Taleylə, qismətlə barışaq gedək,
Razı ol, ürəyim, insafın olsun!
Şahlar Hacıyev

Əzraillə söhbət

Altmış il məni yada salmamısan, çox sağ ol,
Əhvalımı xəbər də almamısan, çox sağ ol.
Nə yaxşı, qeydimə də qalmamısan, çox sağ ol,
Gəlmə, gəlmə, a dostum, gəlmə hələ, dur bir az.

Vallah, yaşamamışam, hələ öz həyatımı,
Yaşamışam bir azca şeir, söz həyatımı.
Bir də, həmişə “gözlə, dayan, döz“ həyatımı,
Gəlmə, gəlmə, a dostum, gəlmə hələ, dur bir az.

Qoy atamın, anamın ruhuna dalım bir az,
Qoy balamın boynuna qolumu salım bir az,
Babayam, nəvələrin qadasın alım bir az,
Gəlmə, gəlmə, a dostum, gəlmə hələ, dur bir az

Önümdə hələ neçə yalım, yoxuşlarım var,
Od-ocağım, xəzanım, payızım, qışlarım var,
Eh, bilsəydin nə qədər görməli işlərim var?
Gəlmə, gəlmə, a dostum, gəlmə hələ, dur bir az.

Gedən ömrün gəlirin, çıxarın görməliyəm,
Namərdin üzə çıxan paxırın görməliyəm.
Yoluma daş atanın axırın görməliyəm,
Gəlmə, gəlmə, a dostum, gəlmə hələ, dur bir az.

Alınmasa yağıdan doğma yurd, doğma Vətən,
Getməsə yollarında qurban bu can, bu bədən,
Gedə bilmərəm hələ sən dediyin yerə mən,
Gəlmə, gəlmə, a dostum, gəlmə hələ, dur bir az.
Nazir Ziya Talıstanlı

Ölüm olmaya

Bu dünya vəhminə gətirmirik tab,
O dünya lap böyük, dözülməz əzab.
Necə verəcəyik məhşərdə hesab,
Zülümdən sonrakı zülüm olmaya!

Tanrı verən qismət bəskən insana,
Qurd kimi susayır hey nahaq qana.
Hərə payın alıb çəkilə yana,
Bölümdən sonrakı bölüm olmaya!

Gec-tez toza dönür hər bədən yerdə,
Kim ki unudulur, o ölür bir də.
Adım diri qalsa, gülləm qəbirdə,
Ölümdən sonrakı ölüm olmaya!
Oqtay İsmayıllı

Bəyənmirik

“Dünyanın xarabı çıxıb” deyənlərə

Nə olub ki, bu dünyaya? –
Nə olubsa bizə olub.
Yox çırmanıb girən çaya,
Papağımız təzə olub
Başımızı bəyənmirik.

Nə olub ki, bu dünyaya? –
Günəş səhər gündoğanda.
Dönə bilmir ulduz aya,
Bir az qalın qar yağanda
Qışımızı bəyənmirik.

Nə olub ki, bu dünyaya? –
Oxumuşuq beş-on kitab.
Calamışıq qışı yaya,
Daşlaşmışıq etdikcə tab
Daşımızı bəyənmirik.

Nə olub ki, bu dünyaya? –
Kabab şişdə, köz üstündə.
Ev var həsrət şirinçaya,
Əyri deyib göz üstündə
Qaşımızı bəyənmirik.

Nə olub ki, bu dünyaya? –
Varın nəyi, necəsi yox.
Pay deyilməz paydan paya?
Süddə bişib, cücəsi yox,
Aşımızı bəyənmirik.

Nə olub ki, bu dünyaya? –
Payızında yağış düşür.
İşə keçmir sığal, boya,
Üzümüzə qırış düşür,
Yaşımızı bəyənmirik.

Nə olub ki, bu dünyaya? –
İtirmişik yolumuzu.
Tükəndikcə abır-həya,
Bərk tuturuq dolumuzu,
Boşumuzu bəyənmirik.

Nə olub ki, bu dünyaya? –
Naşükürük, dərdik, ahıq…
Quş uçurublar havaya,
Çiynimizə qonsa, şahıq
Quşumuzu bəyənmirik.

Nə olub ki, bu dünyaya? –
Nə ad verək oğlumuza?
Nəyimiz yox? – saya-saya
Gələn nədir huşumuza? –
Huşumuzu bəyənmirik.
Şahməmməd Dağlaroğlu

Getsin
Özümə
Keçdin iynələr gözündən –
Bu dünyanın hər üzündən.
Küsmüsənsə öz-özündən,
Barış getsin.

Yaşamadın dəmli-dəmli,
Ömrün keçdi qəmli-qəmli.
Yanaqların nəmli-nəmli,
Alış getsin.

Nə qalıbdır səndən sənə?
Kiçilirsən gündən-günə.
Avarın yox, bir yelkənə
Qovuş getsin.

Ver ruhunu mələklərə,
Nəfəsini küləklərə.
Bir təpədə çiçəklərə
Qarış getsin.
Cəbrayıl Hüseyn

Razı olmadı

Ürəyim yaşıl budaq,
Pöhrəsi sevgi oldu.
Gözlərim aynalandı,
Duyğuma güzgü oldu.
Bahar umdum taledən,
Xəzan olmasın deyə,
Göyərən arzularım
Vaxtsız solmasın deyə,
Bir az gülmək istədim.
Səadət necə olur
Mən də bilmək istədim.

Gənclik nəfəsim ilə,
Uşaq həvəsim ilə,
Rəngli yuxularımla
Çin olmağa tələsdim.
Özümü unutmağa,
Şən olmağa tələsdim.

Çiçəklənən yazımla,
Pöhrə ümidlərimlə,
Qaranquş avazımla
Xoşbəxt ola bilərdim.
Qismət-yazı olmadı.
Dedim qoşa qarıyaq,
Allah razı olmadı.

Qara yaxan adamlar

Qara yaxan kəslərin,
Gözündə qara pərdə.
Ləkələyib düzləri
Salarlar qara dərdə.

Gəzər küncü-bucağı,
Qarıldayır qarğa tək.
Dağıdar çox ocağı,
Qəfil bir qasırğa tək.

Qulağı onda-bunda,
Həris-həris pusar o.
Kobud baxışı qında,
Dilində söz, susar o.

Qoru, Allah bizləri,
Qaraniyyət olandan.
Qoy qaralsın üzləri
Dedikləri yalandan
Xatın

Qurban mən olum

Vətənin şöhrətinə, şanına qurban mən olum,
Aləmə səs salan ad-sanına qurban mən olum.

Hər gözəli, göyçəyi, dilbəri Leyla kimidir,
Sevgisi dastan olan Məcnuna qurban mən olum.

Hər bağı, hər bağçası, gülü, gülüstanı gözəl,
Nəyi varsa onun hər yanına qurban mən olum.

Düşsə canım bir dərdə, dərmanım bu diyarımdır,
Onun hər dağına, aranına qurban mən olum.

Can dərmanı desən tapılar bu yurdumda mənim,
Qara qızıltək axan qanına qurban mən olum.

Dahilər yetirən yurdum yetirər yenə də, bil,
Ömrün ellə ötən hər anına qurban mən olum.

Mənə ilhamı verən torpağımın sevgisidir,
Gülxaram, Azərimin canına qurban mən olum.
Gülxar Cəbiqızı

Sənsiz

Səni gözləyirəm bəlkə gələrsən,
Mənimlə dərdləşib, deyib-gülərsən.
Bəlkə nə çəkirəm, onda bilərsən,
Gəlməsən saralıb solaram sənsiz.

Ömür deyil nə gündüzüm, nə gecəm,
Gəncliyim məhv olur, daha bir heçəm.
Həsrətdən az qalır canımdan keçəm,
Çətin bu dünyada qalaram sənsiz.

Rüstəməm, halıma baxa bilmirəm,
Kükrəyə bilmirəm, axa bilmirəm.
Köksümə mən səni sıxa bilmirəm,
Gəlməsən, gəlməsən, ölərəm sənsiz.
Rüstəm Məbudoğlu

Qaranquş

Budur, payız gəlir, yenə gedirsən,
Niyyətin haradır, hara, qaranquş?
Sinəsi Şahdağın qarından bəyaz,
Beli, qanadları qara qaranquş.

Səsində bir kədər duyuram, niyə?
Nədir salan səni ümidsizliyə?
Yazda gəlişindən yazmadım deyə,
Küsmə, kəsmə mənlə ara, qaranquş.

Bilsəm ki, dardasan, coşan sel ilə,
Çataram dadına əsən yel ilə.
Rəvamı, qürbətdə namərd əlilə,
Çəkilsin varlığın dara, qaranquş.

Eşqimin köç edən vədəsi yetdi,
Sonsuz üfüqlərdə gözümdən itdi.
O da yazda gəldi, payızda getdi,
Bənzədin sevdiyim yara, qaranquş.

Görmək istımərəm nigaran səni,
Getsən də gözlərəm anban səni.
Bezsə də sevəcək sevən can səni,
Salmaz Xəyal səni zara, qaranquş.

Ay aman

Bu dövrün divləri avtomobillər,
Bizləri bir ucdan yeyir, ay aman!
Oğul var atasın, qız var anasın,
Kişi var, zövcəsin döyür, ay aman!

Nəfsinin önündə aciz, hünərsiz,
Haram işləkləri sonsuz, qədərsiz.
Qurandan, imandan, dindən xəbərsiz
Savabdan, günahdan deyir, ay aman!

Xəyal, kim Allahı danırsa, inan,
Qudurmuş köpəkdir, sayılmaz insan –
Bəndə üz döndərib yaradanından,
İblisi, şeytanı öyür, ay aman!
Xəyal Orucov
Topçu kəndi

Yanıram

Böhtançının monoloqu

Açılıbdır paxırım, qalmışam çaşbaş, yanıram,
Başıma saldım əcəb, eh, yekə bir daş, yanıram.

Gündə bir maska taxıb, yazdım yetəndən, lələ, mən,
Quyu qazdım nə qədər, həm də ki, qurdum tələ mən.
Tikilən hər evin altında idim zəlzələ mən,
Vermirlər yazmağa pul, yox daha daşbaş, yanıram
Başıma saldım əcəb, eh, yekə bir daş, yanıram.

Yaxşıca kefdə idim, yaxşı da gəldim zavala,
Bir deyən olmadı ki, sakit otur, yazma, bala.
Bu imiş xeyri demə, bir belə əlləş, çapala,
Adıma düşdü ləkə, “maskalı yoldaş” yanıram,
Başıma saldım əcəb, eh, yekə bir daş, yanıram.

Kişilər, and içirəm, tövbə, daha yazmayacam,
Kişitək yol seçəcəm, mən bu yolu azmayacam.
Heç nə çıxmır “quyudan”, yox, quyu da qazmayacam,
Mənə nə, eyləyəcək kim kimə göz-qaş, yanıram.
Yanıram, ey mənə yoldaş, mənə sirdaş, yanıram.
Başıma saldım əcəb, eh, yekə bir daş, yanıram.
Hacıməmməd Məmmədov

Şərh Yaz