Şagirdlərinin sevimlisi

Dekabr ayı idi. Olimpiadanın rayon turunda iştirak etmək üçün İsmayıllı RTŞ-nin qarşısında toplaşmışdıq. Bir müəllim (sonralar bildim ki, o, RTŞ-nin əməkdaşı Hümbət Əsədovdur) bizə yaxınlaşıb hansı məktəbdən və hansı fənn üzrə gəldiyimizlə maraqlandı. Hacıhətəmli kənd tam orta məktəbindən Azərbaycan dili və ədəbiyyatı fənni üzrə gəldiyimizi bildirdik. Müəllim gülə-gülə:
– Yasəmən müəllimin qədrini bilin. Hər şagirdin bəxtinə belə müəllim düşmür.
Onda həmin sözlərin mənasına o qədər də əhəmiyyət vermədim. Vaxt ötdükcə deyilənlərin həqiqət olduğunu gördüm. Axı bu müəllimin xoşbəxt şagirdlərdən biri də mən özüməm. İsmayıllının işgüzar müəllimlərindən söz düşəndəYasəmən müəllimin də adı hörmətlə çəkilir.

Şagirdlərinin sevimlisiŞagirdlərinin sevimlisi

Dekabr ayı idi. Olimpiadanın rayon turunda iştirak etmək üçün İsmayıllı RTŞ-nin qarşısında toplaşmışdıq. Bir müəllim (sonralar bildim ki, o, RTŞ-nin əməkdaşı Hümbət Əsədovdur) bizə yaxınlaşıb hansı məktəbdən və hansı fənn üzrə gəldiyimizlə maraqlandı. Hacıhətəmli kənd tam orta məktəbindən Azərbaycan dili və ədəbiyyatı fənni üzrə gəldiyimizi bildirdik. Müəllim gülə-gülə:
– Yasəmən müəllimin qədrini bilin. Hər şagirdin bəxtinə belə müəllim düşmür.
Onda həmin sözlərin mənasına o qədər də əhəmiyyət vermədim. Vaxt ötdükcə deyilənlərin həqiqət olduğunu gördüm. Axı bu müəllimin xoşbəxt şagirdlərdən biri də mən özüməm. İsmayıllının işgüzar müəllimlərindən söz düşəndəYasəmən müəllimin də adı hörmətlə çəkilir.
Şagirdlərinin sevimlisi
Y.Ağayeva şərəfli ömür yolu keçib. 1959-cu ildə Hacıhətəmli kəndində anadan olub. Doğulduğu kənddə orta təhsil alıb. Məktəbin əlaçı şagirdlərindən olub. VIII-X siniflərdə oxuyarkən rayon olimpiadalarında yüksək savad nümayiş etdirib. 1978-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetinə daxil olub. Tələbəlik illərində müəllimləri – Ə.Dəmirçizadə, İ.Şıxlı, A.Alməmmədov, M.Tahirli (M.Tahirli), N.Xudiyev, X.Məmmədov, Q.Kazımov kimi tanınmış şəxsiyyətlərin elm və bilik dünyasından bəhrələnib. İnstitutdan tez-tez evlərinə, məktublar, Fəxri fərmanlar və diplomlar gətirib. Yasəmən müəllim onları indi də tələbəlik illərinin ən əziz yadigarları kimi qoruyub saxlayır.
1982-ci ildə ali məktəbi bitirən Y.Ağayeva doğma kəndində müəllim işləməyə başlayıb. İlk gündən məktəbdə təşkil elədiyi fənn gecələri, şair və yazıçıların yubileyləri dərs dediyi şagirdlərin yaddaşından silinmir. “Kitabi-Dədə Qorqud” dastanın 1300 illik yubileyi münasibəti ilə keçirdiyi tədbirə qonşu məktəblərdən də qonaqlar dəvət olunmuşdu. Məktəbdə şagirdlər arasında da bilik yarışları keçirir, hər il ali məktəbə daxil olmuş məzunlarla şagirdlərin görüşünü təşkil edirdi. Həmin “Məzun günləri” sonradan çoxumuzun tələbə olmasında böyük rol oynamışdır. Təsadüfi deyil ki, bu gün Yasəmən müəllimin şagirdlərindən 30-a yaxını Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Onlar məhz müəllimlərini özlərinə ideal seçərək bu peşəyə yiyələnmişlər.
Yasəmən müəllim yetirmələrinin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi fikir verir. Hacıhətəmli kənd orta məktəbində Milli Qəhrəmanlara, şəhidlərə həsr olunmuş tədbirlərdə onun qurduğu ədəbi-bədii kompozisiyalar şagirdlərinin bir çoxunu zabit olmağa həvəsləndirib. Hacıhətəmlidə dünyaya göz açan və indi Azərbaycan Ordusunda xidmət edən, 20-dən çox hərbi qulluqçunun müəllimi məhz Yasəmən olub. Həmin şagirdlərdən polkovnik rütbəsinə ucalanlar da var.
Hal-hazırda Neft şirkətində baş mühasib işləyən yaxın qohumum Cuma Zahidov çox maraqlı bir açıqlama etdi:
– Mən orta məktəbin son siniflərini Bakıda fizika-riyaziyyat təmayüllü məktəbdə oxumuşam. Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinə qəbul olarkən Azərbaycan dili fənnindən bütün testlərə düz cavab yazmışdım. Buna görə Yasəmən müəllimə minnətdaram.
Bu bacarıqlı pedaqoq Hacıhətəmli kənd orta məktəbində işləyərkən dəfələrlə İsmayıllı RTŞ-nın və məktəb rəhbərliyinin Fəxri fərmanları ilə təltif olunub. Məktəbin şagirdi Xəyalə Kərimova Azərbaycan dili və ədəbiyyatı fənnindən Respublika olimpiadasında I yer tutaraq Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Şagirdlərinin sevimlisi
RTŞ-ı 2001-2002-ci ildə Yasəmən müəllimin iş təcrübəsini rayon məktəbləri arasında yaymaq haqqında qərar qəbul edib. Onun keçdiyi açıq dərslərdən təkcə dərs dediyi Hacıhətəmli məktəbinin deyil, qonşu məktəblərin müəllimləri də çox şey öyrəniblər. O, həm məktəbdaxili, həm də məktəblərarası metodbirləşmə rəhbəri kimi təcrübə və peşəkarlığı ilə hamıya nümunə olub.
Kənddə işlədiyi illərdə sinif rəhbəri olduğu və dərs dediyi şagirdlərin ən azı 5 nəfəri yüksək balla ali məktəblərə daxil olurdu. Ali məktəblərə qəbul üçün sənəd verən şagirdləri heç vaxt 50 faizdən aşağı bal toplamırdılar. Ona görə də iş yeri 5 nömrəli tam orta məktəbə dəyişiləndə Hacıhətəmli məktəbinin ən yaxşı müəllimlərdən birinin getməyinə çoxları təəssüfləndi.
2004-cü ilin noyabr ayından yeni ünvanda işləyən Y.Ağayeva bu məktəbdə də işgüzarlığı, peşəsinə vurğunluğu ilə az müddətdə hamıya nümunə oldu. Məktəbin direktoru Fərman Bəşirov gənc müəllimlərə Yasəmən müəllimdən öyrənməyi tövsiyə edirdi. Məktəb təzə açılanda müntəzəm olaraq gənc müəllimlər təcrübəli həmkarlarının dərslərində otururdu. İnteraktiv üsulla ilk açıq dərsi də elə məktəbin açıldığı ildə Yasəmən müəllim keçdi. Həmin dərsi izləyənlər bu gün də görüb eşitdiklərini yaxşı xatırlayırlar. Yasəmən müəllim məktəbdə keçirilən məktəbdaxili və sinifdənkənar tədbirlərdə də fəal iştirak edir. Şair və yazıçıların yubileylərinin təşkilində, kitab müzakirələri, yazdığı ədəbi-bədii kompozisiyalarda da onun dəst-xətti aydın görünür.
Onun məqalə və pedaqoji yazıları tez-tez dövri mətbuatda çap olunur.
“İsmayıllı xəbərləri” qəzeti ilə fəal əməkdaşlığa görə redaksiya heyətinin Fəxri fərmanı ilə təltif olunub. Çalışdığı məktəbin uğurlarının mətbuatda işıqlandırılmasında Yasəmən müəllim əməyini əsirgəmir.
Y.Ağayevanın işlədiyi məktəbin cəmi 10 il fəaliyyət göstərməsinə baxmayaraq, qazandığı uğurlar çoxdur. Bu uğurlarda Yasəmən müəllimin də payı var. Şagirdləri rayon tədbirlərində, şeir, inşa yazı müsabiqələrində də məktəbi ləyaqətlə təmsil edirlər. 2007-2008-ci tədris ilinin nəticələrinə görə 5 nömrəli tam orta məktəb Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının qərarı ilə respublikanın ən qabaqcıl məktəbləri siyahısına daxil edilib. Həmin tədris ilində Yasəmən müəllimin dərs dediyi sinif şagirdləri ən yüksək nəticə göstərib. Belə ki, məktəbin tarixində ilk 600-dən yüksək balı məhz bu sinif şagirdləri – Elgün Qurbanov – 655, Ramil Əliyev – 631 bal toplayıb. Asiman Məmmədov 572, Röyal Camalov isə 572 bal toplayıb. Məhz bu göstəricilər məktəbi respublikanın ən yüksək nəticə göstərmiş məktəbləri sırasına daxil edib. 2008-2009-cu tədris ilində dərs dediyi XI-a sinfindən 14 nəfər ali məktəbə qəbul olunub. Onlardan Turanə Məmmədova 630, Şirvan Balabəyli 513 bal toplayıb. Məzunların Azərbaycan dili fənnindən 63,9 faiz, ədəbiyyat fənnindən 60,2 faiz nəticə göstəriblər ki, bu da rayon və respublika göstəricilərindən 20 faiz yüksək olub.
2009-2010-cu tədris ilində də dərs dediyi, sinif rəhbəri olduğu XI-b sinfinin şagirdləri də riyaziyyat təmayüllü sinif olmasına baxmayaraq, həmin nəticələri təkrarlayıblar. Bu sinifdən də 14 nəfər məzun respublikanın müxtəlif ali məktəblərinə, 3 nəfəri isə kollecə daxil olub. Bu sinfin şagirdlərindən Leyla Mustafazadə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində müəllim işləyir.
2008-ci ildə İsmayıllı RTŞ-nın 5 nömrəli tam orta məktəbdə keçirdiyi konfransda Yasəmən müəllim “Azərbaycan dili və ədəbiyyatı dərslərində müasir təlim metodlarının tətbiqində təlimin texniki vasitələrindən səmərəli istifadə qaydaları” mövzusunda müzakirələrə görə Fəxri fərmanla təltif olunub.
2009-cu ildə şagirdi Ayşən Qənizadə Azərpoçt Dövlət Müəssisəsi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən inşa yazı müsabiqəsinin qalibi olub, bu münasibətlə də Yasəmən müəllim RTŞ-nın Fəxri fərmanı ilə təltif olunub.
Yasəmən müəllimin şagirdləri Azərbaycan dili və ədəbiyyatı fənni üzrə olimpiadaların məktəb və rayon turlarında həmişə yüksək yer tutublar. Şirvan Balabəyli respublika olimpiadasının iştirakçısı olub.
Yasəmən müəllim daim axtarışda olan, yeniliyi tapan, öyrənən və onu bütün dərslərində tətbiq edən, həmkarlarının təcrübəsindən faydalanan əsl pedaqoqlardandır. O yüksək elmi, nəzəri və praktik biliyə malikdir. Qabaqcıl iş təcrübəsini gənc müəllimlərə, həmkarlarına öyrədir, onlardan köməyini əsirgəmir.
O, metodbirləşmə rəhbəri kimi işini günün tələbləri səviyyəsində qurur və səmərəli təklifləri ilə hamıya nümunə olur. Y.Ağayeva ölkəmizdə keçirilən təhsil islahatlarını ürəkdən bəyənir. Fənn kurikulumlarının tələblərinə uyğun dərslər keçməyə üstünlük verir. Keçdiyi açıq dərsləri günün tələbləri səviyyəsində qurur.
Y.Ağayeva dərs dediyi şagirdlərə dəqiq, qayğıkeş, həssas olmağı öyrədir. İşində prinsipial mövqe tutur və hər bir məktəbliyə tələbkarlıqla yanaşır. O, tələbkarlığı hər şeydən üstün tutur və tələbkarlıq olmayan yerdə uğur, nüfuz, hörmət də olmaz deyir.
Qabaqcıl və zəngin pedaqoji təcrübəsi olan Yasəmən müəllimin həyat və zəhmət yolu fəaliyyətə təzəcə qədəm qoyan gənc müəllimlərimiz üçün örnəkdir.
O dərin biliyi, nəcib davranışı, yüksək mədəniyyəti, sadəliyi, mehribanlığı, insanlara diqqəti, qayğı və məhəbbəti ilə onu tanıyanların dərin hörmətini qazanıb. İşlədiyi kollektivlərdə sayılıb-seçilən Yasəmən müəllimin çalışdığı illər ərzində peşəsinin vurğunu kimi şagirdlərə dilimizi, ədəbiyyatımızı gənclik həvəsi ilə öyrədib.
Yasəmən müəllimdən dərs almış bir şagird kimi, eləcə də bütün sinif yoldaşlarım adından ona can sağlığı, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Sevimli müəllimimi qazandığı çoxsaylı uğur və nailiyyətlərə, həyatda mənalı yaşadığı 55 ilə görə ürəkdən təbrik edib deyirəm: – həmişə belə gümrah qalın, şagirdlərinizin sevimlisi olaraq yaşayın, əziz müəllimim!
Çinarə Bəhərçinli

Şərh Yaz