İbtidai sinif müəllimi

2004-cü ilin noyabr günlərində 5 nömrəli tam orta məktəbin 1-b sinfində ilk valideyn iclası keçirilirdi. Sinif müəllimi Sevinc Mirzəyeva iclasa məktəbin direktoru Fərman Bəşirovu da dəvət etmişdi. Fərman müəllim çıxışını belə bitirdi:
– Çox xoşbəxt valideynlərsiniz ki, uşaqlarınıza Sevinc müəllim dərs deyəcək.
Sevinc müəllim iclasdan sonra:
– Müəllim, siz mənim üzərimə böyük məsuliyyət qoydunuz, – dedi.

İbtidai sinif müəllimi
İbtidai sinif müəllimi

2004-cü ilin noyabr günlərində 5 nömrəli tam orta məktəbin 1-b sinfində ilk valideyn iclası keçirilirdi. Sinif müəllimi Sevinc Mirzəyeva iclasa məktəbin direktoru Fərman Bəşirovu da dəvət etmişdi. Fərman müəllim çıxışını belə bitirdi:
– Çox xoşbəxt valideynlərsiniz ki, uşaqlarınıza Sevinc müəllim dərs deyəcək.
Sevinc müəllim iclasdan sonra:
– Müəllim, siz mənim üzərimə böyük məsuliyyət qoydunuz, – dedi.
Zaman hər şeyi öz yerinə qoyur. 10 ildən sonra təcrübəli təhsil işçisinin dediyi sözlər yerini tutdu. XI “b” sinfindən 17 nəfər ali məktəbə, 3 nəfər isə kollecə qəbul olundu. Bu məzunların uğurları Sevinc müəllimi hədsiz dərəcədə sevindirdi. Fərman müəllimin bir vaxt dedikləri günün reallığına çevrildi. İbtidai sinifdə Sevinc müəllimdən “Əlifba”nı öyrənən şagirdlərin qəbulda göstərdiyi nəticələr nəinki məktəbdə, rayonda, bəlkə də respublikada ən uğurlu göstəricilərdir. 5 nəfər 600-dən yuxarı bal toplayaraq, həm pedaqoji kollektivi, həm də ailə üzvlərini yetərincə sevindirə bilib.
İbtidai sinif müəllimi
Şəhla Abdullayeva bu il rayon üzrə dörd qızıl medal almış məzunlardan biridir. Ş.Abdullayeva 674 bal toplayaraq Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanıb.
Ləman Abbasova məktəb üzrə ən yüksək göstəriciyə nail olub. O, 682 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. Mələk Babayeva 653, Ziya Şahalıyev 645 balla AZTU-ya, Pərvin Əliyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, qəbul olub. Bir sinifdən ali məktəbə daxil olan 17 nəfərin 9-u 400-dən çox bal toplayıb. Bü uğurlar Sevinc müəllimin gərgin və səmərəli əməyinin nəticəsidir.
Sevinc Mirzəyevanın həyat yoluna işıq salanda ilk növbədə sadə və işgüzar olması diqqətə çatır. O, İsmayıllı təhsilində öz sözünü demiş, 2009-2010-cu tədris ilində “İlin ən yaxşı müəllimi” müsabi.qəsinin qalibi, 3 kitabın, saysız-hesabsız məqalələrin müəllifi Əjdər Mirzəyevin ailəsində, 1970-ci ildə Qubaxəlilli kəndində anadan olub. Ailədə, oxuduğu Qubaxəlilli kənd orta məktəbində təhsilə münasibəti, ictimai fəallığı ilə seçilib. Məktəb və rayon tədbirlərindən, fənn olimpiadalarından Fəxri fərmanlarla, qələbələrlə qayıdıb. Atası da gələcək davamçısının yetişdiyini görüb…
S.Mirzəyeva 1996-cı ildə fərqlənmə attestatı ilə məktəbi bitirib, müsabiqə yolu ilə M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumuna daxil olub. 1990-cı ildə doğma Qubaxəlilli kənd orta məktəbində ibtidai sinif müəllimi kimi işə başlayıb. Lakin təhsili onu qane etmədiyi üçün 1992-ci ildə test üsulu ilə N.Tusi adına ADPU-yə daxil olub.
1993-cü ildən 2004-cü ilədək şəhər 3 nömrəli tam orta məktəbində, 2004-cü ildən isə 5 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. 24 illik təcrübəsində müəllim həmkarları ilə təhsildə olan yenilikləri araşdırıb və işə tətbiq edib. 5 nömrəli tam orta məktəbində işlədiyi bu 10 il ərzində işgüzarlığı, səmimiliyi, mehribanlığı ilə yanaşı pedaqoji səriştəsi, ünsiyyət qurma bacarığı, nəcibliyi ilə şagirdlərin, valideynlərin, məktəb rəhbərliyinin, həm də müəllim həmkarlarının məhəbbətini qazanıb. 5 nömrəli tam orta məktəbinin uğurlarında Sevinc müəllimin payı az deyil. Bu ilki uğurları isə haqqında deyilən xoş sözlərin sübutudur.
2004-cü ilin qarlı payız günündə, məktəbin açılışında hamı özünü qərib, kimsəsiz kimi hiss edirdi. Məktəb rəhbərləri ilə yanaşı Sevinc müəllim dərs deyəcəyi şagirdləri siyahıya alır, məktəb kontingentinin yığılmasında cani-dildən iştirak edirdi. Onun bu işgüzarlığı elə ilk gündən mənim də nəzərimi cəlb etmişdi. 5 nömrəli tam orta məktəbinin adı çəkildiyi yerdə özümü çox xoşbəxt və rahat hiss etmişəm. Bu məktəbin uğurlarına hamıdan çox sevinənlərdən biri də məhz pedaqoji kollektivin layiqli üzvü Sevinc müəllimidir. Hamının uğuruna öz uğuru kimi sevinir, məktəbin bütün tədbirlərində fəal iştirak edir.
S.Mirzəyeva ibtidai sinif müəllimlərinin metodbirləşmə rəhbəridir. O, gənc müəllimlərin metodik hazırlığının yüksəldilməsi, təlimdə yüksək nəticələr əldə etməsi üçün məqsədyönlü iş aparır. Keçiriləcək açıq dərslərin təşkilində həmkarlarına dəyərli məsləhətlər verir. Mütəmadi olaraq elmi-metodiki yeniliklərlə, qabaqcıl təcrübə ilə müəllimləri tanış edərək, keçdiyi dərslərdə özü də onları tətbiq edir. Bu çalışmalar böyük uğurlara səbəb olur.. Problem doğuran, tədrisdə çətinlik yaradan mövzularla əlaqədar sinif müəllimləri arasında müzakirələr açır. Məktəb rəhbərliyi qarşısında səmərəli təkliflərlə çıxış edir.
İbtidai sinif müəllimi
Şagirdləri xalqımızın, Azərbaycanımızın parlaq gələcəyi hesab edən Sevinc müəllim fəal təlimlə işləməyə hələ 3 nömrəli tam orta məktəbdən başlayıb.
Yeni kurikulumun tətbiqində də S.Mirzəyeva müstəqil və yaradıcı bir müəllim kimi hamıya nümunədir. Şəxsiyyətyönümlü ümumi prinsiplərə əsaslanaraq özünəməxsus qaydada, öz üslubuna uyğun dərslər qurur və nümunəvi açıq dərsləri ilə öz təcrübəsini təkcə 5 nömrəli tam orta məktəbində deyil, rayonun ibtidai sinif müəllimlərinin arasında geniş yayır. O, plansız iş görməyi sevmir. Zamanla ayaqlaşaraq şəxsiyyətyönümlü təhsilə üstünlük verir. Müasir dərsin məqsəd və vəzifələrini, potensial imkanlarını müəyyənləşdirib interaktiv üsulla yeni dərslər keçmək məqsədinə nail olmağa çalışır. Hər bir dərsdə özlüyündə həlli vacib olan problemi qoyur və özünün, şagirdlərinin də fəaliyyətini həmin problemin həllinə yönəldir. Dərs prosesində meydana çıxan problemləri tez yönləşdirir, onları mahiyyət və məzmununa görə dəyərləndirə bilir. Şagirdləri problemin aradan qaldırılmasına cəlb edir. S.Mirzəyeva tədqiqatçı müəllim kimi, təlimin məzmununa, forma və metodlarına yaradıcı yanaşır, şagirdləri ilə münasibətdə ən yeni üsul və vasitələrə istinad edir, bunun üçün tətbiqi araşdırmalar aparır.
Əsl vətəndaşın formalaşdırılması orta məktəbdən başlanır. Məktəbdə isə bilik və bacarıqların təməli ibtidai siniflərdə qoyulur. Binanın təməli nə qədər möhkəm qoyularsa, bina o qədər davamlı, möhkəm, uzunömürlü olur. Təhsil də belədir. Körpə balalarımızın da gələcəkdə əsl şəxsiyyət kimi formalaşması məhz ibtidai sinifdən başlanır. Əgər ibtidai siniflərdə bu təməl yaxşı qoyularsa, yuxarı siniflərdə uğurlar, nəticələr yüksək olur.
Sevinc müəllim peşəkarlığın bu incə sirrini gəncliyindən dərk etdiyi üçün təməl qoyuluşunda səhvə yol verməməyə çalışır. Təcrübəli pedaqoq yaxşı bilir ki, təlim prosesinin mərkəzində şagird durur. Ona görə də yetişməkdə olan şəxsiyyət, bu günün şagirdi öz mühakiməsində azad olmalıdır. O, tənqidi düşünməyi, öz mövqeyini ağıllı şəkildə müdafiə etməyi, əldə etdiyi bilik və bacarıqları həyatda tətbiqini bacarmalıdır. Bu baxımdan o, şagirdlərin ətrafında baş verən dəyişikliyi tez görür, onlara zamanla ayaqlaşmaqda istiqamət, köməklik göstərir. O, yaxşı anlayır ki, müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir. Şagirdlərdə müstəqil sürətdə hadisələri müşahidə etmək və nəticələri analiz etmək bacarığı formalaşdırır. Onlarla müqayisələr aparır, faktları ümumiləşdirir və sonda onların özlərinin nəticə çıxarmasına şərait yaradır, fəaliyyətlərinə qiymət verir. Bu yolla onlarda maraqlar, meyllər, tələblər formalaşır ki, bunlar da şagirdləri yaradıcılığa şövq edir. Sevinc müəllim hər bir şagirdin fərdi qabiliyyətini nəzərə alır, riyazi və məntiqi təfəkkürünü inkişaf etdirir. Öz fikirlərini daha yaxşı, aydın, səlis ifadə etmək üçün lüğət ehtiyatının zəngin olmasına xüsusilə çalışır. Müəllim və şagird əməkdaşlığına fikir verir. Şagirdlərdə müəllimlərinə, yoldaşlarına qarşılıqlı hörmət və etibar formalaşdırır. O, şagirdləri öz fərdi xüsusiyyətləri ilə, olduğu kimi qəbul edir və onları daim dəstəkləyir. Bütün bu peşəkar xüsusiyyətləri ona qarşı şagirdlərində böyük hörmət və məhəbbət yaradır. Şagirdləri yuxarı siniflərdə oxuyanda da, ehtiyac duyduqda ondan məsləhət və kömək almaq üçün ona müraciət edirlər. Açığını deyək ki, bu, hər müəllimə nəsib olmayan xoşbəxtlikdir.
S.Mirzəyevanın yerli və dövri mətbuatda valideyn, məktəb səpgisində tez-tez yazıları dərc olunur.
S.Mirzəyeva müasir kurikulum islahatlarını dəstəkləyən və müvəffəqiyyətlə həyata keçirən müəllimlərdəndir. Yeni fənn kurikulumunun tələblərinə cavab verən işinə görə İsmayıllı RTŞ-də iş təcrübəsinə böyük önəm verdilir.
İsmayıllı RTŞ-nın 2009-cu ildə “Ümumtəhsilin müasir kurikulumları və yeni pedaqoji texnologiyalar” mövzusunda keçirdiyi konfransın fəal iştirakçısı olduğuna görə Fəxri fərmanla təltif olunmuşdur.
AZETA-nın Beynəlxalq konfransının 2013-cü ildə iştirakçısı olmuş, Qəbələdə keçirilən “İbtidai təhsil: yeni baxışlar, təcrübələr və perspektivlər” mövzusunda yenə 2013-cü ildə beynəlxalq konfransın iştirakçısı olub.
Azərbaycan Təhsil Şurasının “Təhsil və zaman” qəzeti ilə birgə keçirdiyi bir neçə konfransın təşkilində və gedişində iştirak etdiyinə görə sertifikatlar alıb.
S.Mirzəyeva İsmayıllı RTŞ-nın bölmə iclaslarında IV siniflərin bölmə rəhbəridir. Sosial şəbəkələrdə təhsil işçilərinə və ziyalılara yararlı olan saytlarda, qruplarda, səhifələrdə İsmayıllı təhsili və 5 nömrəli tam orta məktəblə bağlı ən yeni məlumatları paylaşır.
Sosial şəbəkədə valideynlərə kömək məqsədi ilə “Ailə, məktəb, valideynlərə kömək” qrupunu yaradaraq gənc valideynlərə lazımi kömək göstərir.
VEB-2 və VEB-3 kurslarında müdavim kimi iştirak edib. Bütün təhsillə bağlı yenilikləri məktəbə gətirən ən fəal müəllimimiz də məhz S.Mirzəyevadır.
Yəqin ki, hər bir təhsil işçisi bu sualı özünə verir: “Mən Azərbaycan üçün, xalqımın gələcəyi olan təhsilin inkişafı üçün nə etmişəm?” S.Mirzəyeva məncə, bu suala alnıaçıq cavab verə bilər. Çünki yuxarıda sadaladıqlarımız buna əyani sübutdur.
Ömrünü fidan balalarımızın maariflənməsinə həsr etmiş S.Mirzəyevanı bütün uğurları münasibəti ilə təbrik edir, ona can sağlığı və hal-hazırda dərs dediyi şagirdlərinin də bundan yüksək nəticə göstərməsini arzulayırıq, buna inanırıq da. Onun uğurları məktəbimizin 10 illik fəaliyyəti dövründəki hesabat üçün ən böyük töhfəsidir.
Yasəmən Ağayeva,
şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz