Yaddas kitabcasi

Yaponiyanın nümayəndə heyəti İsmayıllıda

12 sentyabr 2014-cü il tarixdə Yaponiyanın nümayəndə heyəti İsmayıllı rayonunda səfərdə olub. Qonaqları İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şəxsən qarşılayıb. İlk öncə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib, abidə önünə tər gül-çiçək dəstələri düzülüb.
Yaponiyanın nümayəndə heyəti İsmayıllıdaYaponiyanın nümayəndə heyəti İsmayıllıda

12 sentyabr 2014-cü il tarixdə Yaponiyanın nümayəndə heyəti İsmayıllı rayonunda səfərdə olub. Qonaqları İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şəxsən qarşılayıb. İlk öncə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib, abidə önünə tər gül-çiçək dəstələri düzülüb.
Yaponiyanın nümayəndə heyəti İsmayıllıda
Qarşılanma mərasimində iştirak edən İsmayıllı məktəbliləri və ictimaiyyət nümayəndələri əllərində Yaponiya və Azərbaycanın bayraqları ilə qonaqları salamlayıb, həmçinin Mərkəzin qarşısında hər iki dövlətin bayraqları ilə yanaşı, Yapon dilində xoş gəlmişsiniz sözü yazılan lövhə də asılıb.
İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub, daha sonra rəsmi şəkildə görüş keçirilib.
Yaponiyanın nümayəndə heyəti İsmayıllıda
Görüşdə RİH başçısı Mirdaməd Sadıqov, başçının müavinləri Rövşən Ağayev, Sevil Əhmədova və Mahmud Süleymanov, Yaponiya tərəfdən Yaponiya İnstitutunun Beynəlxalq məsələlər üzrə məsləhətçisi, sabiq səfir Toşiyuku Fucivara, Beynəlxalq əlaqələr üzrə İto şəhəri assosiasiyasının sədri Fujihiro Onuma, xanımı Minako Onuma və onları müşayiət edən Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət və informasiya şöbəsinin rəhbəri, birinci katib Ko Obata iştirak edib. Görüşdə İcra başçısı M.Sadıqov qonaqları salamlayıb, İsmayıllıda Yaponiyanın Azərbaycandakı səfirliyi vasitəsilə həyata keçirilən işlər haqqında məlumat verib: Hər birinizi salamlayıram, gəlişinizə sevinirik, xoş gəlmişsiniz deyirik. Azərbaycanda Yapon millətinə böyük hörmət var. Yaponiyanın Azərbaycandakı səfirliyi vasitəsilə rayonumuzda bir sıra layihələr həyata keçirilib.
Yaponiyanın nümayəndə heyəti İsmayıllıda
Layihələrin icrasına 2004-cü ildə Ruşan kəndində məktəb tikintisi ilə başlanıb. Sonrakı illərdə Qalacıq kəndində tibb məntəqəsi, Basqal qəsəbəsində kəlağayı istehsalı müəssisəsi, Buynuz kəndində məktəb, Quşencə ərazisində məişət tullantıları poliqonu və uşaq bağçası, İvanovka xəstəxanası üçün doğum şöbəsi, Lahıc qəsəbəsində 400 tonluq su anbarı və kanalizasiya xətti, şəhərin Mican məhəlləsində uşaq bağçası tikilib, bir neçə artezian quyusu qazılıb. Səfirlik Gəraybəyli kəndində tikiləcək feldşer məntəqəsi üçün layihəni hazırlayıb və bu günlərdə müqavilə bağlanacaq. Bu layihələrin icrası prosesində Yaponiyanın İto şəhəri ilə İsmayıllı şəhəri arasında dostluq əlaqələri yaranıb, şəhərlərin qardaşlaşması barədə müqavilə bağlanıb.
Yaponiyanın nümayəndə heyəti İsmayıllıda
Mənim başçılığım ilə İsmayıllının nümayəndə heyəti 20 noyabr 2013-cü ildə Yaponiyaya səfər etmişik. Səfər zamanı bizi çox yaxşı qarşıladılar. İtonun gözəl təbiəti və gözəl insanları var.
Beynəlxalq əlaqələr üzrə İto şəhəri assosiasiyasının sədri Fujihiro Onuma: Mən çox şad oldum, bizi çox yüksək səviyyədə qarşıladınız. Açığın desəm, bir az kövrəldim də. Siz çox qonaqpərvərsiniz. Biz əvvəllər Azərbaycan haqqında ətraflı məlumata malik deyildik, lakin şəhərlərimiz qardaşlaşdıqdan sonra Azərbaycan haqqında daha geniş məlumata sahib olduq.
Mirdaməd müəllim bildirib ki, səfərlərə prezident İlham Əliyevin diqqət və qayğısı böyükdür.
Yaponiyanın nümayəndə heyəti İsmayıllıda
Yaponiya İnstitutunun Beynəlxalq məsələlər üzrə məsləhətçisi, sabiq səfir Toşiyuku Fucivara: Bizim fəaliyyətimizi qiymətləndirdiyiniz üçün təşəkkür edirik. Həqiqətən də çox gözəl qarşıladınız bizi, göstərdiyiniz sevgidən dolayı sizə minnətdarlığımızı bildiririk.
Sonra hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.
Görüş şagirdlər, ictimaiyyət nümayəndələri və ziyalıların iştirakı ilə geniş tərkibdə davam etdirilib. Fujihiro Onuma hər kəsi Azərbaycan dilində salamlayıb və çıxışına başlayıb: Sizinlə görüşməkdən və burda olduğumdan dolayı çox sevinirəm. Sizlərə İto haqqında kiçik də olsa məlumat vermək istəyirəm. Bizim şəhərdə 73 minə yaxın insan yaşayır, ən inkişaf etmiş sahə turizmdir. Şəhərimizdə çoxlu isti su bulaqları və dəniz sahilində olduğumuzdan çoxlu balıq var. Dəniz yeməklərimiz xüsusilə seçilir. Bildiyim qədəriylə İsmayıllıda da turizm inkişaf edib və daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. 2014-cü il avqust ayının birinci on günlüyündə İto şəhəri məktəbliləri ilə fəal əlaqə saxlayan İsmayıllı məktəblərindən 6 şagird Yaponiyada səfərdə olub. Səfər zamanı İto və Tokio şəhərlərində olmuş, “Yay festivalı”nda iştirak ediblər. Ümidvaram ki, şagirdləriniz bizim ölkədən xoş təəssüratlarla qayıdıblar.
Yaponiyanın nümayəndə heyəti İsmayıllıda
İsmayıllı məktəbliləri Yapon dilində qonaqları salamlayıb, səfər təəssüratlarını onlarla bölüşüblər. Şagirdlər yapon mədəniyyəti və təhsil sistemlərini bəyəndiklərini bildiriblər. Eyni zamanda, Yaponiyanın nüfuzlu universitetlərində təhsil almaq arzularını dilə gətiriblər.
Şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Aytəkin Əhmədova məktəbdə fəaliyyət göstərən Yapon Mərkəzində yapon dili və mədəniyyətinin şagirdlərə öyrədildiyini diqqətə çatdırıb. Yalnız məktəblilərin deyil, onların valideynlərinin belə Yaponiyaya olan sevgisi və marağından danışıb.
Mərkəzin foyesində şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının fidanları “Nazeləmə” rəqsini nümayiş etdiriblər. İstedadlı və gənc tarzən Asim Ağayev “Niyal” ansamblının bədii rəhbəri Nizami Babayevin müşayiəti ilə Tofiq Quliyevin “İlk bahar” musiqisini ifa edib. Müğənni Rövşən Teyyubov böyük şövqlə Asəf Zeynallının “Ölkəm” romansını səsləndirib. Qonaqlar burada da xatirə şəkli çəkdiriblər.
Yaponiyanın nümayəndə heyəti İsmayıllıda
Yaponiyanın nümayəndə heyəti Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 2009-cu ildə “Kosuqi Zohen” Korporasiyasının prezidenti Kosuqi Saki tərəfindən salınan Yaponiyanın mədəniyyətini, təbiətini, ekologiyasını əks etdirən “Yapon bağı”nda və İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar.
Qonaqlar Hacıhətəmli kəndinə, qədim tarixi, xalq sənətkarlığını, xalq yaradıcılığını özündə yaşadan, milli memarlıqla zəngin Lahıc və Basqal qəsəbələrinə də səfər ediblər.
Ç.Bəhərçinli
Ş.Soltanov

Şərh Yaz