Nazir Ziya Talıstanlı – 60

Bu günlərdə hörmətli qələm dostumuz, dövlət qulluqçusu kimi yaxın yoldaşımız Nazir müəllimin 60 yaşı tamam olur.
Nazir Ziya Talıstanlı (Qasımov Nazir Xanbaba oğlu) 1954-cü ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olmuşdur. 1975-ci ildə Gəncə Dövlət Pedoqogi Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə ikən Ümumittifaq Komsomolu MK-nın “Əla təhsilə görə“ döş nişanını və Fəxri Fərmanını almış, Nizami Gəncəvi adına fəxri təqaüdə layiq görülmüş, Gəncə Şəhər Sovetinə deputat seçilmişdir.


Nazir Ziya Talıstanlı - 60Nazir Ziya Talıstanlı – 60

Bu günlərdə hörmətli qələm dostumuz, dövlət qulluqçusu kimi yaxın yoldaşımız Nazir müəllimin 60 yaşı tamam olur.
Nazir Ziya Talıstanlı (Qasımov Nazir Xanbaba oğlu) 1954-cü ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olmuşdur. 1975-ci ildə Gəncə Dövlət Pedoqogi Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə ikən Ümumittifaq Komsomolu MK-nın “Əla təhsilə görə“ döş nişanını və Fəxri Fərmanını almış, Nizami Gəncəvi adına fəxri təqaüdə layiq görülmüş, Gəncə Şəhər Sovetinə deputat seçilmişdir.

Nazir Ziya Talıstanlı - 60
N.Qasımov azad təyinat alaraq doğma kəndinə qayıtmış, Talıstan kənd orta məktəbində müəllim və qiybi məktəbin direktoru işləmişdir. Müəllim işləyərkən SSRİ Pedoqogi EA-nın Elmi Tədqiqat İnstitutunun dissertantı olmuş, 1985-ci ildə Baş müəllim adı almışdır. Məktəb komsomol və partiya təşkilatı katibi kimi ictimai iş aparan N.Qasımov Talıstan kənd Nizami adına kolxozuna partiya komitə katibi seçilmiş, o zamankı Marksizm-Leninizm Universitetini bitirmişdir. Daha sonra həmin kolxozda sədr müavini işləmiş, kənd sovetinə deputat seçilmişdir.
N.Qasımov 1992-ci ilin yanvar ayından Talıstan İnzibati Ərazi Bölgüsü üzrə nümayəndəliyində müavin işləyir. Yaxşı işinə görə 2012-ci ildə Rayon İcra Hakimiyyəti başçısının rəsmi təşəkkürünü almışdır.
İlk şeiri 1969-cu ildə 9-cu sinif şagirdi olarkən dərc edilmişdir. Həmin vaxtdan başlayaraq şeirləri və müxtəlif ədəbi yazıları ilə respublika mətbuatında çıxış edir. S.Vurğunun Talıstan kəndinə gəlişi ilə bağlı xatirələri qəzetlərdə, topladığı folklor nümunələrini isə “Əfsanələr“ kitabında nəşr etdirmişdir.
Həmçinin, onun şeirləri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Mübarək səfərlər, səmimi görüşlər”, rayon şairlərinin şeirlərindən ibarət “ Dağ çiçəkləri ” (ədəbi toplu, Bakı-2009), Ş.Dağlaroğlunun “Ömürdən 50 yarpaq“, T.Əmirlinin “Eldən xəbər al“, H.Mirzəyevin “Müəllim ömrü“ kitablarında da nəşr olunmuşdur. X.Hacıyevin “Yarımçıq ömrün nəğmələri“ kitabının redaktoru, 2002-ci ildən hazıradək “Dağ çiçəkləri“ ədəbi məclisinin rəhbəridir. Nazir Ziya Talıstanlının bir neçə şeirini oxuculara təqdim etməklə onu 60 yaşı münasibətilə təbrik edir, ona işində və yaradıcılığında uğurlar, şəxsi həyatında can sağlığı arzulayırıq.
Şahməmməd Dağlaroğlu

Nazir Ziya Talıstanlı - 60
Bilinəndi mənim

Şeir, sənət yolçusuyam,
Sonum bilinəndi mənim.
Haqdan biçilib hər rəngim,
Donum bilinəndi mənim.

Kiminsə yolunda daşım yox,
Pis adətim, vərdişim yox.
Eldən gizli bir işim yox,
Yönüm bilinəndi mənim.

Böyük varım¬¬¬: heysiyyətim,
Etibarım, məhəbbətim.
Aşkardır sevgim, nifrətim,
Kinim bilinəndi mənim.

Ağ bayraq tutub saçımda,
Gedirəm ömrün köçündə.
Balım, pətəyim içimdə,
Canım bilinəndi mənim.

Belimdədir şələm, tayım,
Haqdan gəlir toyum, vayım.
Ziyalıyam, əslim, soyum,
Qanım bilinəndi mənim.

Niyə getmədim

Mən niyə bir çaytək axıb getmədim ?
Qaldım qamış kimi kənd “batdağında”.
Dostların sözünə baxıb getmədim,
Bitdim dağdağantək daş çatdağında,
Ya bir qovaq kimi yol qırağında.

Gələnə- gedənə baxıb dayandım,
Gözləyə- gözləyə qaldım yolları.
Payızım gələndə solub saraldım,
Baharıma doğru açdım qolları.
Beləcə ötürdüm getdi illəri…

Kəndimi köksümə qucub, getmədim…
Yaşadım içimi yeyə-yeyə mən.
Durna qatarına uçub getmədim,
Qaldım : “bu gün, sabah“, – deyə-deyə mən.
Getmədim, getmədim, niyə, niyə mən?

Köhnədi

Mən özüm özümə uyuşammıram,
Köhnəm təzələnib, təzəm köhnədi.
Əyrimə, düzümə uyuşammıram,
Əyriliyim təzə, düzüm köhnədi.

Əl atdım, çatmadı əlim dünyaya,
Sağ ikən bəs imiş ölüm dünyaya.
İstədim təzədən gəlim dünyaya,
Gördüm gecdi daha, özüm köhnədi.

Az qalıb atmışa yaşım çatmağa,
Allah bilir hara başım çatmağa.
Payızım ötməyə, qışım çatmağa,
Yayım çoxdan ötüb, yazım köhnədi.

Kimin nə dərdi var, özü bilir tək,
Quzeyim qar dolu, güneyim çiçək.
Sən allah, sən mənim dərdimi az çək,
Astarım təzədi, üzüm köhnədi.

Nazir, sevinc bizə bircə an olur,
Dərdimiz gah aşkar, gah pünhan olur.
Şairlərin dərdi dünyadan olur,
Nə deyim, dərdimiz bizim köhnədi.

Aman payız

Nə tez gəldi bu payız,
Çəmənimə, çölümə.
Sarı sükut çilədi
Çiçəyimə, gülümə.

Ötdü o yaz günləri,
Saydım bəyaz günlərı.
Ömrün payız günləri
Qar ələdi telimə.

Bir qız ötdü yanımdan,
Can ayrıldı canımdan.
Ürəyimdən, qanımdan
Şeir axdı dilimə.

Gördüm solmuş yarpağam,
Bugün-sabah torpağam.
Düzdə qalmış ocağam,
Yağış döyür külümə.

Ömür qısa, yol gödək,
Şərik payı böl, gedək.
Aman payız, gəl gedək,
Gedək sənlə ölümə.

Payız gələndə

Mən payız gələndə xəzəlləşərəm,
Xəzəlləşən kimi gözəlləşərəm.
Elə təmizləşib qızıllaşaram,
Nəyə döndüyümü bilə bilmərəm.

Elə bil mənimlə durular sular,
Çoxalar könlümdə şirin duyğular.
Artar düşüncələr, artar qayğılar,
Özümü özümdən ala bilmərəm.

O tənha ağacda bir xəzəl qalıb,
Nə gözəl soyunub, nə gözəl qalıb.
İlk eşqim içimdə bir qızıl qalıb,
Getsəm, o yollardan gələ bilmərəm.

Könül, düşün, daşın, nədir bu köçüm?
Nədir bu ayrılıq, nədir bu seçim?
Qoy payız dərdimi payıza açım,
Daha dərdlərimlə qala bilmərəm.

Payızda doğuldum, qalım payızda,
Solsa da çiçəyim, gülüm payızda.
Məni axtarmasın ölüm payızda,
Mən payız gələndə ölə bilmərəm.

Çatmır

Ürəyimdə sözüm var,
Sözümə əlim çatmır.
Namərd girir gözümə,
Gözümə əlim çatmır.

Diri gördüm ölümü,
Gedəmmədim yolumu.
Sovurdular külümü,
Közümə əlim çatmır.

Yay sinəmi dağlayıb,
Payız xəzan bağlayıb.
Qış qapını haqlayıb,
Yazıma əlim çatmır.

Haqqın əli çiynimdə,
Yüz fikir var beynimdə.
Əyriliyim əynimdə,
Düzümə əlim çatmır.

Alnım açıq, üzüm ağ,
Başım üstə qar, sazaq.
Çoxum məndən çox uzaq,
Azıma əlim çatmır.

Bənövşə ömrü ibrət,
Bir kol dibinə hörmət.
Gözümdə qalır niyyət,
Arzuma əlim çatmır.

Bu xeyir, bu da günah,
Azalmadı ağrı, ah.
Nəyə dönmüşəm, Allah,
Özümə əlim çatmır.

Ağ bayraq

Ağ bayraq təslimdir,
Qaldırmışam başımda.
Ey taleyim, ey Tanrım,
Dayanmışam qarşında.

Qaldırmışam içimdə,
Günahımda, suçumda,
Saqqalımda, saçımda,
Kipriyimdə, qaşımda.

Üzümün ağlığında,
Gözümün toxluğunda.
Qoy görüm sağlığımda,
Kəfənim yaddaşımda.

Deyiləm mən

Sən məni axtarma daha, əzizim,
İndi bir kimsəyə tən deyiləm mən.
Əyilib üz-gözüm, solub bənizim,
Qəmlərə yoldaşam, şən deyiləm mən.

Nə fərqi, bəyənmə, ya məni bəyən,
Qışdır yolu tutub, qapımı döyən,
Bağıma, bağçama nur səpələyən,
Duman deyiləm mən, çən deyiləm mən.

Uçub saraylarım, axıb sellərim,
Yağıb yağışlarım, əsib yellərim,
Quruyub bulağım, susub dillərim,
Üzü xoş günlərə yön deyiləm mən.

Bir zamanlar mən də mənə bənzərdim,
Bir dolu sümbüldə dənə bənzərdim,
Səhərin qoynunda günə bənzərdim,
Batıram, o çıxan gün deyiləm mən.

Ocağam, yanmışam, sönə bilərəm,
İnanma gedərəm, dönə bilərəm.
Bir də külək əssə sına bilərəm,
Eh, daha əvvəlki mən deyiləm mən.

Hara qaçım…

Eh, nə deyim sənə, dünya?
Sən həm şirin, sən həm acı.
Şirinliyin bizdən uzaq,
Acılığın qucaq açır.

Ötüb gedir zamanımız,
Xəzəllənir hər yanımız,
Haqdan ğəlir fərmanımız,
Yox inkarı, yox əlacı.

Bir də dönməz bu hal belə,
Həsrət belə, vüsal belə.
Hara gedir bu yol belə?
Biz yolçu, sən arabaçı.

Məni də yazdın, oxudun,
Qoxuladım, dərd qoxudun,
Əydin, əyirdin, toxudun,
İpəkləndi üzüm,saçım.

Ömrü bölmək istəmirəm,
Sonu bilmək istəmirəm.
Qalıb ölmək istəmirəm,
Dünya, səndən hara qaçım ?

Qorxuram

Əydin məni özün kimi, a dünya,
Gəlimindən, gedimindən qorxuram.
Eləmisən quzu kimi, a dünya,
Hər dərdindən, ələmindən qorxuram.

Çəkə-çəkə hər addımda nazını,
Ötürmüşəm gedib ömrün yazını.
Alnıma heç düz yazmadın yazını,
Dəftərindən, qələmindən qorxuram.

Aman dünya, nələr varmış canında,
Qiymətimi heç almadım sonunda.
Gördüm səni neçə iblis donunda,
Qanmaq adlı zülümündən qorxuram.

Baxan deyilsənmiş amana, aha,
Yanında dəyərim yox imiş daha.
Ucuz alıb, satdın məni çox baha,
Yerdə qalan sələmindən qorxuram.

Nazir Ziya çox aldanıb riyana,
Baxmaz artıq gələn xeyrə, ziyana.
Bütün qorxduqlarım daha bir yana,
İndi sənin ölümündən qorxuram.

Heyif

Heyif məndən, heyif, Allah,
Satdım getdi işə ömrü.
Özümə mirzə olmadım,
Çiliklədim şüşə ömrü.

Üz tutdumsa harasına,
Döndü qəmlər yuvasına.
Aldanıb yaz havasına
Çatdırdım mən qışa ömrü.

Ömrüm külək, mən qamışam,
Neyə döndərib çalmışam.
Bəxtimdən haçan almışam
Mən gül ömrü, gülşən ömrü .

Atmışıma çatır yolum,
Xəzəllənir sağım, solum.
Yaxşılara qurban olum,
Kim yaşasa kişi ömrü.

Nazir, boylanma sabaha,
Səndən nə olandı daha.
Üzünü tut bir Allaha,
Nə qalıbsa yaşa ömrü.

Qəzəl

Bu vəfalı könlümün , ah, nə qədər yarəsi var,
Bəxtəvər o kəsə ki, dərdlərinin çarəsi var.

Bu səbəbdən qəmlənib dərd özü də dərdə düşər,
Ki, hamı sevinc istər, dərdlə kimin arəsi var.

Çıraq həsrətdən yanar, pərvanə həm çıraq istər,
Nə xoşbəxtdir ürəyim, başında pərvanəsi var.

Dərdlərim sənsizliyin daimi olmaq şübhəsi,
Qovuşsaq kim deyəcək: “Ayrılığa şübhəsi var ”.

Gözlərin ağını kim vəsf eləmiş, gizli deyil,
Yaxşı ki, tərif üçün gözlərin öz qarəsi var.

Nazirəm, qəm yemərəm, ayrılığa yoxdu güman,
Eşqımın, sədaqətli, vəfalı məhparəsi var.

O gözəl

Mehriban, şirindil, bir gözəl nigar,
Tutub ürəyimdə, könlümdə qərar.

Yerişi, duruşu, baxışı gözəl,
Ağılı, kamalı, mərifəti var.

Elinə, yurduna, evinə bağlı,
Böyüyə, kiçiyə canın yandırar.

Ayağı sayalı, nurlu, həyalı,
Canımı istəsə can qurban olar.

Soruşma Nazirdən kimdir o gözəl ––
Mənlə ömür sürür xoşbəxt, bəxtiyar.

Bəndlər

Mən dost ürəyinin tən yarısıyam,
Həmişə bu səmtə yönüm qalacaq.
İnciyəndə bil ki, bal arısıyam,
Sancsam tikanımda canım qalacaq.

***
Ömrümün dür-düyünü,
Bəxtimin dərd oyunu.
Ürəyim dəyirmandı,
Sinəmdə dərd üyünür.

***
Sən öz əqidəndə almaz ol, almaz,
Ərit ürəyində çəni, dumanı.
Min dayaz çay olsa insan boğulmaz,
Bir dayaz düşüncə boğar insanı.

Gətirər

Ürəyini düz elə sən,
Düzlük sənə ad gətirər.
Evinə halal duz-çörək,
Damağına dad gətirər.

Ürək düzsə, əməl düzdür.
Özül düzdür, təməl düzdür.
Ürək kimi həm əl düzdür,
İlləri saat gətirər.

Düz yolların uzaqlığı,
Olar sonda üz ağlığı.
O, sözünə söz ağlığı,
Ürəyinə od gətirər.

Ömrün – günün düz ötürsə,
Həmişə təzəsən, tərsən.
Ömrümüzə nə gətirsə,
Yenə Vətən, yurd gətirər.

Yaz yağışı
Şimşək çaxdı, göy gurladı,
Dağa-daşa nur ələndi.
Qara bulud ağırlaşıb,
Damcılanıb, gilələndi.

Quzulara ruzi çəmən,
Göydən gərək yağış əmə.
Bənövşələr çimə-çimə,
Kol dibində məzələndi.

Yaşa yağış, döşə yağış,
Torpaq gülsün qarış-qarış.
Təbiətə bəzək, naxış,
Ürəklərə söz ələndi .

Bulaq dolan gözə döndü,
Günəş çıxdı közə döndü,
Bakirə bir qıza döndü,
Bütün dünya təzələndi.

Yazıla
(Ş.Dağlaroğlunun ad gününə )
Əlli min dərdi var imiş,
Bizim əlli yaşımızın.
Gah ürəyin hayındayıq,
Gah ağrılı başımızın.

Ötən ömrün şeiri nədi?
Bizə qalan qeyri nədi ?
Heç bilmirik xeyri nədi
Bu dünyada işimizin.

Təsəllidir ömrün özü,
Qəlbimizin odu, közü.
Kaş üstünə Şair sözü
Yazıla baş daşımızın.

Şərh Yaz