Yaxşılar, yaxşılıqlar unudulmur

Uzun illərdir ki, təqaüddə olan müəlliməm. Lahıcın keçmişi, gələcəyi haqqında saatlarla, günlərlə fikirləşməyə vaxtım olub. Bu düşüncə dəqiqələrində özümə verdiyim bir sualı indi açıq səsləndirirəm: rayonumuzun Qalacıq kəndində dünyaya göz açan Gülgəz xanımı tale Lahıca gətirib çıxarmasaydı, Lahıc qızları özlərinin bugünkü qədər bacarıqlı, zəhmətkeş, yaradıcı olduqlarını necə və nə ilə nümayiş etdirə biləcəkdilər?
Gülgəz xanım 1919-cu ildə rayonumuzun ən gözəl guşələrindən birində, Qalacıqda anadan olub. Dövrünün çətinliklərini dada-dada yaşa dolan bu qızcığaz ayağı yer, əli iş tutan gündən anasının, nənəsinin öyrətdiklərinə ustalıqla yiyələnib.
Çox təəssüf edirəm ki, mənim Gülgəz xanımın uşaqlıq, gənclik illəri barədə heç bir məlumatım yoxdur. Təəssüf! Görünür, bir qədər uzaqgörənlik etsəydim, tanışlıqdan sonra bu barədə ondan bəzi şeyləri soruşar, yaddaşıma köçürərdim…

Yaxşılar, yaxşılıqlar unudulmurGülgəz Seyfalıyeva – 95

Yaxşılar, yaxşılıqlar unudulmur

Yaxşılar, yaxşılıqlar unudulmur

(Oçerk)
Uzun illərdir ki, təqaüddə olan müəlliməm. Lahıcın keçmişi, gələcəyi haqqında saatlarla, günlərlə fikirləşməyə vaxtım olub. Bu düşüncə dəqiqələrində özümə verdiyim bir sualı indi açıq səsləndirirəm: rayonumuzun Qalacıq kəndində dünyaya göz açan Gülgəz xanımı tale Lahıca gətirib çıxarmasaydı, Lahıc qızları özlərinin bugünkü qədər bacarıqlı, zəhmətkeş, yaradıcı olduqlarını necə və nə ilə nümayiş etdirə biləcəkdilər?
Gülgəz xanım 1919-cu ildə rayonumuzun ən gözəl guşələrindən birində, Qalacıqda anadan olub. Dövrünün çətinliklərini dada-dada yaşa dolan bu qızcığaz ayağı yer, əli iş tutan gündən anasının, nənəsinin öyrətdiklərinə ustalıqla yiyələnib.
Çox təəssüf edirəm ki, mənim Gülgəz xanımın uşaqlıq, gənclik illəri barədə heç bir məlumatım yoxdur. Təəssüf! Görünür, bir qədər uzaqgörənlik etsəydim, tanışlıqdan sonra bu barədə ondan bəzi şeyləri soruşar, yaddaşıma köçürərdim…
Müharibə qurtarmışdı. 1941-1945-ci illərin ağrı-acısını canında yaşadan insanlar təhsil almağı, ölkəni aclıq və gerilikdən qurtarmağı düşünürdülər. Həmin illərdə Lahıcın sevilən ziyalılarından olan Hacıbaba Seyfalıyev Buynuz kəndində müəllim işləyirdi. Müharibənin amansız bəlalarından salamat qurtaran Hacıbaba müəllimə ağır itki üz vermişdi. Dünyaya gələn körpəsi əlligünlük olanda həyat yoldaşı dünyasını dəyişmişdi. Körpəyə doğmalar qayğı göstərirdi. Amma ata ürəyi rahatlıq tapmırdı…
Yaxşılar, yaxşılıqlar unudulmur
Gülgəz öz həmkəndlisi Daşdəmirlə Böyük Bətən müharibəsindən bir neçə il əvvəl ailə qurmuşdu. Xoşbəxt idilər. Dünyaya gələn ilk övladlarına Dəmir adı vermişdilər. Sonra Dəmirin əkiz bacıları dünyaya gəldi. Elə bu arada müharibə başladı. Daşdəmiri orduya çağırdılar. Ara-sıra məktubları, bir gün isə ölüm xəbəri gəldi. Körpələr bu acı xəbərdən xəbərsiz idilər. Günlərin birində isə əkizlər dünyaya bərabər gəldikləri kimi, eyni gündə dünyadan köçdülər. Ailə başçısını itirmiş gənc ana üçün bu ağrılar acı və dözülməz idi.
Gülgəz xanım Hacıbaba müəllimin ailə qurmaq təklifini qəbul etmək istəmirdi. Sanki taleyindən küsmüşdü. Xeyirxah insanların məsləhəti üzüntülərə son qoydu. Ailənin, yaxşının dəyərini yetərincə verə bilən Hacıbaba müəllimin Gülgəz xanımı görməsi və bəyənməsi yenidən qurulan xoşbəxt bir ailənin təməli oldu…
1948-ci ilin yayı idi. Qalacıqdan Lahıca bir gəlin köçdü. Bu gəlin nağıllarda təsvir olunduğundan da gözəl, uca boylu, uzun hörüklü idi. Həyalı təbəssümü nurlu üzünə yaraşıq verirdi. Ətrafdakılara yovuşmasından qəlbinin təmizliyi, xeyirxahlığı aydınca duyulurdu…
Haşiyə: 1953-cü il idi. İsmayıllı Rayon Partiya Komitəsinin təlimatçısı, Həftəsov kəndinin yetirməsi Tacı Salmanovu Lahıc sənətkarlar artelinə sədr təyin etmişdilər. Sədr işə çox həvəslə girişmişdi. Tez-tez qonağım olurdu. Bu dəfəki gəlişində rayon məhkəməsinin sədri Murtuza Ağayev də bizdə idi. Çay süfrəsi arxasında söhbətdə T.Salmanov Lahıcda kəlağayı toxunması bir yenilik olacağından, fayda verə biləcəyindən danışdı. Məhkəmə sədri isə xalçaçılığın önəmindən söz açdı. Tacı müəllimin aylarla bu sahə üzrə çalışmaları heç bir fayda vermədi. Səbəb isə bu peşənin sirlərini öyrədə biləcək ustanın olmaması idi.
Günlərin birində T.Salmanov məndən Ximran kənd məktəbində işləyən Hacıbaba müəllimin Lahıca gəlməsində köməklik göstərməyimi xahiş etdi: – Belə edə bilsək, müəllimin yoldaşı, xalça işinin bilicisi Gülgəz xanım bu sahədə bizdən kömək əlini əsirgəməz, Lahıcda uzun illər əvvəl olduğu kimi, yenə xalça toxunar,- dedi.
Bu işdə üzərimə düşən məsuliyyəti hiss edərək Rayon Xalq Maarif Şöbəsinin müdiri Bayram Əsədovun qəbulunda oldum, Hacıbaba müəllimin Lahıc orta məktəbinə köçürülməsini xahiş etdim. Razılıq ala bilmədim.
Müdir:
– Bu xahişi T.Salmanov məndən dəfələrlə edib, ona yox demişəm. İndi özün fikirləş, – dedi.
Mən də çox fikirləşmədim. Kabinetdən çıxıb katibədən Ximran kənd ibtidai məktəbinin müdiri Hacıbaba Seyfalıyevin Lahıc qəsəbə orta məktəbinə sinif müəllimi köçürülməsi barədə əmr yazdırdım. Müdirin yanına qayıdıb əmri təsdiq etməyi xahiş etdim. Stolun üstündəki möhürə işarə edərək:
– O möhür, o da sən, götür özün möhürlə.
Əlbəttə, bu, biri-birimizə olan hörmət və etimadın nətisəsi idi. Mən möhürü vurandan sonra müdir də imza atdı. Bu işdən nə Tacı Salmanovun, nə Hacıbaba müəllimin, nə də Gülgəzin xəbəri vardı…
Hacıbaba müəllim ailəliklə Lahıca gəldi…
Gülgəz göz açanda evlərində xalça toxunduğunu görmüşdü. Uşaqlıq və gənclik illərini xana önündə keçirməklə xalçaçılığın ən xırda sirlərini belə öyrənmişdi. İstəsəydi, bir xana əldə edib çırağını yandırdığı evdə oturub xalçasını toxuyardı. Amma o, ata ocağından gətirdiyi bu sənəti, bu sərvəti böyük səxavətlə Lahıcın bütün qızlarına, gəlinlərinə paylamaq istəyirdi. Fikrini ərinə bildirəndə Hacıbaba müəllim:
– Lap yaxşı, ay Gülgəz. Bu, böyük bir xeyirxahlıq olar. Lahıc qızları da çox çalışqandırlar, ha! – deyib Hacıbaba müəllim gülümsədi. Bəs alətləri hardan əldə edəcəksən? – deyəndə, Gülgəz xanım:
– Ay kişi, məncə, dəmirdən, misdən insanları heyrətə gətirən əşyalar hazırlayan Lahıc ustaları xalça üçün alət düzəltməkdə çətinlik çəkməzlər. Nümunəsini görsələr, ondan mükəmməlini hazırlayarlar.
Belə də oldu. Qısa müddət ərzində xalça toxumaq üçün gərəkli olan alətlər, xana hazırlandı. “Azərxalça”dan 100 kiloqram ip gətirildi. Bu qədim el sənətinin sirlərini öyrənməyə can atan şagirdlər də tapıldı. Başlanğıcda hazırlanan hər şeydə Gülgəz xanımın fikrinə, məsləhətinə diqqət və hörmətlə yanaşıldı. Çünki Lahıcın sənətkar kişiləri qızlarının, gəlinlərinin məşğulluq meydanına xeyirxah, əməksevər bir ləzgi qızının əlləri ilə geniş qapı açılacağını duymuşdular.
1955-ci ilin aprel ayının 1-də Lahıcda ilk xalça uzadıldı. Bu xalça bir aya tamamlandı. İki xana ilə xalçaçılığa başlayan Lahıc az müddət ərzində iki böyük emalatxanada çalışan sənətkarları, onların toxuduğu xalçalarla tanındı. Xalçaçılıq nəinki Lahıc qəsəbəsinə, ətraf kəndlərdə hər bir evə ayaq açdı, qızların, qadınların əməyinə, evlərin, ailələrin ruzisinə, çörəyinə, bərəkətinə, rahatlığına çevrildi. İlk xalçanın toxunuşundan 20 il sonra, 1975-ci ildə Lahıc xalça emalatxanalarında 400 nəfər xalçaçı işləyirdi. Bu qaynar əmək meydanının qəhrəmanı Gülgəz xanım idi.
Gülgəz xanım peşəkar xalçaçı olmaqla sənətə təzə gələnlərin səbirli ustası, məsləhətçisi idi. Hamı ilə şirin danışar, birinə: qızım, birinə: balam deyər, şirin ləhcə ilə məsləhətlərini aydın və yaddaqalan şəkildə verərdi. Heç vaxt öyünməz, tədbir və toplantılarda özünün deyil, fəallığı ilə seçilənlərin yetirmələrinin adını çəkər, onların mükafatlandırılmasını istəyərdi.
Qısa müddət ərzində Lahıc camaatının sevimlisinə çevrilən bu xanımı demək olar ki, hamı Gülgəz bacı deyə salamlayar, doğma bacı qədər sevər, əzizləyərdi. Onun nur süzülən şəkilləri “Azərxalça”nın, rayonun, çalışdığı kollektivin Şərəf lövhəsini bəzəyirdi. Gülgəz bacının nəzarəti altında toxunan “Quba-Pirəbədil”, “Çiçi”, “Şirvan” və sair çeşnili xalçalar bu gün də bir çox sərgilərin, muzeylərin yaraşığı, eksponatıdır. Bu gün Bakının, Sumqayıtın, Gəncənin, digər şəhərlərin, eləcə də İsmayıllının xalça toxuculuğu müəssisələrində çalışanların ən bacarıqlıları məhz Lahıc xalça məktəbinin yetirmələri, Gülgəz xanımın davamçılarıdır.
Mən xalçaçı Gülgəz Vahid qızı Seyfalıyeva haqqında yaddaşımda qalanları qələmə aldım. O, həm də işgüzar, sözü keçən, xətri əziz tutulan ictimaiyyətçi idi. Dəfələrlə Lahıc Qəsəbə Sovetinin deputatı olmuşdu. Böyükləri valideyni, tay-tuşlarını bacı-qardaşı, kiçikləri oğlu-qızı gözündə görən bu gözəl insan, təbii olaraq öz doğma oğlunun, qızının da sevimli anası idi. Gülgəz xanımın oğlu Dəmir Xalq Təsərrüfatı İnstitutunu bitirmişdi. Qızı Şəmsə, nəvəsi Arzu da onun sənət yolunu seçmişdilər. Səhv etmirəmsə, Şəmsə göyçaylı Ağasəmədlə ailə həyatı qurdu. Sonralar Gülgəz xanım Dəmirin uşaqlarına – nəvələri Xalıqa və Sədaqətə sözün həqiqi mənasında analıq etdi. Onları Lahıca gətirdi, təlimi, tərbiyələri ilə cani-dildən məşğul oldu (Üç nöqtəni onların sonrakı talelərindən xəbərdar olmadığımdan qoydum)…
Gülgəz bacını 1988-ci ilin oktyabr ayının 18-də Lahıcda torpağa tapşırdıq. İki il sonra, elə oktyabr ayında Hacıbaba müəllim dünyasını dəyişdi…
Ötən günləri yada saldıqca, bəzi xırdalıqları unutduğumu görürəm. Amma fəxrlə qeyd etməliyəm ki, bəndəniz daxil olmaqla, Lahıc camaatı tarixən yaxşılara və yaxşılıqlara dəyər verib, unutqan olmayıb.
Yaşasaydı, bu il Gülgəz xanımın 95 yaşı olacaqdı. Yaşasaydı, dedim, çünki ölüm haqdır. Amma bir həyat həqiqəti də var ki, insanların bir qismi ölümündən qabaq əməlləri ilə ölməzliyini qazanır.
Bu gün Lahıcda hər evdə Gülgəz xanımın sənət nümunələri, əllərinin istisi, qəlbinin, gözünün nuru və nəhayət, ölməz ruhu var.
Gülgəz bacı əməksevər, mehriban, vətənpərvər, sadə təbiətli, hər kəsə qarşı lütfkar, səmimi, ismətli bir qadın idi. Haqqında danışanda, onu kiminləsə müqayisə etməkdə çətinlik çəkirəm. O, bu gün onu görüb tanıyanların qəlbində yaşayır. Onun haqqında söylənən xatirələr böyük bir insanın mənalı ömrü barədə dillər əzbəri olan dastan parçaları kimi danışılır, maraqla dinlənilir. Allah ona rəhmət eləsin. Ruhu şad olsun. Onunla bərabər, yazıda adları çəkilən, dünyasını dəyişmiş insanlara ulu Tanrıdan rəhmət diləyirəm.
Əvvəldə qeyd etdiyim kimi, yazdıqlarım yaddaşımda qalanlardır. Ümidvaram ki, sənətkarlar, tarixi şəxsiyyətlər yetirən Lahıcın qədirbilən, alim övladı, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun şəxsi təşəbbüsü ilə rayonun tanınmış, sadə zəhmət adamları üçün keçirilən yubileylər tarixi araşdırmalar baxımından da maraqlı olacaq. Biz belə tədbirlər hesabına elinə, obasına fayda vermiş insanlar haqqında əsl həyat həqiqətlərini öyrənər və gələcək nəsillərə ərməğan edərik.

Ənvər Balayev,
Əməkdar mədəniyyət işçisi

Şərh Yaz