Dilimiz milli varlığımız, zəngin mənəvi sərvətimizdir
Azərbaycan dili xalqımızın mənəvi sərvəti, milli varlığı, dövlət müstəqilliyimizin əsas amili, rəmzidir. Zəngin söz ehtiyatına, gözəl ahəngə, səslənməyə, sabit qrammatik quruluşa malik olan dilimiz, tarixən görkəmli şəxsiyyətlərin diqqətini cəlb etmiş, bu dil, onun qiymətli məziyyətləri haqqında qiymətli fikirlər söylənmişdir.
Respublikamız dövlət müstəqilliyi əldə etdiyi ilk gündən dilimizin inkişafına, tətbiq dairəsinin genişlənməsinə xüsusi diqqət və qayğı göstərilmiş, dövlət dili olaraq inkişaf etdirilməsi ilə ulu öndərimiz Heydər Əliyevin imzaladığı fərmanlar dilimizin öyrənilməsi, elmi tətqiqatının fəallaşdırılması və cəmiyyətdə işlənməsi imkanlarını daha da artırmışdır.
1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Dilimiz milli varlığımız, zəngin mənəvi sərvətimizdir
Azərbaycan dili xalqımızın mənəvi sərvəti, milli varlığı, dövlət müstəqilliyimizin əsas amili, rəmzidir. Zəngin söz ehtiyatına, gözəl ahəngə, səslənməyə, sabit qrammatik quruluşa malik olan dilimiz, tarixən görkəmli şəxsiyyətlərin diqqətini cəlb etmiş, bu dil, onun qiymətli məziyyətləri haqqında qiymətli fikirlər söylənmişdir.
Respublikamız dövlət müstəqilliyi əldə etdiyi ilk gündən dilimizin inkişafına, tətbiq dairəsinin genişlənməsinə xüsusi diqqət və qayğı göstərilmiş, dövlət dili olaraq inkişaf etdirilməsi ilə ulu öndərimiz Heydər Əliyevin imzaladığı fərmanlar dilimizin öyrənilməsi, elmi tətqiqatının fəallaşdırılması və cəmiyyətdə işlənməsi imkanlarını daha da artırmışdır.
Dilimizin inkişaf etdirilməsi üçün belə bir imkanın yarandığı indiki dövrdə bu dildən istifadə edən hər bir kəsin, bütövlükdə ictimaiyyətin borcu onun qaydalarına, normalarına riayət etmək, təmizliyini, saflığını, gözəlliyini qorumaq, korlanmasına yol verməməkdir.
30 iyun 2014-cü il “İsmayıllı xəbərləri” qəzetinin 22-23-cü nömrəsində təqaüdçü müəllim Heydər Xəlilovun “Nitq və mədəniyyət” mövzusunda yazısını oxuduqdan sonra bu mövzuya bir daha toxunmağımı zəruri etdi. Bu mövzuda yəni dilin qorunmasından söhbət düşəndə, adətən, reklamlar, kütləvi informasiya vasitələrinin – radio, televiziya verilişlərinin, qəzet və jurnalların dili önə çəkilir ki, bunu təbii saymaq olar. Ona görə ki, bu vasitələr ədəbi dilimizin təbliğatçıları, yaradıcıları, tənzimediciləri, qoruyucularıdır. Bu informasiya vasitələrinin ümdə vəzifələrindən biri eşidənlərə, oxuyanlara etalon səviyyəli nitq nümunəsi verməkdir ki, dinləyənlər, oxuyanlar onun məziyyətlərini əxz edib mənimsəyə, nitqlərini həmin ifadə tərzinə uyğun qura bilsinlər. Reklamlarda, radio və televiziya, eləcə də digər informasiya vasitələrində səslənən nitq məzmunca dolğun, tələffüzcə düzgün olmalı, oradakı fikir uyğun səs tərtibatı – informasiya çalarları aydın diksiya ilə verilməli, cümlələr düzgün qurulmalı, fikirlər arasında məntiqi rabitə gözlənilməlidir. Ədalət naminə deyək ki, son illər kütləvi informasiya vasitələrinin dili ilə bağlı bir sıra işlər görülmüş, lazımi tədbirlər həyata keçirilir. Mətbuat dilinin inkişafında, formalaşmasında müəyyən qədər irəliləyiş var. Lakin bununla belə istər reklam, ekran-efir, istərsə də digər informasiya vasitələrinin dili tələb olunan səviyyədə deyildir. Daha çox reklam yazılarda səhvlərə yol verilir. Xarici dilin terminləri çox işlənir. Rayonda olan (demək olar ki, hamısında) “Ehtiyat hissələri” yazılmış lövhələrdə “Ehtiyyat” kimi yazılıb. “Tövsiyə” sözləri çox məktəblərdə “Tövsiyyə” kimi yazılır. Bu da onu göstərir ki, çoxumuz bir “y” və qoşa “y” ilə yazılan sözlərin orfoqrafiyasını bilmirik. Bu cür hadisələr sözlərin tələffüzündə də özünü göstərir. Nəzərə alınmır ki, nitqdə tələffüz qüsurları vardırsa, şərh olunan məzmun, mətləb istənilən səviyyədə dinləyiciyə çata bilməz. Tələffüzdəki qüsurların baş verməsinin digər səbəbi diktor, aparıcı, həm də verilişlərə dəvət olunanların əlində sözlərin (terminlərin, coğrafi yer, şəhər, ölkə, məşhur şəxsiyyətlərin və s. adlarının) düzgün deyilişini göstərən müəyyən bir mənbə, ən başlıcası, orfoepik lüğət, digər sorğu vəsaitinin olmamasıdır. Sözlərin deyilişində səhvlərə yol verilir.
Məsələn, Li`tva – Litva`, A`BŞ – ABI`Ş, Portuqaliya – Partuqaliya, A`msterdam – Amsterda`m, folklor – falklor, polis – palis, Əli`yev – Ə`liyev, Əfə`ndiyev – Əfəndi`yev, Haqve`rdiyev – Haqverdi`yev kimi sözlərin tələffüz qüsuruna yol verirlər. Digər bir qismi sözlərdə vurğunun düzgün deyilməməsi səbəbindən də qüsurlar baş verir. Məsələn: da`ha, a`rzu, ba`şqa, liri`ka, şu`ra, peda`qoq, kafe`dra, donp`r, nəzə`riyyə, texniku`m, tarixə`n, kame`ra, mü`xtəlif, bü`ro, Vikto`r, Hü`qo və s. sözlərin tələffüzü ilə bağlı yol verilən bu qüsurlar dilin, nitqin estetik təsirini zəiflədir, gözəlliyinə xələl gətirir, bəzən də məna dolaşıqlığına səbəb olub fikrin mənimsənilməsini çətinləşdirir. Nəzərə alınmır ki, əgər nitqdə tələffüz qüsurları vardırsa, şərh olunan məzmun, mətləb istənilən səviyyədə dinləyiciyə çata bilməz.
Verilişlərdə təkcə sözlərin deyil, cümlələrin də qüsurlu deyilişi tez-tez nəzərə çarpır. Məsələn, “Türk xalqları həmişə əxlaqlı olublar. Ona müvəffəqiyyət uğurları arzulayırıq; Müşavirədə xeyli qonaqlar çıxış etdilər; 28 adda əsərlər yazıb; Araşdırmalar araşdırılır; Təcili atəşin dayandırılması tələb olundu; Hadisə yerinə çıxılmış; Yanğını söndürmək üçün yanğınsöndürən çağırdılar; Havanın istiliyi 18 dərəcə təşkil edəcək; Çalışın ki, salamat qalın ki, yenə də görüşə bilək; Əsas budur ki, salamat qalın.
Bu cümlələrdə ifadə olunan, məntiqsiz və mənasız cümlələri tez-tez eşidirik. Cümlə qurmaq mədəni nitqə yiyələnməyin başlıca şərtlərindən biri olduğu üçün mətbuat dilində bu sahəyə də ciddi nəzarət edilməlidir.
Əsrlərdən, nəsillərdən bizə gəlib çıxmış dilimizi, kəlmələrimizi qoruyub saxlamalı, unudulmasına, itməsinə yol verməməliyik. Son zamanlar Türkiyə türkcəsinə məxsus sözlərin dilimizdə işlənməsinin əleyhinə deyilik. Məsələn: çalışdırıcı, çözmək, yapmaq, qurtulmaq, əngəlləmək, qatılmaq, yaşam, suçlamaq, piyadaçı, sənətçi və s. Axı dillər qarşılıqlı əlaqədə fəaliyyət göstərməli, bir-birinə söz verib söz almalı, zənginləşməlidir. Bu proses hazırda gedir, qarşılıqlı əlaqə nəticəsində Türkiyə türkcəsindən dilimizə keçən öncə, özəl, özəlləşdirmə, çağdaş, yüzillik, önəm, anlam və s. kimi sözlər hamı tərəfindən başa düşülür, işlədilir.
Qəzet və jurnalların dilində də qüsurlar müşahidə olunur, orfoqrafik durğu işarələri, üslub səhvlərinə yol verilir, uzlaşma pozulur, uzun və dolaşıq cümlələr işlədilir.
İnternet səhifələrində, saytlarda vəziyyət daha dözülməzdir. Oradakı materiallarda dil baxımından çoxsaylı nöqsanlara, səhvlərə yol verilir. Kim necə istəyirsə elə də yazıb sayta yerləşdirir. Fikirlər arasında məntiqi bağlılıq olmur, cümlələr düzgün qurulmur.
Dili qorumaq milləti qorumaq deməkdir. Həmçinin, dövləti, dövlətçiliyi təsdiq etməkdir. Bu gün Azərbaycanda söz yaradıcılığı ilə məşğul olmaq ənənəsi yaranmır. Bu onu deməyə əsas verir ki, söz yaratmaq xüsusi bir hadisə səviyyəsində mütəxəssislər tərəfindən olmalıdır. Şair və yazıçılarımız bacardıqca ana dilimizdə yeni sözlər yaratmalı, onların cümlədə yerində işlədilməsinə diqqət yetirməlidirlər. Öz dilinin təəssübünü çəkməyən şair, yazıçı və jurnalist mahiyyətcə antimillidir. Dilimizin incəliklərini hər birimiz bilməli, onun düzgün işlədilməsini hər bir fərddən tələb etməliyik. Bunun bir yolu da folklora dərindən yiyələnməkdir. Çünki xalqın folklor dili qədər duru, anlaşıqlı dil yoxdur.
Gəlin, dilimizi sevək, qoruyaq və yaşadaq!
Hacıməmməd Məmmədov,
Şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi