Abad yer təmiz olmalıdır

Tikilib-qurulan, yeniləşən İsmayıllı gündən-günə gözəlləşir, inkişaf edir. Şəhərimiz, qəsəbə və kəndlərimiz öz simasını dəyişir, köhnəlik, pərakəndəlik öz yerini yeniliyə, inkişafa verir.
Vətəndaşlarımızın daha yaxşı, daha sivil yaşamaq arzuları reallaşır. Artan iqtisadi imkanlar, vətəndaşların artan maddi durumu, onların məişətində, həyat və yaşam tərzlərində özünü göstərir. Rahat və müasir arxitekturalı evlər, abadlaşan küçələr, prospekt və meydanlar, insanların istirahətini təmin edəcək parklar deməyə əsas verir ki, İsmayıllı inkişaf və tərəqqiyə start götürmüş, xoşbəxt bir gələcəyə üz tutmuşdur. Bu inkişaf kontekstində həyata baxışlarımız, cəmiyyətə münasibətimiz, mənəvi dünyamız da zənginləşir, müasirləşir.

Abad yer təmiz olmalıdırAbad yer təmiz olmalıdır

Tikilib-qurulan, yeniləşən İsmayıllı gündən-günə gözəlləşir, inkişaf edir. Şəhərimiz, qəsəbə və kəndlərimiz öz simasını dəyişir, köhnəlik, pərakəndəlik öz yerini yeniliyə, inkişafa verir.
Vətəndaşlarımızın daha yaxşı, daha sivil yaşamaq arzuları reallaşır. Artan iqtisadi imkanlar, vətəndaşların artan maddi durumu, onların məişətində, həyat və yaşam tərzlərində özünü göstərir. Rahat və müasir arxitekturalı evlər, abadlaşan küçələr, prospekt və meydanlar, insanların istirahətini təmin edəcək parklar deməyə əsas verir ki, İsmayıllı inkişaf və tərəqqiyə start götürmüş, xoşbəxt bir gələcəyə üz tutmuşdur. Bu inkişaf kontekstində həyata baxışlarımız, cəmiyyətə münasibətimiz, mənəvi dünyamız da zənginləşir, müasirləşir.
Abad yer təmiz olmalıdır
Bütün bunlarla yanaşı hələ köhnə stereotiplərdən, keçmişdən miras qalmış bəzi hallardan, xoşa gəlməyən vərdişlərdən əl çəkə bilmirik. Bu şəhər, bu qəsəbə, bu kənd, bu küçə bizimdir, bizə məxsusdur anlayışı nədənsə hamımıza eyni dərəcədə çatmır.
Şəhərimizi, yaşadığımız küçəni təmiz saxlamaq, qorumaq anlayışını yaxşı dərk edə bilmirik. Bax, burada düşüncələrimiz çarpazlaşır və təəssüf hissi keçirməli oluruq. Sanki kiminsə yaşadığı küçəni, evinin ətrafını təmiz, sanitar qaydalarına uyğun saxlamaq hansısa təşkilatın borcudur. Orada yaşayan vətəndaşa aid deyil, ona məxsusluğu yoxdur.
Yay mövsümünün başlaması ilə şəhərimizə gələn qonaqların sayı da artmaqdadır. Günü-gündən inkişaf edən, yenidən qurulan şəhərimizlə tanış olmaq istəyənlər bura üz tuturlar. Lakin, yay mövsümünün başlamasının xeyirləri böyük olsa da, gediş-gəliş vaxtı natəmizlik yaradan insanların sayı çoxalır. Məlum məsələdir ki, bəziləri içdikləri suyun, yedikləri dondurmanın və istifadə etdikləri digər məhsulların qablarını, polietilen torbaları hara gəldi atmağa adət ediblər. Nə şəhərin təmizliyi veclərinədir, nə də öz sağlamlıqları. Öz sağlamlığını düşünməyən insan, təmizliyimi düşünəcək? Əlbəttə ki, yox.
İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və “İsmayıllı xəbərləri” qəzetinin birgə əməkdaşlığı ilə bu günlərdə aparılan reyd də bunu bir daha təsdiq etdi. Elə hallarla üzləşdik ki, deməyə adamın dili də gəlmir. Üzləşdiyimiz antisanitar halları qələmə aldıq, fotoya köçürdük.
Abad yer təmiz olmalıdır
Tanış olmaq istədiyimiz ilk yer şəhərin Əyriçay ərazisi oldu. Yolboyu xoşagəlməz qoxu sanki bizi izləyirdi. GEM-in direktoru Xanlar Qəmbərovun sözlərinə görə, Mübariz Orucov küçəsindəki evlərdən və əraziyə yaxın yerləşən yaşayış binalarından axan kanalizasiya suları Əyriçaya tökülür. Havanın quraqlıq keçməsi çayda suyun azalmasına səbəb olur. Bu da öz növbəsində xoşagəlməz, pis qoxunun daha da çoxalmasına gətirib çıxarır.
Təəssüflə qeyd edirik ki, infeksiya mənbəyi olan suda avtomobilini yuyanlara da rast gəldik. Bundan əlavə, şəhərin girəcəyində yerləşən yanacaqdoldurma məntəqəsinin ətrafı böyük zibilliyi xatırladırdı.
Həsən bəy Zərdabi küçəsində yerləşən, Ramin Niftalıyevə məxsus avtomobillərə texniki qulluq sexinin ətrafı müxtəlif cür tullantıların məskəninə çevrilib. Səbəbini soruşanda isə, R.Niftalıyev bildirdi ki, onda heç bir günah yoxdur.
Əziz oxucular, nəzərinizə çatdıraq ki, Kommunal Müəssisələri Kombinatı ilə müqavilə bağladığınız halda tullantılar təmizlənmirsə, narazılıq edə bilərsiniz. Əgər müqaviləniz yoxdursa, ayda kiçik məbləğdə xidmət haqqı vermək istəmirsinizsə, tullantılar yığılıb qalırsa, bu sizin öz günahınızdır.
Eyni küçədə yerləşən 3 nömrəli körpələr evi-uşaq bağçasının həyəti təmiz saxlanılsa da, ətrafındakı kanalda natəmizlik vardı. Həmin küçədəki ikimərtəbəli yaşayış binasının qarşısını isə böyürtkən kolları və yabanı bitkilər basmışdı.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun iştirakı ilə şəhid Cəlal Rüstəmovun xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksinin 13 sentyabr 2013-cü il tarixdə açılışı olmuşdu. Rəşid Mahmudovun adını daşıyan küçə də asfaltlanmış, ətraf təmizlənmişdi. İndi isə təmizlik əvvəlki kimi deyil. Burada xoşagəlməz qoxu var. Sakinlərin sözlərinə görə, artıq 7-8 aydır ki, su arxına yaxınlıqdakı 5 mərtəbəli yaşayış binasının kanalizasiya suları axıdılır, bu səbəblə də pis qoxu yaranır. Əvvəllər həmin kanalizasiya suları başqa yerə axıdılırmış.
Reyd boyunca Ərəstun Mahmudov, Kamal Qasımov, Cavad Məmmədov, Nəriman Nərimanov küçələri, Nizami küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının arxasında yerə atılan tullantıların yaratdığı zibilliklərin şahidi olduq. Maraqlı hadisələrlə də qarşılaşdıq. Axundov küçəsindəki üçmərtəbəli binanın altında yerləşən bərbərxana, internet klub və “Pleysteşn” oyun yerinin ətrafı tullantılar məskənidir. “Pleysteşn” oyun yerinin sahibi, Aqil adlı vətəndaş deyir ki: – Buranı təmiz saxlamaq məgər mənim borcumdur?
Öyrəndik ki, yerin sahibinin – Aqilin Kommunal Müəssisələri Kombinatı ilə müqaviləsi də yoxdur.
İsmayıllı Məişət Evinin arxası sanki Afrika cəngəlliklərini xatırladır. O qədər belə vəziyyətə alışmışıq ki, elə bilirik elə belə də olmalıdır. Halbuki, həmin ərazini təmizləyib oraya gül kolları da əkmək olar.
Təmizliyi hər birimiz gözləməli, sanitariya qaydalarına əməl etməliyik. Təəssüf doğuran haldır ki, insanlar nədənsə təmizlik qaydalarına əməl etmirlər. Əslində, etdiyimiz əməlin hansı fəsadlara yol açacağının fərqinə belə varmırıq. Statistik göstəricilərə görə zərərli tullantılar hər il 40 milyon ton artır. Bu isə o deməkdir ki, bəşəriyyət tullantılar üzündən 2035-ci ildə kosmosu itirə bilər. Həmçinin İngiltərə mətbuatının verdiyi məlumata görə, yerli alimlərin araşdırması xüsusilə gecə saatlarında zibillə dolu qabdan havaya öldürücü bakteriyaların sürətlə yayıldığını üzə çıxarıb. Sən demə, zibillə dolu qab 1 həftə boşaldılmazsa, artıq 2-ci həftədən başlayaraq, havaya 600 faizədək yeni mikroorqanizmlər yayılmağa başlayır.
Milli Məclisin “İstehsalat və məişət tullantıları haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliklərə görə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunur. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslərə 500 manat, hüquqi şəxslərə isə 1000 manat cərimə nəzərdə tutulub.
Xəstəliklərdən və cərimələrdən uzaq olmaq üçün təmizliyə riayət etməliyik. Yaponiya səfirliyinin dəstəyi ilə rayonun Quşencə kəndi ərazisində yerləşən məişət tullantılarının idarə olunması poliqonu da ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsinin möhkəmləndirilməsi məqsədi ilə tikilib.
Abad yer təmiz olmalıdır
Qəzetin ötən nömrəsində qanunsuz küçə ticarəti, xüsusilə toz-torpağın içərisində satılan yemiş, qarpızla bağlı məqalə getmişdi. Doğrudur, bir çox yerlərdə müvafiq tədbirlər görülüb və belə hallar aradan qaldırılıb. Lakin məsələ hələ də tam həllini tapmayıb. Reyd zamanı bir neçə yerdə küçə ticarəti ilə məşğul olan satıcılara rast gəldik. GEM-in sanitar həkimi Mayis Səlimov deyir ki, açıq şəkildə satılan qida məhsulları insan orqanizmi üçün təhlükələrə yol aça bilər. Sanitar həkimin sözlərinə görə açıq formada, yerə qoyularaq satılan qidalar hava yolu ilə keçən bütün xəstəliklərin mənbəyi ola bilər.
Yada salmaq yerinə düşər ki, qanunvericiliyə görə, küçə ticarəti ilə məşğul olmaqla bağlı inzibati xətaya görə 10 manatdan 30 manatadək miqdarda cərimə tətbiq edilir. Amma İnzibati Xətalar Məcəlləsinə edilən son əlavə və dəyişikliklərdə müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsinə görə həmin cərimənin məbləği 80 manat müəyyən olunub.
İsmayıllının ən böyük ticarət obyekti olan bazarda təəssüf ki, natəmizlik hökm sürür. Bazarın ət kəsimi yerlərində vəziyyət son dövrlər yaxşılaşsa da, ev quşları satılan yer haqqında bunları söyləmək mümkün deyil. Bu yerlərdə kəsilmiş toyuq başına da rast gəlmək olar. Bazarda olan yeməkxanaların hazırkı vəziyyətinə də toxunmaq istərdik. Yeməkxana sahibləri həm özlərinin, həm də orada çörək yeyən sakinlərin rahat və təmiz şəraitdə qidalanması üçün əlini cibinə salmaq istəmir. Ən azından təzə stəkan və süfrə almaq olar.
Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, reyd zamanı olduğumuz küçələrin adlarını tapmaqda çətinlik çəkdik. Çünki, çox az yerdə küçənin adı əks olunan lövhəyə rast gəldik.
Oturduğumuz evin, gəzdiyimiz küçənin təmiz olması üçün hər birimiz çalışmalıyıq.
Bütün müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, insanlar sanitar qaydalara əməl etməməklə sanki ölümünü yaxınlaşdırır. Biologiya terminini elmə ilk dəfə gətirən alim J.B.Lamarkın da dediyi kimi: “Sanki müasir insanın əsas məqsədi əvvəlcə yer kürəsini yararsız hala salmaq və nəhayət özünü məhv etməkdir”.

Reyddən sonra
İyulun 10-da İsmayıllıda Bakının Binəqədi rayonunda reallaşan “Təmiz Binəqədi” layihəsinə qoşulmaq təşəbbüslü toplantı keçirildi.
RİH-nin başçısı cənab Mirdaməd Sadıqov layihə barədə ətraflı məlumat verdi və günümüz üçün aktual olan təmizlik və sanitariya məsələləri barədə danışdı. “Təmiz İsmayıllı” layihəsinə ilkin hazırlıq işləri və layihənin icra mexanizmi barədə tapşırıqlar verdi.
Cənab başçı qeyd etdi ki, bu gün şəhərimizdə sanitariya-gigiyena məsələləri heç də ürəkaçan deyil, problemlər olduqca çoxdur. Biz layihəni reallaşdırmaqla həyat tərzimizi sanitariya tələblərinə uyğunlaşdırmalıyıq. İsmayıllı təmiz və sanitar tələblərə cavab verən bir məkana çevrilməlidir.
Təbliğat və təşviqat işləri, geniş maarifləndirmə tədbirləri aparmalıyıq. Şəhər bələdiyyəsi, icra nümayəndəliyi bu işdə daha fəal olmalıdır. ”İsmayıllı xəbərləri” təbliğat işlərini gücləndirməlidir. Məktəblərdə, mədəni-maarif müəssisələrində, gənclər arasında bu sahədə geniş iş aparılmalıdır.
Toplantıda RİH başçısının birinci müavini R.Ağayev, rayon YAP Qadınlar Şurasının sədri X.Qurbanova, İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı bələdiyyəsinin sədri F.Məmmədov, RH başçısının İsmayıllı şəhər İƏD-I üzrə nümayəndəsi M.Əhmədov və başqaları maraqlı təkliflərlə çıxış etdilər.
Murad Məhərrəmov,
Çinarə Bəhərçinli

Şərh Yaz