“Dağ çiçəkləri“

Suriya faciəsi

Suriyada üç ildir qəh-qəh çəkir faciə,
Efir hər gün nə qədər dəhşətli xəbər deyir.

Kafir adlandıraraq qırır dindaş dindaşı,
Müsəlman müsəlmana “öl” deyir, “gəbər” deyir.

Bağırır cəhənnəmin murdar zəbaniləri:
“Fürsətdir, bir cənnəti edək zir-zəbər” deyir.

“Ölkə qəbiristana çevrilsin başdan-başa,
Sağ qalanlar əbədi olsun dərbədər” deyir.
“Dağ çiçəkləri“

Suriya faciəsi

Suriyada üç ildir qəh-qəh çəkir faciə,
Efir hər gün nə qədər dəhşətli xəbər deyir.

Kafir adlandıraraq qırır dindaş dindaşı,
Müsəlman müsəlmana “öl” deyir, “gəbər” deyir.

Bağırır cəhənnəmin murdar zəbaniləri:
“Fürsətdir, bir cənnəti edək zir-zəbər” deyir.

“Ölkə qəbiristana çevrilsin başdan-başa,
Sağ qalanlar əbədi olsun dərbədər” deyir.

Axıb muzdlu qatillər gəlir Qərbdən, Şimaldan,
Meyitlərin iyinə “müşk” deyir, “ənbər” deyir.

“Öz evini məzara döndərək ərəb üçün,
Küçələrə cəsəddən döşəyək qənbər” deyir.

Tükləri biz-biz olur vahimədən dünyanın,
Öldürən də, ölən də “Allahu əkbər” deyir.

İblisi də mat qoyur insanın iblisliyi,
Avtomat atəşilə qatillər təkbir deyir.

Səbri qalmayıb, bağrı çatlayacaq Oqtayın,
“Allahım, kaş səndə də qalmasın səbir” deyir.
Oqtay İsmayıllı

Qismətim

Adı vardır, özü yox
Ürək açan izi yox.
Məni görən gözü yox,
Yox, yox, kordu qismətim.

Tab gətirdim əzaba
Oldum ağsaqqal, baba.
Gəzdirdi oba-oba
Məni yordu qismətim.

Nə çox məndən yan duran,
Mənə dərdi andıran.
Öz içimi yandıran
Közdü, qordu qismətim.

Hey istəyir aldada,
Məni üzdə, daldada.
Düz gördüyüm yolda da
Cələ, tordu qismətim.

Zərdən evim tikilsə,
Borclarım lap kiçilsə,
Bacamdan bal tökülsə,
Elə şordu qismətim.
Şahməmməd Dağlaroğlu

Torpağınıq

“Torpaq bizim deyil, biz torpağınıq” ifadəsinə

Dəyərli fikirdir, dəyərli, atam,
Necə də söylədin düz: “Torpağınıq”.
Ana, Vətən deyib qucmuşuq onu,
Qoymuşuq üstünə üz, torpağınıq.

Taxt-tac sahibləri hey zaman-zaman,
Torpaqçün töküblər bu dünyada qan.
Əliboş gediblər sonda dünyadan,
Almayıb bir ovuc toz; torpağınıq.

İnsan toxum, əkiləni torpaqdı,
Kəfən kimi büküləni torpaqdı.
Gözümüzə töküləni torpaqdı,
Ondan doymasa da göz, torpağınıq.

Namərddir yurd satan, torpaq dağıdan,
Bir fayda yox daha ahdan, ağıdan.
Almalıyıq biz də yurdu yağıdan,
Bəsdir çəkdiyimiz naz, torpağınıq.

Nazir Ziya, sən də qorxma qanından,
Torpağına can ayır ver canından.
Ömrümüzün əvvəlindən, sonundan,
“Torpaq bizim deyil, biz torpağınıq“

Yerindədir

Mən bilirəm, o sevgimiz dönməz heçə, yerindədir,
Hər saatı, dəqiqəsi, gündüz, gecə yerindədir.

Gəzdim görüş yerimizi, tapmadım heç birimizi,
O ağaclar, oturacaq, o bağ, küçə yerindədir.

Hər şey daha gözəl olub, xeyli baxdım fikrə dalıb,
Tək o günlər yoxdur, güllər neçə-neçə yerindədir.

Tək əlinə əlim dəydi, sonra bildim o da nəydi…
O saf, təmiz kənd uşağı – indi qoca, yerindədir.

Yada düşür xatirələr, tələbəlik, nələr, nələr…
Ehtiyac, göz yaşımızı içə-içə, yerindədir.

Sənin ömrün necə keçdi, biləmmədim daha gecdi,
Mənim ömrüm kasıblıqla keçə-keçə yerindədir.

Xəstəliklə zaman məni əyibsə də, döyübsə də,
Səni sevən tək ürəyim vardı necə yerindədir.
Nazir Ziya Talıstanlı

Gələrəm

Bir dəli sevdadı düşüb qəlbimə,
Ya məni sağ saxla, öldür, fərqi nə?!
Çarə tapılmasa bəyaz dərdimə,
Ağlasan gələrəm, ağlamasan yox .

Ömrümün əvvəli, sonunda varsan,
Pöhrədə ləçəksən, budaqda barsan,
Götürüb eşqimi hara aparsan,
Saxlasan gələrəm, saxlamasan yox.

Çevirib üzünü gedirsən yana,
Tapşırıb könlümü yanıq hicrana,
Uzadıb əlini təkcə gümana,
Yoxlasan gələrəm, yoxlamasan yox.

Aşiqəm, vurğunam, bilmirəm nəyəm?
Gərək bu həsrəti əynimə geyəm.
Durnası ötüşən nəğməli göyəm,
Oxlasan gələrəm, oxlamasan yox.

İtirib tapdığım eşqdi, vüqardı,
Dartıb köklərimi yerdən qopardı.
Məhəbbət çiçəkli, güllü bahardı,
Qoxlasan gələrəm, qoxlamasan yox.
Murad Məhərrəmov

A dünya

Bir sevdanın odu kimi doğuldum,
Haqqın özü, adı kimi doğuldum.
Məhəbbətin dadı kimi doğuldum,
Vəfasızsan, mən gedirəm, a dünya.

Nəğməsindən dönməsə də bulaqlar,
Payızında yarpaq saldı qovaqlar.
Gün görməmiş saç ağartdı uşaqlar,
Vəfasızsan, mən gedirəm, a dünya.

Əl uzatdı, əl vermədin çoxuna,
Çoxlarını buraxmadın yaxına.
Deyəcəyəm, lap qəlbinə toxuna,
Vəfasızsan, mən gedirəm, a dünya.

Pərvanətək fırlansam da başına,
Bir baxmadın gözlərimin yaşına.
Saldın məni ömrün soyuq qışına,
Vəfasızsan, mən gedirəm, a dünya.

Səni görən, səndən doymur, deyil sirr,
Sən hakimsən, qonaqların müqəssir.
Nə vermişdin aldın məndən birbəbir.
Vəfasızsan, mən gedirəm, a dünya!…
Hacıməmməd Məmmədov

Bilmədin

Dolaşdım dünyanı heyrət içində,
Çox vaxt tənha qaldım millət içində.
Yaşadım ömrümü zülmət içində,
Bir yol ildırımtək çaxa bilmədim.

Mən silə bilmədim gözümdən nəmi,
Yellərə sovruldu cavanlıq dəmi.
Suçum olmasa da, suçlular kimi
Kimsənin gözünə baxa bilmədim.

Yolum azıb qaldı dərd sırasında,
Neçə sızıltı var qəlb yarasında,
Üzüm ağ olsa da el arasında,
Özüm bir ağ günə çıxa bilmədim.

Tükəndi söhbətim, tükəndi sözüm,
Yüz olmadı birim, bir oldu yüzüm.
Namərd atan daşdan tutuldu gözüm,
Qaynar bulaq olub axa bilmədim.

Şeydayam, gəlmişəm bülbültək dilə,
Haraya gedirəm, bilmirəm hələ.
Tanrıdan gileyim olmasa belə,
Bəxtimin əlini sıxa bilmirəm.
Südabə Şeyda

Qalmadı

Kimi ömür sürdü doxsan il, yüz il,
Özündən sonra bir izi qalmadı.
Kimi də çalışdı, qurdu, yaratdı,
Heyif ki, dünyada özü qalmadı.

Güdməzdi kimsədən təmannasını,
Odur ki, el-oba tutdu yasını.
Bir mərd də dəyişdi tez dünyasını,
Yamanca sarsıtdı bizi, qalmadı.

Kimi də sərvətə uydu, alışdı,
İtirdi özünü, həddini aşdı.
Qardaş qardaş ilə elə dalaşdı
Gedib barışmağa üzü qalmadı.

A dostlar, əzəldən belədir həyat,
Bir evə yas düşüb, bir evə büsat.
Nə qədər ki, sağsan, Xəyal, yaz, yarat,
Qoy ellər deməsin, sözü qalmadı.
Xəyal Orucov,
Topçu kəndi

Damlalar

Narın yağış yağır sanki gizlicə,
Həzin bir musiqi çalır damlalar.
Süzülüb qəlbimə axır gör necə,
Məni min xəyala salır damlalar.

Dondan – dona girir ana təbiət,
Könlümə təb gəlir, qəlbə hərarət,
Gah çisginə dönür, gah da nəhayət,
Xırda gölməçələr olur damlalar.

Bəzən də bürüyür hər yanı duman,
Sanırsan kövrəlib ağlayır insan.
Gözlərim önündə canlanır bu an,
Açılmaz sirr kimi qalır damlalar.
Nailə Yırğançaylı

Olanda

At oynadır harın gədə,
“Cip”dən gileyli olanda.
Asi düşür kişilər də,
Cibdən gileyli olanda.

Bir aləmdir, gözəllik var,
Qoşa süzər cüt sonalar.
Göllərin suyu bulanar
Dibdən gileyli olanda.

Bu gözəldə oyuna bax,
Az qalır ki, soyuna, bax!
Geyimləri qalaq-qalaq
Dəbdən gileyli olanda.

Ürəyini üzsə qubar,
Çat düşəcək, qabar-qabar.
Dərdə necə dözmək olar,
Tabdan gileyli olanda?

Ümid olsun, ümid təki,
Duan ölçü, şükür çəki.
Düyünlərin çözülməz ki,
Rəbbdən gileyli olanda.

Sözlər boğazdan ötüşmür,
Misraları yada düşmür.
Şairin şeiri yetişmir,
Təbdən gileyli olanda.
Xatın

Kimi
Yenə də kəndimiz düşüb yadıma,
Gözəl günlər kimi, xoş anlar kimi.
Üz tutub gedirəm onu görməyə,
Həsrətdən saralıb solanlar kimi.

Dağların havasın çəkib canıma,
Gedirəm Lahıcdan Pirəqanıma,
Çevrilib baxıram dörd bir yanıma,
Neçə il qürbətdə olanlar kimi.

Atamın gəzdiyi yerdi bu yerlər,
Rəhmətlik babama pirdi bu yerlər,
Neçə mərd oğullar gördü bu yerlər,
Tarixdə iz qoyub qalanlar kimi.

Mulux, Cülyan, Daxar, Müdrüsə, Vaşa,
Müdriylə doğmatək verib baş-başa,
Nanıca çatanda gəlirsən coşa,
Sinəsi şairtək dolanlar kimi.

Salman seyr eylədi gələndən bəri,
Ona doğma olan gözəl yerləri,
İstəməyir dönsün, qayıtsın geri,
Meylini bu yurda salanlar kimi
Salman Mehdiyev

Fəxrlə çəkirik təmiz adını
(Mirzə dayının ölümünə)

Sən dərman deyirdin dağ havasına,
Birdənmi tükəndi dərmanın, həbin?
Hamını sevərdin doğma balantək
Bitməyən yol oldu ömür məktəbin.

Verdin ürəyini haqqa, zəhmətə,
Hamının gözündə oldun pir, uca.
Şirin arzuların vardı bar, bəhər,
Bəxtəvər bir ata, baba olunca.

Eli sevdiyindən, el səni sevdi,
Üzünə hər evdə qapı açdılar.
Çiçək balaların sənin adınla,
Qalxıb ucaldılar, ətir saçdılar.

Ölüm xəbərinə inanmaq ağır,
Olub and yerimiz məzarın indi.
Üzü soyuqsa da qara torpağın,
Səndən danışdıqca qəlbim isindi.

Səni şad görərdik, ruhun şad olsun,
Fəxrlə çəkirik təmiz adını.
Amma gedişinlə, ay Mirzə dayı,
Qırdın doğmaların qol-qanadını.
Şərqiyyə Balacanlı

Şərh Yaz