Bir kəndin yolu, inkişaf edə bilən sabahı


İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rəhbərliyi, rayonun əlaqədar idarələrinin nümayəndələrinin iştirakı ilə iyun ayının 21-də Zərnava kəndinin sakinləri ilə görüşdük.
May ayının 28-də güclü dolu, 29-da yağan leysan yağışdan sonra kənd yolunun bir hissəsinin sürüşməsi nəticəsində yaranan vəziyyətdən əziyyət çəkən sakinlər başçının keçilməz yollarla kəndə gəlməsini məsələnin tezliklə həllini tapacağı kimi dəyərləndirdilər.

Bir kəndin yolu, inkişaf edə bilən sabahı
Bir kəndin yolu, inkişaf edə bilən sabahı

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rəhbərliyi, rayonun əlaqədar idarələrinin nümayəndələrinin iştirakı ilə iyun ayının 21-də Zərnava kəndinin sakinləri ilə görüşdük.
May ayının 28-də güclü dolu, 29-da yağan leysan yağışdan sonra kənd yolunun bir hissəsinin sürüşməsi nəticəsində yaranan vəziyyətdən əziyyət çəkən sakinlər başçının keçilməz yollarla kəndə gəlməsini məsələnin tezliklə həllini tapacağı kimi dəyərləndirdilər.
Tədbirdə kəndin digər mövcud problemləri də səmimi söhbətin mövzusu oldu. RİH başçısı qaldırılan problemlərin həlli istiqamətində əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıqlar verdi.
Gözlənilməz çətinliklə üzləşən kənd sakinləri Sərdahardan Zərnavaya çəkilən alternativ yolda işlərin sürətləndirilməyini xahiş etdilər…
Bir kəndin yolu, inkişaf edə bilən sabahı
***
Zərnavaya bu kənddə doğulub, boya-başa çatmış Elman Ağayevin idarə etdiyi ”UAZ” markalı avtomobillə yollandıq. Avtomobilin texniki imkanları, sükan arxasında əyləşən dostumuzun ustalığından yoldan bir o qədər də narahatçılıq duymadıq. Yol boyu sürücünün verdiyi məlumatlardan Zərnava haqqında eşitdiklərimizi gözlərimizlə görürdük. Eşitdiklərimizlə gördüklərimizdə təəssüfləndirici hal Zərnava bağlarının, meşələrin əvvəlki şəklində qalmaması idi.
Torpaq sürüşməsi sanki davamı olan cümləyə üç nöqtə qoydu…
Avtomobillərdən düşüb, dik yoxuşa qalxan, keçilməsi çox da asan olmayan uçqun üzərindən salımmış cığırla bir kilometrə qədər yolu qət etdik. Qarşı tərəfdə bizi gözləyən yolun davamı və avtomobillər sanki həyatla əlaqəsi kəsilən varlıqlara çevrilmişdilər. Bu fikri ümumilikdə kəndin özünə, burada yaşayanlara da şamil etmək olar.
Kəndin girəcəyindən təmizlik, səliqə-sahman diqqətimizi cəlb etdi. Bələdçimiz vəziyyətin bugünkü görüşlə bağlı olmadığını bildirdi. Kənddə evi olan hər bir kəs bütün kəndi öz həyəti sayır. Həyətini də, həyət boyu küçəni də təmiz saxlayır. İlk baxışdan nəzərə çarpan təmizlik məhz bunun nəticəsidir. Bu cəhətdən Zərnava bir sıra kəndlərə nümunə ola bilər.
Bir kəndin yolu, inkişaf edə bilən sabahı
RİH başçısı Mirdaməd Sadıqovun kənd sakinləri ilə görüşə gələcəyi xəbərini alanlar məktəbin həyətinə toplaşmışdı. Görüş də elə burada keçdi.
RİH başçısının Zərnava İƏD-i üzrə nümayəndəsi Elvin Nuriyev Mirdaməd müəllimi, onunla bərabər bu gözəl məkana gələnləri salamladı. Kənd haqqında qısa məlumat verən bildirdi ki, kənddə 110 ev var. Qeydiyyatda olanların sayı 709 nəfərdir. Bunlardan 272 nəfəri qaib əhalidir. Bu rəqəmin çox qabarıq görünməsinin səbəbi kənd yerində gəlir gətirə biləcək iş yerlərinin olmamasıdır. Kənddə 150 ailə təsərrüfatı vardır. Kənd sakinlərinin 83 nəfəri pensiyaçıdır. Onlardan 12 nəfəri pensiyanı əlilliyə görə alır. Sevindiricidir ki, başqa kəndlərlə müqayisədə Zərnavada gənclər üstünlük təşkil edirlər. Bu, bizi çox ruhlandırır. Hazırda kənd orta məktəbində 110 nəfər şagird təhsil alır. Bir neçə il əvvəl bu rəqəm yüzdən aşağı idi.
İƏD-ə Zərnava, Sərdahar, Müşgəmir və Aşağı Zərnava kəndləri daxildir. Zərnava İsmayıllı rayonunun tarixində xüsusi yeri olan kəndlərdəndir və həm də öz uzunömürlüləri ilə tanınır. Sakinlərimiz arasında 100 yaşdan yuxarı olanı, 80-90 yaşında olan onlarca ağsaqqal və ağbirçəylərimiz var.
Zərnavalılar həmişə mərdlik və mübarizlikləri, vətənpərvərlikləri ilə seçilmişlər. Qarabağ uğrunda döyüşlərdə kəndin 5 yetirməsi şəhidlik zirvəsini tutub.
Zərnava kənd tam orta məktəbinin direktoru Vüqar Orucov çıxış üçün söz aldı və qeyd etdi ki, əsası siyasi memar, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycanın bütün sahələrində diqqəti cəlb edən inkişaf vardır. Ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin bölgələrə səfərləri, ictimaiyyətlə görüşləri, problemlərin yerində öyrənməsi və həlli praktikası dövlətin, prezidentimizin xalqa, seçicilərinə olan qayğısının parlaq nümunəsidir. Mirdaməd müəllimin Zərnavaya gəlişi yolun bir hissəsinin təbii fəlakət nəticəsində keçilməzliyə düşdüyü bir vaxta təsadüf etsə də, məhz bu məqsəddən irəli gələn bir gerçəklikdir.
Hörmətli Mirdaməd müəllim, Sizin Zərnava camaatı ilə bugünkü görüşünüz burada məskunlaşanlar üçün dövlətin, el ağsaqqalının qayğısını görmək və duymaq kimi, əvəzsiz bir sevincdir. Zərnavalılar bu görüşdən aldıqları xoş təəssüratları uzun illər unutmayacaqlar. Siz bu ucqar kəndə səfər etmiş ilk Əməkdar elm xadimi, icra başçısısınız. Rayonumuza başçı təyin olunduqdan sonra qısa müddət ərzində rayonda həyata keçirdiyiniz genişmiqyaslı tikinti-abadlıq işlərindən zərnavalılar da xəbərdardırlar və görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Azərbaycan Dövləti həm regionda, həm də dünyada böyük nüfuza malikdir. Xarici siyasətlə yanaşı Prezidentimiz ölkədaxili islahatlar aparır. Bu islahatlar bütün sahələri əhatə etməklə uğurla həyata keçirilir. Dövlət qayğısının və təhsil sahəsində aparılan islahatların nəticəsidir ki, Zərnava kimi ucqar kənddə şagirdlər müasir tələblərə uyğun təhsil alır.
Çıxışının sonunda məktəb direktoru RİH başçısı M.Sadıqova müasir tipli məktəb binasına ehtiyac olması ilə bağlı fikrini çatdırdı. Girdimanın daşdığı, kənd yolunun keçilməz, fövqəladə hala düşdüyü vaxtda kəndə gəlib sakinlərlə görüşdüyünə görə kənd camaatının, məktəbin müəllim və şagird kollektivi adından minnətdarlıq etdi.
Məktəb direktorunun çıxışından məlum oldu ki, son illərdə məktəbi bitirənlərdən ölkənin ali təhsil ocaqlarına daxil olanlar var. Qazanılan uğurlar hazırda təhsil alan məktəbliləri daha yaxşı oxumağa səfərbər edib.
Kənd haqqında açıqlanan məlumatlardan sonra RİH-nin başçısı M.Sadıqov çıxış etdi. O qeyd etdi ki, rayondakı bütün yaşayış məntəqələrində olmaq, burada yaşayanlarla görüşüb onları dinləmək, rayonda görüləcək vacib işləri müəyyənləşdirməkdə mühüm rol oynayır. Görüşlər zamanı illərlə həllini gözləyən problemlər gündəmə gətirilir. Fəaliyyətimizi həmin məsələlərin həllinə yönəltmək dövlətimizin və onun başçısı cənab İlham Əliyevin başlıca məqsədidir. Biz hamılıqla bu məqsədə xidmət edirik.
Zərnava kəndinin camaatı ilə görüşmək çoxdankı arzum idi. Bu gün sizinlə bərabər olmaqdan çox məmnunam. Lakin çox narahatam ki, sizinlə görüşüm təbiət tərəfindən sınağa çəkildiyiniz vaxta düşdü. Respublikanın aidiyyəti dövlət qurumlarına vəziyyətlə əlaqədar məruzələr olunub. Hər biriniz çox yaxşı bilirsiniz ki, cənab İlham Əliyev həmişə qürur və iftixar hissi ilə qeyd edir:
– Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm!
– Hazırkı vəziyyətdə respublikadakı mötəbər qurumların rəhbərləri Prezidentin söylədiyi bu fikrin istənilən anda yerini tuta bilməsinə çalışacaqlarına ümidvaram. Ümidvaram ki, sizi problem olaraq düşündürən məsələlərin həlli istiqamətində iş aparmaq tezliklə həm sizi, həm də bizi sevindirəcəkdir.
Belə olmazsa, kənddə humanitar fəlakət baş verə bilər. Evlərdə olan ərzaq ehtiyatının tükənməsi, kənddən on kilometrlərlə kənarda aparılan əkib-biçin işlərinin pozulması, təsərrüfatlarda bəslənən mal-qara, davarlar üçün qış yeminin vaxtında tədarük oluna bilməməsi kənd camaatını xoşagəlməz, arzuolunmaz çətinliklərlə üz-üzə qoya bilər.
RİH başçısı M.Sadıqov çıxışında zərnavalıların dövlət siyasətinə xidmət və sədaqətlərindən söz açdı. O, məktəbin imkan və nəticələri, kənd sakinləri üçün problem olan məsələlərlə maraqlandı. Məktəbdə neçə kompyuter olmasını öyrəndi və yeni dərs ilində şagirdlərin ixtiyarına daha 10 komryuterin veriləcəyini, burada elektron ATS-in qurulacağını bildirdi.
Kənd sakinləri adından çıxış edən ağsaqqal Şakir Adıgözəlov RİH başçısı M.Sadıqova zərnavalıların bu çətin günündə onlarla bərabər olmasına görə minnətdarlıq etdi. O bildirdi ki, bu kəndin sakinlərini zaman-zaman yalnız bir məsələ narahat etmişdir. O da Girdiman çayı üzərindən zərnavalıları bu sahildən o sahilə keçirə biləcək körpünün olmamasıdır. Zərnavalıların bundan böyük problemi, bundan üstün olan arzusu olmayıb. Amma baş vermiş təbii fəlakət göstərdi ki, illər uzunu istifadə olunan yol körpü qoyulacağı halda belə keçilməz vəziyyətə bilir.
Bir kəndin yolu, inkişaf edə bilən sabahı
Hazırda alternativ yol kimi, qonşu Sərdahar kəndindən Zərnavaya yol çəkilməsinə başlanmışdır. Yaranmış ekstremal vəziyyətdə görünür, bu daha düzgün seçimdir.
Zərnava kəndini coğrafi məkan kimi nəzərdən keçirdikdə, buranın yüksək turizm potensialına sahib olması amillərinə diqqət yetirmək çox önəmli məsələlərdən biridir. Heç bir körpü qurmadan, yolun torpaq sürüşməsinə məruz qalmayacağı yerdən – İsmayıllı-Lahıc yolunun Namazgah ərazisindən, Müşgəmir kəndinin yaxınlığından dağların döşü ilə Zərnavaya rahat və gözəl yol çəkmək mümkündür. Belə olduqda, hər il Lahıcı görmək arzusu ilə səfərə çıxan minlərlə turist çox güman ki, dağların qoynunda olan bu gözəl məkanı da görmək, qədim tarixə və mədəniyyətə malik bu yaşayış məskəninə də baş çəkmək arzusuna düşər. Bu da Zərnava kəndindəki işsizliyi, sabaha yönəlmiş ümidsizliyi aradan qaldırar. Sözsüz ki bu məsələdə zərnavalılarla yanaşı, yolları çox da rahat olmayan, təsərrüfatında yetişdirdiyi ət, yağ-süd, məhsullarına, meyvə-tərəvəzə, səfalı yaylaqlardan topladıqları dərman bitkilərinə bazar axtaran müşkəmirlilər də qazanacaqlar.
Zərnavalılar çox yurdsevərdirlər. Belə bir yol çəkilərsə, Azərbaycanın bir sıra şəhər və rayonlarında, hətta respublikadan kənarda yaşayan kənd yetirmələri də ata-baba torpağına qayıdar, burada kiçik bir evin belə sahibi olmağa can atar. Qısa bir yol böyük bir kəndin inamlı, inkişaf edə bilən sabahına dönər. Dövlətimizin gündən-günə inkişaf etdiyi, gücləndiyi bir vaxtda istəyimizin həqiqətə çevriləcəyinə çox ümidvarıq.
Ağsaqqalın sözünə qüvvət verənlər, Zərnava kimi gözəl bir məkanın körpüsüzlük və yolsuzluqdan diqqətdən kənar qaldığından danışdılar, başçıya bu səfərinə görə minnətdarlıq etdilər.
Ətraf mühitdən tədric olmalarını unutmuş kənd sakinlərinin üzündən görüşün sonunda bir rahatlıq, sevinc oxunurdu. Toplantı yerini tərk edənlərin hamısı icra başçısının Zərnava kəndinə rahat yol çəkiləcəyinə verdiyi ümidin tezliklə reallaşacağından danışırdı.
Çıxış edənlər kənddəki klubun, kitabxananın, RİH başçısının Zərnava İƏD-i üzrə nümayəndəliyinin, bələdiyyənin iş otaqlarının qəzalı binada olmasını, kənddə tibb məntəqəsinin, təbii qazın olmamasını, ünvanlı sosial yardım almaqda çətinliklərlə üzləşdiklərini də söz arasında dilə gətirdilər. Amma Zərnavada bu gün hamını ilk növbədə yol və körpü məsələsi narahat edir. Yol və körpü olsa, qalan çatışmazlıqlar öz həllini tez tapar.
Ş. Dağlaroğlu

Şərh Yaz