Qaçqınların, şəhid ailələrinin mənzil problemlərinin həlli ümdə məsələdir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etmək üçün.
Yurd həsrəti, doğma ocaq nisgili bu insanların qəlblərində hələ də göynəyən, sızıltısı kəsilməyən bir yaradır. Lakin ürəklərində həm də böyük bir ümid alovu yanır. Bu ümid onlarda ata-baba torpağına duyduqları həsrətin tezliklə sona çatacağına da qəti inam yaradır.

Qaçqınların, şəhid ailələrinin mənzil problemlərinin həlli ümdə məsələdir
Qaçqınların, şəhid ailələrinin mənzil problemlərinin həlli ümdə məsələdir


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etmək üçün.
Yurd həsrəti, doğma ocaq nisgili bu insanların qəlblərində hələ də göynəyən, sızıltısı kəsilməyən bir yaradır. Lakin ürəklərində həm də böyük bir ümid alovu yanır. Bu ümid onlarda ata-baba torpağına duyduqları həsrətin tezliklə sona çatacağına da qəti inam yaradır.

İndi ölkənin müxtəlif bölgələrində məskunlaşan yüz minlərlə qaçqın və məcburi köçkün doğma yurda böyük qayıdış gününü səbirsizliklə gözləyir. Çünki müasir Azərbaycanı artıq beynəlxalq hüququn ən güclü subyektlərindən birinə çevirməyi bacaran dövlət başçısı ölkənin ərazi bütövlüyünü də tezliklə bərpa edəcəyinə tam əmindirlər. Həmin dövlət isə ən dar günlərində belə onları yalnız buraxmayıb, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyondan çox soydaşımızın qayğıları, sosial problemləri də məhz dövlət tərəfindən həll olunub və olunmaqdadır. Bunu İsmayıllı rayonu ərazisində ötən ilin sonunda istifadəyə verilmiş 45 ailəlik qəsəbənin sakinlərindən olan Aydın Abdullayev də təsdiq edir. Onlara göstərilən dövlət qayğısından razılıq edən Aydın Abdullayev keçən zamanın məcburi köçkünlər üçün heç də asan olmadığını bildirir: “1993-cü il aprel ayının 11-dən İsmayıllı rayonunun Quşencə kəndindəki köhnə məktəb binasında məskunlaşmışdıq. Məktəbdə döşəmələr sökük idi, qış günü vəziyyət daha da ağır olurdu. O vaxtlar kənddə su da az idi, demək olar ki, çatışmırdı. Şəraitimiz çox pis idi, 6 nəfər insan bir göz sinif otağında yaşayırdıq. İndi şükürlər olsun ki, hər cür şəraitimiz var. Dövlətin diqqətindən çox məmnunuq. İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən bizə çox böyük dəstək göstərilir. Hansısa problemimiz olanda onun tez bir zamanda aradan qaldırılması üçün tədbirlər görülür. Yaşayış şəraitimizlə tanış olmaq üçün Rayon İcra Hakimiyyətinin nümayəndələri tez-tez bizə baş çəkirlər. İndi əsas istəyimiz tezliklə doğma torpaqlarımıza qayıtmaq, dədə ocağında çay içməkdir. İnşallah, torpaqlarımız tez bir zamanda geri qaytarılacaq. Biz də həsrətində olduğumuz öz ata-baba ocağımıza qayıda biləcəyik”.
Aydın Abdullayev mənzil-məişət şəraiti yaxşılaşdırılan, sosial problemləri həll olunan on minlərlə məcburi köçkündən biridir. Azərbaycanın iqtisadi qüdrəti artdıqca ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli də sürətlənir. Bunun nəticəsidir ki, sözügedən qəbildən olan insanlar üçün bütöv yaşayış məhəllələri, qəsəbələr salınır, onlar hər cür şəraitlə, infrastrukturla təmin edilir. Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin yüksək səviyyədə həlli ilə bağlı başlanan proseslər isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın üzləşdiyi humanitar fəlakətin miqyasını dünya ictimaiyyətinə çatdıran ulu öndər onların sosial problemlərinin həlli istiqamətində də konkret addımlar atdı. “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Növbəti ildə ölkə prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Bu tədbirlər qaçqın və məcburi köçkünlərin həm məşğulluq problemlərinin həllində, həm də həyat şəraitinin yüksəlməsində əhəmiyyətli rol oynadı. Bir faktı qeyd edək ki, 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırıldı. Daha sonra Biləsuvar, Füzuli və Ağdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 20 qəsəbə salındı və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edildi.
Qaçqınların, şəhid ailələrinin mənzil problemlərinin həlli ümdə məsələdir
2004-cü ildə isə Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin həmin ilin 1 iyul tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqrammı” təsdiq edildi. Proqramda əsas məqsədlərdən biri də qaçqın və məcburi köçkünlərin evlə təminatı idi. Məhz həmin proqrama müvafiq olaraq qaçqın və məcburi köçkünlər üçün ölkənin müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verildi və hazırda bu proses davam edir.
Məlumat üçün onu da bildirək ki, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış 1,6 milyard manat vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınıb. Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi, bir incəsənət məktəbi, bir mədəniyyət sarayı, 45 mədəniyyət mərkəzi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 2 Olimpiya-İdman Kompleksi tikilib. Həmin qəsəbələrdə 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkilib, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb. Beləliklə, indiyədək 40 min ailə və ya 180 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Doğma torpaqlara qayıdana qədər isə qaçqın və məcburi köçkünlərin hamısının mənzil-məişət probleminin həlli üçün konkret proqramlar hazırlanıb.
Qaçqınların, şəhid ailələrinin mənzil problemlərinin həlli ümdə məsələdir
Millət vəkili Fəzail Ağamalı da vurğulayır ki, ölkə rəhbərliyi tərəfindən qaçqın və məcburi köçkünlərin normal şəraitdə yaşaması üçün zəruri sayılan bütün tədbirlər görülməkdədir: “Artıq ölkədə bütün çadır şəhərcikləri ləğv olunub, orada yaşayan məcburi köçkünlər normal şəraiti olan mənzillərə köçürülüblər. Təbii ki, bunların hamısı müvəqqətidir, zamanı gələndə işğal altındakı torpaqlarımız düşmən tapdağından azad ediləcək və köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar. Hazırda Bakı şəhərində ayrı-ayrı yataqxanalarda yaşayan, heç bir şəraiti olmayan soydaşlarımızın da ən müasir tələblərə cavab verən yaşayış binalarına köçürülməsi davam edir”.
Elə İsmayıllı rayonu ərazisində məcburi köçkünlər üçün salınan qəsəbə də uzun müddət məktəblərdə yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin konkret təzahürüdür. Qəsəbə su, elektrik və qaz təchizatı ilə tam təmin edilib, yol-küçə şəbəkəsi, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılıb. Bundan başqa, ərazidə 96 yerlik məktəb binası və tibb məntəqəsi də tikilib. Hər bir ailəyə isə 12 sot həyətyanı torpaq sahəsi verilib. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev qəsəbəyə köçürülməzdən əvvəl məcburi köçkünlərin ağır məişət şəraitində yaşadığını deyir: “Məcburi köçkünlərin onlar üçün yeni tikilən qəsəbəyə köçmələrinin təmin edilməsi işində şəxsən iştirak etmişəm. Qubaxəlilli kəndində məktəb binasında məskunlaşan ailəyə baş çəkdik. Yaşadıqları şərait heç də ürəkaçan deyildi. İsmayıllı şəhərində yerləşən bağçada isə ər-arvad yaşayırdılar. Şəraiti gördükdə ürəyim ağrıdı. Onlara şad xəbəri şəxsən vermək istədim. Onlar yeni evə köçəcəkləri xəbərini alanda ikinci dəfə köçməyin həyəcanını yaşadıqlarını gözlərindən anlamaq mümkün idi. Dövlətimiz tərəfindən məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, bundan sonra onların tək ehtiyacı olan şey mənəvi və psixoloji dəstəkdir. Bu işdə isə hər bir vətəndaş könüllü olaraq iştirak etməlidir”.
Qəsəbədə tikilən gözəl və səliqəli məktəb binasının direktoru Zahid Namazov da görülən işlərdən razılıq edir. Onun sözlərinə görə, burada 45 ailənin rahatlığının təmin edilməsi üçün yüksək səviyyədə şərait yaradılıb: “Burada hər bir ailənin say tərkibi nəzərə alınaraq mənzillər verilib. 2 ailə 4 otaqlı, 22 ailə 3 otaqlı, 16 ailə 2, 5 ailə isə 1 otaqlı mənzillə təmin olunub. Qəsəbəmizə gördüyünüz kimi, yeni asfalt yol çəkilib, rayon mərkəzinə rahat gediş-gəlişi təmin etmək məqsədi ilə avtobus ayrılıb. Suya olan tələbatımızın ödənilməsi üçün 2 artezian quyusu qazılıb, bu da ehtiyacı ödəməyə tam imkan yaradır. Qəsəbənin işıq probleminin həll edilməsi üçün 631 kilovoltuq transformator quraşdırılıb, bunun nəticəsində müntəzəm olaraq elektriklə təmin olunuruq. Gördüyünüz kimi, qəsəbədə yeni məktəb binası inşa edilib, tibb məntəqəsi tikilib. Məntəqə bütün lazımı avadanlıqlarla təchiz edilib. Bizim üçün yaradılan şəraitdən məmnunuq. Dövlət də, Rayon İcra Hakimiyyəti də bütün problemimizə xüsusi həssaslıqla yanaşır».
O da təqdirəlayiq haldır ki, burada məcburi köçkünlərin digər sahələr üzrə də üzləşdiyi və ya üzləşə biləcəyi problemlərin həlli məqsədilə qabaqlayıcı tədbirlər görülür. Məsələn, bu il iyunun 11-də İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qəsəbədə xidmət təşkilatları və hüquq mühafizə orqanları rəhbərlərinin sakinlərlə görüşü keçirilib. Burada sakinləri maraqlandıran bütün məsələlərə aydınlıq gətirilib.
Məlumat üçün onu da qeyd edək ki, hazırda İsmayıllı rayonunda 864 ailədə birləşən 3 min 470 nəfər məcburi köçkün yaşayır. Onların əsas hissəsi Kəlbənd, Kürdmaşı, Qubaxəlilli, Qalınçaq, Quşencə, Tircan, Qoşakənd, Ruşan kəndləri və şəhər ərazisində müvəqqəti məskunlaşıblar. Bu insanların da üzləşdikləri problemlərin həlli istiqamətində konkret addımlar atılır. Məsələn, əhalisi əsasən məcburi köçkünlərdən və qaçqınlardan ibarət olan Qoşakənd kəndinə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu xətti ilə 25 kilometrdən, keçmiş Tircan ferması ərazisinə 2 kilometrdən içməli su xətti çəkilib. İnşası yarımçıq qalmış 13 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb. Kürdmaşı kəndində müvəqqəti məskunlaşmış 32 məcburi köçkün ailəsinin evinə qaz xətti çəkilib, ehtiyac olan yerlərdə təmir işləri aparılıb, güc transformatorları və nasoslar qoyulub. Bütün bunlar ölkənin hər yerində olduğu kimi, İsmayıllıda da məcburi köçkünlərə göstərilən yüksək diqqət və qayğının konkret təsdiqidir. Sosial problemləri həll edilən bu insanların əsas arzusu isə doğma yurd-yuvalarına qayıtmaqdır. Məhz o zaman ürəklərindəki qubara son qoyulacaq, məhz o zaman minlərlə şəhidin ruhu sakitlik tapacaq. Buna qədər isə qaçqın və məcburi köçkünlər, şəhid ailələrinə yenə dövlət tərəfindən hər cür diqqət və qayğı göstərilməsi davam edəcək.
Çinarə Bəhərçinli

Şərh Yaz