Ölüm sevinməsin qoy…

Deyirlər ki, torpağın üzü soyuqdur. O unutdurur. Ancaq unudulmaq torpağa tapşırılmaqla olsaydı, nə vardı ki?!
O qədər torpaq üstə gəzib sağlığındaca unudulanlar var ki!
Bəli, “gəlimli, gedimli, son ucu ölümlü dünya”nın (Dədə Qorqud) özünəməxsus dəyişilməz qanunları var: Bir gün yaranan başqa bir gün dünyasını dəyişir. Cismən dəyişir. Dəyişməyən isə insanın mənəvi ucalığı, başqalarına nümunə olan ləyaqət və davranışı, adı çəkiləndə böyük məhəbbət və ehtiramın ifadəsidir. Bir sözlə,… ”Ölü unudulmayıbsa, ölməzdir” (Cin filosofu Sao)

Ölüm sevinməsin qoy...Ölüm sevinməsin qoy…

Deyirlər ki, torpağın üzü soyuqdur. O unutdurur. Ancaq unudulmaq torpağa tapşırılmaqla olsaydı, nə vardı ki?!
O qədər torpaq üstə gəzib sağlığındaca unudulanlar var ki!
Bəli, “gəlimli, gedimli, son ucu ölümlü dünya”nın (Dədə Qorqud) özünəməxsus dəyişilməz qanunları var: Bir gün yaranan başqa bir gün dünyasını dəyişir. Cismən dəyişir. Dəyişməyən isə insanın mənəvi ucalığı, başqalarına nümunə olan ləyaqət və davranışı, adı çəkiləndə böyük məhəbbət və ehtiramın ifadəsidir. Bir sözlə,… ”Ölü unudulmayıbsa, ölməzdir” (Cin filosofu Sao)
Ölüm sevinməsin qoy...
Və nəhayət, Müqəddəs Peyğəmbərimiz Məhəmməd Rəsulullahın sirdaşı və İslamım böyük sərkərdəsi Həzrət Əli buyurmuşdu: “Mənə bir hərf öyrədənə qul olaram”. Dünya ağırlığı qədər məna tutumu daşıyan, günəş nuru kimi həqiqəti əks etdirən bu sözlərdə islamiyyətin elmin əsaslarını öyrədənə böyük məhəbbət və ehtiramın ifadəsidir.
Çox da uzağa yox, lap yaxın zaman kəsiyinə nəzər yetirdikdə ömrünü məşəl edib başqalarının yoluna nur ələyən, belə insanlar yada düşür. Onlardan biri də insanların hörmət və məhəbbətlə xatırladıqları, qısa həyatı olmasına baxmayaraq, insanlığa məxsus ən ülvi xüsusiyyətləri özündə əxz etdirən, ürəklərdə dərin xatirə buraxmış səmimi bir insan, hamının ehtiramla “Həkim müəllim” adlandırdıqları, əsl ziyalı olan Rüstəmov Əbdülhəkim Bəkir oğludur.
Ölüm sevinməsin qoy...
O , qısa, lakin mənalı ömür sürüb: 1929-cu il sentyabr ayının 14-də Mican kəndində anadan olub. 1934-1937-ci illərdə Mican kənd ibtidai məktəbində, 1937-1938-ci tədric ilindən isə İsmayıllı kənd orta məktəbində təhsil alıb. 1944-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1945-ci ildən 1946-cı ilin dekabr ayına kimi İsmayıllı XDS İK-nin katibi, 1947-ci ilin aprel ayından avqust ayına kimi yerli sənaye şöbəsində köməkçi mühasib, 1947-ci ilin sentyabrına kimi internat məktəbində mühasib vəzifəsində işləyib
Bütün bunlarla bərabər, ayağı yer tutandan kolxoz işində çalışan, ehtiyacın ağır girdablarında qalan (digər qardaşları müharibəyə getmişdilər) anasına kömək etmiş, ən çətin işlərin qulpundan yapışmışdı.
Lakin coşub-daşan enerjisi, qəlbində təhsilini davam etdirmək, yetişən nəsillə birbaşa təmasda olmaq arzusu onu bir an da rahat buraxmırdı. Eyni zamanda elmi-nəzəri hazırlığa, pedaqoji-metodik ustalığa yiyələnmədən dövrün yüksək tələblərinə cavab vermək mümkün deyildi. Elə bu yüksək mənəvi ehtiyacın çağırışı ilə 1950-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinə qəbul olundu. Xoşbəxt taleyindən razı idi. O vaxt universitetin çiçəklənmə dövrü idi. İstedadlı müəllimlərin səs-sorağı hər yerə yayılmışdı. Onlar sanki insanlıq etalonu kimi həyata gəlmişdilər. Bu xoşbəxtliyin qədrini bilmək, taleyin bəxş etdiyi bu fürsətdən yetərincə yararlanmaq, ali məqsədinə çatmaq – hərtərəfli bir mütəxəssis kimi yetişmək üçün daim öz üzərində çalışdı, gecəsini gündüzünə qatdı. Semestr imtahanlarından həmişə alnıaçıq, üzüağ çıxdı. Bu işgüzarlıq və iradə müəllimlərinin nəzərindən qaçmadı. Mir Cəlal Paşayevin və Həmid Araslının ən sevimli tələbələrindən oldu. Xüsusən, diplom işinin rəhbəri Həmid Araslı ilə əsl dostluğa çevrildi.
Beləcə, illər bir-birini qovdu. 1956-cı ildə universiteti müvəffəqiyyətlə bitirib, doğma rayona qayıtdı. Həmin ilin sentyabrından Hacıhətəmli orta məktəbində dil-ədəbiyyat müəllimi işləməyə başladı. Bilik və bacarığını, metodik hazırlığını görüb onu tədris işləri üzrə direktor müavini təyin etdilər. Qarşısına qoyduğu məqsəd ali idi: cəmiyyətin sabahkı sahiblərini mənəvi cəhətdən zəngin, ahəngdar şəxsiyyət, layiqli vətəndaşlar kimi yetişdirmək
Elə ilk gündən həm müəllim kollektivinin, həm də şagirdlərin dərin hörmətini qazandı. Dərslərində Azərbaycan ədəbiyyatının misilsiz məziyyətlərindən, Nizami, Nəsimi, Füzuli, Vaqif, Sabir, Vurğun kimi söz korifeylərindən danışmaqdan doymazdı
Valideynlərlə əlaqədə müəllimlərin metodik işinə rəhbərlik sahəsində zəngin təcrübə topladı. Şagirdlərlə sinifdənxaric işlərə xüsusi diqqət yetirdi. Beləliklə, Əbdülhəkim müəllim qısa müddətdə kənd sakinlərinin, məktəb kollektivinin sevimlisinə çevrildi.
Sonralar şəhər 1 nömrəli orta məktəbində, rayon qiyabi orta məktəbində, son dövrdə isə -1972-1981-ci illərdə şəhər 3 nömrəli orta məktəbində hərbi müəllim kimi çalışıb. Ömrünün və pedaqoji fəaliyyətinin çiçəkləndiyi bir vaxtda -1982-ci ilin aprel ayında vəfat edib.
Zəngin pedaqoji təcrübəyə malik, öz işinə məsuliyyət hissi ilə yanaşan, tələbkar, ciddi xarakterli müəllim, insanlardan kömək əlini əsirgəməyən qayğıkeş insan kimi el-obasının balalarının hərtərəfli inkişafına sevinir, özü də bu cərgədə addımladığı üçün fəxr edirdi. Məhz buna görədir ki, ölümündən illər keçsə də, işlədiyi kollektivlər, dərs dediyi saysız-hesabsız şagirdlər onun ali keyfiyyətlərdən, xeyirxahlığından, milli-mənəvi, əxlaqi dəyərlərimizə olan böyük məhəbbətindən ehtiramla söhbət açırlar. Və həmin qısa ömür yolunun əbəs yaşanmadığını, mənalı keçməsinə şəhadət verən başqa uğurlar da var: çoxsaylı təltiflər, Fəxri fərmanlar, təşəkkürnamələr.
Ömrünün 50 baharını yaşayan Əbdülhəkim müəllim həm də qayğıkeş ata idi. Beş övladına xüsusi nəvaziş göstərir, onların təlim-tərbiyəsinə xüsusi diqqət yetirirdi. Vaxtsız ölüm ondan yan keçməsə də, ailədə qoyduğu sağlam təməl öz bəhrəsini verdi. Həyat yoldaşı Səriyyə uşaqların hamısını cəmiyyət çün layiqli vətəndaş kimi yetişdirdi. Böyük oğlu Cəlal Qarabağ savaşının qəhrəmanıdır. İki körpə uşağını (biri 17 günlük idi) qoyaraq könüllü surətdə müharibəyə getmiş, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda igidliklə vuruşmuş və itkin düşmüşdür. Qalanları isə müxtəlif sahələrdə, atalarının adına layiq çalışıb hörmət qazanıblar.
Bu gün Ə.Rüstəmov cismən aramızda olmasa da, haqq dünyasına qovuşsa da, ruhən bizimlədir, sıralarımızda addımlayır. Sevimli şairimiz Səməd Vurğunun aşağıdakı misraları sanki onun da boyuna biçilib:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Rəna Mirzəliyeva

Şərh Yaz