Düşüncə tərzini dəyişməyin yolları

Hansı yaşda olmağımızdan asılı olmayaraq, hər birimizin həyatdan öyrəndiyi, sözün əsl mənasında ibrət dərsi aldığı məqamlar mütləq vardır. Mərifət öyrənməkdə, ya da öyrədəndə deyil, öyrənilənlərin həyatımızda nə dərəcədə tətbiq olunması ilə bilavasitə əlaqədardır. Həyatımızı olduğu kimi qəbul etmək, hər bir durumla razılaşmaq aldığımız dərsləri bir daha yaşamayacağıq demək deyildir. Başımıza eyni bir hadisə təkrar gəldikdə davranışımızı, ona münasibətimizi dəyişə biliriksə, demək, öyrənmiş sayılırıq. Amma bir çoxumuz bu dəfə fərqli olacaq deyə ümid edərik. Unutmamalıyıq ki, hadisələri fərqli edən bizim davranışlarımızdır. Davranışlarımız dəyişmədən həyatımızın dəyişməsini gözləyə bilmərik. Bu, birmənalı şəkildə belədir.Düşüncə tərzini dəyişməyin yolları

Hansı yaşda olmağımızdan asılı olmayaraq, hər birimizin həyatdan öyrəndiyi, sözün əsl mənasında ibrət dərsi aldığı məqamlar mütləq vardır. Mərifət öyrənməkdə, ya da öyrədəndə deyil, öyrənilənlərin həyatımızda nə dərəcədə tətbiq olunması ilə bilavasitə əlaqədardır. Həyatımızı olduğu kimi qəbul etmək, hər bir durumla razılaşmaq aldığımız dərsləri bir daha yaşamayacağıq demək deyildir. Başımıza eyni bir hadisə təkrar gəldikdə davranışımızı, ona münasibətimizi dəyişə biliriksə, demək, öyrənmiş sayılırıq. Amma bir çoxumuz bu dəfə fərqli olacaq deyə ümid edərik. Unutmamalıyıq ki, hadisələri fərqli edən bizim davranışlarımızdır. Davranışlarımız dəyişmədən həyatımızın dəyişməsini gözləyə bilmərik. Bu, birmənalı şəkildə belədir.
İnsanların çoxunu eyniliklər demək olar ki, bir çox məqamlarda izləyir. Hətta, bəzən həyatdan bezməyimiz, yaşamımızın mənasızlığının səbəbi qarşılaşdığımız hadisələrin eyniliyində və təkrarçılığındadır. Bizlər öz gücümüzdən qorxar, problemlərimizdən qaçmağa çalışarıq. Həyatı dəyişə bilmək potensialımıza inanmağı da istəmərik. Başımıza gələnlərdə başqalarını, içərisinə düşdüyümüz ətraf mühiti, bəxtimizin gətirməməyini dönə-dönə şüuraltında yerləşdirməmiz hər zaman bizlərə asan görünər. Ancaq bunun əksi olarsa necə? Məsələn, həyatda qazandığımız uğurlarımızı, rolumuzu böyük bir ruh yüksəkliyi ilə qəbul edər, hər kəsə qazandığımız “qalibiyyəti” dəfələrlə danışmağa çalışarıq. Ancaq yaşadığımız çətin hadisələrdə və problemlərdə bunu kiminsə bilməyini, xəbərdar olmağını istəmərik və hər vəchlə onun qarşısını almağa çalışarıq. Sadə misallarla nə demək istədiyimi çox rahat bir şəkildə anlayacaqsınız. Nümunə üçün, dişimizi fırçalamaz “şəkər çürütdü”deyərik. Dərsimizi öyrənməz “müəllimin mənə qarşı ədavəti var” deyərik, filmə aludə olub gec yatar “saat niyə belə tez çaldı” deyə əsəbiləşərik. Öz seçimlərimizlə həyatı yaşar, sonda həyat bizə nə verdi deyərik və ümidsizliyə qapılarıq.
Ancaq əslində məsələnin kökünə nəzər salsaq, davranışlarımızı idarə edən dünyagörüşümüzün olduğunun şahidi olarıq. Yeni həyatımızı dünyagörüşümüzlə yaşar, mənalandırar və idarə edərik. Özümüzü necə görsək, başqaları üçün də o olduğumuzu düşünərik. Hadisələri necə mənalandırsaq həqiqət bunu hesab edərik. Əslində reallıq obyektivdir, yəni neytraldır. Bu ilin 2014-cü il olduğu bir həqiqətdir, amma ilin yaxşı, ya da pis olacağı bizim düşüncələrimizin, bir sözlə, dünyagörüşümüzün məhsuludur. İyirmi yaşında doğru hesab etdiyimiz hansısa bir məsələnin otuz yaşında yanlış olduğunu çox rahatlıqla tapa bilərik. Bəyəndiyimiz birinə sonralar nifrət edə bilərik. Hadisələr bizim onlara verdiyimiz mənalar qədər təsiredici olmağa başlayar. Həyatımızdan şikayət ediriksə bu bizim dünyagörüşümüzdür. Seçimlərimizi dünyagörüşümüz müəyyən edər. Öz bacarıqlarımızı öz gözümüzdə kiçildib şikayət etməyi və qurban rolunda olmağı da seçə bilərik.
Milton Erikson iflic olmuş və həyatının uzun illərini yataq şəraitində keçirmiş bir insandır. O, sadəcə gözlərini hərəkət etdirə bilirdi. Ancaq həmin bu şəxs əlində qalan yeganə sağlam orqanı olan gözlərini bir fürsət olaraq dəyərləndirdi. İllərcə insanları izləməyə başladı, kənardan nəzarət etdi və onlar haqqında gördüklərini və düşündüklərini sistemləşdirərək toplum halına saldı. Onun bu cür kənardan müşahidələri ünsiyyət və bədən dili mövzusunda kəşflərinə səbəb oldu. Öyrənmə müddətində şüuraltının gücünü kəşf etdi. Özünə gəzməyi öyrətdi və mümkünsüz istəyin üzərinə o qədər cəsarətlə getdi ki, sonda bu, istəyinin reallaşması ilə nəticələndi. O, başına gələn bədbəxtliyinə “insan davranışı mövzusuna ən yaxşı müəllimim” adını verdi. Milton bir tale qurbanı olmağı seçmədi və dünyanın ən yaxşı davranış bilicisi və ünsiyyət mütəxəssisi kimi tanındı. Bəli, elə qeyd olunanlardan belə bir nəticəyə gəlmək mümkündür ki, insanlar hadisələrə verdikləri mənanın həyatın anlamı olduğunu bilmədən yaşayarlar. Bir insan düşüncədə nədirsə, davranışda da odur. Gözəl olduğuna inanmayan qadın ətrafdan söylənən xoş fikirlərə baxmayaraq, yenə də özünü bəyənməz. Bəzən elə insanlarla qarşılaşa bilərik ki, göstərilən diqqətə, rəftara, ona verilən dəyərə həmişə şübhə ilə yanaşar və yaxud da bunun əksi olaraq sui-istifadə edər. Arxasında başqa bir səbəb axtarar, aldadılacağına, tərk ediləcəyinə inanar, ya da insanlar mənə borcludurlar, mən “hamıdan üstünəm” kimi fikirləri özündə aşılayaraq ətrafdakıların inamından öz məqsədləri üçün istifadə edər. İnancların davranışlara təsir etdiyini və münasibəti sona gətirdiyini özü də düşünmədən, fərqinə varmadan gerçəkləşdirmiş olar. Ancaq öz yaşam məsuliyyətindən qaçıb başqalarını, hadisələri, başına gələnləri səbəb göstərər.
Heç, “Əgər həyatımı məhv edə bilirəmsə, demək ki, düzəldə də bilərəm” deyə düşündünüzmü? Heç, həyatınızın anlamını dəyişdirə biləcəyiniz hissinə qapıldınızmı? Qorxularınızın başınıza gələcəyinə əmin olduğunuz qədər arzularınıza da sahib olacağınızı düşündünüzmü? Başınıza gələn hadisələri təkrar-təkrar yaşamanızın səbəbi, onlara eyni reaksiyaları vermək olduğunu anladınızmı?
Gəlin, bu gün kiçik bir sınaq aparaq. Davranışlarımızın həyatımıza necə təsir etdiyini yoxlayaq. Səhər oyandığımız andan yatana qədər nə olursa olsun gülümsəyək. Hər kəsə və hər an, yalnız qalarkən belə… Kiçik bir dəyişikliyin necə fərqlər yaratdığını günün sonunda özünüz də fərqində olmadan hiss edəcəksiniz.
Onu da qəbul edərək unutmamalıyıq ki, düşüncə tərzinin dəyişdirilməsi uzunmüddətli bir prosesdir. Buraya həm ilk növbədə özünütərbiyə, həm də bu fikirlərin ətrafda aşılanması daxildir. İnsanımızın düşüncə tərzi eyni zamanda xalqın həyat fəlsəfəsi də sayıla bilər. Bu fəlsəfəni möhkəm təməllər üzərində ucaltmaq üçün səbrlə, çətinliklərə sinə gərərək çalışmağı özünə borc bilənlər isə konstruktiv düşünmək, yazmaq və bu şəkildə yaşamaqla başlaya bilərlər.
Qumru Abdullayeva,
şəhər 7 nömrəli tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz