Click here to move
İsmayıllı cüdoçuları uğurları artırır -

İsmayıllı cüdoçuları uğurları artırır


İsmayıllı Olimpiya-İdman Kompleksinin istifadəyə verildiyi ilk vaxtlarda burada bir neçə idman növü üzrə cəmi 4-5 qrup fəaliyyət göstərirdi. Artıq bölmələrin sayı 19-a, məşqlərdə iştirak edən yeniyetmə və gənclərin sayı 1500-ə çatıb. İsmayıllı gənclərinin böyük maraqla üz tutduğu idman növlərindən biri cüdodur. Bu güləş növü keçmişdə rayon gəncləri arasında populyar olmasa da, hazırda cüdo bölməsinin 200-dən çox üzvü var.

İsmayıllı cüdoçuları uğurları artırırİsmayıllı cüdoçuları uğurları artırır
İsmayıllı cüdoçuları uğurları artırır
İsmayıllı Olimpiya-İdman Kompleksinin istifadəyə verildiyi ilk vaxtlarda burada bir neçə idman növü üzrə cəmi 4-5 qrup fəaliyyət göstərirdi. Artıq bölmələrin sayı 19-a, məşqlərdə iştirak edən yeniyetmə və gənclərin sayı 1500-ə çatıb. İsmayıllı gənclərinin böyük maraqla üz tutduğu idman növlərindən biri cüdodur. Bu güləş növü keçmişdə rayon gəncləri arasında populyar olmasa da, hazırda cüdo bölməsinin 200-dən çox üzvü var.
Maraqlıdır ki, onların 70-ə yaxını qızdır. Əvvəllər məşqə gələnlər İsmayıllı şəhərini və şəhərə yaxın Topçu, Diyallı, Quşencə, Qaraqaya kəndlərini təmsil edirdilərsə, indi onun əhatə dairəsi bir az da genişlənib. Kompleksin direktoru Tofiq Hümbətov söhbət zamanı bildirdi ki, məsafə baxımından uşaqların gediş-gəlişi çətin olan Qalacıq, Hacıhətəmli kəndlərinə, İvanovka kəndlərinə məşqçilər həftədə 3 dəfə ezam olunur, məktəblərin idman zallarında gənclərə cüdonun sirləri öyrədilir. Gələcəkdə Lahıc qəsəbəsində də idman zalının açılması nəzərdə tutulub.
Cüdo bölməsinin baş məşqçisi Əkbər Şəfaqətovdur. Onunla birlikdə güləşçi-məşqçi Fəridə Qurbanova, Nurlan Salamzadə, Rəşad Baxşəliyev gənc cüdoçuların uğur qazanmaları üçün çalışırlar. Həftədə 4 dəfə keçirilən məşqlərdə hər bir yeniyetmə, gənc çalışır ki, məşqçilərdən daha çox öyrənsinlər.
Məşqlərin birində biz də iştirak etdik. Güləş zalında İsmayıllı Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehovla görüşməyimiz də yerinə düşdü. Gənclərin hazırlıq səviyyəsinin artırılması, arzu və təklifləri ilə müntəzəm maraqlandıqlarını qeyd edən T.Salehov dövlətin bölgələrdə idmana göstərdiyi qayğıdan razılıqla danışdı: “Bu qayğı gənclərin idmana marağını daha da artırır. Ölkəmiz müharibə şəraitindədir. Odur ki, gənclərimizin mərd, cəsur və qorxmaz böyüməsi, əsl vətənpərvər kimi yetişməsi çox vacibdir. Bu işdə idmanın rolu əvəzsizdir. Rayon rəhbərliyi də bu sahə ilə daim maraqlanır, qayğısını əsirgəmir”.
Cüdo bölməsinin rəhbəri Əkbər Şəfaqətov 2013-cü ildə Əməkdar məşqçi adına layiq görülüb. Əkbər müəllim yetirmələrindən fəxrlə danışdı, onların daha yüksək göstəricilərə nail olacaqlarına inandığını bildirdi. Cüdo bölməsinin üzvlərindən Fəridə Qurbanova Bakıda keçirilən beynəlxalq Qran- pri turnirində gümüş medal qazanıb. Ülvi Kamilli, Günel Həsənli, Elnur Əkbərli, Gülnar Tarverdiyeva, Vüsalə Dəmirova öz çəki dərəcələrində ölkə miqyaslı turnirlərin qalibləri və mükafatçıları sırasında olublar. Aysel Osmanlı 2006-cı ildə 44 kq. çəki dərəcəsində yeniyetmə qızlar arasında ölkə çempionu adını qazanıb.
2012-ci ildə milli komandanın tərkibində Polşada keçirilən dünya kuboku yarışlarının iştirakçısı olan Bəhram Zərbiyev ötən il 23 yaşadək gənclər arasında Azərbaycan çempionatının gümüş mükafatına layiq görülüb.
2010-cu ildə bölmənin oğlanları respublika spartakiadasının zona yarışlarında I, finalında isə III yeri tutublar. Bölmənin 13 nəfərdən ibarət qızlar komandası isə həmin spartakiadanın qalibi olub.
2013-cü ildə yeniyetmələr arasında Azərbaycan çempionatında Vüsalə Dəmirova (52 kq) I yeri, Fərid Səməndərli (66 kq) III yeri, Aytac Həmidli (44 kq) II yeri və Aygün Həsənli (52 kq) III yeri qazanıblar.
78 kq çəkidə yarışan Günel Həsənli isə bu ilin fevral ayında 21 yaşadək idmançılar arasında ölkə çempionatında birinci yeri tutub.
Kompleksin direktoru Tofiq Hümbətov onu da qeyd etdi ki, milli komanda üzvlərinin Olimpiya oyunlarına, dünya çempionatına hazırlıq üçün İsmayıllı Olimpiya İdman Kompleksini seçmələri yerli cüdoçuların inkişafına müsbət təsir edir. Elnur Məmmədli, Mövlud Mirəliyev, Kifayət Qasımova kimi tanınmış idmançıların İsmayıllı çüdoçularına “ustad dərsi” keçmələrinin də əhəmiyyəti böyük olub.
Dünya Cüdo Federasiyası İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nikolos Betnerlə görüş, onun verdiyi məsləhətlər isə həm də unudulmaz xatirəyə dönüb.
Əməkdar məşqçi Əkbər Şəfaqətov Ülvi Kamilli, Babək Şahalıyev, Vüsalə Dəmirova, Ümid Ağamirov və Ramal Vahabov kimi gənc cüdoçulara Olimpiya ümidləri kimi baxır.
Deyirlər, böyük hədəflər böyük arzulardan başlanır. Arzu ilə əməl birləşəndə isə böyük hədəflər də əlçatan olur.
Telman Nəzərli,
“Azərbaycan” 21 iyun 2014-cü il

Şərh Yaz