Yaddas kitabcasi

Minnətdarlıq

Sizə məlum olduğu kimi, 2014-cü il may ayının 7-dən 14-dək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə 5 mərhələdən ibarət olan “TOUR D`AZERBAIDJAN” beynəlxalq velosiped turu keçirilmişdir.İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!
Sizə məlum olduğu kimi, 2014-cü il may ayının 7-dən 14-dək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə 5 mərhələdən ibarət olan “TOUR D`AZERBAIDJAN” beynəlxalq velosiped turu keçirilmişdir.
Veloturda 23 ölkədən, o cümlədən ABŞ, İtaliya, Fransa, Böyük Britaniya, Çin, Türkiyə, Rusiya, Polşa, Avstriya, Niderland, İsveçrə, İspaniya, Lüksemburq, Rumıniya, Belçika, Avstraliya, Yaponiya, Cənubi Afrika Respublikası, Ukrayna, Qazaxıstan, Latviya, Sloveniya və Almaniyadan 500 nəfərdən çox iştirakçı və fəxri qonaq, o cümlədən Beynəlxalq Velosipedçilər İttifaqının və Avropa Velosiped Federasiyasının rəhbər vəzifəli şəxsləri, dünyanın tanınmış velosipedçiləri iştirak etmişdir. Ölkəmizi veloyürüşdə, ötən il yaradılmasına baxmayaraq, qısa müddət ərzində bir sıra beynəlxalq uğurlar əldə etmiş “Synergy Baku” komandası təmsil etmişdir.
Velosiped turu may ayının 7-də paytaxtımızın Bayraq Meydanında start götürmüş, Qızıldaş və Müşfiqabad qəsəbələrindən keçməklə Sumqayıt şəhərinə kimi davam edərək bu şəhərdə 4 dövrə vurmaqla Sumqayıt Şəhər İcra Hakimiyyətinin binası qarşısındakı Bayraq Meydanında başa çatmışdır (152 kilometr).
Turun ikinci mərhələsi may ayının 8-də Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz ərazidəki Velosiped parkından start götürərək “Bakı-Abşeron-Qobustan-Şamaxı-Ağsu-İsmayıllı” marşrutu üzrə keçirilmişdir (186 kilometr).
Üçüncü mərhələ mayın 9-da “Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ” (180 kilometr), dördüncü mərhələ mayın 10-da “Qəbələ-İsmayıllı-Ağsu-Şamaxı-(Pirqulu)” (116 kilometr) marşrutları üzrə təşkil olunmuşdur.
Beşinci – sonuncu mərhələdə isə velosipedçilər mayın 11-də Azadlıq meydanından start götürərək “Nobel prospekti-Zığ şossesi- Qala-Şüvəlan-Buzovna-Zuğulba-Nardaran-Zuğulba-Buzovna-Heydər Əliyev prospekti-Azadlıq meydanı” marşrutu üzrə hərəkət etmiş və daha sonra paytaxtımızın mərkəzi küçələri ilə 6 dəfə dövrə vurmaqla Azadlıq meydanında finiş xəttini keçmişlər (202 kilometr). 2015-ci ilin Avropa Oyunlarında iştirak edəcək velosipedçilərin də təxminən veloyürüşün bu mərhələsinin marşrutu üzrə hərəkət edəcəkləri nəzərdə tutulduğundan Avropa Oyunlarının təşkilat komitəsi ilə razılaşdırılmış bu marşrut həm də həmin oyunlara hazırlıq xarakteri daşımışdır.
Velotur yerli və xarici kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış, o cümlədən, Eurosport televiziya kanalında hər mərhələnin yekunları ilə bağlı yarım saatlıq reportajlar efirə verilmiş, sonuncu – 5-ci mərhələnin son bir saat yarımlıq hissəsi isə həm Eurosport, həm də İdman-Azərbaycan telekanallarında canlı olaraq yayımlanmışdır. Bundan əlavə, əldə olunmuş razılaşmaya əsasən xüsusi olaraq hazırlanmış reklam çarxı təsdiq edilmiş qrafik üzrə aprel-may aylarında Eurosport, Euronews və yerli televiziya kanallarında nümayiş edilmişdir.
Veloturdan hazırlanmış video və digər materiallar www.turdeazerbaidjan.com saytında və bir sıra beynəlxalq saytlarda yerləşdirilmişdir.
“TOUR D`AZERBAIDJAN”ın təşkili ilə bağlı işlər həm yerli, həm də əcnəbi mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilmiş, Avropa Velosiped Federasiyasının prezidenti cənab David Lepartien Azərbaycan Velosiped İdmanı Federasiyasına təbrik məktubu ünvanlayaraq yarışın yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulamışdır.
Hörmətli Mirdaməd müəllim!
“TOUR D`AZERBAIDJAN” beynəlxalq velosiped turunun keçirilməsində göstərilən köməkliyə görə şəxsən Sizə və rəhbərlik etdiyiniz qurumun kollektivinə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə:
Fazil Məmmədov,
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti, vergilər naziri

Şərh Yaz