Yaxşıları sevər Allah

Ağaələkbər Ələkbərov unudulmaz müəllim olub. O, tarixi təkcə öyrətməyib, tarix fənnini şagirdlərə sevdirib. Elə bu səbəbdən şagirdlər onun xətrini çox istəyiblər. “Tarixi Ağaələkbər müəllimdən öyrənmişdir” – sözü hələ onun sağlığında yüksək ballı qiymətə çevrilmişdi. Mən özüm tarixçi olmasam da, bir çox yüksək insani keyfiyyəti, əsl ziyalılıq prinsiplərini R.Novruzov (keçmiş Kamal Qasımov) adına Basqal qəsəbə orta məktəbinin tarix müəllimi olmuş, mənim kimi gənclərə əsl ağsaqqallıq etmiş Ağaələkbər Ələkbərovdan öyrənmişəm.
Yaxşıları sevər AllahYaxşıları sevər Allah
Yaxşıları sevər Allah
Ağaələkbər Ələkbərov unudulmaz müəllim olub. O, tarixi təkcə öyrətməyib, tarix fənnini şagirdlərə sevdirib. Elə bu səbəbdən şagirdlər onun xətrini çox istəyiblər. “Tarixi Ağaələkbər müəllimdən öyrənmişdir” – sözü hələ onun sağlığında yüksək ballı qiymətə çevrilmişdi. Mən özüm tarixçi olmasam da, bir çox yüksək insani keyfiyyəti, əsl ziyalılıq prinsiplərini R.Novruzov (keçmiş Kamal Qasımov) adına Basqal qəsəbə orta məktəbinin tarix müəllimi olmuş, mənim kimi gənclərə əsl ağsaqqallıq etmiş Ağaələkbər Ələkbərovdan öyrənmişəm.

Yaxşı bir insan haqqında danışmaq istəyirəm. O, pedaqoq idi, böyük pedaqoq idi, amma qətiyyətlə deyərdi ki, müəllim, pedaqoq olmaq asandır, adam olmaq çətin. Söhbət yaxşı pedaqoqdan, yaxşı adamdan gedir. O, “pedaqoq, müəllim olmaq asandır”, – deməklə heç də bu peşəni kiçiltmir, adam olmağın necə ali keyfiyyət olduğunu nəzərə çatdırmaq üçün onu müəllimlikdən uca tuturdu. Təkrar edirəm, o özü böyük pedaqoq idi, bütün kənddə, hətta İsmayıllı rayonunda nüfuz sahibi idi…
O bizdən xeyli böyük idi, hətta atamla bir dövrdə oxusa da, ondan da yaşca böyük idi. “Biz” – dedikdə mən yaşıdlarımı, Basqal uşaqlarını nəzərdə tuturam. Ataların bir sözü var: “Allahsız yerdə otur, böyüksüz yerdə oturma”. Bizlərdə, yəni Basqalda “böyük” ağsaqqala deyirlər və hər saqqalı ağ olanı da ağsaqqal adlandırmırlar. Ağsaqqallıq diplomla müəyyən olunmur, kiminsə, kimlərinsə verdiyi mükafat da deyil, pulla, var-dövlətlə ölçülmür. Ağsaqqallığı nə Ali Məclis müəyyən edir, nə də ali fərman. İnsan gərək el gözündə ağsaqqal ola. Ağaələkbər Məşədi Ağababa oğlu da el gözündə ağsaqqal idi. Onun hər sözü ürəklərdə qızıla tutulur, beyinlərə qızıl suyu ilə yazılırdı.
Yaxşıları sevər Allah
Mən belə yaxşı bir insan haqqında danışmaq istəyirəm. O, bənzərsiz yaxşı idi. Əslində biz – Basqal uşaqları yaxşı-yaman görməmiş deyildik. Nifrət eləməyi də, xoşlamağı da bacarırdıq.
Cəm halında ona görə danışıram ki, o vaxtlar Basqalda yaxşılığa sərhəd yox idi. Yaman onsuz da maskalanır, yaxşıların kölgəsində sürünürdü, qara divarlar arasında gizlənirdi. Yaxşılıq isə, İsitmə bağları kimi, bir dünya idi, əsl nağıl dünyası. Artıq o bağlara hündür hasarlar çəkiblər, elə hündür ki, dırmaşmaq da olmur. O vaxtlar isə yaxşı adamların ürəkləri kimi, hamı bir-birini görürdü, hamı bir-birini salamlayırdı.
Belə məşhur bir söz var: “Gözəl görünər, çirkin bürünər”. Basqaldakı həmin bağlar bu mənada da ayrı-seçkilik tanımırdı. Mən yadıma sala bilmirəm ki, kimsə bağda ənlik-kirşan yaxsın, qalstuk bağlayıb, ütülənmiş kostyumda, təzəcə vakslanmış tuflidə gəzsin. Bağ mövsümündə təbiət də bir müəllimə çevrilir, insanlara gözəlliyin tacı olan sadəlik dərsi keçirdi, nəciblik dərsi keçirdi. O vaxt nüfuzlu pedaqoq, kəndin bütün xeyir-yas mərasimlərinin təçkilatçısı olan Ağaələkbər Ələkbərov da məktəbdən evə dönən kimi birinci yaxasını açır, evə çatandan beş dəqiqə sonra hamı onu adi, rahat, bir az da nimdaş paltarda Şirvanın vaxtilə ən böyük bazarlarından biri olan Basqal bazarının düz ortasında, meydanda görərdi. O elə bu qiyafədə də xətrini çox istədiyi kənd ağsaqqallarının qonağı olur, gərgin iş yorğunluğunun olan-qalan hissəsini də yaxşı dost-aşna ilə söhbətləşməkdə görürdü.
Yaxşıları sevər Allah
Biz uşaqlar da pioner düşərgəsinə getmədiyimiz halda iki-bir, üç-bir bazar meydanına gəlib, bir yandan böyüklərin söhbətinə qulaq asırdıq.
A.Ələkbərov adi söhbətində də müəllim-tərbiyəçi idi. Onda çox yapışıqlı bir bəlağət var idi. O, danışanda vacib sözü olan da susurdu. Elə diqqətlə qulaq kəsilirdilər ki, sanki eşitdiklərindən imtahan verəcəkdilər. Ağaələkbər müəllimdə ilahi bir pedaqoqluq məharəti var idi. O, bizi kənarda duran görəndə qayğı ilə çağırır, şirin dillə dindirib kefimizi soruşurdu. Onun hər sözü bizə bir əfsanəvi aləm bağışlayır, onsuz da işıqlı olan ürəyimiz bir az da işıqlanırdı.
İndi ola bilsin ki, binaların böyüklüyü var, o vaxtlar Ağaələkbər Ələkbərov kimi nəcib insanların böyüklüyü var idi. O, deyirdi ki, Allah-Təala insanı öyrənmək üçün yaradıb. İnsan doğulan gündən səsləri, rəngləri öyrənir, sifətləri tanıyır, xeyiri, şəri bir-birindən ayırmağı öyrənir. Bütün həyat insan üçün məktəbdir. Belə olmasa, ömür çox cansıxıcı olar. Son dərəcə müdrik kişi olan Ağaələkbər Ələkbərovdan çox hikmətləri hafizəmə yazmışam. Ən müşkül suallarımın cavabını onun sözlərində tapmışam. O, “eşit” demirdi, amma eşitdirirdi. Elə bu səbəbdən də mən A.Ələkbərovu özümə müəllim saymışam. Və fəxr edirəm ki, Ağaələkbər Ələkbərov kimi müdrik həyat müəllimim olub. Burada Şərqin dahi filosofu Cəlaləddin Rumi Mövlananın müdrik fikri yadıma düşür: “Şam olmaq asan deyil. İşıq saçmaq üçün yanmaq gərəkdir”.

Mənim ilk müəllimim Ağaələkbər Ələkbərov olub

İlk həmsöhbətim mərhum Ağaələkbər Ələkbərovun doğma oğlu, İsmayıllı rayonundakı E.Məmmədov adına 3 saylı tam orta məktəbinin direktoru Əhmədağa Ələkbərov oldu. Onun sözlərinə görə, Ağaələkbər müəllim özündən sonra böyük irs qoyub gedib. Onun həyatı bir çox insan üçün nümunə olub. Bütün həyatı boyu atasının sözündən çıxmadığını bildirən Əhmədağa müəllim atasının onun həyatında çox böyük rolunun olduğunu qeyd etdi:
“Mənim həyatda ilk müəllimim Ağaələkbər Ələkbərov olub”. O, anadangəlmə müəllim idi. Bunu atam olduğuna görə demirəm. Ümumiyyətlə, o anadan ziyalı doğulmuşdu. Atam fitri istedada malik insan idi. O, əsl müəllim idi. Məktəbdə öyrəndiklərimdən əlavə evə gəldikdən sonra axşam mənə öyrədirdi. Onun sayəsində mən məktəbə gedəndə 1-ci sinfə tam hazır idim. Sonralar mənim dərslərimə nəzarət etməyə başladı. Mənim kimyaçı olmağımda da onun böyük rolu olub. Onun təkidi ilə mən də Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsinə qəbul olundum. Onun vaxtilə mənə öyrətdiklərini, verdiyi nəsihətlərin, tövsiyyə və məsləhətlərin hesabına mənim də tələbəliyim asan, rəvan keçdi. Professorlar biləndə ki, mən ziyalı ailəsində böyümüşəm, adi kənd müəlliminin övladıyam, mənə rəğbətlə, hörmətlə yanaşır, köməklik göstərməyə çalışırdılar.
O, yaradıcı insan idi. Mən onun həyatını bayramlarda yandırılan çılçırağa bənzədirəm. Nəyə görə çılçırağa? Çünki onun fiziki potensialı 100 il yaşamağa çatardı. Amma o bu potensialını həyatda dəlicəsinə istismar edirdi və onun həyatı çılçıraq kimi tez qurtardı. Hərdən ona “bu qədər işləmək olmaz, özünü bu qədər yorma” – deyirdim. Amma onun fikrində ancaq işləmək vardı. Heç istirahətə də getmirdi. Ona istirahət dedikdə, ancaq “işlərim yarımçıq qalır, məktəbdə işim var” sözlərini deyirdi. Elə bil əvvəlcədən hiss edirdi ki, hansısa məqamda işləri yarımçıq qalacaq. Onun ən böyük arzusu Azərbaycan tarixini dərindən öyrətmək və öyrənmək, yeniyetmə və gəncləri bu istiqamətdə gələcəyə hazırlamaq idi. Təəssüf ki, bu arzusunu reallaşdıra bilmədi. Çünki o, dünyasını dəyişəndə ölkəmiz hələ müstəqillik əldə atməmiş, Azərbaycan indiki Azərbaycan deyildi. Bizim üçün təsəlli odur ki, atamız özündən sonra böyük bir məktəb qoyub getdi. Onun özünəməxsus mənəvi məktəbi var idi. Ağaələkbər müəllimin dünyasını dəyişməsilə kimlərsə öz dostunu, kimlərsə sirdaşını, kimlərsə yaxın məsləhətçisini, kimlərsə tanışını, kimlərsə yaxın insanını itirdi. Amma mən atamın dünyasını dəyişməsi ilə hər şeyimi itirdim. Onun ölüm anları mənə əcəl fəlsəfəsini başa saldı. Mən onu itirməklə əcəli dərk etdim. Və bu itkini, bu dərdi aradan qaldırmaq mənim üçün çox çətin olacaq.

Əkbər müəllim yüksək təşkilatçılıq qabiliyyətinə malik insan idi

Ağaələkbər Ələkbərovun vəfatından təsirlənən şəxslərdən biri də məktəbin rus dili müəllimi olmuş, nəinki Basqalın, hətta respublikanın tanınmış ziyalısı Miryavər Hüseynovdur. Eyni məktəbdə uzun müddət çiyin-çiyinə çalışmış M.Hüseynov üçün Ağaələkbər müəllimin yoxluğu ağır dərddir. Onunla işgüzar, qarşılıqlı iş fəaliyyətində olan, onu özü üçün dayaq, dost, əziz insan, yaxın sirdaş bilən Miryavər müəllim son anına qədər Ağaələkbər müəllimin yanında olub. M.Hüseynov bu gün onun yoxluğuna inana bilmir: “Ağaələkbər müəllimi itirmək mənim hər şeyimi itirməyim kimi bir şeydi. Nəyə görə hər şeyimi? Çünki mən əvvəlcə valideynlərimi, daha sonra yaxınlarımı itirmişəm. Bu anlarda Ağaələkbər müəllim mənə həmişə dəstək olub, mənə qüvvət verib. Ağaələkbər müəllimlə biz həm də qohum olmuşuq. O mənim üçün həm böyük qardaş, həm də yaxın dost idi. İndi siz düşünün, onu itirmək mənim üçün nə deməkdir? Ağaələkbər müəllimlə çox yaxın olmuşuq. Bu məktəbə də onunla bir yerdə gəlmişik. Bu cür münasibətdə olan insanı itirmək mənim üçün inandırıcı gəlmir. Mən onun yoxluğunu qəbul edə bilmirəm. Çünki o, mətin, yorulmaq bilməyən, hər kəsi başa düşən, yüksək təşkilatçılıq qabiliyyətinə malik bir insan idi. O qədər işə bağlı idi ki, bunu quru sözlərlə ifadə etməklə başa salmaq olmaz…
O nəinki ailəsini, hətta bizi, vaxtilə çalışdığı kollektivi də tək qoyub getdi. Amma mən onun ailəsinə də, özümə də söz vermişəm ki, Ağaələkbər müəllimin həyata keçirə bilmədiyi bütün layihələrin reallaşdırılması üçün bütün gücümü sərf edəcəm. Mən bundan sonra bu məktəbə gələn direktora da dayaq olacam. Ağaələkbər Ələkbərov bir çoxu – bügünkü və gələcək nəsil üçün bir nümunədir”.

O, hər kəsə xüsusi qayğı göstərirdi

Ağaələkbər Ələkbərovun yoxluğu Qarabağ savaşında şəhid olmuş R.Novruzov adına Basqal qəsəbə orta məktəbinin vaxtilə müəllimi olmuş İlham Ağayevi də çox təsirləndirib. O, Ağaələkbər müəllimin ciddi pedaqoq, bununla yanaşı, olduqca qayğıkeş insan olduğunu bildirdi:
“Məktəb kollektivi üçün Ağaələkbər müəllim çox ciddi, hər bir məqamı düşünən, eyni zamanda həddindən artıq qayğıkeş insan idi. Biz hər zaman çalışırdıq ki, onun tövsiyyələrinə, məsləhərlərinə qulaq asaq, onları vaxtında və qüsursuz yerinə yetirək. Çünki Ağaələkbər Ələkbərov məhz bu cür hörmətə layiq insan idi. Çox az sayda pedaqoq var ki, onlar psixoloji xidmətin əsaslarını bilir. Ağaələkbər müəllim bunları bilməklə yanaşı, bütün işlərin ciddi aparılmasını istəyirdi. O, müəllimlərə, şagirdlərə xüsusi qayğı göstərirdi.
Bir şeyi heç vaxt unutmaram. Məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara o vaxtlar pal-paltar, ayaqqabı verilirdi. Necə olmuşdusa, bir nəfər yaddan çıxmışdı. Bunu bilən Ağaələkbər müəllim ədaləti bərpa etməyə çalışdı, amma o uşaq indi də bilmədi ki, ona qarşı belə hərəkət olub. Ağaələkbər müəllim belə insan idi. Ümumiyyətlə, kənddə də hər hansı xeyriyyə tədbiri keçiriləndə kimsəsiz insanları, dul qadınları ilk nəzərə alır, şəxsən özü yardımların ünvanına çatdırılmasına nəzarət edirdi. Elə olurdu ki, bir qapıya 2-3 dəfə gedilirdi, yardım o qapıya çatmayanadək Ağaələkbər müəllim özündə rahatlıq tapmırdı”.
Yaxşıları sevər Allah
Ağaələkbər müəllimin hər dəfə sinfə gəlişilə şagirdlərdə məktəbə, təhsilə, tarix fənninə maraq birə-beş artırdı
Bu günlərdə Ağasəfər Qafarovun direktor olduğu Basqal qəsəbə məktəbində 1974-cü dərs ilinin məzunları ilə tarixi görüş keçirildi. Bu tədbirin təşkilatçılığını vaxtilə Ağaələkbər müəllimin yaxın dostu olmuş Məruf Məhərrəmovun oğlu Çingiz Məhərrəmov öz üzərinə götürmüşdü. Elə oldu ki, bəzi təşkilatçılıq işlərində ona köməklik etməli oldum. Gərgin zəhmət hesabına baş tutan bu tədbir üçün Ç.Məhərrəmov çox narahat idi. Söhbət əsnasında müəllimləri xatırlayan eloğlumuz Ağaələkbər müəllimi də xatırladı, sevimli müəllimlərinin yoxluğuna hələ də inanmadığını dedi:
“Ağaələkbər müəllimin həm pedaqoq, həm ziyalı, həm də kəndin ağsaqqalı kimi, bizim üzərimizdə böyük zəhməti var. Mən təşkilatçılığı haradasa ondan öyrənmişəm. İşi elə görürdü ki, kimsə sonradan narazılıq etmirdi. İş ürəyincə alınandan sonra özündə mənəvi rahatlıq tapırdı.
Ağaələkbər müəllim həddindən artıq zarafatcıl idi. Onun incə yumorunu, məzəli söhbətlərini bu gün də basqallılar yaxşı xatırlayırlar. Onun kişi xüsusiyyətlərindən biri də kasıb-küsuba, yetimə, kimsəsizlərə əl tutmasıdır. O, həmişə deyirdi ki, yaxşılığı elə et ki, kimsə görməsin və yardım etdiyin şəxs də utanmasın. Ağaələkbər müəllimin həll etdiyi bir işi kimsə sonradan poza bilməzdi. O, haqqın tərəfdarı idi…”
Həqiqətən tarixi örnəklər də təsdiqləyir ki, bu dünya daim fədakarların çiyinləri üstündə insanlığa doğru can atıb, bəşəriyyətin əli yalnız yaxşıların, əməlisaleh insanların xoşməramlı arzuları, xoşniyyətli əməlləri ilə çörəyə çatıb. Ona görə də tarix boyu belə müdrik, alicənab və xeyirxah insanların adları həmişə hörmət və izzətlə anılıb. Heç şübhəsiz, belə bir təqdirəlayiq varislik ənənəsini davam etdirmək bizlərin də müqəddəs vəzifələrindəndir…
Ona görə də biz bu yazımızda müdrik babaların, fədakar nənələrin insanlıq ənənələrini davam etdirərək, estafeti gələcək nəsillərə layiqli şəkildə ötürmək üçün əmanət almış nəcib insan, işıqlı ziyalı, dəyərli pedaqoq olan Ağaələkbər Ələkbərovdan söz açdıq. O, 20 il əvvəl – 1994-cü ilin iyun ayının 19-da dünyasını dəyişib. İstədik ki, bu yazı da onun yetirmələrinin qəlbinə, arzu və istəklərinə uyğun olaraq bir xatirə olsun.
Yaxşıları sevər Allah!
Daşdəmir ƏJDƏROĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz