Yaxşılıq əkib pislik biçən sənətkar

Çağdaş Azərbaycan nəsrinin orta nəslinə mənsub olan istedadlı yazıçı Çingiz Ələkbərzadə bütün varlığı ilə doğma xalqının mədəniyyətinə, mənəviyyatına bağlı olan bir sənətkar idi. Əllinci illərin axırlarında kiçik hekayələri ilə bədii yaradıcılığa başlayan Çingiz çoxsaylı hekayə, povest və roman müəllifi kimi oxucularının etimad və məhəbbətini qazanmışdır. Bu əsərlərin əsas qayəsini vətəndaşlıq, mənəvi saflıq, el-obaya məhəbbət hisslərini, gənclərimizin insani keyfiyyətlərini, həyat və məişətdəki qayğılarını, anlama və düşüncə tərzlərini əks etdirən duyğular təşkil edir. Mövzu yeniliyinə, qəhrəmanların psixologiyasını açmağa nail olması, canlı müşahidələri, səlis dili Çingiz Ələkbərzadənin yaradıcılığını səciyyələndirən xüsusiyyətlərdəndir. Yazıçının üstün cəhətlərindən biri də müxtəlif illərin, müxtəlif peşə sahiblərinin həyat və düşüncələrini özlərinə məxsus cizgilərlə canlandırmaq bacarığına malik olmasıdır. O, hər şeydən əvvəl, özünün xüsusi mövzuları olan orijinal bir yazıçı idi. Onu namuslu zəhmət adamlarının, həqiqi məhəbbətin, insana, təbiətə sevginin təsviri daha çox maraqlandırırdı.


Yaxşılıq əkib pislik biçən sənətkarYaxşılıq əkib pislik biçən sənətkar
Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936-1999)
Yaxşılıq əkib pislik biçən sənətkar
Çağdaş Azərbaycan nəsrinin orta nəslinə mənsub olan istedadlı yazıçı Çingiz Ələkbərzadə bütün varlığı ilə doğma xalqının mədəniyyətinə, mənəviyyatına bağlı olan bir sənətkar idi. Əllinci illərin axırlarında kiçik hekayələri ilə bədii yaradıcılığa başlayan Çingiz çoxsaylı hekayə, povest və roman müəllifi kimi oxucularının etimad və məhəbbətini qazanmışdır. Bu əsərlərin əsas qayəsini vətəndaşlıq, mənəvi saflıq, el-obaya məhəbbət hisslərini, gənclərimizin insani keyfiyyətlərini, həyat və məişətdəki qayğılarını, anlama və düşüncə tərzlərini əks etdirən duyğular təşkil edir. Mövzu yeniliyinə, qəhrəmanların psixologiyasını açmağa nail olması, canlı müşahidələri, səlis dili Çingiz Ələkbərzadənin yaradıcılığını səciyyələndirən xüsusiyyətlərdəndir. Yazıçının üstün cəhətlərindən biri də müxtəlif illərin, müxtəlif peşə sahiblərinin həyat və düşüncələrini özlərinə məxsus cizgilərlə canlandırmaq bacarığına malik olmasıdır. O, hər şeydən əvvəl, özünün xüsusi mövzuları olan orijinal bir yazıçı idi. Onu namuslu zəhmət adamlarının, həqiqi məhəbbətin, insana, təbiətə sevginin təsviri daha çox maraqlandırırdı.
Çingiz Ələkbərzadə 17 oktyabr 1936-cı ildə görkəmli ədib, Xalq yazıçısı Əbülhəsənin ailəsində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra 1960-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində müəllim işləyib. Sonrakı fəaliyyətini rəngarəng və bədii yaradıcılığının zənginləşməsinə təkan verən zəmin kimi hesab etmək olar: qəzetdə şöbə müdiri, kinostudiyada şöbə müdiri, respublika radiosunda redaktor, televiziyada bölgə müxbiri və s. Hətta ən çətin, şəxsiyyəti və mövqeyi ilə ziddiyyət təşkil edən, həqiqətlə uyuşmayan şəraitdə belə yazıb yaradıb, “Vulkan”, “Hamilə dəniz”, “Alman şərabı”, “Oksigen balışı”, “Güllələr dənizdə sönür”, “Ay bəri bax”, “Qızıl yəhərli at”, “Çılpaqlı”, “Dünyanın qopduğu yer”, “Dəmirağac”, “Zindan”, “Qumarbaz” kitablarındakı maraqlı povest və romanlarını oxucuların mühakiməsinə verib.
Son illərdə görkəmli sənətkar poeziya sahəsində də eyni dərəcədə müvəffəqiyyət qazanmışdır. Lakonik dili, üslubu, incə yumoru ilə seçilən onlarla şeiri respublikanın ədəbi jurnal və qəzetlərində dərc olunmuşdur. “Türmə mənim ahımdır” adlı kitabında müəllif şahidi olduğu ədalətsizliklərdən, təsadüflər nəticəsində həyatı zəhərlənib faciəyə dönən, azadlıq eşqi ilə qovurulub yanan insanların miskin əhval-ruhiyyəsindən bəhs edir.
1977-ci ildə “Azərbaycanfilm” kinostudiyası Çingiz Ələkbərzadənin “Vulkan” povesti əsasında müəllifin özü yazdığı “Vulkana doğru gedirəm” adlı ssenari ilə üç seriyalı bədii film çəkmişdir. Filmdə gənc geoloqların püskürən vulkanın təkində neft axtarmalarından, gündəlik mübariz işlərindən və münasibətlərindən bəhs edilir.
Çingizdə həyatı, hadisələri, insanları realist, təbii boyalarla təsvir etmək bacarığı vardı. Onun yazı üslubu sadə və cəlbedicidir. Əsərlərinin bir çoxu komik səpkidə yazıldığından xüsusi maraqla oxunur.
Xalqımızın qonaqpərvərliyindən bəhs edən “Alman şərabı” povestində müəllif özünün təhkiyə əlvanlığını, təsvir vasitələrinin rəngarəngliyini, orijinallığını nümayiş etdirir.
Zaman öz tələblərini diktə edir, yazıçıların yeni nəsrləri sələflərin ənənələrini davam etdirmək, müasir gerçəkliyi bədii tədqiq nəticəsində ədəbiyyata yenilik gətirmək, yeni söz demək, aktual məsələlər qaldırmaq vəzifəsini qoyur. “Azərbaycan” jurnalının 1990-cı il 4-cü və 5-ci saylarında Çingiz Ələkbərzadənin “Allah sənə rəhmət eləsin, Əbülhəsən!” epiqrafı ilə “Dünyanın qopduğu yer” adlı romanı dərc edilmişdir. Bu əsər Əbülhəsənin məşhur “Dünya qopur” romanındakı personajların, hadisələrin jetmiş ilə yaxın uzun zaman kəsiyində təkamülü, davamı kimi qələmə alınmışdır.
İstər-istəməz belə bir sual meydana çıxır: haqlı olaraq 30-cu illərin nəsrinin böyük nailiyyəti kimi qiymətləndirilmiş həmin romanın qəhrəmanları ilə bu gün bizi yenidən görüşməyə başqa bir müəllifi hansı zərurət vadar etmişdir? Romanı tamamlamaq istəyimi? Axı “Dünya qopduğu yer” romanı münaqişə, cəbhələrin toqquşması gərgin həddə çatırdı, süjet xətti, başlıca hadisələr sona Əbülhəsənin vəfatından sonra yazılmış, atasının arzusunu yerinə yetirmək Çingiz üçün müqəddəs vəzifə sayıla bilərdi. Lakin, “Dünya qopur” yarımçıq əsər təsiri bağışlamır. Yadımızdadir ki, romanda yetirdi. Başqa sözlə , müəllif məqsədinə əsasən nail olurdu. Onu da xatırlaya bilərik ki, baş qəhrəmanın aqibəti də qaranlıq qalmırdı. Bəs elə isə Çingiz Ələkbərzadənin “Dünyanın qopduğu yer”ə köç etməsinin məqsədi nə olmuşdu?
Qəzetlərin birinə verdiyi müsahibəsində Çingiz bildirmişdi ki, müxtəlif ictimai-siyasi quruluşları yanaşı qoymaqla , təravətli müşahidələri göstərməklə sosializm cəmiyyətinin heçdə insanlara gözlənilən xoşbəxt həyatı verə bilməməsini, korrupsiyanın, özbaşınalığın, rüşvətxorluğun, ədalətsizliyin, hərisliyin baş alıb getməsini oxucunun nəzərinə catdırmaq olmuşdu. “Dünyanın qopduğu yer”də “Dünya qopur”dakı şöhrətini hər sahədə itirmişdir . Niyal qəsəbəsi ata və oğulun doğma vətəni Basqalın prototipidir.
Əbülhəsənin rəğbətlə təsvir etdiyi muzdur şərbaflar dünya sərgisində iftixarla nümayiş etdirməyə al-əlvan kəlağayılar toxuyur, öz sənətlərini ürəkdən sevirdilər.
İllər keçdi, dövran dəyişdi. Sürət artdı, zaman maşını tam gücü ilə işlədi, lakin bərəkət, nur, düzlük, ədalət ərşə çəkildi. “Dünyanın qopduğu yer” cılızlaşdı, onun sakinləri keçmiş mütərəqqi adətləri, ata-babalarımızın illərin od-alovları içərisində qoruyub saxladıqları iqtisadi və mənəvi dəyərləri tamamilə itirmək həddinə çatdılar.
“Traktoru söndürən kimi Fuadın qulağına səs gəldi. Bu, yaşı bilinməyən kəndin səsi idi. Çağa dünyaya ağlaya-ağlaya gəldiyi kimi, Niyal da bu səslə doğulmuşdu. İpəyin, cəhrənin, məkiyin, lülənin, kəlağayının, qanovuzun səsi idi bu. Karxanalardan, əl-dəzgahlarından çıxıb müasir toxucu dəzgahlarında məskən salmışdı. Çak-çük, çak-çük…
Bu sexlərdə hər gün 500-dən çox kəlağayı toxunurdu. Məşədi Məhəmmədin nəvəsi Ağaismayıl orada istehsal olunan kəlağayılar haqqında romanda belə deyir. “Qulaq asın bu çaq-çuqlara – bilürsüz nə deyir kəlağayılarçün? Bax, fikir verin: apar qeytər, apar qeytər, apar qeytər. Bunu Ağaismayıla dedirdən o idi ki, alınmırdı bu quruluşda kəlağayı. Ona görə yox ki, dəbdən düşmüşdü, adicə başdansovdu toxunurdu. Nə ipək o ipək idi, boyalar solğun, butalar, naxışlar zövqsüz. Bircə dəfə yudunmu, rənglər, naxışlar qarışıb olurdu həftəbecər. Ancaq vaxt var idi ki, o kəlağayılar Basqalın ağ, qara, heyratı, bənövşəyi örpəyi idi. Qarası camaatın matəmi, qırmızısı toy-düyün, bənövşəyisi seyri-seyrəngahı idi. Əmrəki dağının dili, ağzı olsaydı, deyərdi ki, o vaxtın adamları otlardan, çiçəklərdən, yarpaqlardan elə rənglər alardılar ki, baxmaqla doymaq olmazdı. Bəs indi niyə belədir, otun, çiçəyin, gülün kökümü kəsildi”.
XIX əsrdə yaşamış bir şərq filosofunun “Tərəqqi tənəzzülün xəfiyyəsidir” sözləri Çingizin təzadlarla dolu, çox da uzun olmayan ömrü ilə əlaqədar yadıma düşür. Namuslu, zəhmətsevər, yüksək amallarla yaşayan Ələkbərzadələr ailəsində qibtə doğuran bir sakitlik, məhəbbət, qarşılıqlı hörmət, firavanlıq hökm sürürdü. Cəmi iki övladı var idi Əbülhəsənin – Çingiz və Ramiz. Axşam düşəndə ailə üzvləri işdən qayıdar, incə zarafat, deyib-gülmək işdəki yorğunluğu aradan qaldırardı. Şam yeməyindən sonra hərə öz işi ilə məşğul olardı. Şöhrət xanım nəvələri ilə əylənər, gəlinlərə də iş tapılardı.
1971-ci ildə Bakı şəhərində milis müstəntiqi işləyən Ramizin müəmmalı ölümü ilə Ələkbərzadələrin ömür xanədanından bir kərpic qopdu. Bu tənəzzülün yalnız başlanğıcı idi. Sanki hamı bir neçə il qocaldı. Xüsusilə, Əbülhəsən müəllim və Şöhrət xanım dərdin böyüklüyündən belləri əyildi. Lakin bu kədərin içərisində ata da, oğul da ədəbi yaradıcılıqlarını dayandırmadılar, öz peşələrinə sadiq qaldılar. Əbülhəsən müəllimin bir ilə yaxın sürən xəstəliyi onun əbədiyyətə qovuşmağı ilə nəticələndi. Görkəmli yazıçının ölümü təkcə ədəbi ictimaiyyət üçün deyil, ümumilikdə, bütün ölkəmiz üçün ağır idi.
Müdhiş 24 iyun 1986-cı il. Əbülhəsən müəllimin qırx mərasiminə altı gün qalırdı. Telestudiyadan verilən tapşırığa görə bölgə müxbiri Çingiz Ələkbərzadə, operator Çinar Məcnunbəyovla birlikdə Şamaxı rayonundakı 6 nömrəli üzümçülük sovxozunda çəkiliş aparmalı idi. Çingiz bərk narahat idi. Elə bil ki, iblis xislətli vəzifə sahiblərinin suiqəsdə bənzər hiyləsini qabaqcadan duymuşdu. “Turist” yeməkxanasında nahar etdikdən sonra yola düşmək istəyirdilər ki, bir neçə nəfər, türklər demiş, pəzəvəng kobudluqla müxbirin üstünə atıldı və onun üst-başını axtarmağa başladı. “Əvvəl elə bildim zarafat edirlər. Axı niyə tutmalıydılar məni? Çoxları ilə tanış idim. Bəziləri əsərlərini oxuyub, aralarında çörək kəsdiyim adamlar da olub. Hər şey o yana, hansı günahın sahibiyəm? Nə isə, bu bir uzun söhbətdi, qardaş…

Elə ki, tutuldu, buruldu qolum,
Asfaltın üstünə yıxdılar məni.
Nağıllı dünyaya bağlandı yolum,
Vay, vay nə yaxşı ki, tanıdım səni.

Guya ki, kişiydin başında papaq,
Hirsindən gözünə qan çilənmişdi.
Üzün bomboz idi, əlində bıçaq
Kəsib doğramaqçın itiləmişdir.

Cibində namərdin möhrü, fərmanı,
Quduz itlər kimi üstümə cumdun.
Gözümdə qaraldıb geniş dünyanı
Mənə sağalmayan bir yara vurdun.

O asfalt dediyin mismara dönüb
Bədənimi dəlik-dəlik elədi.
Dedilər fələyin çərxidir, dönüb
Əvvəl elə idi indi belədi.

Görən nə tuthatut, nə basabasdı,
Haq-nahaq qarışıb həftəbecərdi.
Bilmirsən kim kimi nə üstə asdı,
Sizdə bu qəddarlıq nə vaxt cücərdi?

Ömrümün sonuna qədər Çingiz başa düşə bilmirdi ki, heç kəsə pislik etməyən, ürəyi pak, dost-aşna qədri bilən, zarafatcıl, qəlbə dəyməyi günah sayan bir adama bu xain düşmən fitvası nə səbəbə qurulmuşdu. Saxta axtarış iblisin qələbəsi ilə bitdi: Çingizin şalvar cibindən 60 manat nömrələnmiş pul tapıldı. Özləri nömrələmiş, özləri qoymuş, özləri də tapmışdılar. Belə olmasaydı, dörd il iki ay on dörd gün haqsız yerə həbsxanada çürüyəndən, sağlamlığını itirəndən sonra Çingizə “səhv olub” deyə tülkü təbəssümü ilə təsəlli verməzdilər. İlikləri, sümükləri haram pul ilə, xalqın qanını parazit kimi sorub rüşvətlə arvad-uşaq saxlayanlar “heyrətə gəldilər”: harda görünüb bizim azad sosialist vətənimizdə rüşvət alınsın?! Başlarını bəsit bir görkəmlə buladılar və mərkəzdəki ağalarına raport verdilər: daha bir qorxulu cani həbs edildi. Bundan belə rüşvət məfhumu ümumiyyətlə lüğətdən arxaizm tərkibinə keçəcək. Məhkəmədə 6 il həbs cəzası oxunanda hakim minnət qoydu: “Bu cinayətə görə daha artıq cəza vermək olardı, bizim Sovet dövləti humanizm üzərində qurulduğundan insanı hətta qatı cinayətkarı da kapital sayır”.
Çingiz Ələkbərzadəyə “Türmə mənim ahımdır”, şeirlər toplusu, “Zindan”, “Qumarbaz” kitabları üçün material verən məhbəs həyatı belə yapma, qondarma üsul ilə quruldu. Sonradan o zaman respublikanın baş prokuroru işləmiş adam və başqa vəzifəli şəxslər etiraf etdilər: “Biz bu işin qəsdən təşkil olunduğunu, sənin günahsız olduğunu bilirdik. Lakin iş sifarişli olduğu üçün heç nə edə bilmədik”.
Kimin sifarişi idi, hansı pisliyə görə sifariş verilmişdi? – bunu Çingiz axıra kimi bilmədi.
Çingizin anası Şöhrət xanım dalbadal aldığı ağır zərbələrə, sarsıntılara dözməyib oğlu həbsxanada yatanda həyatla vidalaşdı.
Xəstəlik özünü büruzə verir, güclü ehtirasa, nikbin əhval-ruhiyyəyə malik olan Çingiz günbəgündən solur, əriyir, yaşından çox-çox qoca görünürdü. Lakin keşməkeşlərə, haqsızlıqlara baxmayaraq o, gecə-gündüz yeni-yeni əsərlər üzərində işləyir, onların dərc olunması üçün olmazın əzablar çəkirdi. Bu da sonluğu: 8 yanvar 1999-cu ildə orqanizmi zəifləmiş, üzülmüş, istər-istəməz iztirablar qarşısında təslim olan Çingiz etibarsız adamların xəyanətindən həmişəlik uzaqlaşdı, hamımızın əbədi mənzili olan axirət dünyasına qovuşdu.
Allah rəhmət eləsin!
Miryavər Hüseynov

Şərh Yaz