Hər dövrdən bir çələng

İyun ayının 4-də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində maraqlı bir gecə baş tutdu. Təşkilatçıları düzgün olaraq gecəni “Azərbaycan poeziyası” adlandırmışdılar. Tədbir həm də onunla əlamətdar idi ki, kollecdə ilk dərs ili başa çatmışdı. Düz bir il bundan əvvəl çalınmış ilk zəng tələbələri auditoriyalara dəvət etmişdi. İndi artıq dərs ili başa çatıb və tələbələr ilk imtahanlarını verməyə başlamışlar. Poeziya gecəsi isə imtahanqabağı gərginliyi azaltmaq üçün yaxşı vasitədir. Poeziya aləminə səyahətə çıxmaq, hər dövrün poeziya nümunələrindən çələng tutmaq, onu qoxulamaq şeir həvəskarlarına böyük töhfədir.

Hər dövrdən bir çələngHər dövrdən bir çələng

İyun ayının 4-də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində maraqlı bir gecə baş tutdu. Təşkilatçıları düzgün olaraq gecəni “Azərbaycan poeziyası” adlandırmışdılar. Tədbir həm də onunla əlamətdar idi ki, kollecdə ilk dərs ili başa çatmışdı. Düz bir il bundan əvvəl çalınmış ilk zəng tələbələri auditoriyalara dəvət etmişdi. İndi artıq dərs ili başa çatıb və tələbələr ilk imtahanlarını verməyə başlamışlar. Poeziya gecəsi isə imtahanqabağı gərginliyi azaltmaq üçün yaxşı vasitədir. Poeziya aləminə səyahətə çıxmaq, hər dövrün poeziya nümunələrindən çələng tutmaq, onu qoxulamaq şeir həvəskarlarına böyük töhfədir.
Hər dövrdən bir çələng
Tədbir öncəsi iclas zalında xeyli tərtibat işi görülmüşdür. Klassik şairlərin portretləri, Azərbaycan şairlərinin əsərlərinin sərgisi, yerli şairlərin (dörd nəfərinin) portretləri nümayişə qoyulmuşdu. Həmin şairlərin şeirləri Qardaş Türkiyə Respublikasında yenicə çapdan çıxmış “Türk dünyası şairleri antolojisi” ikicildliyində yer tutub. Kitabların Türkiyədən Azərbaycana gətirilməsində kollecin müəllimi, tədbirin tərtibatını verən Aynur Dəmirovanın qardaşının böyük zəhməti olub.
Şair həmyerlimiz Şahməmməd Dağlaroğlunun yenicə çapdan çıxmış “Cinas bulağı” adlı şeirlər kitabı da sərgidə nümayiş etdirilirdi. Burada yandırılmış şamlar daha şairanə mənzərə yaradırdı. Tədbirə xeyli qonaq dəvətli idi. Bu səyahət geniş şifahi xalq ədəbiyyatından başladı və müasir dövrdə başa çatdı. Onu da xüsusilə qeyd edək ki, iştirakçılar vaxtın necə keçdiyini hiss etmədilər. Şeirə, musiqiyə meydan verməzdən əvvəl qonaqları salamlamaq üçün kollecin direktoru, iqtisad elmləri doktoru, professor Rəsul Balayevə söz verildi:
– Bu gün kollecimizdə son dərs günüdür. Yaddaşlarda daha yaxşı qalması üçün onu həm də poeziya günü kimi qeyd edirik. Bu gün tarixi məqamdır. İlk tədris ilini başa vurmuşuq. Belə bir gündə əziz qonaqlarımız da bizimlədir. Məclisimizdə sevimli şairimiz Musa Yaqub və digər yazarlar da iştirak edir. Əziz qonaqları kollektivimiz adından səmimi salamlayır, hamısına işlərində və yaradıcılıqlarında uğurlar arzulayıram. Yaxşı kollektivimiz formalaşır, hamısından razıyam. İşimizi müasir tədrisin tələblərinə uyğun qura bilmişik.
Hər dövrdən bir çələng
Kollecin tələbələrinə söz verilir. İlk şeir və mahnı çələngimiz şifahi xalq ədəbiyyatındandır. Tələbələr məhəbbətimizi, sevgimizi, kədərimizi, həsrətimizi və sair hiss-həyəcanımızı ifadə etdiyimiz bayatılara müraciət edirlər. Onlar əsrlərcə məclislərimizin yaraşığı olan sazın müşayiəti ilə bayatılar səsləndirirlər.
Növbə qədim dövr ədəbiyyatına çatır. Həmin dövrdə ədəbiyyatımızda Qətran Təbrizi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi kimi dahi söz ustadları yaşayıb yaratmışlar. Tələbələr klassiklərin əsərlərindən nümunələri təqdim edirlər. Müğənni Rövşən Teyyubovun ifasında dahi bəstəkar Üzeyir Hacıbəyovun böyük Nizaminin “Sənsiz” qəzəlinə bəstələdiyi pomansı əsl mahnı çələngi oldu.
Aparıcılar orta dövr ədəbiyyatına ekskurslar edir, yeri gəldikcə tələbələr o dövrün şairlərinin əsərlərini tamaşaçılara ərməğan edirdilər. Bu zaman müğənni Piralı Şıxıyev gözəl bir mahnı təqdim edir. Onun ifasında Ü.Hacıbəyovun Nizaminin sözlərinə bəstələdiyi “Sevgili canan” romansı sürəkli alqışlarla qarşılandı. Hər iki romansı royalda rayon mədəniyyət evinin “Niyal” xalq çalğı alətləri ansamblının bədii rəhbəri Nizami Babayev müşayiət etdi.
Tədbirdə sonrakı dövrün görkəmli şairləri olan Vaqif, Qasım bəy Zakir, Aşıq Ələsgər, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi sənətkarların yaradıcılığına müraciət edildi. Tələbələr onların şeirlərini ifa etdilər.
Söz musiqiyə verilir. Müğənni İntiqam İbrahimovun ifasında mahnı səslənir.
Ədəbiyyatımızda yeni dövr Azərbaycan Xalq Cümhuriyyəti ilə başlasa da, tezliklə Sovet ədəbiyyatı ilə əvəz olunur. Bolşevik prinsiplərini qəbul etməyənlər təzyiqlərə, repressiyalara məruz qalır. Əhməd Cavad, Mikayıl Müşfiq və digər ziyalılar bu qəbildəndi. Həmin dövrün ağrı-acılarını dadmış şairlərin şeirləri səsləndi.
Tanınmış, sevilən müğənni Sahibə Abdullayeva muğam ifası ilə tədbirə yeni ovqat gətirdi. Onu tarda Hamlet Fərəcov müşayiət etdi.
Gecədə xalq şairi Bəxtiyar Vahabzadənin “Ana”, Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeirləri oxundu.
Həmin tədbirin ən önəmli cəhəti “Türk dünyası şairleri antolojisi” adlı ikicildlik kitabının təqdimatı idi. Kollecin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımovanın yaxından iştirakı və tərcüməçiliyi ilə həmin kitaba rayonumuzdan dörd nəfər şairin şeirləri daxil edilmişdir. Sevda xanım həmin antologiya haqqında məlumat verdi:
– 2013-cü ildə Türkiyədə türk ədəbiyyatı antalogiyası layihəsi başladı. Bu layihənin məqsədi türk cümhuriyyətlərinin ədəbiyyatlarını bir araya gətirmək, adi oxucuları bu şeir nümunələri ilə tanış etməkdir. İkicildliyə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Kıprıs yazarlarının əsərləri toplanmışdır. Bu xeyirxah işin səbəbkarı Antalya Sanat Kültür ve Edebiyat Dernegi ve Sahilkitap Yayınları tərəfindən hazırlanan “Türk dünyası şairler antolojisi” dərgisinin kollektividir. Bu ikicildliyə İsmayıllıdan dörd nəfər yazarın şeirləri daxil edilmişdir. Tələbələrimiz həmyerlilərimizin hərəsinin həmin kitabdakı şeirlərindən birini oxuyacaq. Dörd şairin hər birinə növbə ilə ikicildlik təqdim ediləcək. Təbii olaraq söz ağsaqqala verilir.
Musa Yaqub:
– Mən çox yaxşı bilirəm ki, bu işdə ən böyük əziyyət Sevda müəllimin çiyinlərinə düşüb. Ona təşəkkürlər olsun. Dünyada iqtisadi əlaqələr get-gedə möhkəmlənir. Təəssüf ki, ədəbi əlaqələr barədə bunu demək olmur. Elə götürək Orta Asiyanı. Sovet dövründə o respublikalarda ədəbiyyat günləri keçirilirdi. İndi belə şeylər yoxdur. Bu tədbir çox yaxşıdır. Təşəbbüskarlara minnətdaram. Xüsusilə Sevda müəllimin əziyyətini qiymətləndirməliyik. Mənim üçün ən yüksək tədbirdir.
Şahməmməd Dağlaroğlu sözü, qələmi ilə tanınmış şairdir. Bir neçə kitabın (daha doğrusu, beş) müəllifidir. Bu poeziya gecəsini onun yeni kitabının (altıncı) təqdimatı da adlandırmaq olardı. Kitab oxuculara çatdırıldı.
Şahməmməd Dağlaroğlu:
– Belə bir gecədə həyəcansız danışmaq mümkün deyil. Ən kiçik çıxışla belə oxuculara hesabat vermiş olursan. Sevda müəllimin bu sahədəki əməyini yüksək qiymətləndirmək lazımdır. Qələm əhli sözə, sənətə dəyər verənlərə həmişə minnətdardır.
Murad Məhərrəmov:
– Bu tədbirin təşkilatçılarına, xüsusilə, Sevda xanıma təşəkkür edirəm. Bir kitabım çapdan çıxıb. Musa müəllimlə birgə, bir kitabda çap olunmaq isə mənim üçün böyük fəxrdir.
Xalıq Yusifoğlu tez-tez mətbuatda şeirlərlə çıxış edən şairdir. Bir şeirlər kitabı çapdan çıxıb. Söz ona verilir:
– Necə təşəkkür edəcəyimi bilmirəm. Sevda xanım olmasaydı bu antologiyaya düşmək mənim üçün mümkün olmazdı. Bu nəşrdə əməyi olanların hamısına təşəkkür edirəm.
Sonda onu da qeyd edək ki, Sevda xanım özü də mükəmməl şeirlər müəllifidir və bir sıra şeirləri türk mətbuatında işıq üzü görüb. Tələbələr onun alqışlarla qarşılanan “Azərbaycan” şeirini tədbir iştirakçılarına təqdim etdilər.
Poeziya gecəsinin təşkilində rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşlarının da əməyi qiymətləndirilməlidir. Tədbir kollecin və şöbənin birgə səyi nəticəsində baş tutmuşdu.
Şöbənin müdiri Azər Abbasov :
– Tədbirdən çox razı qaldım, kollecin kollektivini də, şairlərimizi də təbrik edirəm.
Kollecin direktoru R.Balayev sonda qonaqlara, tələbələrə, bir sözlə, poeziya işığına toplaşanların hamısına, musiqiçilərə təşəkkürünü bildirdi.
B.Babayev

Şərh Yaz