“Gənclik illərim”

Yaratmağı, şeir yazmağı hər insan bacarmır. Bunun üçün xüsusi istedada sahib olmaq lazımdır.
Azərbaycanın mirvarisi olan İsmayıllını şairlər ocağı da adlandırsaq yanılmarıq. Bu gözəl diyarın söz sənətkarları, yazıb yaratdıqları gözəl sənət nümunələri ilə oxucularının rəğbətini qazanıblar. Rayonun yazarları sırasında Mövlud Teymurun özünəməxsus yeri var.

Yeni nəşrlər:
“Gənclik illərim”
Yaratmağı, şeir yazmağı hər insan bacarmır. Bunun üçün xüsusi istedada sahib olmaq lazımdır.
Azərbaycanın mirvarisi olan İsmayıllını şairlər ocağı da adlandırsaq yanılmarıq. Bu gözəl diyarın söz sənətkarları, yazıb yaratdıqları gözəl sənət nümunələri ilə oxucularının rəğbətini qazanıblar. Rayonun yazarları sırasında Mövlud Teymurun özünəməxsus yeri var.

M.Teymur əsrarəngiz təbiətə malik İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Gənclik illərində paytaxt Bakıda yaşayıb. İstehsalatda çalışıb. Suraxanı rayonundakı 90 saylı fəhlə-gənclər orta məktəbində təhsil alıb. O, 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub, 1976-cı ildə universiteti başa vurub.
Mövlud Teymur özünü şeirdə, ədəbiyyatda hələ orta məktəbdə oxuyarkən sınayıb. Şairin “Rəsul Rza demişkən”, “Haqqın ömrü”, “Qar bərəkətdir”, “Çox sevirəm anamı”, “Ağ atlı xilaskar”, “Qarabağ bizimdir”, “Bir sözüm var”, “Ürək yanğısı” kimi şeir kitablarında onun düşüncələri ilə tanış oluruq. M.Teymurun poeziya dünyasında Rəsul Rza kimi el şairinin sənətkarlığına xüsusi önəm verilib.

Şairin yaradıcılığı mövzu baxımından çoxşaxəlidir. O, Azərbaycan təbiəti, cəmiyyəti, onun gəncliyinə həsr etdiyi şeirlərlə yanaşı, uşaqları da diqqətdə saxlayaraq bu mövzuda da şeirlər yazıb. Onun söz dünyası zəngindir. Bu yaxınlarda sevgi duyğularından bəhs edən şeirlərini kitab halında oxucularına təqdim edib. Şairin sayca on üçüncü olan “Gənclik illərim” kitabı üç bölmədən – “Məni bağışlasın sevdiyim qızlar”, “Sevgi yolları”, “Mənim məhəbbətim” və “Sevgi maşınım” poemasından ibarətdir.
Kitabdakı poema və şeirlər yığcamlığı, mövzu dairəsinin genişliyi ilə diqqəti cəlb edir. Şair əvvəlki kitablarında olduğu kimi, burada da öz dəsti-xəttinə sadiq qalıb.
Sevgilisindən ayrı düşən aşiqin onu yenidən arzulaması, yaşadığı xoş anlara geri dönmək istəməsi kitabda yer tutan “Sənli günlərimə dönmək istərəm” şeirində əksini tapıb.

Məhəbbət nə qədər şirin olurmuş,
O nə saralırmış, nə də solurmuş.
Eşqindən sinəmdə büsat qurulmuş,
Sənli günlərimə dönmək istərəm!

Hanı şirin söhbət, şirin pıçıltı,
Sənlə üzüm güldü, qəlbim açıldı!
Sənsiz qəfil məni kədər, qəm aldı,
Sənli günlərimə dönmək istərəm!

Çatmır əllərinə, gülüm, əlim də,
Sözünə həsrətdi indi dilim də.
Nədir bu ayrılıq söylə bilim də,
Sənli günlərimə dönmək istərəm!

Dağamı getmisən, yoxsa arana,
Yoxsa çəkilmisən uzaq məkana?!
Bəs nədən güzarın düşmür bu yana,
Sənli günlərimə dönmək istərəm!

Mövlud həsrətindən bir qala tikdi,
Bağında lalələr, nərgizlər əkdi.
İndi gözləməkdən yorğun ürəkdi,
Sənli günlərimə dönmək istərəm!
Ümid edirik ki, müəllifin “Gənclik illərim” kitabı oxucu rəğbəti qazanacaqdır.
Çinarə Bəhərçinli

Şərh Yaz