Ən yaxşı müəllimlərimiz

“Azərbaycan müəllimi” qəzetinin 16 may 2014-cü il nömrəsində İsmayıllıdan olan ən yaxşı müəllimlər haqqında məlumat dərc edilmişdir. Sevindirici xəbəri qəzetimizin oxucuları ilə bölüşürük.
Ən yaxşı müəllimlərimizƏn yaxşı müəllimlərimiz

“Azərbaycan müəllimi” qəzetinin 16 may 2014-cü il nömrəsində İsmayıllıdan olan ən yaxşı müəllimlər haqqında məlumat dərc edilmişdir. Sevindirici xəbəri qəzetimizin oxucuları ilə bölüşürük.

Şahsuvar Abbasov,
İsmayıllı rayonu Talıstan kənd tam orta məktəbinin kimya müəllimi
Ən yaxşı müəllimlərimiz
1944-cü ildə İsmayıllı rayonunda anadan olub. 1970-ci ildə keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini bitirib. Həmin ildən Talıstan kənd tam orta məktəbində müəllim işləyir. Ali kateqoriyalı müəllimdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Azərbaycan Respublikasının Prezidentinin 2010-cu il 4 oktyabr tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Yetirmələrindən 6 nəfəri Prezident təqaüdçüsüdür. Bundan başqa, bir çox şagirdi 600-dən yuxarı bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə daxil olub. Yetirmələrindən 10 nəfəri müxtəlif elmi dərəcələr alıb. Onlarla şagirdi respublika fənn olimpiadalarının qalibi olub. Həmmüəllifi olduğu “Biologiya-testlər” kitabı Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin müəllim və şagirdləri üçün əlavə tədris vəsaiti kimi təsdiq olunub.

Rövşən Əliyev,
İsmayıllı rayonunun Lahıc qəsəbə tam orta məktəbinin fizika müəllimi
Ən yaxşı müəllimlərimiz
1968-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-informatika fakültəsini bitirib. 2010-cu ildə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2013-2014-cü dərs ilindən VI siniflərdə tədris olunan “Fizika” dərsliyinin və “İş dəftəri” metodik vəsaitin həmmüəllifidir. 2013-cü ildə “1 şagird – 1 kompyuter” layihəsində iştirak edərək qalib olmuş və çalışdığı məktəbə 22 ədəd netbook, 1 ədəd prometan lövhə, 1 ədəd proyektor qazandırmışdır.
Fəal müəllim kimi respublikada aparılan təhsil islahatlarında yaxından iştirak edərək müasir təlim metodları və informasiya-kommunikasiya texnologiyalarından bacarıqla istifadə edir.

Hacıməmməd Məmmədov,
İsmayıllı rayon 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi
Ən yaxşı müəllimlərimiz
1950-ci ildə İsmayıllı rayonunda anadan olub. 1976-cı ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib. Rayonun ümumtəhsil məktəblərinin gənc dil-ədəbiyyat müəllimlərinə öz qabaqcıl iş təcrübəsini öyrədir. Bir qayda olaraq, rayonda keçirilən elmi-praktik, elmi-nəzəri konfranslarda müxtəlif elmi-pedaqoji, metodiki mövzularda müzakirələrdə yaxından iştirak edir. Yetirmələri rayon və respublika fənn olimpiadalarının fəal iştirakçısı və qalibi olub. “Səndən başqa bir sevdiyim bəndə yox” şeirlər kitabının, “Eldən gedən oğul”, “Uğur yolları”, “Ziya ocağı”, “İsmayıllı bələdiyyəsi beş ildə”, “Həyata sığmayan ömür” kitablarının, həmçinin öz ixtisası üzrə dərslik və metodik vəsaitlərin və V-XI siniflər üzrə “Azərbaycan dili və ədəbiyyatdan test” kitablarının müəllifidir. 2002-2003-cü tədris ilində respublika üzrə keçirilən pedaqoji mühazirələr müsabiqəsində məruzəsi Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülüb. Yüzlərlə metodik məqalənin müəllifidir. Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” mükafatına layiq görülüb. 2007-ci ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 2010-cu ildə isə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Ruhiyyə Mahmudova,
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi
Ən yaxşı müəllimlərimiz
1979-cu ildə İsmayıllı rayonunda anadan olub. Azərbaycan Dillər Universitetinin ingilis dili və regionşünaslıq fakültəsini bitirib. 2013-cü ildə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir. Respublikamızda həyata keçirilən təhsil islahatlarında yaxından iştirak edir. 2014-cü ildə Təhsil Nazirliyinin, “Microsoft” şirkətinin, “Mədəd-Azərbaycan” və Britaniya Şurasının birgə layihəsi olan “İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi və sertifikasiyası” layihəsinin qalibidir. 2012-ci ildə kurikulum üzrə “Öyrədənlərin öyrədəni” təlimçi kursunu bitirmiş və “təlimçi” statusuna yiyələnmişdir. Təlim zamanı öyrəndiklərini tətbiq edərək dərslərini müasir metodlarla qurur, dərsin daha maraqlı və rəngarəng keçməsi üçün effektiv metodlara üstünlük verir. Peşə fəaliyyətini təkmilləşdirmək məqsədilə Britaniya Şurasının onlayn təlimində distant təhsil alıb. 2014-cü ilin mart ayında ABŞ-ın Oreqon Universitetində “İngilis dilinin xarici dil kimi tədrisi metodikası” (TESOL Methods) üzrə distant təhsilini yüksək göstəricilərlə başa vuraraq elektron təhsil üzrə “e Teacher” sertifikatına layiq görülüb.

İzhar Kazımov,
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin riyaziyyat-informatika müəllimi
Ən yaxşı müəllimlərimiz
1947-ci ildə İsmayıllı rayonunda anadan olub. 1970-ci ildə indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Rayonda qabaqcıl təhsil işçisi kimi tanınır. Şagirdlərə dərin və əsaslı bilik verməklə yanaşı, dərslərin, dərsliklərin məzmununun yaxşılaşdırılması, dərslərdə texniki-təlim vasitələrindən istifadə edilməsi imkanları ilə bağlı səmərəli təkliflər verib. Dərs dediyi şagirdlərdən fənn olimpiada qalibləri, Prezident təqaüdünə layiq görülənlər, Türkiyə, Kipr, ABŞ, Fransa, İngiltərə, Rumıniya və s. kimi ölkələrdə təhsil alanlar var.
Pedaqoji fəaliyyəti dövründə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, rayon təhsil şöbəsinin diplom və fəxri fərmanları ilə təltif edilmiş, metodist müəllim, ali kateqoriyalı müəllim adlarını almışdır. 2007-ci ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2012-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Əsgər Manafov,
İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri
Ən yaxşı müəllimlərimiz
1957-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Moskva şəhərində Şvernik adına Həmkarlar Hərəkatının Ali Məktəbinin iqtisadiyyat fakültəsini bitirib. 1998-ci ildən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri kimi öz fəaliyyətini davam etdirir. 1998-ci ildə qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması İsmayıllı Rayon Təhsil Şöbəsində rəsmiləşdirilib. Ali kateqoriyalı müəllimdir. Müxtəlif illərdə bir çox fəxri fərmanlar, diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Hazırladığı hərbi komandalar müxtəlif illərdə respublikada keçirilən “Cəsurlar”, “Şahin” hərbi idman yarışlarında yüksək nəticələr göstərib. Komandaları bu yarışlarda fərqləndiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub. 2011-ci ildə “Qarabağ uğrunda qələbəyə doğru” şüarı altında keçirilən güllə atıcılığında komandası respublikanın final yarışında I yerə layiq görülüb. 2012-ci ildə yaz çağırışına həsr olunmuş yarışda “Vətənin müdafiəsinə hazıram!” komandası Azərbaycan çempionatının yekun mərhələsində I yeri tutub. Ə.Manafovun dərs dediyi şagirdlərdən 61 nəfəri Ali Hərbi Məktəbi bitirərək zabit kimi vətənə xidmət edir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz