Azərbaycanın Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə

Yoldan ayrılıb meşələrin içi ilə Basqala gedirik. Basqal öz kəlağayısı, ipəyi ilə məşhur olub. Balaca bir kəlağayı sexi indi də işləyir. Yaşıl meşələrin, bağların arasında üstünə qırmızı dəmir vurulmuş “xınalı” evlər dikəlir.
Qəsəbənin qırağındakı qəbiristanda Azərbaycan sovet nəsrinin banilərindən olan Əbülhəsənin məzarını axtarırıq. Bələdçi götürməmişik. Balaca bir torpaq təpəsi. Yalnız çoxdan solmuş əklillərin kölgədə qalıb zorla da olsa oxunan tərəfində Əbülhəsənin adını tapırıq.

Azərbaycanın Xalq yazıçısı Əbülhəsən ƏləkbərzadəUlu Basqalın görkəmli yazarları və ictimai xadimləri
Azərbaycanın Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə (1906-1986)

Yoldan ayrılıb meşələrin içi ilə Basqala gedirik. Basqal öz kəlağayısı, ipəyi ilə məşhur olub. Balaca bir kəlağayı sexi indi də işləyir. Yaşıl meşələrin, bağların arasında üstünə qırmızı dəmir vurulmuş “xınalı” evlər dikəlir.
Qəsəbənin qırağındakı qəbiristanda Azərbaycan sovet nəsrinin banilərindən olan Əbülhəsənin məzarını axtarırıq. Bələdçi götürməmişik. Balaca bir torpaq təpəsi. Yalnız çoxdan solmuş əklillərin kölgədə qalıb zorla da olsa oxunan tərəfində Əbülhəsənin adını tapırıq.
Azərbaycanın Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə
Elə bilirəm, torpağın altından Əbülhəsənin gülər üzü, təbəssümlü gözləri bizə dikilir və yumşaq səsini eşidirəm: “Əzzim, əzzim, məni niyə belə unutdunuz?” (Sabir Rüstəmxanlı, “Ömür kitabı”)
Qədim odlar yurdunun bu bir parçasının – Basqalın “Düzən” qəbristanlığı güllü-çiçəkli o may günündəki qədər izdiham görməmişdi. Bakıdan, Tiflisdən, hətta Rusiyadan, bir sözlə, keçmiş İttifaqın çox yerindən yazıçı sənətinə, Əbülhəsən şəxsiyyətinə qiymət verənlər, onu ürəkdən sevənlər buraya axışmışdı. Dəfn mərasimində gur yağış yağdı, sanki “dünya qopdu” . lakin heç kəs yağışa görə qaçmadı. Mikrofon quraşdırıldı, mitinq keçirildi. Qəbrin üzərinə o qədər tər çiçək çələngi qoyuldu ki, o görünməz oldu. Mərkəzdən gələnlərin, yazıçı dostların çıxışlarında çox vədlər verildi, çox əhd-peyman eşidildi. Bu qəbrin heç vaxt unudulmayan ziyarətgah olacağına kövrələrək deyənlər oldu.
Axı rəhmətlik o vaxt hələ dağılmamış Sovet quruluşunun bütün bürokratik tələblərinə belə kifayət qədər cavab verir, Fəxri xiyabanda dəfn olunmaq üçün hər cəhətdən uyğun gəlirdi. Bunu bilə-bilə mərhum qəlbi qədər, gözləri qədər sevdiyi doğma Basqalda anası Xanbacının, atası Əlibabanın dəfn olunduğu, yazıçılığının mayası qoyulmuş yerə daha çox üstünlük vermiş və orada basdırılmağını vəsiyyət etmişdi.
Bütün həyatı boyu heç kəsdən təmənna ummayan, uşaq kimi məsum qəlbli, pak vicdanlı, Azərbaycan nəsrinin ağsaqqallarından biri, Xalq yazıçısı Əbülhəsəni tanıyanlar və ədəbi yaradıcılığına bələd olanlar yaxşı bilirlər ki, o mənsub olduğu xalqın realist, şirin dilli, özünəməxsus təhkiyə üslubu olan yazıçılarımızdandır. Əbülhəsənin realist inikas bacarığı, onun dünyagörüşü və həyat təcrübəsi lap ilk qələm sınaqlarından başlayaraq böyük bir təkamül prosesi keçmişdir.
Ədibin həyatı elə keçmişdir ki, o, cəmiyyətimizin inkişaf prosesinin ən səciyyəvi, mürəkkəb və maraqlı hadisələrinin bilavasitə iştirakçısı olmuş, ətrafındakı olaylar və insanlar onun yazıçılıq müşahidəsinə zəngin qida vermiş, münbit zəmin olmuşdur. Tanınmış rus yazıçısı Qriqori Korabelnikov yazır: “İndiyədək Əbülhəsən nədən yazmışsa, həmişə iştirakçı və şahid kimi onları öz gözü ilə görmüşdür. Sanki taleyi ona həyat təcrübəsi bəxş edir, onu əsrin həlledici vuruşları gedən döyüş, mübarizə meydanına gətirir”.
“Dünya qopur” romanındakı bir çox obrazı o zamankı Basqal mühitində müşahidə edən Əbülhəsənin xatirələrindən bir parçasına diqqət edək: “Romandakı Büləndin əsl adı Abdulla, Veyisinki isə Veysəl idi. Onlar doğrudan da qardaş idilər. Veysəl şərbaflıq edirdi. Abdulla (əsərdə Bülənd) isə Bakıda fəhləlik edirdi və inqilabi iş üçün göndərilmişdi.
Romandakı Nəcmi müəllim obrazında mən öz müəllimim Ağarəzi Qasımxanlının surətini yaratmışam. “Dostluq qalası” romanında isə Ağarəzi müəllim öz adı və familiyası ilə verilmişdir. Böyük Vətən müharibəsi qəhrəmanı Kamal Qasımovun atası olan Ağarəzi müəllim o zaman Basqalda əsası 1887-ci ildə qoyulmuş rus-tatar məktəbində dərs deyirdi. Nəcmi müəllimin oğlu Şövkət obrazının yaranmasında isə Ağarəzi müəllimin oğlu, fizika-riyaziyyat elmləri namizədi Fətəli Qasımxanlı olmuşdur. Nəcmi müəllim ilə Şövkətin bədii obrazlarında həm də o zamanki Basqal ziyalılarının bəzi ümumi cəhətləri toplanmışdır.
Romandakı Əziz, Zeynal, Ciniş Əhməd o zaman Basqalda yaşayan eyni adlı şərbafların bədii obrazıdır”.
Ağ saçlı ədibin məktəb və tərbiyə məsələlərinə həsr etdiyi “Tamaşa qarının nəvələri” adlı povesti yetişən nəsildə ictimai zəhmətə rəğbət oyatmaq, bu işdə ailənin məqsəd və vəzifələrini izah sahəsində pedaqoji cəbhədə çalışanlar üçün böyük tərbiyə vasitəsidir.
“Tamaşa qarının nəvələri” povestinin kompozisiyası olduqca maraqlıdır. Süjet mərkəzində yaşayış və dünya baxışları etibarı ilə bir-birinə zidd olan iki ailə təsvir edilir: Tamaşa qarının oğlanları – namuslu və zəhmətkeş Qafarla rüşvətxor və tüfeyli Ağayarın ailəsi. Əsərdəki tərbiyə məsələləri bu ailələrin simasında müqayisə olunaraq müəllifin didaktik nəticələri ilə tamamlanır. Ağayarın zərərli tərbiyə üsulları yazıçı tərəfindən kəskin istehza və kinayəli gülüşlə ifşa edilir. Lakin bu ifşanın daha qüvvətli çıxması üçün eyni zamanda onun ailəsi ilə Tamaşanın böyük oğlu Qafarın sadə və zəhmətsevər ailəsi müqayisə olunur. Ümumən, müəllif əsər boyu həm öz ideyasını, həm də müsbət və mənfi qəhrəmanların xarakterini məhz belə təzadlı müqayisələr əsasında izah etmişdir.
Əbülhəsənin mənalı həyatı doğma yurdunun dünəni və bu günü ilə sıx bağlı idi. O, ara-sıra İsmayıllıya, Basqala gəlir, ədəbiyyatımızın böyük təbliğatçısı kimi çıxış edir, əsərlərini səbirsizliklə gözləyən oxucularını öz yaradıcılıq planları ilə tanış edirdi.
Sevimli ədibimizin doğma qəsəbəsinə hər gəlişi həmyerliləri üçün hədsiz sevincə səbəb olurdu. Əsərlərində ciddi ictimai-fəlsəfi məsələlər qaldıran, heç kimə bənzəməyən orijinal üslublu bir sənətkar kimi tanınmış yazıçı, el-obasına gələrkən sıravi basqallıya çevrilər, həmyerlilərini maraqlandıran suallara həlim yumorla, xoş xasiyyəti ilə uyuşan sadəliklə cavab verərdi.
Mənimlə Əülhəsən arasında çox mehriban və səmimi münasibət vardı. Məndən 26 yaş böyük olmasına baxmayaraq, o hər gəlişində bizim evimizi ziyarət edər, qohumlar, tanışlar haqqında söhbət açar, bəzən hətta kiməsə edəcəyi məzəmməti, giley-güzarı mənə danışıb ürəyini boşaldardı. Həyatındakı ən ağır, ən kədərli hadisələrdən biri ədibi bərk sarsıtmışdı. İki övladından biri – 34 yaşlı Ramizin müəmmalı ölümündən danışanda həm özünün gözləri yaşarmış, həm də bizi bərk kövrəltmişdi. Ramiz böyük qardaşı Çingizdən fərqli olaraq Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirərək Bakı şəhərindəki rayonlardan birinin milis şöbəsində müstəntiq işləyirdi. 1971-ci ilin fevral ayında onun iş otağında masa arxasında ölməsinin səbəbi axıra kimi açılmamış qalmışdı.
1979-cu ilin sentyabr ayında İsmayıllı rayon partiya komitəsinin birinci katibi Qəşəm Aslanov mənə telefonla zəng vuraraq bildirdi ki, sabah Xalq yazıçısı Əbülhəsən bir qrup yaradıcı ziyalı və Azərbaycan Televiziyasının çəkiliş qrupu ilə birlikdə rayonumuza qonaq gəlir. Əbülhəsən yaradıcılığının pərəstişkarı kimi, onun ədəbi fəaliyyətinin bilicisi kimi 40-45 dəqiqəlik çıxış etməlisən.
Bu, böyük məsuliyyət tələb edən tapşırıq idi. Vaxt çox az, imtina etmək isə yaraşan iş deyildi. Yazıçının ədəbi fəaliyyətini daha dərindən öyrəndim, qeydlər apardım. Ədibin büllur kimi saf şəxsiyyətindən danışmaq isə mənim üçün asan oldu.
Ertəsi gün Əbülhəsən Ələkbərzadə, gözəl yazıçı, alim Əzizə Cəfərzadə, şair-jurnalist Xeyrulla Camal, televiziya rejissoru, operator və işıqçılar rayon mərkəzində təntənəli yığıncaqda iştirak etdilər. Mədəniyyət evində baş tutan bu görüş nəzərdə tutulandan da yüksək səviyyədə keçdi. Bir gün sonra isə ədib və onu müşayiət edənlər Basqal məktəbinin pedaqoji kollektivinin və şagirdlərin qonağı oldular.
Lakin ədibin nəzərlərindən hiss olunurdu ki, onu hansı qayğı isə narahat edir. Qonşu Ağsu rayonunun Nuran kəndinə yolun vəziyyəti ilə maraqlananda başa düşdük ki, yazıçı oraya getmək istəyir. Danışdı ki, tərcümeyi-halını yazanlardan təkcə professor Təhsin Mütəllibov öz doktorluq dissertasiyasında ədibin pedaqoji fəaliyyətə Nuran kəndindən başladığını yazıb. “Düz bir il, – dedi, – bu kəndin çörəyini yemiş və suyunu içmişəm. Oradakı dəyişiklikləri görmək, gəncliyimdə işlədiyim o yerlərə bir də baxmaq, həm də sabiq şagirdlərimdən sağ qalanları ilə görüşmək istəyirəm.
Sovxoz direktoru – qayğıkeş, qədirbilən insan Malik Bağırov bizə dərhal öz UAZ avtomobilini verdi və biz birlikdə on kilometr cənubda yerləşən Nuran kəndinə getdik. Maşında mən fürsəti fövtə vermədən maraqlandığım sualları yazıçıya verdim. Söhbət ədibin ilk kitabı olan “Tanışlar”dan, oradakı “Sofi”, “Kəbutər”, “Özü üçün yazanlar” və başqa hekayələrdən, onların Basqaldakı prototiplərindən getdi. Sualların axarı otuz yeddinci ilin repressiyasına istiqamət aldı. Əbülhəsən müəllim Hüseyn Cavid, Mikayıl Müşfiq, Simürq Tağı Şahbazi, Hacıbala Nəzərli, Qantəmir və canlı təmasda olduğu başqa yazıçılardan, onların şəxsiyyətindən, heç bir günahları olmadan xalq düşməni damğası ilə həbs edilib güllələnmələrindən bəhs etdi, həyatlarından maraqlı epizodlar danışdı.
Danışığı da əsərləri kimi, dadlı-duzlu idi Əbülhəsən müəllimin. Onu ən çox oxunan yazıçılardan hesab etsək yanılmarıq. Təsvirlərinin canlılığına, dialoqlarının yerli-yataqlı olmasına xüsusi əhəmiyyət verdiyinə görə əsərləri hərarətlə qarşılanır, sevilə-sevilə oxunur.
Həyat materiallarının aktuallığı, ictimai fikirlə səsləşməsi, gerçəkliyin yüksək sənətkarlıqla ifadəsi daha konkret yaradıcılıq vəzifəsi kimi həmişə Əbülhəsənin qarşısında pozulmaz missiya kimi dayanmışdır. Ədib yaratdığı hər bir əxlaq, tərbiyə, sədaqət, dostluq, etibar və sair etik-estetik məsələlərə toxunur, nəcib insani keyfiyyətləri müxtəlif bədii üsullarla oxucularına, xüsusilə gənc nəslə aşılamağa çalışır. O, bəzən sadə bir əhvalatın, epizodik bir surətin təsvirini bütün təfərrüatına qədər varsa, kiçik hadisələr haqqında geniş söhbət açsa belə, əsərləri çox maraqla oxunur.
Artıq neçə illərdir ki, biz Əbülhəsəni cismən itirmişik. Ancaq mənə elə gəlir ki, qocaman sənətkar həmişə bizi görür, bəzən hətta, unutqanlığa görə ittiham edir.
Respublikamızda ilk “Xalq yazıçısı” fəxri adını alanlardan biri 80 illik mənalı ömrünün 60 ilini bədii yaradıcılığa həsr etmiş, Böyük Vətən müharibəsi cəbhələrində həm silahlı, həm odlu qələmi ilə vuruşmuş, yaradıcılığı bir neçə doktorluq, namizədlik dissertasiyasının obyekti olmuş əsərləri dünya xalqlarının bir neçə dilinə tərcümə edilmiş bu şöhrətli sənətkarı unutmaq biganəlikdən başqa bir şey deyildir.
Dəfələrlə respublikamızda çıxan bir neçə qəzet səhifəsində mən tənqidi məqalələrlə çıxış edib Xalq yazıçısı Əbülhəsənin məzarının düzəldilməmiş qaldığına görə narazılığımı bildirmişdimsə də, Azərbaycan Yazıçılar Birliyinin bu məsələyə reaksiyası bilinməmişdir.
Çox şükürlər olsun ki, indi Basqalın “Düzən” qəbiristanlığına yolu düşənlər burada dəyişikliklərin şahidi ola bilərlər. Yaşı yüzü keçmiş klassik yazıçımızın uca postament üzərində özü kimi sadə, zərif büstü hələ uzaqdan insanların diqqətini cəlb edir.
Məzarətrafı sahə yüksək sənətkarlıqla döşənmiş, oranın arxitektura-planlaşma işi uğurla həll olunmuşdur. İndi “Dünya qopur”, “Yoxuşlar”, “Dostluq qalası”, “Utancaq”, “Tamaşa qarının nəvələri”, “20 il sonra”, “Hələ gec deyil” və onlarla digər əsərlərin müəllifinin dürüst ünvanını verən bu abidəni ziyarət edənlər onu öz halal pulu ilə qurduran Zahid Çingiz oğlu Ələkbərzadəni dua-səna ilə mükafatlandırırlar.
Həyatımız isə gözlənilməz hadisələrdən xali deyil: xeyirxah əməlinə görə edilən dualar Əbülhəsən müəllimin nəvəsi, Bakı şəhər 3 nömrəli vəkillər məsləhətxanasının sabiq hüquqşünası Zahid Çingiz oğlu Ələkbərzadəyə onun əbədi mənzilində çatacaqdır. 2005-ci ilin noyabr ayında babasının qəbirüstü abidəsi lap başa çatanda 43 yaşlı Zahidin hələ yaşayıb yaratmaq əzmi ilə döyünən ürəyi amansız infarktın qəfləti hücumu ilə dayanmışdır.
Kainatın bəzəyi, ənbiyaların ən şərəflisi Məhəmməd Əleyhissalam buyurub: “O kəslər ki, bəşəriyyət üçün xeyirli iş görüb axirət dünyasına köç edirlər, onlar ölməzlik qazanıb uca Rəbbin sevimlisi olurlar”.
Ruhları şad olsun həm Əbülhəsənin, həm Çingizin, həm Ramizin, həm də Zahidin!
2006-cı ilin iyun ayında buzu ərimiş, İsmayıllı rayon mədəniyyət evində rayon rəhbərliyinin, həmçinin Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin 100 illik yubileyi qeyd edilmişdir. Yubiley iclasında bu sətirlərin müəllifi də çıxış etmişdir.
Vəfatından bir neçə il əvvəl mənimlə çəkdirdiyi fotoşəkilə nəzər salan olsa, unudulmaz ədibimizin nurlu baxışlarını, səmimilik ifadə edən mülayim simasını görə bilər.
Miryavər Hüseynov

Şərh Yaz