Barıt qoxulu illər

İkinci dünya müharibəsinin başa çatmasından 69 il keçir. Qanlı-qadalı, məşəqqətlərlə dolu illər arxada qalsa da, zaman keçdikcə unudulmayacaq və heç vaxt yaddan çıxmayacaqdır. Bu müharibə çox taleləri sındırmış, anaları ərsiz, bacıları qardaşsız, ailələri başsız qoymuşdur.
Barıt  qoxulu   illərBarıt qoxulu illər

İkinci dünya müharibəsinin başa çatmasından 69 il keçir. Qanlı-qadalı, məşəqqətlərlə dolu illər arxada qalsa da, zaman keçdikcə unudulmayacaq və heç vaxt yaddan çıxmayacaqdır. Bu müharibə çox taleləri sındırmış, anaları ərsiz, bacıları qardaşsız, ailələri başsız qoymuşdur.
Barıt  qoxulu   illər
Bu müharibə bir və ya bir neçə ölkəni deyil, demək olar ki, dünyanın əksər ölkələrini əhatə etmişdir. Faşist Almaniyası bu müharibədə bütün bəşəriyyətə qarşı çıxmış, 60 milyon insanın məhvinə, 90 milyondan artıq insanın şikəstliyinə səbəb olmuşdur. Məhz buna görə də bütün tərəqqipərvər qüvvələr faşizm üzərində qazanılan bu qələbəni qeyd edirlər. Ən dəhşətli müharibə kimi tarixə düşən ikinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də başlamış və 1945-ci ilin mayında başa çatmışdır. Səbəbkarı faşist Almaniyası olan bu müharibədə 61 ölkə, dünya əhalisinin 4/5 hissəsi – 1,7 milyard nəfəri iştirak etmişdir. Döyüş əməliyyatları Avropa, Asiya və Afrika qitələrini, habelə, Okeaniya, Atlantik və Sakit okeanlarının rayonlarını əhatə etmişdir.
Ümumiyyətlə, müharibə bəşəriyyətə fəlakətlər gətirən bir əməldir. Əgər birinci dünya müharibəsində 38 dövlət iştirak etmişsə və 30 milyon canlı qüvvə məhv olunmuşdursa, ikinci dünya müharibəsində bu rəqəm 60 milyondan artıqdır. Bu rəqəmin 27 milyonu SSRİ-nin payına düşür. Sovetlərin müttəfiqləri olan Fransa 600 min, Böyük Britaniya 370 min, ABŞ isə cəmi 300 min canlı qüvvə itirmişdir.
Müharibənin əsas ağırlığı SSRİ-nin üzərinə düşdü. Faşist Almaniyası 1939-cu il avqustun 23-də SSRİ ilə on il müddətinə hücum etməmək barədə müqavilə bağlamışdı. Almaniya həmin müqaviləni pozdu, 1941-ci il iyulun 22-də bütün sərhəd boyu SSRİ-yə hücum etdi. Təpədən dırnağadək silahlanmış 190 diviziya üç istiqamətdə – şimal, mərkəz və cənubdan qəflətən hücuma keçdi.
Müharibənin ilk illəri Sovet tərəfi üçün uğursuz keçdi. Almaniyanın “ildırım sürətli” hücum taktikası ilə müharibəni qələbə ilə qısa zamanda başa çatdırmaq planları iflasa uğradı. Bütün Avropanı asanlıqla işğal edən Almaniya güclü müqavimətlə üzləşdi. Düzdür, almanlar Moskvanın lap yaxınlığına gəlib çıxmışdılar. Ukrayna, Moldova, Baltikyanı respublikalar və Rusiyanın bir hissəsi işğal edilmişdi. Alman orduları Şimali Qafqazın Qroznı şəhərinədək gəlib çıxmışdılar. Moskva altınadək gələn düşmən burada möhkəm müqavimətlə rastlaşdı. Düşmən xeyli itki verərək geri çəkildi. Alman hərb maşınının məğlubedilməzliyi haqqında yaranmış əfsanə boşa çıxdı. Sovet ordusunun qələbə çalmaq əzmi artdı.
Müharibənin gedişində əsaslı dönüşün yaranmasında Sovet Ordusunun Stalinqrad və Belqorod-Oryol-Kursk ətrafında alman qoşunlarına qarşı keçirdiyi uğurlu hərbi əməliyyatlar da müstəsna rol oynadı. Çox mühüm strateji əhəmiyyəti olan Stalinqrad uğrunda döyüşlər 1942-ci il iyulun 17-də başladı. Burada düşmənin 2 milyonadək canlı qüvvəsi döyüşürdü. Don cəbhəsi qoşunları əks hücuma keçdi, döyüşən alman bölmələri mühasirəyə alındı, düşmənin 147 min əsgər və zabiti məhv edildi, 91 min nəfəri isə başda feldmarşal Paulyus olmaqla əsir götürüldü. Faşistlər Stalinqrad döyüşlərində 1,5 milyon canlı qüvvə itirdilər və əməliyyat 1943-cü il fevralın 2-də başa çatdırıldı. Hitler 2 fevral tarixini ümumalman matəmi elan etdi. Sovet Ordusu düşmənə ağır zərbələr endirərək torpaqları azad edirdi.
1944-cü ildə SSRİ-nin əraziləri düşmən işğalından tam azad edildi. 1945-ci il aprelin 16-da Berlin əməliyyatı başlandı və mayın 2-dək davam etdi. Mayın 8-də Almaniya danışıqsız təslim oldu. 1945-ci il avqustun 9-da Sovet Ordusu Şərqdə Yaponiyanın “Kvantun” ordusuna qarşı hücuma keçdi və sentyabrın 2-də müharibə başa çatdı.
1941-1945-ci illər Böyük Vətən müharibəsindəki qələbə haqqında danışdıqda, Azərbaycan respublikasının, onun qəhrəman əsgərlərinin, arxa cəbhədə çalışan fədakar insanlarının qələbənin təmin edilməsində müstəsna rolu olduğunu xüsusilə qeyd etmək lazımdır.
Respublikanın igid oğulları və qızları hələ 1939-cu ilin payızında Sovet-Finlandiya cəbhəsində döyüşürdülər. İkinci dünya müharibəsi başlananda isə onlar faşizmə qarşı müharibəyə cəlb olundular. Azərbaycanın 77-ci, 223-cü, 402-ci, 416-cı milli diviziyaları vuruşurdu. Bunlardan əlavə, 227-ci və 396-cı diviziyaların tərkibində də azərbaycanlılar çoxluq təşkil edirdilər. Müharibədə iştirak edən 700 minədək həmyerlimizin yarısı geri qayıtmamışdır.
İkinci dünya müharibəsinin ilk günlərindən əfsanəvi qəhrəmanlıq göstərən 40 nəfər cəsur azərbaycanlı faşistlərin ala bilmədiyi Brest qalasının müdafiəsində duraraq, son nəfəslərinə qədər düşmənə təslim olmamışdır.
Həmyerlimiz, leytenant İsrafil Məmmədov döyüşlərdə misilsiz igidlik göstərərək, 1941-ci ilin dekabr ayının 11-də təkcə özü 70 alman əsgərini və 3 zabitini məhv etmişdir. Buna görə də ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. O, bu yüksək adı almış ilk azərbaycanlıdır. Digər bir eloğlumuz – Gəray Əsədov düşmənin atəş açan pulemyotunu sinəsi ilə susdurmuşdur.
İkinci dünya müharibəsində yüksək qəhrəmanlıq göstərdiklərinə görə 130 nəfər həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Bunlardan iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovu, Məzahir Abbasovu, Adil Quliyevi, Mehdi Hüseynzadəni, Qafur Məmmədovu, Məlik Məhərrəmovu, rayonumuzun Sulut kəndindən olan həmyerlimiz Bahəddin Mirzəyevi və başqalarını göstərmək olar.
İkinci dünya müharibəsi texnika və motorlar müharibəsi idi. Həmin texnikanı hərəkətə gətirən əsasən Bakı nefti olmuşdur. O zaman ölkə neftinin 70-75 faizini, benzinin 85-90 faizini Bakı verirdi. 1941-1945-ci illərdə müharibəyə göndərilən neftin 75 milyon tonu, benzinin 22 milyon tonu, donanma mazutunun və sürtgü yağlarının hamısı cəbhəyə Azərbaycandan göndərilmişdir. SSRİ Dövlət Plan Komitəsinin o zamankı sədri N.A.Voznesenski etiraf etmişdir ki, Azərbaycanın duru yanacağı olmasaydı küllü miqdarda tanklar, təyyarələr, düşmənin başına od ələyən “Katyuşa”lar, avtomaşınlar, gəmilər metal yığımı olaraq qalardı, qalib gəlmək mümkün olmazdı.
Sovet İttifaqı Marşalı F.Tolbuxin o zaman yazırdı: “Minlərlə tank, özüyeriyən qurğular, təyyarələr, avtomobillər rəşadətli Bakı neftçilərinin hasil etdiyi yanacaqla hərəkətə gətirilirdi”.
Müharibə dövrü respublikamız Sovet dövlətinin ən mühüm cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda düşmənə qan udduran qırıcı və bombardmançı təyyarələr, almanları lərzəyə salan “Katyuşa”lar, pulemyotlar, tüfəng və avtomatlar, minalar və sair istehsal edilirdi. Ümumilikdə, ölkəmizdə 130 addan çox silah-sursat istehsal edilirdi.
Azərbaycanın kənd əməkçiləri müharibə illərində böyük fədakarlıqla çalışaraq, cəbhəyə 509 min ton pambıq və başqa strateji məhsullar göndərmişdir. Xalqımız ölkənin müdafiə fonduna bir ton qızıl, 952 kiloqram gümüş, 34 milyon rubl məbləğində istiqraz (o zamanın pulu), 125 vaqon paltar və başqa şeylər göndərmişdir. Bundan əlavə, yaralı əsgərlərə 23 ton qan göndərilmişdir.
2002-ci il may ayının 9-da tarixi qələbənin növbəti bayramı günündə ulu öndər Heydər Əliyev demişdir: “Mən Böyük Vətən müharibəsində şəhid olmuş Azərbaycan oğulları və qızları qarşısında baş əyirəm, Allah onlara rəhmət eləsin. Bizim xalqımız Qələbə bayramını böyük fəxrlə qeyd edir ona görə ki, Azərbaycan xalqı bu qələbənin qazanılmasına böyük töhfə verib. Bizim ikinci dünya müharibəsi veteranları bu gün də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir, öz təcrübələrini gənc nəslə verir, gənc nəslin tərbiyəsində fəal iştirak edirlər. Bütün bunlara görə, əziz veteranlar, Sizə təşəkkür edirəm. Arxayın ola bilərsiniz ki, Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti heç bir zaman Sizin xidmətlərinizi unutmayacaqlar”.
Fərəh hissi ilə qeyd etməliyik ki, öndərin veteranlara verdiyi bu yüksək qiymət, onlara göstərilən qayğı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Müharibə əlillərinə və iştirakçılarına prezident təqaüdlərinin verilməsi, maddi kömək göstərilməsi, bir çoxunun mənzil və avtomaşınla təmin edilməsi, sanatoriya və xəstəxanalarda pulsuz müalicəsi dediklərimizə yaxşıca misaldır.
Bu qələbədə rayonumuzun da payı az olmamışdır. Hazırda rayonumuzda 30 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. Onların hər birinin yaşı 90-dan artıqdır. Bundan əlavə, rayonumuzda arxa cəbhədə rəşadətli əməyə görə orden və medallarla təltif edilmiş 172 nəfər veteran var. Böyük Vətən müharibəsində və sonradan dünyasını dəyişmiş 158 nəfər veteranın ailə üzvü var. Onların hər biri dövlətin qayğısı ilə əhatə olunmuşdur.
Torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır, müharibə şəraitində yaşayırıq. Belə bir zamanda biz veteranların ən ümdə borcu yetişməkdə olan nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə öz köməyimizi göstərməkdən ibarət olmalıdır. Gənclər vətənpərvər böyüməsələr biz dövlətimizin müstəqilliyini qorumaqda və möhkəmləndirməkdə problemlərlə qarşılaşa bilərik. Gənclər H.Aslanovdan, G.Əsədovdan, B.Mirzəyevdən və başqalarından əsl vətənpərvərlik nümunəsi götürə bilərlər. Qarabağ döyüşlərində şəhid olmuş, yaralanmış gənclərimiz indiki nəslə örnəkdir.
Abduləli Əliyev,
İsmayıllı rayon Müharibə, Əmək və Hərbi Qulluqçular Veteranları Şurasının sədri

Şərh Yaz