Qibtə olunan ömür yolu

Azərbaycan Respublikasının Əməkdar müəllimi Şahsuvar Məşədi Sovqat oğlu Abbasovla qonşu olan kəndlərdə, o, Müdrisədə , mən isə Pirəqanım kəndində dünyaya göz açmışıq. Eyni məktəbləri – Müdri səkkizillik və Lahıc qəsəbə orta məktəblərində təhsil almışıq. Odur ki, hər gün rastlaşırdıq, söhbətləşirdik, yeri gələndə dərdləşirdik də. Sonralar o, Talıstan kəndinə, mən isə İsmayıllı şəhərinə köçdük. Hər ikimiz müəllimlik peşəsini seçdik. Bu gün də şərəflə bu peşənin yükünü daşıyırıq. Qohumluğumuz da var. Ona görə də tez-tez görüşmüşük, nailiyyətlərimizdən söhbətlər də etmişik. Bir neçə həftə öncəki görüşümüzdə Talıstan kənd tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Aydın Əzizov da iştirak edirdi. Söylədi ki, may ayının 18-də Şahsuvar müəllimin 70 yaşı tamam olur. Bəlkə bir yazı yazasınız… Yazaram, niyə yazmıram. Şahsuvar müəllim haqqında o qədər deməli sözüm var ki…
Qibtə olunan ömür yoluQibtə olunan ömür yolu
Azərbaycan Respublikasının Əməkdar müəllimi Şahsuvar Məşədi Sovqat oğlu Abbasovla qonşu olan kəndlərdə, o, Müdrisədə , mən isə Pirəqanım kəndində dünyaya göz açmışıq. Eyni məktəbləri – Müdri səkkizillik və Lahıc qəsəbə orta məktəblərində təhsil almışıq. Odur ki, hər gün rastlaşırdıq, söhbətləşirdik, yeri gələndə dərdləşirdik də. Sonralar o, Talıstan kəndinə, mən isə İsmayıllı şəhərinə köçdük. Hər ikimiz müəllimlik peşəsini seçdik. Bu gün də şərəflə bu peşənin yükünü daşıyırıq. Qohumluğumuz da var. Ona görə də tez-tez görüşmüşük, nailiyyətlərimizdən söhbətlər də etmişik. Bir neçə həftə öncəki görüşümüzdə Talıstan kənd tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Aydın Əzizov da iştirak edirdi. Söylədi ki, may ayının 18-də Şahsuvar müəllimin 70 yaşı tamam olur. Bəlkə bir yazı yazasınız… Yazaram, niyə yazmıram. Şahsuvar müəllim haqqında o qədər deməli sözüm var ki…
Qibtə olunan ömür yolu
Düzdü, bir qədər düşündüm, mən Şahsuvar müəllimi gördüyüm, tanıdığım elə bil dünən idi. Müəllimliyə yenicə başladığım 1972-ci ildə necə görmüşəmsə, indidə elədir. Orta boylu, gülər üzlü, səmimi, sadə, mehriban, sakit təbiətli .Bircə dəyişən illərin saçına saldığı dəndir. Bu da təbiidir.
Şahsuvar müəllim davranışı, hərəkətləri ilə nümunə məktəbidir. Paxıl deyil. Qeybətdən uzaqdır. Gözü-könlü toxdur. Sədaqətlidir. Ailəsinə, dostlarına, işinə, peşəsinə çox bağlıdır. Çox qayğıkeş, cəfakeş atadır. İki oğul övladını, onların ömür gün yoldaşlarını, nəvələrini o qədər çox sevir ki, onu sözlə ifadə edə bilmirəm. Onların adını çəkəndə gözləri gülür, çöhrəsini sevinc bürüyür. Hər ikisi: Vüqar və Elçin ali təhsilli həkimdir. Hər ikisi el-oba tərəfindən sevilir və hörmət olunur. Vüqar Azərbaycan Tibb Universitetinin cərrahiyyə klinik xəstəxanasında, Elçin isə İsmayıllı rayon Mərkəzi xəstəxanasının terapiya şöbəsinin müdiri vəzifəsində çalışır. Şahsuvar müəllim onların savadlı olmaları ilə fəxr edir, öyünür. Vətəninə gərəkli övladlar olduğu üçün özünü xoşbəxt sayır. 2010-cu ildə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bir neçə müəllimə “Əməkdar müəllim” və “Tərəqqi” medalları fəxri adları verildi. Biz də həmin müəllimlərin sırasındayıq. Bir yerdə təqdimata getdik, bir yerdə qayıtdıq.
Şahsuvar müəllim sözübütöv adamdır. Onun bir missiyası var: vətənpərvərlik, vətəndaşlıq, Azərbaycanın adını uca tutmaq.

… Ad günü ərəfəsində Şahsuvar müəllimlə görüşmək istədim. Görüşdük. Həmişəki kimi təbəssümlə xoş gəldin, dedi. Fikrimi söylədim. Çöhrəsinə azca qızartı çökdü. – Neynirsən e, dedi, – bilirsən ki, mən özümü heç vaxt reklam eləməmişəm. Müəllimliyimi etmişəm. Üzərimə düşən məsuliyyəti dərk edib işləmişəm, vəssalam. Sağ olsun dövlətimizin başçısı da əməyimi qiymətləndirib. “Əməkdar müəllim” fəxri ad almışam. Heç vaxt mükafat üçün işləməmişəm. Sırf sevdiyim müəllimlik işiylə məşğul olmuşam…
Şahsuvar müəllim burada da təvazökarlığından əl çəkmədi. Dedim. Sizi reklam etməyə ehtiyac yoxdur. Bir-iki sualım var, indiyə qədər soruşmamışam, heç olmasa bu yubiley ərəfəsində soruşum.
– Buyur, – dedi.
– Şahsuvar müəllim, oxucularla tanışlıq üçün ömür yolumuz haqqında nə deyərdiniz?
– 1944-cü ildə may ayının 18-də İsmayıllı rayonunun Müdirsə kəndində halallığı, düzlüyü, səxavəti ilə tanınan Məşədi Sovqat kişinin ailəsində anadan olmuşam. Atamı 4 yaşında itirmişəm. Göyçək ananın xeyir-duası ilə həyata kövrək addımlar atmışam. Təhsilimi Müdirsə, Müdri və Lahıc qəsəbə orta məktəblərində almışam. İndiki ADPU-nun kimya biologiya fakültəsini bitirmişəm. Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşam. Pedaqoji fəaliyyətə 1970-ci ildən Basqal kənd orta məktəbindən başlamışam. 1971-ci ildən Talıstan kəndində yaşamaqla E.Bayramov adına Talıstan kənd orta məktəbində ixtisasım üzrə çalışıram.
– Ötən illərə nəzər salanda nə düşünürsünüz? Müəllimlik sizə nə verdi?
– Bu illər ərzində iki quruluş görmüşəm. Bu quruluşların diqtə etdiyi problemlərin arxasınca getmişəm və peşman deyiləm. Çoxsaylı təltiflərim olub. Respublika Təhsil Nazirliyi, rayon İcra Hakimiyyəti, rayon Təhsil Şöbəsi, Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutu və bir sıra digər təşkilatların Fəxri fərmanlarını, diplom və pul mükafatlarını almışam. Çox insanlara kömək etmişəm. Bu mənə təskinlikdir. Mən fikirləşmirəm ki, yaxşı maşınım yoxdur, evimin yaxşı təmiri yoxdur… Mən fikirləşirəm ki, yaxşı övladlar tərbiyə etmişəm, bilik və bacarığımı gənc nəslin inkişafına sərf etmişəm. Əsl müəllim olmuşam. Müəllimlik mənə yaşımdan əvvəl ağsaqqallıq, müdriklik, hörmət-izzət gətirdi. Məni el-oba yanında ucaltdı, hörmətə mindirdi. Gənclik illərim arxada qaldı. Özüm də bilmədən gəlib 70-ə çatdım. 70-dən geriyə boylananda, ömürdən keçən illərin hədər getmədiyinin şahidi oldum. Oxuduğum illərdə yüksək elmi bacarığa malik müəllimlərim olub. Vahab, Ənvər, Əlövsət, Tağı, Hacalı, Hüseyn, Ələkbər kimi müəllimlər xalis ziyalı idilər . Belə insanlar çoxdur…
– Ziyalı dediniz, əsl ziyalı necə olmalıdır?
– Savadlı, mədəniyyətli olmalıdır. Öz davranışı, mədəniyyəti ilə nümunə göstərməlidir. Hamı ilə – qonşu ilə də, ailə üzvləri ilə də, yoldaşla da, tanımadığı insanla da, davranış qaydalarını yüksək səviyyədə icra etməlidir. Mütaliəsi çox olmalıdır. Mənə elə gəlir ki, bu vəhdət olmasa, ziyalılıq olmaz.
– Həyatda əsas məqsədiniz?
– Dərs dediyim şagirdlərimin savadı, qeyrəti, milli təəssübkeşliyi qayğısını ön plana çəkmək, xalqımız üçün attestatlı acizlər dəstəsi yox, öz ağlına, qəlbini çıraq etməyi bacaran dankolar yetirmək. Xoşbəxtəm ki, həyatım boyu sevdiyim işlə məşğul olmuşam. Elə məqsədim də budur.
– Mövcud təhsil sistemi sizi qane edirmi?
– Bu sistemin düzgün qurulması hələlik problem olaraq qalır. Amma Respublikamızın orta ümumtəhsil məktəblərində mənəvi-psixoloji planda ciddi yeniliklər olmalıdır. İlk növbədə, tədrisin keyfiyyətinə diqqət artırmalı, gənclərdə vətəndaşlıq qeyrətinin, fədakarlıq duyğusunun formalaşmasına əməl olunmalıdır. Elə etmək lazımdır ki, gənclərimiz həqiqi xoşbəxt gələcək yaratmaq uğrunda mübarizədən uzaqlaşmasınlar. Bilik həqiqi meyara çevrilsin. Müasir dövrümüzdə hamımız bir reallığın şahidiyik. Dünya sürətlə dəyişir, inkişaf edir. Dünənki elmi biliklər, texnologiya bu gün köhnəlmiş sayılır, bu gün malik olduğumuz informasiya isə sabah yararlı olmaya da bilər. Dünyada gedən tərəqqi proseslərinin əsasında, şübhəsiz, elm və təhsilin inkişafı, təhsilin məhsuldar qüvvəyə çevrilməsi durur. Buna görə də dünyanın inkişaf tempi ilə ayaqlaşmaq üçün ilk növbədə təhsilin yenilənməsi təmin edilməlidir. Müəllimlik ixtisaslarına yüksək balla qəbul aparılmalıdır.
– Sizin üçün kurikulum nədir?
– Kurikulum öyrənməni öyrətməkdir. Yəni köhnə biliklərin üzərində yeni biliklərin öyrənilməsidir. Dərsin motivasiyası güclü qurulmalıdır. Motivasiya düşünülmüş şəkildə qurulanda şagirdin mövzu haqqında fikirləri müəllimin nəzərində cəmlənir. Tədqiqat sualları şagirdləri düşündürür. Bu düşünmə şagird üçün bacarığa çevrilir.
– Kəndinizə gedə bilirsinizmi?
– İldə bir –iki dəfə gedə bilirdim… Ata, ana, doğmalarımı ziyarət etmək üçün. Amma… Yol problemləri qaydasında olmadığı üçün son vaxtlar kəndə gedə bilmirəm.
– Kimyanı şagirdlərə necə sevdirirsiniz?
– Kimya məişətimizə möhkəm daxil olub. Kimya hər sahədə adamlara gərək olur. Kimya “möcüzələr” yaradır. Bu fənni 44 ildir ki, tədris edirəm. Təsəvvür edirsinizmi, bu illər ərzində dərs dediyim siniflərin qapılarını öz mənzilimin qapısı kimi neçə dəfə açıb-örtmüş, neçə dəfə siniflərə daxil olmuş, nə qədər şagirdə kimyadan yeni bilik və məlumat vermişəm. Bu müddətdə şagirdlərimdən 135 nəfəri Tibb Universitetinə, 200 nəfərdən çoxu müxtəlif pedaqoji instituta, 112 nəfəri mühəndis ixtisasına, 37 nəfəri kənd təsərrüfatı mütəxəssisi və ekoloq, 12 nəfəri psixoloq ixtisasına yiyələnib. 14 nəfəri ali hərbi məktəbə, 43 nəfər orta tibb ixtisası məktəblərini, onlarla şagirdim müxtəlif institut və texnikumları bitirmiş, 5 nəfər şagirdim isə Prezident təqaüdünə layiq bilinmişlər.
– Şagirdlərin şəxsiyyət kimi formalaşması üçün nə edirsiniz?
– İnsan şəxsiyyət kimi doğulmur, şəxsiyyətə tədricən çevrilir. İradəsi, müstəqilliyi, ağlı və yaradıcı təfəkkürü ilə. Hər bir insanda xarakter təlim-tərbiyənin nəticəsində formalaşır. Düzgün təlim və tərbiyə düzgün xarakteri müəyyən edir. Dərs dediyim şagirdlərdə materialları mənimsətməklə yanaşı, onların şəxsiyyət kimi inkişaf etməsinə çalışıram. Gündəlik həyatımızdan götürülmüş problemlər və onların həlli yollarını birgə araşdırırıq. Müasir elmi nailiyyətlərdən söhbət açmaqla, şagirdlərin daxili aləmini, xarakterini, iradəsini və tədricən formalaşan şəxsiyyətini də inkişaf etdirirəm.
– Uzun müddət bir yerdə işlədiyiniz insanlardan nə öyrənmisiniz?
– Əsl müəllimliyi, nəyi necə tədris etməyi Əlibala Mirzəyev, Dəmir Nəzirov, Ağaələkbər Ələkbərov(Allah onlara rəhmət eləsin!), Hacı Mirzəyev, Miryavər Hüseynovdan çox öyrənmişəm. Direktorumuz Aydın Əzizov əvəzolunmaz insandır. Müəllim və şagirdlərimiz onunla sərbəst şəkildə dərdləşir, öz problemlərini söyləyirlər. Şagirdlərin yaxşı oxumaları üçün əllərindən gələni əsirgəmir. Çalışır ki, məktəbin adı hər yerdə fəxrlə çəkilsin. Kollektivimiz səmimi, mehribandır. Geniş təcrübəyə malik olan müəllimlərimiz öz təcrübələrini gənclərdən əsirgəmir, hər zaman onlara dəstək dururlar.
– Şahsuvar müəllim, bir sual da vermək istəyirəm. Birdən möcüzə baş versə, geriyə qayıtmalı olsanız ömür yolunuzda nəyi dəyişdirərdiniz, yolunuzu necə seçərdiniz? Müəllimlərinizdən nələri tələb edərdiniz?
– Cavanlıq vaxtına qayıdası olsam arzu edərdim ki, o iki balam da uşaq olsun. Mən onlarla daha çox məşğul olardım. Arzularımı deyirsənsə, bütün arzularım yerinə yetibdi. Bir neçə arzum qalıb. İnşallah onlar da… Oğlum Vüqarla birlikdə həmmüəllifi olduğum biologiyadan orta ümumtəhsil məktəb şagirdləri üçün testlər kitabımız çap olunub. Ömür vəfa etsəydi növbəti kitablarımı çap etdirərdim.
Müəllimlərimdən isə əvvəlki səmimiyyətlərini, alicənablıqlarını qoruyub saxlamağı tələb yox, xahiş edərdim. Çünki həyatda elə müəllimlərim olub ki, onlardan nəsə tələb etməyə mənim mənəvi hüququm çatmır. Bu mərtəbəyə çatmağımda əməyi olan rayon təhsil şöbəsinə və çalışdığım kollektivə ömür boyu minnətdaram.
Əziz qardaşım, sanki tale sənin üzünə gülüb. Qibtə olunan ömür yolu yaşamısan. Bu keyfiyyətlərin içərisində qardaş və bacılarına, ailənə, övladlarına olan istəyin, məhəbbətin müstəsna yer tutur. Sən vəfalı ömür yoldaşı, dəyərli ata, dörd nəvəyə müdrik babasan. Gün o gün olsun ki, tale sənə nəticəli illər də qismət etsin. Gün o gün olsun ki, Şahsuvar Abbasov 100 yaşın zirvəsindən boylansın.
Hacıməmməd Məmmədov,
Qabaqcıl təhsil işçisi

Şərh Yaz