İbtidai siniflərdə musiqi dərsinin tədrisi

Musiqi ruhun qidasıdır. Musiqi insanlıqla qoşa yaranmışdır. Müasir məktəblərimizin musiqi sahəsində müvafiq bilik, bacarıq və vərdişlərə malik olması, eyni zamanda onların intellektual səviyyələrinin, şəxsiyyət zənginliyinin əsas göstəricilərindən biri kimi qiymətləndirilir. İncəsənətin ən geniş yayılan növü olan musiqiyə daima xüsusi maraq göstərirlər. Hələ məktəbəqədər dövrdə ana laylası ilə oyanıb hərəkətə gələn bu maraq sonradan ibtidai siniflərdə daha da geniş inkişaf edir.
İbtidai  siniflərdə  musiqi  dərsinin  tədrisiİbtidai siniflərdə musiqi dərsinin tədrisi

Musiqi ruhun qidasıdır. Musiqi insanlıqla qoşa yaranmışdır. Müasir məktəblərimizin musiqi sahəsində müvafiq bilik, bacarıq və vərdişlərə malik olması, eyni zamanda onların intellektual səviyyələrinin, şəxsiyyət zənginliyinin əsas göstəricilərindən biri kimi qiymətləndirilir. İncəsənətin ən geniş yayılan növü olan musiqiyə daima xüsusi maraq göstərirlər. Hələ məktəbəqədər dövrdə ana laylası ilə oyanıb hərəkətə gələn bu maraq sonradan ibtidai siniflərdə daha da geniş inkişaf edir. Təəssüf hissi ilə qeyd etməliyik ki, məktəblərdə bu maraq lazımınca nəzərə alınmır, dinamik şəkildə inkişaf etdirilmir. Çox zaman musiqi dərsləri ana dili, riyaziyyatla əvəz olunur. Bunun səbəblərini müəllimlər müxtəlif yollarla izah edirlər. İbtidai siniflərdə riyaziyyat və ana dili fənləri çətin olduğu üçün, onun tədrisinə 45 dəqiqə vaxt çatmır, bu səbəbdən musiqi dərslərinin vaxtından əlavə istifadə olunur. Musiqisiz, rəqssiz, zövqsüz insan isə bir az yarımçıq olur. Əgər əvvəlki illərdə dərsliklərin, tədris vəsaitlərinin çatışmaması ucbatından həmin vəziyyətə dözmək olurdusa, indiki dövrdə belə vəziyyətlə heç cür razılaşmaq olmur. Çünki, respublikamızda uğurla həyata keçirilən təhsil islahatının indiki mərhələsində digər fənlərlə yanaşı , musiqi üzrə də müasir dərsliklər, şagirdlər üçün iş dəftərləri və müəllim üçün metodik vəsaitlər nəşr olunmuşdur.
İbtidai  siniflərdə  musiqi  dərsinin  tədrisi
Kurikulumda musiqi üzrə qarşıya qoyulan vəzifələrin həcmi elədir ki, onları uğurla yerinə yetirmək üçün həm sinif-dərs məşğələlərindən, həm də sinifdənxaric işlərin müxtəlif formalarından kompleks şəkildə istifadə olunmalıdır. Kurikulum islahatına görə şagirdlər mahnı oxumaq qaydalarını, mahnıların mətnlərini məzmununa görə səhnələşdirməyi, musiqi alətlərini xarakterinə və tembrinə görə bir-birindən fərqləndirməyi, müxtəlif janrlı musiqi əsərlərinə münasibət bildirməyi, Azərbaycan və Avropa bəstəkarlarını tanımalı, onların əsərlərini müqayisə edə bilməli, musiqi notlarının adlarını demək və oxumağı, onları sadə musiqi alətində çalmağı bacarmalıdırlar. Yəni musiqi müəllimi tədrisə yaradıcı yanaşmaqla istiqamətverici, əlaqələndirici, məsləhətçi rolunda çıxış etməli, şagirdlər isə tədqiqat aparıb, biliklərini tətbiq və təqdim etmək bacarıqlarını göstərməlidirlər.
Buradan belə bir sual yaranır. Musiqi üzrə göstərilən bacarıq və qabiliyyətləri həftədə bir saat hesabı ilə keçirilən musiqi dərslərində ibtidai sinif şagirdlərinə aşılamaq mümkündürmü?
Bu işin nəzəri-praktik məsələləri ilə məşğul olan müəllimlər və özüm ibtidai sinifdə musiqi fənnini tədris edən müəllim kimi qeyd etməliyəm ki, olduqca çətindir. Çünki, ilk baxışda sadə görünən, həmin bacarıqların və qabiliyyətlərin aşılanması üçün uşaqlarla günlərlə, həftələrlə, aylarla məşğul olmaq lazım gəlir. Buna görə də musiqi dərsləri bu sahədə müəyyən səriştəsi olan müəllimlər tərəfindən keçilməli, həm də sinifdənxaric işlərin müxtəlif formalarından istifadə olunmalıdır.
Necə ki, riyaziyyat üzrə məsələ, misal həll edə bilməyən bir kəsə ibtidai sinifdə dərs deməyə icazə verməzlər, musiqini də musiqi duyumu, zövqü olmayan bir insana həvalə etmək düzgün olmazdı. Düzdür, bəzən dərsliklərin, proqramların ağırlığından, çətinliyindən şikayət etmiş olsaq da bu bizə haqq qazandırmamalıdır, əksinə, şagird sualı qarşısında cavabsız qalmamaq üçün üzərimizdə çalışmalıyıq. O müəllim ki, dərs zamanı sinifdə uşaqlarla birgə mahnı ifa etmirsə, əsərin məzmununa uyğun olaraq rol oynamırsa, şagirdlərə mahnı oxumaq qaydalarını öyrədən zaman dirijorluq etmirsə, rəqslərin qurulmasında iştirak etmirsə burada dərsliklərin günahı yoxdur. Belə bir xalq deyimi var: ”Oynaya bilməyən deyir ki, yerim dardır”.
Bu fənnin yüksək səviyyədə keçilməsi uşağa kömək edir ki, o, digər fənləri də asan mənimsəsin. Fənnin tədrisi prosesində öyrənilən mahnılar, şagirdlərin vətəndaş kimi böyüməsinə, mənəvi vətənpərvərlik tərbiyəsinə çox böyük təsir göstərir. Musiqiyə ikinci fənn kimi baxmaq olmaz. Bu barədə fikirləşmək, neqativ münasibətləri dəyişmək lazımdır. Əks təqdirdə, biz gələcəkdə zövqsüz, musiqiyə biganə bir nəslin yetişməsinin şahidi ola bilərik. Bu, ən azından musiqi beşiyimiz olan Şuşamıza, musiqinin atası olan Üzeyirimizin ruhuna, musiqi laylası olan muğamımıza hörmətsizlik olar.
İstər riyaziyyat, istər ana dili, istərsə də musiqi bunların hamısı elmdir. Dahi rus bəstəkarı, pedaqoq D.B.Kabalevski demişdir: ”Musiqi fənninin səviyyəsini müəllimin səviyyəsinə endirmək deyil, müəllimin səviyyəsini bu fənnin ucalığına qaldırmaq lazımdır”.
IV sinif musiqi dərsindən nümunə:
Mövzu: Bəstəkar və operetta
Standart: 1.1.1. , 1.2.3.
Məqsəd: Şagirdlər: 1. Operetta janrı haqqında tam məlumat əldə edirlər. 2. Azərbaycanda operetta janrının yaranma tarixi haqqında məlumatlanırlar. 3. Musiqi janrı, musiqi alətləri və kollektivi arasında əlaqəni izah edirlər.
İnteqrasiya: Azərbaycan dili, təsviri incəsənət, texnologiya.
İş forması: Fərdlərlə və qruplarla iş.
İş üsulu: Şaxələndirmə (klaster), BİBÖ, müzakirə.
Resurslar: Dərslik, iş vərəqləri, kompyuter, proyektor.
Dərsin gedişi: Dərsə salamlaşma ilə başlayıram:
Gəlin, gəlin, uşaqlar,
Bizim görüşümüz var.
Gəlin, əl-ələ tutaq, Dostluq dövrəsi quraq.
Əvvəlcə salamlaşaq,
Sonra dərsə başlayaq.
I. Motivasiya
Proyektorla himnin məzmununa uyğun video çarxı izləyərək ifa edirlər. Uşaqlardan himnimizin müəlliflərini soruşuram, şair kimə deyilir, bəstəkar kimə deyilir? Uşaqlar cavablandırırlar.
Hansı Azərbaycan və Avropa bəstəkarlarını tanıyırıq?
Şagirdlər slaydlara baxa-baxa bəstəkarların adlarını sadalayırlar və dahi bəstəkarımız Üzeyir Hacıbəyovun portreti göstərilir. Uşaqlara müraciət edirəm:
– Üzeyir Hacıbəyov kimdir? Şaxələndirmə üsulu ilə uşaqlar Üzeyir Hacıbəyov haqqında məlumatlanırlar. Müzakirələrlə onun həyatı, yaradıcılığı, publisistikası və nəhayət, Azərbaycanda opera və operettanın yaradıcısı olaraq vurğulanır.
Tədqiqat sualı
Operetta janrında yazılmış musiqili səhnə əsərində hansı musiqi janrlarından istifadə olunur və hansı musiqi kollektivləri iştirak edir?
II. Tədqiqatın aparılması
Şagirdlərə üzərinə cədvəl çəkilmiş iş vərəqləri paylayıram və doğru cavabın qarşısında (+) qoymaqlarını tapşırıram. Şagirdlər qeyd etdikdən sonra proyektorda doğru cədvəl əks olunur. Uşaqlar öz yazdıqları ilə doğru cavabı müqayisə edirlər.
Tədqiqatı daha geniş aparmaq üçün şagirdlər 5 qrupa bölünürlər. Qruplar Üzeyir Hacıbəyovun əsərlərinin adları ilə adlandırılırlar və hər qrup özünə lider seçir. İş vərəqlərini qruplara paylayıram.
İş vərəqi 1.”O olmasın, bu olsun” qrupunun sualları:
Tapşırıq 1. ”Arşın mal alan“ musiqili komediyası hansı dünya dillərinə tərcümə olunmuşdur?
Cavab : ”Arşın mal alan” musiqili komediyası rus, ingilis, alman, çin, ərəb, fars, gürcü, polyak, belorus və s. dünya dillərinə tərcümə olunmuşdur.
Tapşırıq 2. “O olmasın, bu olsun” musiqili komediyasından Məşədi İbadla Rüstəm bəyin dialoqunu ifa edin.
Cavab: İki şagird ifa edir və monitorda həmin fraqment səslənir
İş vərəqi 2. ”Koroğlu” qrupunun sualları:
Tapşırıq 1 . Verilmiş rəngli kağızdan rəqs edən qızların geyimlərini kəsib yapışdırın.
Cavab : Qırmızı kağızlardan rəqs edən qızlar təsvir olunur.
Tapşırıq2. ” Arşın mal alan” operettasına ilk film nə vaxt çəkilib?
Cavab: 1945 –ci ildə “ Arşın mal alan” operettası əsasında C.Cabbarlı adına Azərbaycan kinostudiyasında bədii film çəkilmiş.
İş vərəqi 3. ”Leyli və Məcnun” qrupunun sualları Tapşırıq 1. ”Arşın mal alan” operettası nə vaxt yazılıb?
Cavab: Bəstəkar “Arşın mal alan ” operettasını 1913-cü ildə Peterburqda təhsil alarkən yazmışdır.
Tapşırıq 2. Opera nədir?
Cavab: Əvvəldən sona qədər musiqi ilə ifa olunan səhnə əsərinə opera deyilir.
İş vərəqi 4: ”Arşın mal alan” qrupunun sualları
Tapşırıq 1. Üzeyir bəy Hacıbəyovun musiqili komediyalarından sevdiyin bir obrazın rəsmini təsvir et.
Cavab : Şagird sevdiyi bir obrazı təsvir edir (Məşədi İbad).
Tapşırıq 2. ”Arşın mal alan” operettasından musiqili parça ifa edin.
Cavab: Sinfin bütün qızları qrupa qoşularaq “Arşın mal alan” rəqsini ifa edirlər.
İş vərəqi 5. “Ər və arvad” qrupunun sualları. Tapşırıq 1. Azərbaycanda musiqi günü nə vaxt qeyd olunur?
Cavab: Hər il 18 sentyabr Azərbaycanda musiqi günü kimi qeyd olunur.
Tapşırıq 2. Krassvordu həll et.
Cavab: Krassvord həll olunur və düzgün cavab monitorda görünür.
III. Məlumatın mübadiləsi.
Verilmiş vaxt tamam olduqdan sonra qruplar öz işlərini təqdim edirlər, informasiya mübadiləsi başlayır
IV. Məlumatın müzakirəsi və təhlili.
Bu mərhələdə digər qruplar da cavablara münasibət bildirir, qrup liderlərinə suallar verirlər.
V. Nəticənin çıxarılması və ümumiləşdirilməsi
Qrupların təqdimatlarını dinlədikdən sonra ümumiləşdirməyə başlayıram. Əvvəlcə uşaqlardan soruşuram, öz təqdimatlarınızdan, cavablarınızdan razı qaldınızmı? Uşaqlar hamısı bir ağızla bəli deyirlər. Qrupları alqışlayırıq. Lakin bunlarla yanaşı təqdimat zamanı xırda nöqsanları da qeyd edirəm.
Bəli uşaqlar, biz bugünkü dərsimizdə bəstəkar və operetta haqqında demək olar ki, yetərincə məlumat əldə etdik. Biz öyrəndik ki, operetta janrı bəstəkar və libretto müəllifi tərəfindən işlənilir. Musiqili Komediya Teatrının aktyor və musiqi kollektivləri tərəfindən tamaşaya hazırlanır və tamaşaçılar tərəfindən dinlənilir. BİBÖ cədvəli uşaqların iştirakı ilə doldurulur və əldə olunmuş nəticə buradan özünü göstərir.
VI. Qiymətləndirmə
Bilik və bacarıqları şagirdlərin iştirakı ilə müəyyən meyarlar üzrə qiymətləndirirəm.
VII. Ev tapşırığı
Üzeyir Hacıbəyovun musiqili komediyalarından ibarət albom hazırlamaq.
Güllübəyim Cərullayeva,
İsmayıllı rayon Təhsil şöbəsinin metodisti

Şərh Yaz