Onlara gülüş, nəğmə yaraşır

Otaqdan şirin uşaq ləhcəsi ilə oxunan şeir eşidildi:
Gəlin, gəlin, uşaqlar.
Şənlik edək biz yenə.
Şirin nəğmə oxuyaq
Bu sevimli Vətənə.
Bu şirinlik məni ayaq saxlamağa məcbur etdi. Mən uşaq “gülüşünə, körpə təbəssümünə bələnən bir dünyaya” düşmüş oldum. Mahnılar, şeirlər, rəqslər bir-birini əvəz etdikcə, körpə balaların şirin, süd qoxulu arzularını dinlədikcə qəlbim qürurla döyünür, bu fidanların məharətinə “əhsən” deyirdim. Xəyalım çox-çox uzaqlara dolaşır , fikirləşirdim ki, görəsən, bu saf təmiz dünyanı sevməyən insan tapılarmı? Təsadüfi deyil ki, məşhur yazıçı Viktor Hüqo körpə qığıltısını dünyanın ən gözəl himni adlandırmışdır. Çox gözəl bənzətmədir.

Onlara gülüş, nəğmə yaraşırOnlara gülüş, nəğmə yaraşır

Otaqdan şirin uşaq ləhcəsi ilə oxunan şeir eşidildi:
Gəlin, gəlin, uşaqlar.
Şənlik edək biz yenə.
Şirin nəğmə oxuyaq
Bu sevimli Vətənə.
Bu şirinlik məni ayaq saxlamağa məcbur etdi. Mən uşaq “gülüşünə, körpə təbəssümünə bələnən bir dünyaya” düşmüş oldum. Mahnılar, şeirlər, rəqslər bir-birini əvəz etdikcə, körpə balaların şirin, süd qoxulu arzularını dinlədikcə qəlbim qürurla döyünür, bu fidanların məharətinə “əhsən” deyirdim. Xəyalım çox-çox uzaqlara dolaşır , fikirləşirdim ki, görəsən, bu saf təmiz dünyanı sevməyən insan tapılarmı? Təsadüfi deyil ki, məşhur yazıçı Viktor Hüqo körpə qığıltısını dünyanın ən gözəl himni adlandırmışdır. Çox gözəl bənzətmədir.

Bu himnin zərif qığıltısı altında insanlar əzəmətli işlər görür, yaşayır, qurur, yaradır, hər dəfə də imkan tapanda könül dolusu rahatlanır və fikirləşirlər: Uşaqsız həyatın mənası nə imiş? və ömrümüzün sabahı olan gülər üzlü balalarımızı “gələcəyimiz”, “səadətimiz” kimi sözlərlə vəsf edirlər.
… Bir azdan tədbir başa çatdı. Ayrılmaq istəmədiyim bir nağıllı dünyadan ayrıldım. Bu nağıllı, nəğməli dünyanı yaradanlarla daha yaxından tanış olmaq istəyi yarandı qəlbimdə. Elə bu duyğularla da şəhər 1 saylı körpələr evi –uşaq bağçasının müdiri Q.Abdullayevaya müraciət etdim. Dedi ki, demək olar ki, tədbirlərimiz belə şən və maraqlı keçir. Burada müəssisəmizin bütün işçilərinin əməyi vardır. Lakin belə tədbirlərin əsas təşkilatçısı tərbiyəçi-müəllim Zümrüd Məhərrəmovadır.
Həmsöhbətimlə çox uzaqdan başladım. Öyrəndim ki, əsilləri İsmayıllıdan olsa da, Göyçay şəhərində anadan olub. Kiçik yaşlarında atasını itirib. Dörd körpə uşaq səmimi, mehriban, qayğıkeş qadın olan anası Sənubər xanımın zəhməti və fədakarlığı ilə böyüyüb. Uşaqların hər birinin sağlam, bilikli, elə, obaya layiq böyüməsi üçün bu zəhmətkeş ana gecəsini gündüzünə qatıb. Hərəni bir peşə sahibi etmək üçün hansı əziyyətlərdən keçməyib?
Anasının nə qədər əzablara düçar olsa da, uşaqlarla münasibətdə böyük səmimiyyət və mehribanlığını bir an da itirmədiyini görən balaca Zümrüd özü də bu xüsusiyyətləri damla-damla əvəz edir, balaca gəlinciklərini əzizləyir, ürəkdən qayğı göstərirdi. Altdan-altdan ona göz qoyan anası buna görə sevinir, fərəhlənirdi: axı körpəyə qayğı elə bütövlükdə insanlığa məhəbbət demək idi.
Nəhayət, orta məktəbi bitirib bağça müəllimi olmaq istədiyini bildirəndə ,ona heç də təəccüblənmədi. Əksinə, qızının arzularına rəvac verdi.
Zümrüd arzularının dalınca şəhərə gəldi. Bakı Məktəbəqədər Pedaqoji Texnikuma qəbul olundu. Bu, həyatının ən sevincli anlarından biri idi, çünki, ən böyük arzularından birinə çatmışdı…
Onlara gülüş, nəğmə yaraşır
Tələbəlik illərini boş-boşuna keçirmədi. Oxumaqdan, öyrənməkdən usanmadı. Sənətinin sirlərini dərindən öyrənməyə çalışdı. Və bir həqiqəti başa düşdü ki, körpələrlə işləmək heç də həm özünün, həm də başqalarının düşündüyü qədər asan deyilmiş.
Təyinatını İsmayıllıya verdilər. Əvvəlcə Mican kənd uşaq bağçasında çalışdı. Uşaqların, iş yoldaşlarının, valideynlərin dərin hörmət və məhəbbətini qazandı. Müasir tələblərə cavab verən yeni bağça açılanda və onu bura işə dəvət edəndə çox sevindi. Yeni iş yerinə də tez uyğunlaşdı. Buranın şəraiti işləmək, öz sözünü demək üçün daha əlverişli idi.
Aylar, illər ötdü. Düz 25 il keçdi. Ötən zaman oldu. Nə onun uşaqlara məhəbbəti, nə də işləmək şövqü azaldı. İllər ötdükcə təcrübəsi artdı, yaxşı işçi kimi sorağı hər yerə yayıldı. Lakin o, görülmüş işlərlə işini bitmiş hesab etmədi. Yaxşı başa düşür ki, təhsilin inkişafı üzrə Dövlət strategiyasında birinci istiqamət-səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və bütün pillələr üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir.
Məlumdur ki, təhsil prosesində hər bir millətin özünə məxsus rolu var. Məktəbəqədər təhsilin inkişafı da dövlət siyasətində əhəmiyyətli yer tutur. Çünki, məktəbəqədər tərbiyə təhsil sisteminin ən vacib inkişaf pillələrindən biri olub, gələcək vətəndaşın şəxsiyyətinin düzgün formalaşmasına, ikinci vacib millətə-məktəbə hazırlanmasına xidmət göstərir. Buna görə o, məşğələləri təkcə bilik yığnağına çevirmir, yeni təlim üsulları ilə işləyir ki, bu da körpələrin intellektual inkişafına, məntiqi təfəkkürlərinin formalaşmasına, əqli nəticə çıxarma qabiliyyətlərinin inkişafına, ümumiləşdirmə bacarıq və vərdişlərinin yaranmasına şərait yaradır.
Zümrüd müəllim özünü çox xoşbəxt sayır ki, həyatımızın mənası, gələcəyimiz olan körpələrlə işləyir. Və həm də yaxşı başa düşür ki, müasir fasiləsiz təhsilin keyfiyyəti xeyli dərəcədə tərbiyəçi müəllimlərin pedaqoji-psixoloji cəhətdən inkişaf etdirilməsi, peşəkarlıq cəhətdən müasir texnologiyalarla işləmə bacarığından asılıdır. Buna görə də ixtisası ilə bağlı keçirilən kurslarla kifayətlənmir, ardıcıl olaraq elmi-metodiki hazırlığını artırmaq üçün bilik və bacarığını artırmağa, uşaqların fəal tərəfdaşı olmağa çalışır.
Üzərinə düşən ağır, həm də şərəfli vəzifəni layiqincə dərk edən müəllim uşaqları yeni biliklərə dərindən yiyələndirmək, müstəqil şəkildə biliyini artırmaq , tənqidi təfəkkürünü inkişaf etdirmək üçün var-qüvvəsini sərf edir. Müasir təlim texnologiyalarına yiyələnməsi, yeri gəldikcə məşğələlərdə, tədbirlərdə İKT-dən istifadə etməsi, həm özü, həm də uşaqları xeyli fəallaşır, körpələrdə tədqiqatçılıq meyli yaradır və inkişaf etdirir. Məşğələlərin və tədbirlərin belə müasir təlim texnologiyalarının tətbiqi müəllimin təlim-tərbiyədə daha böyük müvəffəqiyyət qazanmasına imkan verir.
Onlara gülüş, nəğmə yaraşır
İş yoldaşlarından Simuzər Rəhmanova, Nahidə Zahidova, Sevinc Kərimova və başqalarının fəal iştirakı ilə keçirilən 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Qalmaz belə, qalmaz dünya”, dünya azərbaycanlılarının həmrəyliyi günü, yeni il şənliyi, “Gəl, baharım, gəl”, “Biz Heydərçilərik”, “Əlvida bağça, salam məktəb” və s. Tədbirlər həm qonaqlar, həm də valideynlər tərəfindən hərarətlə qarşılanmışdır.
Eyni zamanda uşaqlar bağçalar arasında keçirilən şeir müsabiqəsində və “Şən startlar” idman oyunlarında, bilik yarışmalarında və digər yarışlarda I yerə çıxmışlar.
RTŞ-nin diplomlarına, fəxri fərmanlarına və qiymətli hədiyyələrinə layiq görülmüşlər.
Açıq məşğələ və tədbirlərin əksəriyyətinin videoyazısı internet saytlarında yerləşdirilir.
Z. Məhərrəmova uşaqların hərtərəfli tərbiyəsində və məktəbə hazırlanmasında haqlı olaraq ailənin də böyük rolu olduğunu yaxşı başa düşür. Ona görə də valideynlərlə əlaqəli işləyir, qarşılıqlı faydalı məsləhətlər mübadiləsi ilə bərabər, məşğələlərdə, tədbirlərdə onların iştirakını təmin edir. Məhz buna görədir ki, valideynlər işindən ağızdolusu danışırlar. Xatirə Orucova deyir:
– Həyatda elə insanlar var ki, nəcibliyi, başqalarına faydalı olması , saf əməlləri ilə tanınır. Zümrüd müəllim də öz sənətini sevən, daim körpələrin qayğısını çəkən, mehriban, qayğıkeş insanlardandır. O, ömrünün bir anını da uşaqlarsız təsəvvür etmir. Heç bir hərf tanımayan, yazı yaza bilməyən uşağı öyrətmək bacarıq, istedad tələb edir. O da, öz işini sevən, ona dərindən bağlanan, əziyyətə qatlaşan istedadı, əməksevərliyi, əzmkarlığı, qayğıkeşliyi ilə valideynlərin dərin hörmətini qazanan müəllimdir. Hər bir uşağa qayğı ilə yanaşır, onların arasında istedad axtarır, inkişaf etdirir, kiçicik qəlbləri sevindirir, fərəhləndirir. Şeirləri, mahnıları seçərkən onların tərbiyəvi əhəmiyyətinə, uşaqların dilinə, həssas qəlblərinə yatmalarına diqqət yetirir. Eyni zamanda onların vətənpərvərlik tərbiyəsinə, sağlam ruhda böyümələrinə, şən və gümrah olmalarına ciddi əhəmiyyət verir. Axı onun tərbiyə etdiyi uşaqlar gələcəyin həkimləri, müəllimləri, mühəndisləri, hüquqşünasları, diplomatları və digər peşə sahibləri olacaqlar. Gələcəyimiz olan uşaqlar Zümrüd müəllimin timsalında etibarlı əllərdədir.
Valideyn Sevinc Cabbarova:
– İradəli, öz peşəsini sevən ətrafdakılara hörmət və qayğı ilə yanaşan, fədakar və yaradıcı… Sadalanan bu keyfiyyətlər Zümrüd Məhərrəmovanı gözəl xarakterizə edir. Bağçada tərbiyə alan uşaqların, həm də valideynlərin sevimlisinə çevrilən Zümrüd müəllim bir ana kimi həm də onların qayğısına qalır. Onun hazırladığı tədbirlər internet səhifələrində maraqla izlənilir.
Mən bir valideyn kimi, Zümrüd müəllimə, eyni zamanda onun zəhmətkeş həmkarlarına uğurlar arzulayır, övladlarımıza sərf etdikləri müqəddəs zəhmətlərinin qarşısında baş əyirəm.
Z. Məhərrəmova və onun həmkarları balacaların fiziki və əməyə məhəbbət tərbiyəsinə ciddi diqqət yetirirlər. Balacalar gül-çiçək əkir, onlara qayğı ilə qulluq edirlər. Uşaqların əl işlərindən ibarət sərgiyə baxanda qəlbim qürurla döyünür.
Mən bu qayğılı, diqqətli, uşaq dünyası üçün məsuliyyətli insanlardan inamla ayrılıram. Pəncərədən retro mahnının sədaları süzülür:
Bir dünyadır hər ürək,
Dünyaya sevinc gərək.
Bəli, ağıllı, nəğməli “dünya”nın sakinlərinə ancaq sevinc, gülüş, nəğmə yaraşır. Bu “dünya”nın yaradıcılarından biri də Zümrüd Məhərrəmovadır. Qoy bu gözəl dünyaya daim xoşbəxtlik nəsib olsun.
Rəna Mirzəliyeva

Şərh Yaz