Müəllim, döyüşçü, şair…


Həyat dastanımı vərəqləyən kəs,
Ötəri keçməsin sətirlərimdən.
Alovlar içindən yüksəlir bu səs,
Çatsın ünvanıma mənim dilimdən.
Bir soraq verin

Müəllim, döyüşçü, şair…

İkinci yazı
Əziz oxucular, rayonumuzun ,,Zəhmətkeş ” qəzetinin 16 sentyabr 1982-ci il və 7 may 1983-cü il tarixli nömrələrində ,,Müəllim, döyüşçü, şair…” və ,,Gənclik” jurnalının 1996-cı il tarixli, altıncı nömrəsində ,,Baba dağdan qopan daş” (şair Sabir Sarvanla birlikdə) və “İsmayıllı xəbərləri“ qəzetinin 20 iyun 2013-cü il tarixli nömrəsində “Müəllim, döyüşçü, şair…“ – həmyerlimiz, Lahıc qəsəbəsindən olan, Talıstan kəndində tarix müəllimi işləmiş Abbasov Əlabbas Məşədi Qasım oğlu (şeirlərində özünü Abbas kimi təqdim etmişdir) haqqında soraq xarakterli yazılar yazmış, Abbasın döyüş gündəliklərindən və şeirlərindən nümunələr dərc etdirmişdim. Təəssüf edirəm ki, həmyerlimiz haqqında hələ də bir soraq verən yoxdur.
Odur ki, böyük döyüş yolu keçmiş, vətənə, xalqa, vətəndaşı olduğu dövlətə bütün varlığı ilə bağlı olan bir döyüşçü, zabit, müəllim və şairi yenidən yada salır, gündəlik və şeirlərindən yeni nümunələri (azacıq redaktə etməklə) oxuculara təqdim edirəm:

Vətən qalar

Yolum düşsə qaranlığa, zülmətə,
Vətən eşqi nur çiləyər yoluma.
İnanıram xalqımdakı qüdrətə,
El birliyi qüvvət verər qoluma.

Əzəldən belədir xalqın adəti,
İgid xalq yolunda qoyar canını.
Dastan olar el-obada şöhrəti,
Döyüş günü əsirgəməz qanını.

Tanımaq istəsən bizim elləri,
Sən qoca tarixi aç varaq-varaq.
Keçir nəzərindən yüzillikləri,
Qədim əcdadımdan alarsan soraq.

Çoxları göz dikmiş Azərbaycana,
Cəlb etmiş onları Bakımın nefti.
Düşsə də yağılar yenə gümana,
Yenə gözlərində qalacaq əhdi.

Bil, əcdadım baş əyməmiş yadlara,
Odlar oğlu, od olmadıq biz əbəs.
Səməndərtək öyrənmişik odlara,
Abbas ölər, Vətən qalar müqəddəs.

1941-ci il 13 avqust. Biləcəri stansiyası. Toplantıdan sonra. Hörmətli şairimiz S.Vurğunun etdiyi çıxışın təsiri altında tələsə-tələsə qələmə aldığım misraları anama da göndərdim. Vətən əmin olsun ki, faşist ayağının ona dəyməsinə yol verməyəcəyik.

Yada vermərik

Ey Odlar diyarım, Azərbaycanım,
Qoymaram yadelli tapdasın səni.
Halaldır yolunda son damla qanım,
Döyüş meydanında sına sən məni.

Dönərəm Babəkin od qılıncına,
Cavanşirin qüdrətinə, gücünə,
Anam Nüşabənin sülh sevincinə,
Ölərəm, yadlara vermərəm səni.

İldırım nəsliyik, tufan oğluyuq,
Alovdan doğulmuş od oğlu, oduq.
Sınandıq döyüşdə, zəfərlər çaldıq,
Bilirəm tarixdə olub keçəni.

Bilirəm Çingiz kim, Teymur kim olub,
Bilirəm Qacar kim, Nadir kim olub.
Bu dünya neçə cür boşalıb, dolub –
Biz yada vermədik ana Vətəni.

Bizi qorxutmamış nə kədər, nə yas,
Meydanda almışıq düşməndən qisas.
And içib, söz verib Vətənə Abbas,
Berlində əzəcək xain düşməni.

13 avqust 1941-ci il, Biləcəri stansiyası, qatarın gəlməsinə 15 dəqiqə qalmışdır. Əziz həmvətənlərim, heç kəs ruhdan düşməsin, qələbə bizim olacaq, bu labüddür. Çalışın bizə, yəni ön cəbhəyə namusla kömək edin. Gecə saat birdir, qatar gəldi, sağ olun.

İgid, ər kimi

Həyat dastanımı vərəqləyən kəs,
Ötəri keçməsin sətirlərimdən.
Alovlar içindən yüksəlir bu səs,
Çatsın ünvanıma mənim dilimdən.

Dönər qərinələr, ötər yüz illər,
Qalar tarixlərdə qırxbirinci il.
Tapar məzarımı gələn nəsillər,
El-obam əməyi itirən deyil.

Babək nəvəsiyik, Cavanşir oğlu,
Döyüş qorxutmamış heç zaman bizi.
Hoydu deyib, nərə çəkib Koroğlu,
Qalıb dağda-düzdə Nəbinin izi.

Dahi Nizaminin özüdür bu el,
Gör hansı tarixdən başlanır illər.
Səhhətin, Sabirin sözüdür bu el ,
Əyilməz düşmənə şanlı nəsillər.

Abbas nərə çəkir odlar içindən,
Gedir döyüşlərə şiri-nər kimi.
Qüvvət alır vətənindən, elindən,
Zəfərlər çalaraq igid, ər kimi.
Kerç-dekabr 1941-ci il

Mənəm bu meydanın…

Gurlasın şeypurda Qafqaz havası,
Başlayım döyüşə Koroğlu həngi.
Azəri yurdumun qartal balası,
Mənəm bu meydanın şiri, pələngi.

Kim vətən yolunda keçsə canından,
El-oba dilində dastana dönər.
İgid içər düşmənlərin qanından,
Qorxağınsa şamı alışmaz, sönər.

Polad atla Abbas keçir hücuma,
Dəmirtək möhkəmdir əlim, ayağım.
İnanıram qüdrətimə, gücümə,
Mən mərd ölsəm, çatar elə sorağım.
Kerç-1941-ci il

Talıstana

Cənnətə döndükcə bu dağ, bu dərə,
Mənim gözlərimlə bax Talıstana.
Canlanır ruhumda başqa mənzərə,
Dönəcək şöhrəti şeirə, dastana.

Düzlərdə görürəm meyvəli bağlar,
Başımın üstündə vüqarlı dağlar.
Hündür mərtəbəli geniş otaqlar,
Bürünür hər yandan bağa-bostana.

Abbasam, xəyalım gör uçur hara,
Əhsən yurdumdakı sərvətə, vara.
Düşəydi güzarım əlli il sora
Baxaydım doyunca, ax, Talıstana !

Əziz həmvətənlərim, mən Talıstana elə bağlanmışam ki, adi və ya ədəbi dillə öz övladlıq məhəbbətimi bildirməyə qüdrətim çatmır. Bunu xalqa bildirmək üçün yalnız bir yol var, bu da döyüşlərdə əzmlə çarpışıb qələbə çalmaqdır… Ey əziz, mehriban insanlar, siz kim olursunuz olun, mənim üçün birsiniz. Mənim sizdən bir təmənnam var, o da vətəndaşlıq təmənnasıdır. Sizdən edəcəyim rica bu vətəndaşlıq borcunu yerinə yetirməkdir.
Əziz soydaşlar, əgər tale mənim bu od-alov içindən çıxmağımı rəva bilməsə, ürək sözlərim yazılmış minlərlə kağız parçalarından biri sizlərdən kiminsə əlinə keçsə, bu tələm-tələsik yazılmış cızmaqaralara laqeyd qalmayın. Rica edirəm, onu bu ünvana göndərin: Azərbaycan, İsmayıllı rayonu, Lahıc qəsəbəsi və yaxud Talıstan kəndi. 15 aprel 1944-cü il, Nikolayevka. Abbas (Xahiş rus dilində də təkrar olunmuşdur).
Əziz oxucular, həyatının sonu bilinməyən bu vətənpərvər insanın, 31 yaşlı müəllim və şairin keçdiyi döyüş yolu, yazdığı gündəlik və şeirlər bu gün, xalqımızın müharibə şəraitində yaşadığı bir zamanında vətənpərvərlik tərbiyəsi baxımından olduqca əhəmiyyətli və dəyərlidir. Odur ki, Abbas müəllim haqqında məlumatı olanlardan onun taleyinə laqeyd qalmamağı, bildiklərini ünvanıma və yaxud redaksiyaya çatdırmağı bir daha xahiş edirəm.
Nazir Ziya (Qasımov)
RİH başçısının Talıstan İƏD-i üzrə nümayəndənin müavini

Şərh Yaz