İlk peşə – ixtisas təhsilinin gələcək inkişaf istiqamətləri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda göstərildiyi kimi, son illər ərzində həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olmasına, sosial-iqtisadi inkişaf meyllərinin möhkəmlənməsinə şərait yaratmışdır. Ölkəmiz inkişaf etdikcə hədəfləri yenilənir və bir zaman xəyal etdiyimiz məqsədlər hazırda həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində uğurla həyata keçirilir. Respublikamız özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ölkədə bütün resurslardan, o cümlədən, əmək ehtiyatlarından səmərəli istifadəni təmin etməklə, iqtisadi cəhətdən güclü və yüksək sosial standartlara malik cəmiyyətin qurulması bu mərhələnin əsas prioritetinə çevrilmişdir.
İlk peşə - ixtisas təhsilinin gələcək inkişaf istiqamətləriİlk peşə – ixtisas təhsilinin gələcək inkişaf istiqamətləri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda göstərildiyi kimi, son illər ərzində həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olmasına, sosial-iqtisadi inkişaf meyllərinin möhkəmlənməsinə şərait yaratmışdır. Ölkəmiz inkişaf etdikcə hədəfləri yenilənir və bir zaman xəyal etdiyimiz məqsədlər hazırda həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində uğurla həyata keçirilir. Respublikamız özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ölkədə bütün resurslardan, o cümlədən, əmək ehtiyatlarından səmərəli istifadəni təmin etməklə, iqtisadi cəhətdən güclü və yüksək sosial standartlara malik cəmiyyətin qurulması bu mərhələnin əsas prioritetinə çevrilmişdir.
İlk peşə - ixtisas təhsilinin gələcək inkişaf istiqamətləri
İlk peşə-ixtisas təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla yanaşı, ölkənin sosial-iqtisadi inkişafında da mühüm rol oynayır. Belə ki, əmək bazarını ixtisaslı işçi qüvvəsi ilə təmin edən bu sahə sağlam vətəndaş cəmiyyətinin formalaşmasına da təsir edir. Cəmiyyətimizdə heç də həmişə peşə təhsilinə birmənalı münasibət bəslənilməyib. Bu da Peşə Təhsili sahəsinin inkişaf etməsinə öz mənfi təsirini göstərib və göstərməkdə davam edir. Belə ki, əgər inkişaf etmiş ölkələrdə yuxarı sinif şagirdlərinin 40-60 faizi öz təhsillərini peşə təhsili müəssisələrində davam etdirməyə üstünlük vermələrinə və bununla da gələcək karyeralarını erkən vaxtlardan qurmaga başlamalarına baxmayaraq, ölkəmizdə hələ də bəzi vətəndaşlarımız öz övladlarını peşə təhsili müəssisələrinə göndərməkdə tərəddüd edirlər. Fikrimcə, peşə təhsili işçilərinin qarşısında duran əsas məqsədlərdən biri də məhz yaxın illərdə ictimaiyyətdə peşə təhsili haqqında formalaşmış mənfi münasibətin aradan qaldırılması ilə əlaqədar olaraq ciddi səy göstərmələridir.
Bu gün hamımızı düşündürən məsələlərdən biri də peşə təhsilinin gələcək inkişafının necə olmasıdır. Bir peşə təhsili müəssisəsinin rəhbəri kimi, məni də düşündürən məsələlərdən biri məhz müəssisəmizin ölkə, region və dünya kontekstində inkişafını necə təmin etməkdir. Azərbaycan 2020: “Gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərildiyi kimi, enerji resursları və digər xammal ixracatçısı kimi tanınan ölkədən yüksək səviyyəli və rəqabət qabiliyyətli məhsullar istehsal edən ölkəyə çevrilməyi əsas hədəf kimi götürən Respublikamız bütün sahələrdə olduğu kimi, təhsil sistemini də bu hədəfə nail olmaq üçün istiqamətləndirir. Belə ki, ilk növbədə insan resurslarının inkişaf etdirilməsi zəruridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbirincə desək, qara qızılın insan kapitalına çevrilməsi üçün təhsil sistemi, o cümlədən, bu sistemin tərkib hissəsi olan ilk peşə-ixtisas təhsili də yenidən müasir dövrün tələblərinə uyğun formalaşmalıdır.
Peşə təhsili sisteminin müasir dövrün tələblərinə uyğun olaraq formalaşdırılması zamanı biz ölkə və dünya iqtisadiyyatında baş verən inkişaf tendensiyalarını nəzərə almalı, bu tendensiyaları qarşılaya biləcək sistemin qurulmasına çalışmalıyıq. Bu gün dünya əmək bazarında iş və işçiyə olan münasibət dəyişməkdədir. Artıq texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə işəgötürənlər tərəfindən işçiyə qoyulan tələblərin dəyişilməsini müşahidə edirik. Belə ki, Avropa Peşə Təhsili İnkişaf Mərkəzinin məlumatına əsasən 2020-ci ilə qədər 2010-cu illə müqayisədə daha yüksək bacarıqlar tələb edən iş yerlərinin sayı 29%-dən 34%-ə qədər artacaq, eyni zamanda funksional baxımdan çox mürəkkəb olmayan iş yerlərinin sayı isə 23%-dən 18%-ə qədər azalacaqdır. Bu gün işəgötürənlər sadə funksiyaları icra edə biləcək işçilərdən çox universal bacarıqlara malik olan işçilərə daha çox üstünlük verirlər. Beləliklə, müasir peşə təhsili sistemi dinləyicilərə yalnız standart peşə bilikləri və bacarıqları deyil, həmçinin, onlarda kreativlik, tənqidi təfəkkür, çevik idarəetmə və qərarvermə qabiliyyətlərinin, kollektivdə işləmək və təşəbbüskarlıq vərdişlərinin formalaşmasına yardım etməlidir.
Hazırda ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələri üzrə innovativ və yüksək texnologiyalar üzrə sənaye müəssisələri, texnoparkların yaradılması, alternativ enerji mənbələrindən geniş istifadə edilməsi, yaşıl texnologiya sahələri üzrə layihələr həyata keçirilməkdədir. Bu, həm ölkənin iqtisadiyyatının şaxələnməsinə yardım edir, həmçinin təhsil sistemi üçün də yeni hədəflərin müəyyənləşdirilməsinə təsir edir. Belə ki, artıq peşə təhsili sistemi də yalnız illərlə formalaşmış ənənəvi sahələr üzrə ixtisaslı kadrların hazırlanması ilə yanaşı, müasir və bəzi hallarda mürəkkəb sayılan sahələr üzrə kadrların hazırlanmasına istiqamətlənməlidir. Yenə də Avropa Peşə Təhsili İnkişaf Mərkəzinin verdiyi məlumata əsasən 2020-ci ilə qədər yaşıl iqtisadiyyat sahəsi üzrə yaradılacaq iş yerlərinin sayı 20 milyona çatacaqdır və biz əgər bu sahədə inkişaf etmiş ölkələrlə rəqabət aparmaq istəyiriksə, mütləq sürətdə peşə təhsili sistemini də bu tələblər əsasında formalaşdırmağa çalışmalıyıq.
Bununla yanaşı, zənnimcə, peşə təhsilinin fəlsəfəsində də müəyyən dəyişikliklərin edilməsi vaxtı çatıbdır. Belə ki, uzun müddət peşə təhsili yalnız işəgötürənlər üçün ucuz, ixtisaslı işçi qüvvəsi hazırlayan bir sahə kimi formalaşıb. Lakin, müasir dövrdə biz yalnız ixtisaslı işçi qüvvəsi hazırlamaqla yanaşı, həmçinin gələcəyin işəgötürənini də hazırlamalıyıq. Yəni, çalışmalıyıq ki, dinləyicilərimizə elə bilik, bacarıq və kompetensiya aşılaya bilək ki, onlar qısa müddət ərzində öz işlərini qura bilsinlər və işəgötürən kimi fəaliyyətlərini davam etdirə bilsinlər.
Peşə təhsilinin inkişafına işəgötürənlərin iştirakı olmadan nail olmaq çox çətindir. Belə ki, peşə təhsilinin inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, təhsil müəssisələri ilə işəgötürənlər arasında sosial partnyorluq əlaqələrinin inkişaf etdirilməsi kadr hazırlığının keyfiyyətinə və nüfuzuna müsbət təsir göstərir. Fikrimcə, bu gün peşə təhsilinin əsas problemlərindən biri məhz işəgötürənlərlə səmərəli əlaqələrin olmamasıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, peşə təhsili sisteminin səmərəliliyinin və nəticəyönümlülüyün təmin edilməsi üçün işəgötürən təşkilatların bu prosesdə fəal iştirak etməsi zəruridir.
Fikrimcə, peşə təhsili müəssisələri işəgötürənlərlə əməkdaşlıq əlaqələrinin gücləndirilməsində təşəbbüskarlığı öz üzərinə götürməklə, kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəlməsinə nail olmalıdır. Bu gün peşə təhsili müəssisələri nəinki işəgötürənlər tərəfindən kadr hazırlığına dair təkliflər gözləməli, eyni zamanda özləri fəal olaraq əmək bazarına müxtəlif proqramları təklif edərək işəgötürənlər, işsiz və iş axtaran vətəndaşlar üçün alternativ imkanlar yaratmalıdır. Bununla yanaşı müasir tipli peşə təhsili müəssisələrinin yaradılması və dövrün tələblərinə müvafiq proqramların inkişaf etdirilməsi vasitəsilə biz yaxın zamanda işəgötürənlərin diqqətini öz üzərimizə cəlb edə və peşə təhsilinin inkişafına nail ola bilərik.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə son zamanlar həyata keçirdiyi Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlamışdır. Əslində layihənin adı bu gün peşə təhsilinin əsas məqsədini xarakterizə edir. Belə ki, bu gün bizim əsas məqsədimiz əmək bazarının tələbinə müvafiq olaraq peşəkarların hazırlanmasıdır. Layihələrin icmalı göstərir ki, peşəkar kadrların hazırlanmasına sistemli yanaşdıqda kadr hazırlığı prosesinin səmərəliliyinə və keyfiyyətliliyinə nail olmaq mümkündür. Həyata keçirilən layihələr çərçivəsində Təhsil Nazirliyinin maddi və dəstək verməsi ilə yanaşı, işəgötürənlərin bu prosesdə fəal iştirak etməsi əmək bazarında, doğrudan da, yüksək ixtisaslı kadrlara olan tələbatı artırır.
Bundan başqa, bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanması, ayrı-ayrı biznes qurumları və işəgötürənlərlə qurulmuş işgüzar münasibətlər sübut edir ki, yaxın vaxtlarda peşə təhsili üzrə təhsilverənlərin və təhsilalanların bilik və bacarıqlarının artırılması, onların elmi-texniki yeniliklərə yiyələnməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi və peşə təhsili sisteminin ictimai statusunun yüksəldilməsi məsələləri öz həllini tapacaqdır.
Respublikamızın iqtisadiyyatının sürətlə inkişafı kontekstində ayrı-ayrı sahələr üzrə ixtisaslı və peşəkar kadrlara tələbat yaranır ki, bu da təbii olaraq ömür boyu təhsilalma zərurətinin yaranmasına səbəb olur. Bununla yanaşı, əmək bazarının təhlili göstərir ki, informasiya və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə müəyyən müddət əvvəl əldə edilmiş bilik və bacarıqlar istifadəyə yararsız və yaxud qismən yararlı olur və ya bu kompetensiyalar fərdin inkişafına səbəb ola bilmir. Eyni zamanda, əmək bazarında aparılan araşdırma göstərir ki, məşğul əhalinin 1/3 hissəsi işlədikləri sahə üzrə heç bir peşə təhsili sənədinə və yaxud həmin sahədə işləyə biləcək müvafiq sənədə sahib deyillər. Lakin təhsil sənədlərinin olmaması bilik və bacarıqlarının, kompetensiyalarının olmaması demək deyil, sadəcə, onların karyeralarının inkişafına maneə törədir. Belə ki, vətəndaşların təhsil sənədinin olması onların gələcək karyeralarının inkişafına yardım edəcəkdir. Belə olduğu təqdirdə vətəndaşların fasiləsiz peşə təhsili ilə əhatə olunmasına ehtiyac vardır. Yaşlıların və praktiki bacarıqları olan peşəkarların qısa müddətli təhsil kurslarına cəlb edilməsi günün tələbinə çevrilmişdir.
Zaur Muradov,
İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru

Şərh Yaz