Eloğlumun hünəri

Öz böyük miqyasına görə seçilən ikinci dünya savaşında Azərbaycan xalqının ləyaqətli, say-seçmə oğulları Vətənə sevgi hissi ilə böyük igidliklər göstərmiş, yüksək fəxri adlara, şərəfli mükafatlara, layiq görülmüş, bununla da xalqının başını uca etmişlər.
Uzun müddət Məmməd Bağırov haqqında hər hansı bir ətraflı məlumat kütləvi informasiya vasitələrinə yol tapa bilmirdi. Halbuki, o, yeganə azərbaycanlı müharibə veteranı idi ki, İtaliya dövlətinin ali fəxri mükafatına layiq görülmüşdü.
Eloğlumun hünəri16-cı yazı
Moskvada Sovet Ordusu muzeyində geniş bir otaq var. Burada sıra ilə döyüş bayraqları düzülmüşdür. Üzərinə sarı rəngli ipək sap ilə “Ubaldo Fanaççi” sözləri yazılmış sadə görkəmli bayrağın qarşısında daha çox adam dayanır. Bu bayraqdan, necə deyərlər, partizan qoxusu gəlir, çöl otlarının xoş ətri duyulur, odlu-alovlu illərin qəhrəmanlıq salnaməsi oxunur.
Eloğlumun hünəri
Məmməd Səməd oğlu Bağırov – İtaliyanın Milli Qəhrəmanı, Qızıl Harribaldi Ulduzunun kavaleri(1922-1997)
Öz böyük miqyasına görə seçilən ikinci dünya savaşında Azərbaycan xalqının ləyaqətli, say-seçmə oğulları Vətənə sevgi hissi ilə böyük igidliklər göstərmiş, yüksək fəxri adlara, şərəfli mükafatlara, layiq görülmüş, bununla da xalqının başını uca etmişlər.
Uzun müddət Məmməd Bağırov haqqında hər hansı bir ətraflı məlumat kütləvi informasiya vasitələrinə yol tapa bilmirdi. Halbuki, o, yeganə azərbaycanlı müharibə veteranı idi ki, İtaliya dövlətinin ali fəxri mükafatına layiq görülmüşdü.
Eloğlumun hünəri
Yaxşılıq itməz, igidlik unudulmaz. Uzaq İtaliyada Pistoya şəhərinin yaşlı sakinləri partizan “Mamet” haqqında məhəbbətlə danışırdılar. Partizan “Mamet” kim idi? Məmməd Səməd oğlu Bağırov 20 mart 1922-ci ildə Azərbaycanın dilbər guşəsi olan İsmayıllı rayonunun Basqal qəsəbəsində sənətkar ailəsində anadan olmuşdur. Oxumağa Basqal məktəbində yeddinci sinfə qədər davam etmiş, orta təhsilini 1941-ci ildə Bakıda bitirmişdir. O dövrdə beynəlxalq vəziyyət gərgin idi. SSRİ Almaniya ilə müharibə ərəfəsində olduğundan hərbi müdafiə işlərinə ciddi diqqət yetirilirdi. O cümlədən hərbi məktəblərə gənclərin axını da genişlənirdi.
Məmməd Bağırov orta təhsilini başa vurduqdan sonra Gürcüstanın Telavi şəhərindəki artilleriya məktəbinə daxil olmuşdur. 1942-ci ildə buranı topçu ixtisası və leytenant hərbi rütbəsi almaqla bitirmiş, mart ayında isə cəbhəyə yola düşmüşdür. Onun döyüş yolu cənub-qərb cəbhəsindən – Xarkov şəhərindən başlamışdı. Burada 317-ci diviziyanın 773-cü artilleriya alayı tərkibində döyüşmüşdü.
Eloğlumun hünəri
Müharibə yolları sürətli olur. Məmmədgilin alayı ikinci gün idi ki, qatarla yol gedirdi. Düşmən kəşfiyyatı sovet əsgərlərini aparan qatarın gəlişindən xəbər tutdu. Çox keçmədi ki, göydə alman təyyarələri göründü. Bizimkilər güclü projektorları, zenit toplarını alman təyyarələrinə tuşladılar. Düşmənin uçub aradan çıxmaqdan başqa əlacı qalmadı.
Hava həyəcanı sakitləşəndən sonra iki minə yaxın döyüşçünü aparan qatar yoluna davam etdi. Svetloqorsk şəhərinə çatanda səhərə yaxın idi. Qatarın rəisi “düş” əmrini verdi, lakin hamı qatardan düşə bilmədi. Qatarın üzərində faşist təyyarələri göründü. Əsgərlərimizin üzərinə pulemyotlardan güclü atəş açıldı. Məmməd Bağırov sağ qalan zabit və əsgərlərə gecə ikən meşə ilə xeyli yol getdi. Qoroxovka kəndində böyük rütbəli zabitlər Məmmədi zenit vzvodunun komandiri təyin etdilər.
Almanlar qələbədən ruhlanaraq çoxsaylı qüvvə ilə hücumu davam etdirdilər. Onlar ikinci dəfə Lozevoy, Barvenka və başqa yaşayış məntəqələrini alanda Məmmədgilin vzvodu düşmən mühasirəsinə düşdü. Vzvod mühasirədən çıxmağa çalışdı. Qızğın döyüş başladı. Faşistlər quduzcasına hücuma keçmişdilər. Döyüşçülərimiz onların iki həmləsini dəf etdilər. Lakin itkilərə baxmayaraq, almanlar irəliyə doğru can atdılar. Onlar sayca üstün olmalarından və döyüş sursatlarının çox olmasından istifadə edib mövqelərimizi darmadağın etməyə səy göstərdilər.
Düşmən də az tələfat verməmişdi. Onların xeyli tankı yanmış, onlarca əsgəri, çoxlu döyüş sursatı məhv edilmişdi. Məmməd Bağırovun vzvodundan cəmi 3 əsgər, bir top və bir mərmi qalmışdı. Məmməd sağ qalmış Vasili Xovalkoya, Dmitri Barabaşa və Paver Miroşnikova dedi:

– Yoldaşlar, ölərik, amma topu düşmənə vermərik!
– Qərar ani oldu: topu partlatmaq. Leytenant Bağırov cəld hərəkətlə topun lüləsinə nəm torpaq və qum tıxadı, sonra sonuncu mərmini qoyub tətiyi çəkdi. Dəhşətli partlayış qopdu. Döyüşçülərimizin başına ağır torpaq layları səpələndi.
Eloğlumun hünəri
Məmməd gözlərini açanda özünü yarısı uçmuş tövlədə gördü. On-on iki yaşlarında cılız bir qız ağlaya-ağlaya onun başını sarıyırdı. Qapının ağzında bir alman əsgəri dodaqaltı mızıldayır, gah da mahnını kəsib dodaq qarmonunu cırıldadırdı. Məmməd tövləyə göz gəzdirdi. Burada çoxlu yaralı sovet əsgəri inildəyirdi. Başa düşdü ki, ən çox qorxduğu dəhşət baş vermişdi – o, əsir düşmüşdü. Düşmən əsarətində qara günlər başlandı.
İki gündən sonra əsirləri piyada qərbə tərəf apardılar. Ac-susuz, taqətdən düşmüş adamlar ayaq üstündə dayana bilməyib yıxılırdılar. Yıxılanları almanlar dərhal güllələyirdilər. Əsirlər beləcə işgəncə içərisində üç gün yol getdikdən sonra Proskurov yaşayış məntəqəsinə çatdılar.
Proskurov həbs düşərgəsində əsirlərin çoxu kimi Məmməd də dəhşətli qarın yatalağı xəstəliyinə tutuldu. Xəstələri izolyatora salırdılar. İzolyator, nə izolyator! Həyətdə açıq havada ətrafına tikanlı məftillər çəkilmiş bir sahəyə saman döşəmişdilər. Xəstələr burada yatırdılar. Məmmədin xəstəliyi getdikcə şiddətlənirdi. Başının sızıltısı isə bütün ağrıları unutdururdu.
Əsirlərdən biri Məmmədin başına baxanda diksindi. Orada “27” rəqəmi damğalanmışdı. Hitlerçilər əsirlərə ağıllarına gələn divanı tuturdular. Bu “ixtira” isə alman mayoru Obelhauemə məxsus idi. Xəstəlikdən üzülmüş, eybəcər hala düşmüş əsirlərin başını qırxaraq sayla damğalayır, ölüm siyahısına daxil edirdilər. Lakin ölüm qərarının yerinə yetirilməsi təxirə salınırdı. Almanlar bu diribaş, alman dilini bilən, zirək əsirin fiziki işə yarayacağını nəzərə alıb onu öldürmədilər.
Bir neçə gündən sonra xəstəlik ara verdi, Məmmədin zabit olduğunu bilib onu Vladimir zabitlərə məxsus həbs düşərgəsinə göndərdilər. Paltarlarını dezinfeksiya kamerasına verdilər. Məmməd Bağırov paltarlarını alanda özünü itirdi: şalvarının lifləri ayrılmış, papağının qulaqları isə yanıb yığılmışdı. Acınacaqlı görkəmə düşmüş Məmməd qəflətən podpolkovnik Odinsova rast gəldi.
– Konstantin Petroviç, – deyə Məmməd onu saxladı.
– Odinsov əvvəlcə özünü eşitməzliyə vurdu. Sonra Məmmədi səsindən tanıdı. Onun miskin qiyafəsinə, cır-cındır paltarına baxıb sifətini əlləri ilə qapadı, gözləri yaşardı.
– İgid bala, – deyə Məmmədi bağrına basdı. – Bu əclaflar səni nə günə salıblar!
Konstantin Petroviç Odinsov sovet əsirləri arasında böyük nüfuza malik idi. Məmməd nə isə onun gizli iş gördüyünü duymuşdu. Qaçmaq fikrini birlikdə götür-qoy etdilər.
… Bir səhər tezdən hitlerçilər əsirləri hay-küylə işə çıxardılar. Xoşbəxtlikdən elə bil Məmmədi unutmuşdular. Onların uzaqlaşdığına əmin olduqdan sonra Məmməd gizləndiyi tövlənin damından düşdü, tövlədən atları çıxardı, kürən atı mindi, o birisini isə cilovundan tutub arxasınca apardı. Məmmədin bu əzablı, təhlükəli yolu üç gün, üç gecə çəkdi. O, tanımadığı meşə cığırları və bataqlıqlar ilə gedirdi. Ac və susuzluğuna baxmayaraq kəndlərə girmir, onların kənarından keçib gedirdi ki, hətta itlər də duyuq düşməsinlər. Əzablı yollar, nəhayət, onu Pistoya şəhərinin Montano dağındakı kiçik partizan qrupuna gətirib çıxardı.
İtaliya müqavimət hərəkatı sıralarında eloğlumun şöhrətli partizan həyatı belə başlandı. İtaliya partizanları Məmməd Bağırovun başına gəlmiş müsibəti diqqətlə dinlədilər, onu öz sıralarına qəbul etdilər.
Bu zaman kiçik partizan qrupları Harribaldi adına briqadada birləşdirildi. Məmməd İtaliyanın cənubunda – daha qızğın döyüşlər gedən yerlərə yollandı. Əvvəlcə Boloniyaya – “Matteotti” dəstəsinə gəldi, sonra isə Montano dağında məskən salmış “Ubaldo Fantaççi” partizan qrupuna qoşuldu. İtaliya müqavimət hərəkatının görkəmli təşkilatçılarından biri olan Atilio Çiantellinin komandir olduğu bu dəstədə müxtəlif millətlərin nümayəndələri birləşmişdi.
“Ubaldo Fantaççi” dəstəsinin komissarı Çezaro Andrini Pistoyadakı alman hərbi xəstəxanasında sanitar həkim işləyirdi. Son dərəcə ağıllı və qoçaq olan bu cəsur partizan hər gün dəstəyə yeni-yeni məlumatlar gətirir, düşmən qatarlarının, döyüş sursatı saxlanan anbarların partladılmasını təşkil edirdi. Dəstə üçün bayraq düzəltməkdən ötrü parçanı da Çezaro tapıb gətirmişdi. Məmmədin rəssamlıq bacarığı da partizanlara məlum idi. Son bir neçə saat ərzində paraşütdən sökülmüş sap ilə bayrağın yanını haşiyələdi və üzərinə dəstənin adını tikdi. Məmməd Bağırov “Ubaldo Fantaççi” adına antifaşist partizan dəstəsinin şərəfini ucaltmaqdan ötrü özünü oda, alova atdı. Pistoya şəhəri faşistlərdən azad edildikdən sonra M.Bağırov neçə-neçə qələbənin şahidinə çevrilmiş bayrağı Moskvadakı Sovet Ordusu muzeyinə təhvil verdi.
“Ubaldo Fantaççi” dəstəsi öz sıralarını böyüdürdü. Faşizm ilə son damla qanına qədər vuruşmağı qarşısına məqsəd qoymuş insanlar bu dəstəyə qoşulurdular. Hissələrindən didərgin düşmüş hərbiçilər, həbs düşərgələrindən qaçan əsirlər, dinc italyan camaatı təntənəli and içərək bu dəstəyə daxil olurdular.
…1943-cü ilin dekabr ayının son günü idi. “Fantaççinin” partizanları axşamçağı tonqal qalayıb ətrafında oturmuşdular. Mario Melani haradansa çaxır tapıb gətirmişdi. Çörək isə ikinci gün idi ki, yox idi. Belə bir vaxtda Besi Ardelio kürəyində yarımçıq bir kisə ilə gəlib çıxdı. Kisədə şabalıd unundan bişirilmiş qoğallar və pendir var idi. Arçeliano kəndinin sakinləri onları partizanlara göndərmişdilər. Melani bildirdi ki, faşistlər kəndin kənarındakı bir evdə yeni il şənliyi düzəldiblər, sərxoş vəziyyətdə nalayiq hərəkətlər edirlər.
Gecə yarısı Məmməd Bağırov, Besi Adrelio, Piero Kosoloni, Marçello Simoni və başqa on nəfər partizanla birlikdə Arçelianoya tərəf yola düşdülər. Almanlar sərxoş vəziyyətdə arxayınca yatmışdılar. Marçello Simoni sakitcə yarısərxoş gözətçini boğdu. Sonra Məmmədgil əllərində silah otağa daxil oldular. Gözlənilməz hücumdan özlərini itirmiş hitlerçilər hövlnak alt paltarda qaçmağa başlayanda partizanlar onları güclü atəşə tutdular.
Məmməd hədsiz intiqam hissi ilə düşmənlərə güllə atdıqca qəzəblə deyirdi:
– İndi də şənlənin köpəklər!..
Yeni il axşamı çox gərgin, lakin uğurlu keçdi. Almanların çoxu qırıldı, qalanları isə paltarlarını geyməyə, silahlarını götürməyə də imkan tapmadan qaçdılar.
Ubaldo Fantaççi dəstəsi təxribat işləri ilə də məşğul olurdu. Dəstənin ən dəyərli işlərindən biri Almaniyadan gələn hərbi sursatla dolu qatarın partladılması idi.
…Şəhərdən xeyli aralı özünə mövqe tutan on iki nəfərdən ibarət partizan qrupu hücuma hazırlaşırdı. Məmməd Bağırov bu dəstəyə komandir təyin edilmişdi. Cəsur eloğlum partizanların əhval-ruhiyyəsinin necə olduğunu soruşdu.
– Əladır, komandir, – deyə Meloni cavab verdi. – Əmrinizi gözləyirik.
– Çox gözəl. Düşmən güclüdür. İrəlicədən bilməlisiniz ki, düşmənin hansı qüvvəsi ilə üz-üzə gələcəksiniz. Tapşırıq belədir, – deyə M.Bağırov planşetdən xəritəni çıxardı. – çayın üstündəki körpünü görürsünüz. Bu beş nəfər ilə çayın o tərəfinə keçin. Almanları birinci müdafiə xəttindən qəfləti hücumla qovun. Onlar odur, aydın görünürlər. Cəmi 6 nəfərdir. Özünüzə möhkəm mövqe tutun. Mövqeyi son nəfəsinizədək əldə saxlamalısınız. Aydındır?
– Bəli, aydındır.
– Rəhmətov, ardımca, Simoni, bir hadisə baş versə, kömək edərsən.
Artıq böyük döyüş təcrübəsi əldə etmiş eloğlumuz tapşırıqları düşünülmüş şəkildə, sakit və inamla verirdi. Partizanlar alman səngərlərinin lap yaxınlığına qədər süründülər. Döngələrin birində gözlənilmədən qarşılarına düşmən dzotu çıxdı. Məmməd bir anlığa duruxdu. Ancaq elə bu anda da barmaqları tank vuran qumbaranın üstündə gəzdi.
– Andreyev, sən də qumbaranı ver, – deyə Məmməd Bağırov cəld əmr verdi: – İkisindən biri mütləq hədəfi tutacaq.
– Eloğlum bir-birinə sarınmış qumbaraları var gücü ilə ambrazura tulladı. Torpaq və qara tüstü axını göyə sovruldu. Sonra avtomatlar işə düşdü.
Məmməd Bağırov italyan antifaşist sıralarında Florensiya, Montekatini, Pistoya, Prato şəhərlərinin azad edilməsində yaxından iştirak etdi. “Ubaldo Fantaççi” partizan dəstəsinin keçirdiyi əksər əməliyyatlarda M.Bağırov şücaət və igidlik nümunələri göstərdi.
1944-cü ilin sentyabr ayında alman faşistlərinin məğlubiyyətinin yaxınlaşdığı bir vaxtda Məmməd Bağırov digər sovet antifaşistləri ilə birlikdə Cənubi İtaliya, Şimali Afrika, Misir, İraq və İrandan keçməklə SSRİ-yə göndərilmişdir. Bakıya çatdıqdan dərhal sonra Moskva vilayətinin Podolsk şəhərinə aparılmış və burada əks-kəşfiyyat xidməti tərəfindən ciddi yoxlamadan keçmişdir. Yalnız bundan sonra Bakıya bir aylıq məzuniyyətə buraxılmışdır.
Müharibə qurtaranadək o, baş leytenant rütbəsində Moskva hərbi dairəsində qulluq etmişdir. Müharibə bitdikdən sonra isə bir müddət Bakı hava hücumundan müdafiə mərkəzində xidmətini davam etdirmiş, 1946-cı ilin baharında ordudan tərxis olunmuşdur.
Dinc dövrdə M.Bağırov stomatoloq ixtisasına yiyələnmişdir. Dinc həyatın axarına qoşulmuş igid həmyerlimiz heç zaman döyüş yollarını, o ağrılı-acılı günləri unutmurdu. Müharibədən sonrakı ömür yolunda sevinc qarışıq kədər dolu məqamlar da az olmadı. Fərəh gətirən hadisə ailə qurması, uşaqlarının dünyaya gəlməsi idisə də, daxili sarsıntılar gətirən məqamlar bəzən rahat olmağa macal vermirdi. Əsassız yoxlamalar, sovet təhlükəsizlik orqanlarının şübhə ifadə edən münasibəti ona güllədən də betər və zəhərli olan mənəvi yara vururdu. Lakin bütün bu sarsıntılar bir müddətdən sonra haqqın hökmü ilə səngidi.
1976-cı ildə Pistoya şəhərində Florensiya universitetinin professoru Renato Rizalitinin “Pistoyada antifaşist müqaviməti” adlı kitabı nəşr olundu. Kitabda antifaşist hərəkatında iştirak etmiş şəxslərin siyahısı da qeyd edilmişdi. Bu kitabda Məmməd Səməd oğlu Bağırov haqqında demək olar ki, başqa antifaşistlərdən daha çox məlumat verilmişdi. Kitab dərc ediləndən sonra M.Bağırovun döyüş yoldaşları onu axtararaq, nəhayət, Sovet Veteranları Komitəsi vasitəsilə tapır və İtaliyaya dəvət edirlər.
1978-ci ildə Məmməd Bağırov həyat yoldaşı Şəfiqə xanımla birgə İtaliyaya səfər edir. Səfər çərçivəsində o, döyüş yolu keçdiyi yerlərə baş çəkir. Hər yerdə təntənə ilə, hörmətlə, səmimiyyətlə qarşılanır. Həmin səfər zamanı İtaliyanın prezidenti, müqavimət hərəkatının fəallarından biri olmuş Aleksandro Pertini tərəfindən qəbul edilmişdir. O, igid eloğluma “İtaliyanın partizanı” fəxri diplomunu təqdim etmişdir.
Eloğlumun hünəri
1978-ci ildə həmçinin Məmməd Bağırovun İtaliyanın ən yüksək hərbi mükafatı “Qızıl Ulduz” (“Harribaldi Ulduzu”) ilə təltif olunması haqqında qərar qəbul olunmuşdur.
1980-ci ildə həmyerlimizə İtaliya hökuməti tərəfindən fərdi pensiya təyin olunur.
Bundan başqa, 1984-cü ildə igid eloğlum “Şöhrət” ordeninə (İtaliya) layiq görülür.
Məmməd Bağırov İtaliya şəhərlərinin azad olunmasına həsr edilmiş 14 yubiley medalı, 2 fəxri diplom, II dərəcəli Vətən müharibəsi ordeni (SSRİ) ilə təltif edilmişdir.
Qəhrəman partizan Sovet dövründə bir neçə dəfə İtaliyada səfərdə olmuş, oradakı döyüş yoldaşları ilə müntəzəm məktublaşmışdır. Həmçinin o, Leninqrada İtaliyadan dəvət olunmuş partizan yoldaşları ilə Bakıda görüşmüşdür.
Məmməd Bağırov 1997-ci ilin sentyabr ayının sonlarında Azərbaycan Respublikasının prezidenti, ümummilli liderimiz Heydər Əliyevin İtaliyaya rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibində İtaliya torpağına son dəfə ayaq basdı. Televiziya ekranlarında səfərin gedişini izləyərkən M.Bağırovun şəxsiyyətinə necə böyük maraq göstərildiyinin şahidi olduq. Səfərin gedişində M.Bağırov prezident Heydər Əliyevlə birlikdə rəsmi görüşlərdə İtaliyanın baş naziri Romano Prodi, ölkə Senatının başçısı Nikolo Mançino, Deputatlar Palatasının başçısı Luçiano Violente, Roma papası İohan Pavel, Roma şəhərinin meri Bassoliniyə təqdim olundu.
İtaliyanın baş naziri Romano Prodi ölkəsinin rəhbərliyi adından Məmməd Bağırova ikinci dünya müharibəsi zamanı İtaliya müqavimət hərəkatındakı mübariz fəaliyyətini yüksək qiymətləndirdi, ona dərin hörmət və ehtiramını ifadə etdi.
Məmməd Bağırov gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi işində əzmlə çalışırdı. Gənclərə hamıya örnək olan həyat yolundan danışır, onlara öyüd-nəsihət verir, Vətənin layiqli övladı olmağa çağırırdı. Öz təşəbbüsü ilə Bakıda yaşadığı evin yaxınlığında (8-ci kilometr yaşayış massivində) topladığı materiallar əsasında İtaliya müqavimət hərəkatına həsr olunmuş muzey yaratmağı qarşısına vacib bir məqsəd kimi qoymuşdu. Muzeyin inşasına başlanılsa da, iqtisadi çətinliklər bu ideyanı həyata keçirməyə mane olmuş, tikinti yarımçıq qalmışdır.
Qarabağda döyüşlərin ən qızğın vaxtında partizan dəstələri yaratmaq və bu dəstələrin təlimatlanmasını öz üzərinə götürmək təşəbbüsü ilə çıxış etmişdi, lakin hərc-mərclik və xaosun tüğyan etdiyi dövrdə hərbi orqanlar həmin təklifə etinasızlıqla yanaşmışdılar.
İtaliyaya etdiyi son səfərdən qayıtdıqdan sonra bir neçə gün sonra igid həmyerlimiz Məmməd Bağırovun hələ böyük amallar uğrunda mübarizə etmək əzmi ilə döyünən ürəyi qəflətən, yuxuda ikən dayandı. İgid eloğlumuz respublika rəhbərliyinin qərarı ilə Fəxri Xiyabanda dəfn olundu. Dəfnolunma mərasimində İtaliyanın ölkəmizdəki səfiri və səfirliyin bütün əməkdaşları da iştirak etmişdi.
Məmməd Bağırovun arzusu torpaqlarımızın erməni işğalından azad olunacağı günə qovuşmaq idi. Bu arzunun çin olacağı günə onun pak ruhu da əmindir.
Müəllifdən: Məmməd Bağırovun böyük bir ölkənin diqqətini cəlb edən hünəri, təbii ki, bir qəzet nömrəsinə sığmaz. Böyük həcmli “Eloğlumun hünəri” sənədli povestinin 1978-ci ildə “Bakı”, “Baky” axşam qəzetlərində, “Ulduz” və “Literaturnı Azerbayjan” jurnallarında çap olunmuşdur.
Onu da deyim ki, Məmməd Bağırov haqqında povest yazmaq mənim üçün çətin başa gəlmədi: o, böyük hünər sahibi olmaqla yanaşı, həm də yüksək ağıl, intellekt sahibi idi. Ardıcıl olaraq onun gecə-gündüz mənə danışdıqlarını, göstərdiyi sənədləri qeyd edib nizama salmağımın nəticəsində həmin povest yarandı. Məmməd mənim həm eloğlum, həm də doğma dayım Səmədin oğlu idi.
Miryavər Hüseynov

Şərh Yaz