Müəllim hazırlığı yeni mərhələdə

Həyatını millətinə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.
Heydər Əliyev
Hörmətli redaksiya, elm və texnikanın sürətlə inkişafı müxtəlif sahələrdə olduğu kimi, təhsil sahəsində də özünü göstərir. Əsası ulu Öndərimiz tərəfindən qoyulmuş dövlətçiliyin inkişaf strategiyası yeni şəraitdə prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də qısa müddətdə böyük uğurlar qazanılmışdır.Müəllim hazırlığı yeni mərhələdə
(Döyüşdə silah, həyatda bilik)
Müəllim hazırlığı yeni mərhələdə
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nda müəllim hazırlığı sistemində bir sıra yeniliklər nəzərdə tutulmuşdur.
İndiki dövrdə informasiya texnologiyalarının, o cümlədən müasir təlim texnologiyalarının sürətlə inkişafı, yeni metodların təlim işinə tətbiqi, müəllim kadrlarının dövrün tələblərinə uyğun hazırlanması zərurətini yaradır. Nəzərə alsaq ki, yetişməkdə olan nəslin təlim-tərbiyəsi geniş bir sistem təşkil edir, onda görərik ki, yalnız müəllim hazırlığına deyil, bununla bağlı digər məsələlərə də yeni konsepsiya ilə yanaşmaq tələb olunur. Müəllim hazırlığı məsələsi ilə bərabər yeni təlim metodlarının işlənməsi, tədris planı və proqramlarında, o cümlədən ali təhsil strukturunda yeniliklər, dərsliklər və metodik vasitələr – bütün bunlar yeni əsaslarla işlənməlidir.
Fasiləsiz təhsil dedikdə təhsildə aşağıdakı mərhələləri başa düşürük. Təlim-tərbiyə işi ailədən başlanır və bağçada, ibtidai məktəbdə, əsas və tam orta məktəblərdə, bakalavr, internatura, magistratura kimi mərhələlərdə davam və inkişaf etdirilir. Təhsil prosesi çox mürəkkəb olmaqla, onun mərhələləri arasında bağlılıq vardır. Bu mərhələlərdən biri zəifləyərsə, digər mərhələlərə də öz mənfi təsirini göstərir. Problemin həllində xüsusi əhəmiyyət kəsb edən ilkin amillərdən biri müəllimlərin yüksək səviyyədə hazırlığına nail olmaqdır. Bu vəzifələrin yerinə yetirilməsində müəllim kadrlarını hazırlayan ali məktəbin professor-müəllim heyətinin üzərinə böyük vəzifələr düşür. Pedaqoji ali məktəblərdə təhsil alan tələbələrin ayrı-ayrı fənlər üzrə fundamental elmi biliklərə və praktik bacarıqlara yiyələnmələri zəruridir. Onlar əldə etdikləri nəzəri bilikləri praktikaya tətbiq etməyi bacarmalıdırlar.
Bakalavr mərhələsində ilkin müəllim hazırlığında fənn kurslarının elmi-metodik məzmunu praktikada bəzən özünü doğrultmur. Belə ki, zaman keçdikcə əldə olunan bilik və bacarıqlar köhnəlir, əldə edilmiş biliklər müasir tələbləri ödəmir. Buna görə də müəllim daim öz üzərində çalışmaqla, vaxtaşırı olaraq təkmilləşdirmə kurslarından keçməlidir. Bu da öz növbəsində ixtisasartırma və əlavə kurslarda tədrisin metodologiyası, məzmun və strukturu daim təkmilləşdirilməli və onların yeni modeli qurulmalıdır. Müəllim kadrlarının hazırlanmasında fənn kurslarının məzmununa yenidən baxmaq, proqram və tədris planlarının, dərslik və dərs vəsaitlərinin yenidən işlənməsi zərurətini yaradır. Bəzi hallarda ayrı-ayrı fənlərin tədris planları ilə dərsliklər bir-birini tamamlamır. Bu ziddiyyəti aradan qaldırmaq üçün yaxşı olardı ki, dərslik naşirləri ilə tədris planlarını işləyən mütəxəssislər birgə çalışanlar və hər iki tərəf dərslik nəşrinin həmmüəllifi olsun. Ali məktəb müdavimləri iki-üç kurs orta məktəbdə keçilmiş materialları təkrar öyrənməklə məşğul olurlar. Həmin saatların tədrisini ixtisas kurslarının öyrənilməsinə yönəldilərsə nəticəsi yaxşı olar. Məzunlar çox zaman ali məktəbə bilik almaq üçün deyil, diplom sahibi olmaq üçün hazırlaşırlar. Respublikamızda onlarca ali pedaqoji təhsil müəssisəsi var. İndi az qala hər rayonda belə ali məktəb açılmışdır. Hər il bu məktəbləri onlarca məzun bitirir. Onların da əksəriyyəti iş tapa bilmir. Yaxşı olardı ki, bu istiqamətdə planlı iş aparılsın. ”Az olsun, yaxşı olsun” prinsipi əsas götürülsün.
Məlum olduğu kimi, ilk dövrlərdə bütün elmlər fəlsəfə elmində birləşmişdi. Zaman keçdikcə, ilk olaraq riyaziyyat bir elm kimi fəlsəfədən ayrıldı. Daha sonralar isə digər fənlər bir-birinin ardınca ayrılıb müstəqil elm sahəsi kimi formalaşmağa başladı. Dövr, zaman keçdikcə elm inkişaf edir. Bütün elmlər elmlərin əsası sayılan riyaziyyata, dəqiq elmlərə yaxınlaşır. Başqa sözlə desək, elmlər müxtəlif fənlər bir-birinə inteqrasiya olunur. Təlim işində müəllimlər bu amili nəzərə almalıdırlar. Altmışıncı illərdə ali məktəbdə oxuyarkən seminar məşğələlərində dilçi alimlərimiz tez-tez riyazi dilçilik problemlərinə toxunar, onun bir fənn kimi gələcəkdə formalaşacağından söhbət açardılar. Dilçi alimlərimiz Azərbaycan dilinin müxtəlif şöbə və bölmələrini tədris edərkən tez-tez riyazi dilçiliyə istinad edirdilər.
Yaxşı yadımdadır, Azərbaycan dilinin fonetika bölməsi tədris edilərkən tələbələr universitetin nəzdində təşkil edilmiş fonetika laboratoriyasına aparılar və orada onlara insanın danışıq səslərinin əmələ gəlməsini fizika və riyaziyyat qanunlarına istinadən izah olunardı. Dil tarixi, dialektologiya, üslubiyyat, dilin mənşəyi və sair bölmələr keçilərkən tarix və digər elmlərə tez-tez müraciət edilirdi. O vaxtdan xeyli zaman keçməsinə baxmayaraq, ali məktəblərin filologiya fakültələrində hələ də riyazi dilçilik fənni ayrıca fənn kimi tədris olunmur və buna müvafiq dərslik yoxdur.
İlk dövrlərdə başqa dillərin formalaşmasında olduğu kimi, Azərbaycan dilində də danışıq zamanı kök sözlərdən istifadə olunardı. Dilin lüğət tərkibi çox kasad idi. Cümlədə sözləri bir-birinə məna və şəkilcə bağlayan şəkilçilər yox idi. Zaman keçdikcə bəzi sözlər müstəqil məna ifadə etməkdən uzaqlaşıb, heç bir leksik məna daşımayan köməkçi nitq hissələri əmələ gəlmişdir. Bunu aşağıdakı cümlə nümunəsindən aydın görə bilərik:
Atamla istirahətə getdim –cümləsində atamla sözündəki “la” şəkilçisini “ilə” şəklində “atam ilə” şəklində də işlətmək olur. Həmin sözdə olan “m” səs və şəxs bildirən şəkilçi olmaqla “mən” şəxs əvəzliyinin ilk səsinin yazıdakı işarəsidir.
Müəllimin iş metodikasının təkmilləşdirilməsi onun idarəetmə bacarığı tədris fəaliyyətinin aktivləşdirilməsindən çox asılıdır. Müəllim belə bir idarəetməni pedaqogika və psixologiyaya dair biliklər sisteminin qanunauyğunluqları əsasında fənnin tədrisi metodikasına istinad etməklə həyata keçirə bilər. Ona görə də müəllim hazırlayan ali məktəblərdə pedaqogika, psixologiya və fənn metodikasının son nailiyyətləri dərindən öyrədilməlidir. Açığını deyək ki, indi bu məsələ ali məktəblərimiz üçün ağrılı məsələlərdən biri kimi tam həllini tapmamışdır. Odur ki, pedaqoji fəaliyyətə başlayan bəzi müəllimlər tərbiyə nəzəriyyəsini, psixologiyanı ötəri mənimsəyirlər. Onu unuduruq ki, müəllim dərsdə bir-biri ilə bağlı olan iki əsas funksiyanı yerinə yetirir. Bunlardan birincisi, yetişməkdə olan nəslin xalqının, Dövlətinin, Vətəninin mənafeyini hər şeydən uca tutan əsl vətəndaş tərbiyə etməkdir. Müəllimin ikinci vəzifəsi isə şagirdlərə biliklərin əsasını mənimsətməkdir.
Görkəmli pedaqoq, Sosialist Əməyi Qəhrəmanı Suxomlinski “Ürəyimi uşaqlara verirəm” kitabında yazır: “Uşaqlar məktəbə açıq ürəklə, yaxşı oxumaq üçün səmimi arzu və istəklə gəlirlər. Uşağı hətta, həmişə belə bir fikir qorxudur ki, ona tənbəl, yaxud uğursuz şagird kimi baxa bilərlər”.
Bu, ona bənzəyir ki, qarşımızda qaranlıqları işıqlandıran bir alov parlayır. Uşaq bu zəif və müdafiəsiz işığı məktəbə, dərs dediyi müəllimlərinə gətirir. Bu işıq müəllimin etinasızlığı və bacarıqsızlığı ucundan tezliklə sönə bilər.
Qeyd etdiyimiz kimi, müasir dövrdə müəllim kadrlarının üzərinə böyük vəzifələr qoyulur, lakin bu qədər müqəddəs vəzifəni yerinə yetirən müəllimin aldığı əmək haqqı azdır. Ona görə də o, məcburdur ki, başqa sahələrdə işləyərək özünə minimum güzəran təmin etsin. Bütün cəmiyyəti tərbiyə edib yetişdirən müəllimin əməyi dövlət qulluğu hesab olunmur. Onların həyatda heç bir imtiyazı da yoxdur.
Respublikamızda onlarca ali təhsil verən pedaqoji universitet fəaliyyət göstərir. Hər il bu universitetlər minlərlə müəllimə diplom verir. Onların da əksəriyyəti uyğun iş tapa bilmir. Yaxşı olar ki, bu istiqamətdə planlı iş görülsün.
Onu da qeyd etmək yerinə düşər ki, respublikamızda, o cümlədən qabaqcıl təhsil ənənələrini yaşadan İsmayıllı rayonunda da işinin öhdəsindən bacarıqla gələ bilən, müəllim adını şərəflə daşıyan müəllimlərimiz çoxdur. Odur ki, rayonumuzun təhsili hər il ürəkaçan nailiyyətləri ilə respublika təhsilinə böyük töhfələr bəxş edir.
Heydər Xəlilov,
təqaüddə olan müəllim, əmək veteranı

Şərh Yaz