Sən necə zəifsən ki…

Ana ömrü bir nəğmənin diliylə,
Sənə yanmış, mənə yanmış bir ömür.
Ana ömrü körpəsinin əliylə
Yuxuları oğurlanmış bir ömür.
Musa Yaqub.Sən necə zəifsən ki…

Sən necə zəifsən ki...
Səni həm zərif, həm də zəiif adlandırıblar. Zərifliyinə sözüm yoxdur.
İlk dəfə gözümüzü həyata açanda başımızın üstündə səni görmüşük. Bizə can verən də, qan verən də dünyanın ən müqəddəs varlığı olan sən olmusan.
Zərif qolların üstündə rahatlanmış, şirin laylalarını eşidə-eşidə yuxuya getmişik. Sənin çaldığın bu laylalarla dünyanın bütün gözəllikləri canımıza, qanımıza hopub:
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl güllər içində,
Şirin yuxu tapasan.
Laylay, bülbülüm, laylay,
Körpə sünbülüm, laylay.
Dünyada bundan da gözəl nəğmə varmı?!
Sən o qədər zərifsən ki, hətta bir gül ləçəyinin kölgəsi də səni incidə bilər.
Dünyanın o başında bir körpənin ağlamağı sənin ürəyini nanə yarpağı kimi əsdirər, bir insanın naləsi ürəyini tel-tel edər.
O qədər zərifsən ki, kainatın bütün gözəllikləri qəlbində yuva salıb. Cahanın işığı sənin üzünün nurundan qidalanır.
Səni zəif də adlandırırlar. Bununla razılaşa bilmirəm.
Sən necə zəifsən ki, bəşəriyyətin beşiyi başında durub, onu yırğalayıb, dünyanı gözəlliyə qərq edən güclü və aqil insanı həyata gətirib, böyüdüb, tərbiyələndirmisən.
Sən necə zəifsən ki, başındakı qeyrət yaylığını atıb, şəri yuxusundaca boğmusan.
Sən necə zəifsən ki, Tomiris olub dünyaya meydan oxuyan bir tiranı doymaq bilmədiyi insan qanı ilə doydurmusan.
Məhsəti olub aqilliyinlə bir qəzəl üçün bir xəzinə qazanmısan.
Sara Xatun olub müdrikliyinlə zamanın hökmdarlarına meydan oxumusan.
Tuti Bikə olub həyat yoldaşının ləyaqətli tərəfdaşı olmusan.
Sən necə zəifsən ki, Şah İsmayılın ən mahir sərkərdələrini belə mat qoyan qız ordusunun döyüşçüsü olmusan.
Sən necə zərifsən ki, Natəvan olub bir çox kişi hökmdarların etmədiyi xeyirxah işlərə imza atmış, zərif şeirlərinlə qəlbləri fəth etmisən. Sən necə zəifsən ki, Şamamaların, Sürəyyaların, Vəsilələrin, Tərlanların timsalında doğma vətənin hər qarışını laləzara döndərmisən. Sən necə zəifsən ki, XX əsr boyu da tükünə belə qıymadığın əziz ciyərparələrini “uf” demədən yağı üzərinə göndərmisən. Dahi şairimiz Səməd Vurğun “Ananın öyüdü” şeirində bu mərdanəliyin tərənnüm olunur.
Sən necə zəifsən ki, düşmən əlinə keçməmək üçün özünü sıldırım qayadan atan və göydə mələklərlə yanaşı keşikdə olan müqəddəs ruhlara dönmüşəm.
Sən necə zəifsən ki, bu gün Mehriban Əliyevanın simasında qadınlığın simvoluna çevrilib bütün dünyaya Azərbaycan həqiqətlərini çatdırırsan.
Sən necə zəifsən ki, bu gün İsmayıllı torpağını cənnətə çevirənlərin içərisində sənin də silinməz izin var.
Sən necə zəifsən ki, Güllülər, Sədəflər, Firəngizlər, Təranələr, Sevinclər olub mərdanə təbiətində xeyirxahlıq mücəssəməsinə etalonuna çevrilmisən.
Sən necə zəifsən ki , anam olub məni həyatın bütün ağır dərdlərini qorumaq üçün sinəni sipər edib, ağır dərdlərimi çiyinlərinə götürüb dünyadan köçmüsən.
Bütün bunların və sadalaya bilmədiyim neçə-neçə möcüzənin, zənginliyin, mədənisən.
Bu, sənsən qarşında baş əydiyim hər cür ehtirama layiq Azərbaycan qadını:
Sən bağbansan, biz gül-çiçək,
Zəhmətindir halal əmək.
Sənin kimi gözəl, göyçək
Yoxdur hələ mənim anam.
Rəna Mirzəliyeva

Şərh Yaz