Məhsuldarlığa və keyfiyyətə dəyən ziyan

Alaq otları kənd təsərrüfatı bitkilərinin qidasına şərik olaraq onların məhsuldarlığına və keyfiyyətinə mənfi təsir göstərir. Müəyyən edilmişdir ki, 1 hektar taxıl sahəsindən payızlıq buğda bitkisi 75 kiloqram azot, 52 kiloqram fosfor və 82 kiloqram kalium götürdüyü halda, rayonumuzun ərazisində geniş yayılan qanqal bitkisi 137 kiloqram azot, 31 kiloqram fosfor və 117 kiloqram kalium götürür.

Məhsuldarlığa və keyfiyyətə dəyən ziyan

Alaq otları kənd təsərrüfatı bitkilərinin qidasına şərik olaraq onların məhsuldarlığına və keyfiyyətinə mənfi təsir göstərir. Müəyyən edilmişdir ki, 1 hektar taxıl sahəsindən payızlıq buğda bitkisi 75 kiloqram azot, 52 kiloqram fosfor və 82 kiloqram kalium götürdüyü halda, rayonumuzun ərazisində geniş yayılan qanqal bitkisi 137 kiloqram azot, 31 kiloqram fosfor və 117 kiloqram kalium götürür.
Alaq otlarının mədəni bitkilərə nisbətən, torpağın dərin qatına işləyən güclü kök sistemi var. Onlar bu üstünlüyə görə torpaqda olan su ehtiyatından daha çox yararlanaraq , öz inkişafına görə həmişə mədəni bitkiləri qabaqlayır. Enli yarpaqlı alaq otları yüksək buxarlandırma əmsalına malik olduqlarına görə torpaqda olan suyun sərfiyyatını artırır və torpağın tez qurumasına səbəb olur.
Alaqlar taxıl sahəsində sıxlıq yaratmaqla mədəni bitkiləri kölgələndirib günəş işığından məhrum edir, onların boyca kiçik qalmasına, yatmasına və nəticə etibarı ilə, onların tələf olmasına səbəb olur. Buna misal olaraq ən çox yayılan gülül, qanqal, turpəng, yabanı vələmiri göstərmək olar.
Müəyyən edilmişdir ki, 1 hektar əkin sahəsində alaqların mənimsədiyi qida maddələrinin və suyun miqdarı həmin sahədən 20-25 sentner məhsul götürülməsinə ekvivalentdir.
Alaq otları zərərverici və xəstəliklərin bir çoxunun aralıq sahibi hesab edilir. Onlar ilk öncə alaqlar üzərində artıb çoxalır, sonra digər mədəni bitkilər üzərində yayılırlar.
Alaqların əksəriyyəti toxum vasitəsi ilə çoxalır və külli miqdarda toxum verir. Alaq toxumlarının cücərmə qabiliyyəti torpağa düşdüyü dərinlikdən çox asılıdır. Ən yaxşı cücərmə faizi torpağın 1-5 santimetr dərinliyində olur. Toxumların düşdüyü dərinlik 10 santimetrdən çox olduqda onların əksəriyyəti cücərmir. Torpağın şumlanması zamanı alaqların əksər hissəsi 10-25 santimetr dərinliyə düşüb cücərə bilmir, lakin öz həyat qabiliyyətini qoruyub saxlayır. Məsələn, cincilim toxumu 2-5 il, unluca 6 il, yabanı vələmir 2-5 il cücərmə qabiliyyətini saxlayır, əlverişli şərait yaranan kimi yenidən cücərir.
Taxıl biçildikdən və sahə bitki qalıqlarından təmizləndikdən sonra 8-10 santimetr dərinlikdə üzləmə aparılmalıdır. Bu zaman torpağın üst qatındakı alaq toxumlarının cücərməsi üçün sahəni malalamalı toxumların cücərməsi üçün şərait yaradılmalıdır. Alaq toxumları cücərdikdən sonra dərin şumlama aparılmalıdır. Əks təqdirdə , biçindən sonra birbaşa dərin şumlama aparılırsa, hər il dərindəki toxumların bir hissəsi üzə çıxıb yenidən cücərir və uzun müddət onların kökünü kəsmək mümkün olmur.
Rayonumuzda becərilən taxıl bitkiləri əkinlərində bir çox alaq növləri mövcuddur. Ən geniş yayılanlar və məhsuldarlığa ciddi ziyan vuranlar turpəng, yabanı vələmir, çöl noxudu-gülül, qanqal, lalə və kalışdır. Bunlar rayon ərazisindəki taxıl əkinləri üçün hakim alaqlar hesab olunur, taxıllara nisbətən çox sürətlə boy atıb onları üstələyir. Bu alaqlara qarşı mübarizədə aqrotexniki tədbirlər düzgün tətbiq edilməli, kimyəvi mübarizə vasitələrinə üstünlük verilməlidir. Alaq otları mədəni bitkilərlə həyati əhəmiyyəti olan qida, su və işıq uğrunda daim mübarizə aparırlar. Bu mübarizədə kənardan insanların müdaxiləsi olmadıqda mədəni bitkilər məhv ola bilərlər.
Buğda, arpa və qarğıdalı əkinlərində alaq otlarına qarşı mübarizə profilaktiki və məhvedici üsulla aparılır.
Profilaktiki tədbirlər əsasən növbəli əkin sisteminin tətbiqi, aldadıcı suvarmalar, malalama və s.
Məhvedici mübarizə tədbirləri aqrotexniki və kimyəvi mübarizə tədbirlərindən ibarətdir.
Aqrotexniki mübarizə tədbirləri:
– Toxumların toxumtəmizləyən qurğular vasitəsi ilə alaq otlarından təmizlənməsi və çeşidlənməsi;
– Səpin vaxtının düzgün müəyyən edilməsi;
– Səpin üçün kondisiyalı və yüksək reproduksiyalı toxumun olması;
– Torpağın dərin şumlanması, kultivasiya edilməsi, malalama və üzləmə tədbirlərinin vaxtında aparılması;
– Taxıl əkini sahəsi ətraflarının alaq otlarından təmizlənməsi.
Kimyəvi mübarizə tədbirləri:
Buğda, arpa və qarğıdalı əkinlərində alaq otlarına qarşı ən səmərəli tədbir kimyəvi mübarizədir. Bu məqsədlə herbisidlərin tətbiqi başlıca meyardır. Respublikada buğda, arpa və qarğıdalı əkinlərində alaqlara qarşı əsasən aşağıdakı herbisidlərdən istifadə edilməsi tövsiyə olunur.
2,4 D – Amin duzu- 2 l/ha. məsarif normasında 300 litr işçi məhlulu sərf etməklə alaqların boyu 10-12 santimetr olduqda çiləmələrlə tətbiq edilməlidir.
2,4 D – Kodamin. İslanan tozdur, məsarif norması 2,5 l/ha-dır.
Qranstar – 75 faizli. İslanan tozdur. Məsarif norması 15 qr/ha.
Bundan başqa, Dialen super, Lintur, Puma super, Topik və s. kimi herbisidlərdən istifadə etmək olar.
Herbisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmalı, arı ailələri ilə əkin sahəsi arasındakı məsafə (minimum 500 metr) və havanın temperaturu (minimum +12 dərəcə ) nəzərə alınmalıdır.
A.Əsədov,
İsmayıllı rayon Bitki Mühafizə Mərkəzinin rəisi

Şərh Yaz