İradəli, təmkinli, səbirli olaq

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
Nizami Gəncəvi
Ədiblər, müdriklər və həyat təcrübəsi olanlar bizə ağılla hərəkət etməyin vacib olduğunu göstərib. Varlığımıza səbir, iradə həmişə dayaq olub. Axı niyə dahilər ağılla hissin mübarizəsindən bu qədər yazıb və bu gün də müdriklər bizi dözümlü olmağa çağırır? Təbii ki, həyat hadisələrinin axarı bunu tələb edir. Tibbi və bədii ədəbiyyatdan iradə, ağıl və səbir sözlərinin həqiqi dəyərini araşdırmağa çalışdım. Yazılanlar göstərilən xüsusiyyətlərin vacib olmasını təbliğ edir. Əks halda, insan həll edilməsi çətin olan problemlər qarşısında aciz qalar.
İradəli, təmkinli, səbirli olaq

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
Nizami Gəncəvi
Ədiblər, müdriklər və həyat təcrübəsi olanlar bizə ağılla hərəkət etməyin vacib olduğunu göstərib. Varlığımıza səbir, iradə həmişə dayaq olub. Axı niyə dahilər ağılla hissin mübarizəsindən bu qədər yazıb və bu gün də müdriklər bizi dözümlü olmağa çağırır? Təbii ki, həyat hadisələrinin axarı bunu tələb edir. Tibbi və bədii ədəbiyyatdan iradə, ağıl və səbir sözlərinin həqiqi dəyərini araşdırmağa çalışdım. Yazılanlar göstərilən xüsusiyyətlərin vacib olmasını təbliğ edir. Əks halda, insan həll edilməsi çətin olan problemlər qarşısında aciz qalar.
İradə qarşıya qoyulmuş məqsədə nail olmaq əzmidir. İradə pozuntusu bir sıra xəstəliklərin əlaməti sayılır. İradənin zəifləmə və güclənmə məqamları olur. İradəsi zəiflər asanlıqla kənar şəxslərin təsiri altına düşə bilirlər. Narkomanlar, alkoqoliklər, psixotroplar (psixopatiya dedikdə xasiyyətin anomaliyası və ya şəxsiyyətin patologiyası nəzərdə tutulur) arasında zəif iradəlilərə daha çox təsadüf edilir.
Bu gün çox ailələri narahat edən “nevroz”lar adı altında birləşən nevrosteniya, sayrışan hallar nevrozu, isteriya xəstəliklərinin səbəblərindən biri də iradənin sosial amillər qarşısında aciz qalmasıdır.
Qeyd etdik ki, iradə zəifləyə və güclənə bilir. İradənin güclənməsi insan sağlam düşüncə tərzində fəaliyyətinin faydalı olması ilə təzahür edir. Geri çəkilmədən, məqsədinə nail olmaq üçün hər bir çətinliyi dəf edib müvəffəqiyyət qazanan insanlar məhz belələrindəndir.
Məqsəd olmadıqda iradənin gücləndirilməsi faydasız olur. Məsələn: müxtəlif zərərli vərdişlərin aludəsi olanların istədiklərini əldə etmək üçün ağlına gələn hər şeyi etməsi, hay-küy salması və s.
Həyat qayğılarının anbaan artdığı bir zamanda hisləri cilovlamaq üçün insanlara güclü ağıl və iradə lazımdır.
Dahi Firdovsi yazır:
İradə olarsa birində əgər,
O hər töhmətə mərdliklə dözər.
Polyak yazıçısı Boleslav Prus: insan iradəsi böyük qüvvədir, iradə yer üzünün ulu qüvvəsidir deyir. Amerika yazıçısı Harriyet Biçer Stonun ağlağan olmayanları iradəli kimi təqdim edir.
Deməli, iradə dözümlülükdür, sınamaqdır, məqsədinə çatmaq üçün mübarizədir, tənqidə dözməyi bacarmaqdır, bir şey əldə etmədən meydandan getməmək bacarığıdır. İradəli olan hiddətlənməz.
Ağıl insan təbiətinin inkişafının ən yüksək, ən ali, sonuncu həddi kimi qiymətləndirilir. O insanın öyrənə biləcəyi ən mürəkkəb sahə sayılır. Dahi Viktor Hüqonun fikrincə ağıllı o adama deyirlər ki, vaxtında özünü dustaq edə bilsin. Hər zaman hər şeyin üzərində vaxtında “bəsdir” sözünü yazmağı bacarsın.
Yaşadığımız zamanda insanların hisslərini dustaq etməsi daha vacibdir. Bir gözü ağıl, bir gözü hiss olan tərəzini tarazlaşdırmağı bacarmaq lazımdır.
Hazırkı vaxtda dəbdəbəli həyat tərzinə, müasir texnikaya meyl artmışdır. İnsanlar ağıllarının etirazlarına baxmayaraq istəklərinə tabe olur və nəticədə, yeni bir problem meydana gəlir. Kreditomaniya – bu yeni ictimai problemin adını ilk dəfə televiziya kanallarının birində eşitdim. Ani təbəssümlə qarşıladığım bu vəziyyət əslində, cəmiyyətin narkomaniyadan sonrakı bəlasıdır. Kreditomaniyanın müstəqil nazoloji vahid, yəni ayrıca xəstəlik forması kimi öyrənilməyə başlaması haqda məlumatım yoxdur. Amma “mania” sonluğunun “psixi pozuntu” olması barədə dəqiqliklə məlumat verə bilərəm.
Düşünülmədən atılmış addım, yəni banklardan böyük məbləğdə pulun götürülməsi və onun qaytarılmasında yaranan ziddiyyətlər artıq öz acı nəticələrini verməkdədir. Ailələrin dağılması, intihar halları məhz bu ziddiyyətlərdən doğur. Xəstəliklər cavanlaşır, xüsusilə ürək-damar sistemdə 49-50 yaş arasında daha çox təsadüf edilirdisə indi bu yaş həddi çox aşağı düşmüşdür. 40-45 yaşlı kişilər arasında qəfləti ölümlərin sayı artmışdır. Küçələrimizdə əli əsalı qocalarımızın, məclislərimizin yaraşığı olan ağbirçəklərimizin sayı azalmışdır. Bir sözlə, böyüksüz qalırıq.
Avropanın, Rusiyanın demoqrafik göstəricinin ildən-ilə aşağı düşməsi qorxutduğu kimi, bizi də qocalarımızın sayının azalması qorxutmalıdır. İnsanlar qocalmır. Hansı ki, müdrik qocaya qulaq asmaq dəyərli kitab oxumaq qədər qiymətlidir.
Bu məqalədə fikrim qocalmamağın səbəbləri və qocalıq haqda yazmaq deyil. Bu geniş müzakirəyə ehtiyacı olan bir mövzudur.
İradə, ağıl haqda oxuduqlarımdan, düşündüklərimdən sizinlə bölüşdüm. Bir az da səbir barəsində yazmaq istəyirəm.
Çətin, ağrılı günlərlə mübarizədə insanın yeganə silahı səbir, hövsələ olmalıdır. İnsan aylarla, bəzən illərlə səbir etmək məcburiyyətindədir. Yaxınını itirmiş şəxsin bu faciəni unutması üçün zaman lazımdır. Arzuladığı karyeranı qurmaq istəyən şəxs illərlə səbir etməlidir. Arzularına çatmaq az insana nəsib olur. Təcrübə göstərir ki, bu insanlar çox böyük səbir sahibidirlər. Onlardakı səbir, hövsələ ilk addımda rast gəlinən uğursuzluq, tənqid, istehzalı baxışlar qarşısında aciz qalmayıb. Böyük ingilis dramaturqu Vilyam Şekspir yazır:
Necə də yazıqmış səbirsiz insan,
Bir anda sağalmaz yara heç zaman.
Bilirsən ağılla iş görürük biz,
Ağıla köməkdir hər vaxt səbrimiz.
Deyirlər ki, tələsənlər uduzar, səbirli olan zərər çəkməz.
“Səbirli ol!” – deməklə yanaşı insanlara səbir tapmağın yollarını da öyrətməliyik. Bu fikirlə üzümü gənclərə tuturam:
– Mütaliə edin, insanları dinləməyi bacarın, qayğı çəkdirməyi deyil, qayğı çəkməyi öyrənin, insanların qəlbinə yol tapmağa çalışın. Mütaliə bilmədiyimiz sahələrdən bizi agah edir, həyat müəmmasını açmaqda bizə kömək edir, insana səbir gətirir. Ünsiyyət isə bəzən elə məsələləri ortalığa çıxarır ki, öz qayğıların sənə gülünc gəlir.
Hörmətli oxucular, sonda məqaləmi dünya dahilərindən olan Valter Scottun səbirə və ağıla verdiyi qiymətlə bitirmək istəyirəm:
– Müvəffəqiyyət bir əl uduş gətirə bilər, amma səbir və zəka bütün oyunu uda bilər.
Xatirə Ağayeva,
həkim-terapevt

Şərh Yaz