Heydər Əliyev – Azərbaycan

Heydər Əliyev – 91
Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə də nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o ardıcıl sürətdə inkişaf etməlidir. Biz buna nail olmuşuq və ümidvaram ki, bundan sonra da bu məsələ diqqət mərkəzində olacaqdır. Biz gələcəkdə Azərbaycanın təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik.
Heydər Əliyev
Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcək.
İlham Əliyev


Heydər Əliyev – Azərbaycan

Heydər Əliyev – 91
Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə də nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o ardıcıl sürətdə inkişaf etməlidir. Biz buna nail olmuşuq və ümidvaram ki, bundan sonra da bu məsələ diqqət mərkəzində olacaqdır. Biz gələcəkdə Azərbaycanın təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik.
Heydər Əliyev
Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcək.
İlham Əliyev

Yaradıcı adamların yaratdıqlarının fövqündə duran bir şah əsəri olur. Ümummilli lider Heydər Əliyevin şah əsəri ədəbi müstəqilliyini təsdiq etdiyi Suveren Azərbaycandır.
Heydər Əliyev – Azərbaycan. Bu iki varlığı bir-birindən ayrı təsəvvür etmək belə mümkün deyil. Harada Heydər Əliyev adı varsa, yaşayırsa orada Azərbaycan da var və yaşayır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. O, Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, milli ideologiyanın yüksəlişinə təkan vermişdir.
Bu bir həqiqətdir ki, Heydər Əliyevin başçılıq etdiyi qurtuluş savaşının Naxçıvan dövründə Ana Vətən-Azərbaycan qan içərisində çapalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, vəzifə xətrinə müqəddəs torpaqlarımızın düşmənə təslim edilməsi adi hal olmuşdur. Ölkədə sözün əsil mənasında hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Yurdun hər yerində silahlı dəstələri hökmranlıq edirdilər. Məmləkəti idarə edənlərin başı sovet hakimiyyəti illərində toplanmış xalq əmlakının talan olunmasına qarışmışdı. Faktiki olaraq dövlət yox idi. Ölkə milli fəlakət həddinə çatmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Azərbaycan vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Vətən torpaqları hərraca qoyulmuşdu. Ən təhlükəli cəhət isə bu idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri, daxildəki satqınlarla birləşmişdilər. Tarixi düşmənlərimizin Azərbaycanı Qafqazın siyasi xəritəsindən silib atmaq planları reallaşdırmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bu fəlakət altında müdrik xalqımız düzgün qərar qəbul edərək dünyanın böyük siyasət adamını –Azərbaycanın yeganə ümid çırağı Heydər Əliyevi hakimiyyətə gətirdi.
1993-cü ilin iyun günlərində Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanmış qurtuluş mücadiləsi özünün yeni həlledici mərhələsinə qədəm qoydu, bütün Azərbaycanın qurtuluşu başlandı. Bu dövr Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik illəridir. 1993-cü ilin iyununda başlamış bu dövr mahiyyətcə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və yeni müstəqil Azərbaycanın qurulması dövrüdür.
Bu dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı bulağından çıxara bildi. Vətənin qurtuluş savaşına başçılıq etdi və Azərbaycan tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olan siyasi varlığımızın yox olmaq təhlükəsindən xilas etdi və tariximizdə, həm də Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çox şərəfli bir ad qazandı. Bu şanlı missiyanı Heydər Əliyev son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə yerinə yetirdi. Məhz o zaman 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş başlandı. Müdrik siyasətçi vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı təcrübəli və müdrik siyasi xadimin əlinə keçdi.
Milli iftixarımız, xalqımızın böyük oğlu, Ümummilli lider Heydər Əliyev dövrümüzün siyasət nəhənglərindən biri kimi müasir dünya tarixində əbədiyaşarlıq haqqı qazanmışdır. Azərbaycanlılar üçün o, müasir Azərbaycan dövlətinin qurucusu, xalqın ən böyük xilaskarı və öndəridir.
Heydər Əliyev müdrik, təmkinli, uzaqgörən siyasətçi idi.
Azğın erməni qəsbkarlarının Azərbaycana təcavüzü, torpaqlarımızın böyük bir hissəsinin zəbt olunması, dinc əhalinin didərgin düşməsi Heydər Əliyevi çox narahat edirdi. Ölkəmizin daxilindəki hərc-mərclik, özbaşınalıq, hakimiyyətdə olanların səriştəsizliyi onun nəzərindən qaçmırdı.
Ulu öndərin mənalı ömrü millətinə vətəninə həsr olunmuşdur. Heydər Əliyev müstəqilliyimiz dövründə hələ gənc və kifayət qədər tanınmış respublikamızın misilsiz xidmətlərini qısa bir dövr ərzində beynəlxalq arenada öz sözünü deyə bilən dövlət kimi tanıtdı.
Azərbaycan xalqına tale müstəqil dövlətçiliyimizin yaradıcısı olan Heydər Əliyev kimi şəxsiyyəti bəxş etmişdir. Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, məhv olmaq təhlükəsindən xilas etdi.
Ümummilli liderimiz vətənlə, müqəddəs torpaqla nəfəs alır, onun ürəyi bu xalqla döyünürdü. Heydər Əliyev yalnız prezident olduğu müddətdə deyil, bundan çox əvvəl –Azərbaycan SSRİ-nin tərkibində olanda da xalqa xidmət etmiş, xalqımızın rifahının yaxşılaşması yolunda böyük işlər görmüşdür.
1981-ci il İsmayıllı zəlzələsi zamanı ulu öndər Heydər Əliyev İsmayıllıya səfər etmiş, yerli əhaliyə dayaq durmuş, lazımı köməkliklərini göstərmişdir.
Ulu öndər ilk günlərdən respublikada qanunvericiliyin qorunması, idarəçiliyin möhkəmləndirilməsi, kadrlara tələbkarlığın artırılması işində əhəmiyyətli addımlar atdı. Heydər Əliyev yaxşı bilirdi ki, bir xalqın var olması üçün onun ərazi bütövlüyünü, dilini qorumaq, mədəniyyətini, iqtisadi və sosial həyatını dirçəldib inkişaf etdirmək lazımdır.
Ümummilli liderimiz 1969-1982-ci illərdə respublikada birinci rəhbərliyi dövründə 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə vermiş, 630 min nəfərlik yeni iş yerləri açmış, 20 milyon kvadrat metr mənzil sahəsi istifadəyə verilmiş, minlərlə məktəb, kitabxana, xəstəxana, istirahət evi və s. tikilmişdir. Həmin illərdə Nizaminin, Əcəminin, Nəsiminin, Tusinin, Vaqifin, Aşıq Ələsgərin, Üzeyir Hacıbəyovun, M.Maqomayevin, Hüseyn Cavidin yubileylərinin qeyd olunması, xalqın mənəvi dəyərlərinə göstərilən qayğının təzahürü idi.
Azərbaycanda milli şüurun intibahına dəyərli xidmət göstərmiş Hüseyn Cavidə Heydər Əliyevin daim böyük və sonsuz sevgisi olmuşdur. Heydər Əliyevin təşəbbüsü, xeyr-duası, qayğısı ilə uzaq Sibirin əlçatmaz yerlərindən Cavidin cənazəsinin qalıqlarının doğma yurda – Naxçıvana gətirilməsi Ulu öndərimizin tarixi xidmətlərindəndir. Xəlil Rza Ulutürk haqlı olaraq yazırdı kı, ”Mən dahi Hüseyn Cavidimizin cənazə qalıqlarının ən uzaq məsafədən Bakıya gətirilməsini və təntənəli biçimdə şairin öz vətənində – Naxçıvanda torpağa tapşırılmasını Heydər Əliyev qəhrəmanlığı anlayışına daxil edirəm.”
Təsadüfi deyildir ki, Cavidin cənazəsinin Azərbaycana gətirilməsinə Azərbaycan Respublikası cənab İlham Əliyev yüksək qiymət verərək qeyd etmişdir ki, ”Şairin cənazəsinin uzaq Sibirdən vətəninə gətirilməsi, məzarı üzərində məqbərənin ucaldılması adi totalitarizmin günahsız qurbanlarının rəmzinə çevrilmiş Cavidə və 1930-cu illərin depressiyalarına məruz qalmış minlərlə Azərbaycan ziyalısının xatirəsinə xalq ehtiramının təcəssümüdür.”
Ümummilli liderimiz Heydər Əliyev “Hüseyn Cavidin 120 illik yubileyi haqqında” sərəncam imzaladıqdan bir gün sonra – 2002-ci il 24 oktyabrda şairin ev muzeyinin açılış lentini kəsdi.
Azərbaycanda milli hərbi kadrlar yetişdirilməsi məqsədilə Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə C.Naxçıvanski adına respublika orta ixtisaslaşdırılmış internat məktəbinin açılması mühüm hadisə idi. Heydər Əliyevin uzaqgörənliyi nəticəsində respublikada və ondan kənarda milli-hərbi kadrların hazırlanmasına böyük əhəmiyyət verildi. İndi həmin məzunlar Azərbaycan ordusunun möhkəmləndirilməsində mühüm rol oynayırlar.
1990-cı ildə Sovet ordusu Bakıya hücum edərək xalqa divan tutdu, qanlı qırğın törətdi. Yanvar faciəsinin ertəsi günü Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək imperiyanın Azərbaycana qoşun yeritdiyini, günahsız əhaliyə divan tutulduğunu bütün dünyaya bəyan etdi. Bu hadisə Heydər Əliyevin vətənə olan sevgisini, cəsarətini, xalqını, vətənini hər şeydən üstün tutmasını bir daha göstərdi.
1993-cü ilin 15 iyunu nə üçün xalqımızın tarixinə Qurtuluş günü kimi daxil oldu.
Görülən işlərin hamısını sadalamaq mümkün olmasa da, gəlin heç olmasa, onların ən mühümlərini sıraya düzək.
Ən başlıcası; azadlıq, müstəqillik həm hər bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər ağır məsələdir.
Ümummilli lider Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti, budur ki, o, ən kəskin geosiyasi, ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, xalqının parçalanıb yox olmaq təhlükəsindən qurtardı.
Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanılması deməkdir, qurtuluş deməkdir.
Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyi 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qəsdləri zamanı ağır sınaqlardan uğurla çıxdı.
Heydər Əliyev adına sadiq qalan, dar ayaqda vətənin müstəqilliyini, xalqın azadlığı naminə hətta, həyatını təhlükə qarşısında qoymaqla hazır rəhbər olduğunu nümayiş etdirdi. Əvvəlki “rəhbərlər”dən fərqli olaraq dar ayaqda xalqını, vətənini qoyub getmədi. Azərbaycan qanlı burulğanlardan çıxdı. Ölkədə sabitlik və əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi xidməti məhz budur – sabitlikdir.
Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır.”
İndi yurdumun şimal torpaqlarında əbədi azadlıq məşəli şölələnir. Ulu keçmişim, beş min illik dövlətçilik tariximin qanunu varisi olan Azərbaycan Respublikası adlanan müstəqil dövlətim var! Üç rəngli bayrağım var! Gerbim var! Himnim var! Azərbaycan Respublikasının Konstitusiyası adlanan təməl qanunum, dünyanın ən demokratik, ən qabaqcıl ölkələrinin qanunları ilə səsləşən ədalətli qanunlarım var. Dünyada ən qədim dövlətlər diyarıdır, Azərbaycanım mənim! Bu xalq hər zaman basılmaz olacaqdır. Çünki, onun ədalətli qanunu – Konstitusiyası var. Bu qanunun hazırlanmasına rəhbərliyi ümummilli liderimiz Heydər Əliyev etmişdir. Onun səyi və gərgin əməyi nəticəsində Konstitusiyanın layihəsi hazırlandı və xalqın müzakirəsinə buraxıldı. Layihəyə müəyyən dəyişikliklər edildi. Nəhayət, 1995-ci ilin 12 noyabr tarixinə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Həmin gün xalqın bayram günlərindən biri oldu. Çünki xalq öz müstəqilliyinin rəmzini qəbul etmiş oldu.
Heydər Əliyev zəkasının, onun gərgin qabaqcıl və inadlı fəaliyyətinin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəmərinin, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin region ölkələri üçün, o cümlədən türk dünyasından ötrü nə demək olduğu neçə-neçə nəsillər keçəndən sonra başa düşüləcəkdir.
Heydər Əliyev vaxtı ilə onun öz qayğısı sayəsində Moskva, Sankt-Peterburq və başqa şəhərlərin ali məktəblərində təhsil almış azərbaycanlı gənclərin qabaqcıl bir dəstəsini, müxtəlif nəsillərdən olan vətən övladlarını Prezident Aparatına müxtəlif dövlət strukturlarına toplayıb, onlara idarəçilik qaydaları öyrədir, gələcəyin yeni, qüdrətli Azərbaycanı üçün hazırlayırdı.
Ümummilli liderimiz Heydər Əliyevin sayəsində xalqla dövlət arasındakı uçurum aradan qalxdı və artıq xalq dövlətə və dövlətin başçısına bütün varlığı ilə etibar edir, hər bir qərarında ona dəstək çıxır.
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi, yəni, atəşkəsin yaradılması ilə Azərbaycanın dövlət müstəqilliyinin və dünya birliyində layiqli yer tutması Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasətinin ana xəttini təşkil edirdi.
Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və bacarığı nəticəsində Azərbaycan Respublikası XXI əsrə siyasi cəhətdən inkişaf etməkdə olan bir ölkə kimi qədəm qoydu. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar ölkəmizin tərəqqi, hər bir vətəndaşın azad cəmiyyətdə və şəxsiyyətin inkişafında böyük rol oynayır.
Bu gün Azərbaycan xoş və işıqlı gələcəyə doğru inkişaf yolundadır. Ağır mübarizədən, çətin sınaqlardan sonra əldə etdiyimiz bu xoşbəxt tale qəlbimizi fərəh və qürur hissi ilə doldurur. Düşünürəm ki, nə yaxşı ki, xalqımız Müstəqil Azərbaycanın vətəndaşlarıyıq.
Heydər Əliyev bizim üçün qürur mənbəyi olaraq qalır və qalacaq. Milli mənəvi dəyərlərə söykənən, az müddətdə dünyada tanınan Azərbaycan Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev qurdu, yaratdı. Ümummilli liderimiz yalnız yaşamadı, həmçinin yaratdı. Bütün dünyaya göstərdi ki, Azərbaycan deyilən məmləkət özü qədər qədimdir, uludur. Heydər Əliyev vətəni və xalqı qarşısında borcunu son nəfəsinəcən şərəflə yerinə yetirdi, gələcək nəsillər üçün möhkəm təməl qoydu.
Bəzən böyük alimlər də, müxtəlif peşə sahibləri də deyirlər ki, əbədi heç nə yoxdur. Məncə bu fikir yanlışdır. Dahi insanlar seçilmişlər, onlar əməlləri və ümumiyyətlə öz varlıqları ilə ölməzliyə nail olur və əbədiyyətə qovuşurlar. Heydər Əliyev də dahi və seçilmiş şəxsiyyət idi. Şəxsiyyət kimi, Azərbaycan və Azərbaycan ideyalarını dünyaya yaymış və vətəninə misilsiz xidmət göstərmişdir. Bütün bunlar əsas verir deyək ki, Azərbaycan Respublikasını bundan sonra yalnız firavanlıq, tərəqqi və uğurlu gələcək gözləyir.
İnamla deyə bilərəm ki, bu inam həm də ona görə güclüdür ki, Azərbaycan dövlətçiliyinin sükanı ümummilli lider Heydər Əliyevin arzu, əməl və ideyalarını ən layiqli davamçısı cənab İlham Əliyevin adı ilə bağlıdır.
Arifə Bəşirova,
şəhər 3 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz