Yalan – doğru


Ağ yalan deyərdik böyük yalana,
İndi yox yalanın rəngi, filanı.
Min doğru içində bir yalan olsa,
Yenə yalan olar yadda qalanı.

Uşaq “yalan” desə, uşağa inan,
Böyük yalançılar uşaqlıq edir.
Doğru – ana gözü, ata əlidir,
Yüz döngə burulsan, səninlə gedir.

Bütün bəd əməllər yalandan doğur,
Baş kəsib, and içib “Yox!” – deyənə bax.
Papaqçı dostlarım dərd saymır bunu,
Qeyrətsiz başda da dayanır papaq.

Yalan – doğru

Ağ yalan deyərdik böyük yalana,
İndi yox yalanın rəngi, filanı.
Min doğru içində bir yalan olsa,
Yenə yalan olar yadda qalanı.

Uşaq “yalan” desə, uşağa inan,
Böyük yalançılar uşaqlıq edir.
Doğru – ana gözü, ata əlidir,
Yüz döngə burulsan, səninlə gedir.

Bütün bəd əməllər yalandan doğur,
Baş kəsib, and içib “Yox!” – deyənə bax.
Papaqçı dostlarım dərd saymır bunu,
Qeyrətsiz başda da dayanır papaq.

Yalana öyrətmə dilini, bala,
Atamız, babamız haqdan yapışdı.
Haqq bütün varlığa sahib olanda,
Nə yalan, nə şeytan yaranmamışdı.

Şeytana qulluqdur – yalan, iftira,
Köhnə yalanların yamağı təzə.
Yalan yedirdəsən gündə üç dəfə
Gərək ömrü boyu düzsöyləməzə.

Yalan deyiləndə dil qurusaydı,
Mənim doğrularım yalan olardı.
Mən uşaq olanda yalançıların,
Sürüsün canavar parçalayardı.

Yalandan yaşamaq doğru yalandı,
Yalandan ölməksə – yum gözünü, yat.
Doğrunun donunu yalan geyməsə,
Bir belə baş-ayaq görünməz həyat.

Mənim də yalanım az olmayıbdı,
Aldada bilmişəm özüm-özümü.
Yalanı yalana qoşub deyənlər,
Yarıda kəsibdir doğru sözümü.

Bir belə yalanı danışma, lal ol,
Ağ olma bu qədər Haqqın üzünə.
Tanımaq istəsən özünü, hərgah,
Mənim gözümlə bax bir yol özünə.

Bir belə şeytana uymaq nə gərək,
Həqiqət sənə də, mənə də bəsdir.
Deməyə düz sözü olmayanların
Varlığı yalandır, boşdur, əbəsdir.
Şahməmməd Dağlaroğlu

Şərh Yaz