Sağ ol, Vətən oğlu!

Kamal Ağarəzi oğlu Qasımov, Böyük Vətən müharibəsi Qəhrəmanı(1909-1941)
Poçtalyon Kamalın ilk cəbhə məktubunu gətirəndə Xavər xalanın həyəcandan gözlərində yaş gilələndi. “Bakı, Şors küçəsi, Ağarəzi Qasımxanlıya”. Ana savadsız olsa da, oğlunun xətini dərhal tanıdı, ciyərparasının əli toxunmuş zərfi dəfələrlə öpdü. Ağarəzi müəllim səbirsizliklə məktubu oxumağa başladı.

Sağ ol, Vətən oğlu!Ulu Basqalın Qəhrəman övladları
Şəhid övladının adı Kamaldır,
Kamal başdan-başa ağıl, kamalmış.
Uğrunda can verib elin, kam almış,
Sən nə bədbin görün, nə də ki, süst qal,
Ey ruhu ipəkli, çiçəkli Basqal!
Rəfiq Zəka Xəndan, “Basqal” şeirindən

Sağ ol, Vətən oğlu!
Kamal Ağarəzi oğlu Qasımov, Böyük Vətən müharibəsi Qəhrəmanı(1909-1941)
Poçtalyon Kamalın ilk cəbhə məktubunu gətirəndə Xavər xalanın həyəcandan gözlərində yaş gilələndi. “Bakı, Şors küçəsi, Ağarəzi Qasımxanlıya”. Ana savadsız olsa da, oğlunun xətini dərhal tanıdı, ciyərparasının əli toxunmuş zərfi dəfələrlə öpdü. Ağarəzi müəllim səbirsizliklə məktubu oxumağa başladı.
Sağ ol, Vətən oğlu!
“Əzizim ata! Ağlasığmaz vuruşmalar keçiririk. Namərd düşmən Moldaviya torpağının əhalisinə ağır işgəncələr verir. Adam bu dəhşətləri gördükcə az qalır ki, damarlarında qan donsun. Mən böyük ümidlə döyüş tapşırıqlarını yerinə yetirirəm. İnanıram ki, külə döndərilmiş bu qızıl torpaqlar yenidən çiçəklənib gözəl bir gülzar olacaq. Hələlik isə biz qəzəbimizə, kinimizə güc veririk.
Məzuniyyətdə olan batalyon komandirini əvəz edirəm. Iki gün bundan əvvəl bir neçə əsgərlə Prut çayı üzərində üç körpünü partlatdıq. “İzvestiya” qəzetinin müxbiri döyüş yerlərinə gəlmişdi. Döyüşçü Yakov Markutsa ilə birlikdə şəklimizi çəkdilər. Yəqin ki, məqalə və şəkil artıq qəzetdə dərc olunub. Hamımızı orden almağa təqdim etdilər. Qələbəyə böyük inamla.
Sizin Kamal. 30 iyun 1941-ci il ”.
Ungen yaşayış sahəsində, Prut çayının üzərində Kamal öz döyüşçüləri ilə birlikdə iki körpünü partlatmışdı. O, hissə komandirindən yeni əmr almışdı. “İki saat yarım ərzində düşmənin arxasına keçməli, 3-cü körpünü də dağıtmalı, Alman diviziyasının hücumunun qarşısını almalı”.
Kamal Qasımov döyüşçülərdən – Pyotr Sotnikov, Aleksandr Sedin, Semyon Artamonov, Nikolay Buxtiyarov, Vasili Xristoçenkov və Yakov Markutsa ilə birlikdə düşmənin arxasına keçdi. 30-40 metr məsafədə mövqeyini möhkəmlətmiş, faşistlərin güclü pulemyot, minomyot, tüfəng atəşləri altında körpüyə tərəf süründü.
Körpünün müdafiəsi həddindən artıq güclü idi. Hər iki tərəfdən keşikçilər durmuş, körpünün tinlərində isə pulemyotlar qoyulmuşdu. Gecənin zil qaranlığında Kamal, sıravi Yakov Markutsa və Nikolay Buxtiyarovla birlikdə üç alman gözətçisini səssiz-səmirsiz bıçaqla öldürərək ehtiyatla körpüyə yanaşdı. Faşist keşikçilərindən biri Kamalın dəstəsini gördü və dərhal atəşlə siqnal verdi. Faşistlər təşvişlə pulemyotlardan qızğın atəş açdılar. Lakin qəhrəman döyüşçülərimiz düşmənin atəş yağmuru altında ildırım sürəti ilə körpüyə dırmaşıb partladıcıları lazımi yerinə qoydular. Bir neçə dəqiqədən sonra dəhşətli gurultu qopdu. Körpünün qırıqları düşmən tankları ilə birlikdə Prut çayının gümüşü sularına töküldü. Bu zaman Kamal Qasımovun alayı hücuma keçib özünü itirmiş düşməni tarmar etdi.
Tezliklə bütün ölkə 32 yaşlı siyasi rəhbər Kamal Qasımovun böyük hünərindən xəbər tutdu. “İzvestiya” qəzetinin 4 iyul 1941-ci il tarixli nömrəsində cəbhə müxbiri E.Vlenskinin “Siyasi rəhbər Kamal Qasımov” adlı geniş oçerki və fotoşəkli dərc olunandan sonra qəhrəmanın ünvanına təşəkkürlə və iftixar sözləri ilə dolu məktublar axışmağa başladı. Məktublarda çox vaxt sadəcə ünvan yazılırdı. “Bakı, qəhrəman Kamal Qasımovun ailəsinə”.
Şairlər, ədiblər, yaradıcı kollektivlər Kamalın ölməz hünərini vəsf etmək, obrazını daha dolğun tərənnüm etmək üçün onun ata-anasını, bacı-qardaşlarını sorğu-suala tutur, qəhrəmanın doğulub boya-başa çatdığı qədim Basqal qəsəbəsinə də gəlirdilər.
Böyük Vətən müharibəsi cəbhələrində Azərbaycan oğullarının əfsanəvi qəhrəmanlığı şifahi xalq yaradıcılığının əsas və aparıcı mövzularından idi.
Siyasi rəhbər Kamal Qasımov haqqında “Kamalın dastanı” adlı qəhrəmanlıq dastanı xüsusilə maraq doğurur. Dastan müharibənin ilk aylarında yaranmışdır. Aşıq Mirzə dastanı Kamal Qasımov cəbhəyə düşdüyü dövrdən başlayır. Qəhrəman cəbhəyə gedərkən anası ilə vidalaşaraq deyir:
Mən gedirəm vuruşlara,
Düşmənləri çəkim dara.
Kürəyimdən alsam yara,
Südün mənə haram olsun.

Qələbə bizim olacaq,
Düşmən yurdu dağılacaq,
Qoy düşmənə çatan ancaq,
Mənim dərdim, qəmim olsun.
Aşıq Mirzə Kamal Qasımovun cəbhədəki igidliyini bədii şəkildə təsvir edir. Dastanda Kamalın körpünü partladarkən döyüşçüləri mübarizəyə səsləyən qoşmaları faşizmə dərin nifrət bəsləyən qəhrəmanın daxili aləmini əks etdirir.
Dastan Kamalın surəti haqqında oxucuda çox aydın təsəvvür yaradır. Kamal igid Azərbaycan balasıdır. O, Cavanşirin, Babəkin, Koroğlunun varisidir. Vətən, ana torpaq, azadlıq uğrunda mübarizə Kamalın ağır günlərdə keçirdiyi ömrünün mənasıdır. Kamal qorxmaz, igid bir gəncdir. O, heç bir təhlükədən çəkinmir. Faşist qəsbkarlarının keçə bilməməsi üçün böyük strateji əhəmiyyəti olan körpünü partlatmaq lazım gəlir. Bunu siyasi rəhbər Kamal Qasımov öhdəsinə götürür və bu çox çətin, həyatı bahasına başa gələ bilən tapşırığı müvəffəqiyyətlə həyata keçirir. Geri, öz hissəsinə dönür, dostları ilə görüşür və öz daxili sevinc, həyəcanlarını ifadə edən mahnılar oxuyur:
Bu misalı deyib ulu babalar:
“Tərlan oylağına sar gələ bilməz”.
Axmaq faşist yerisə də sel kimi,
Dünya ona olar dar, gələ bilməz.
Dahi şairimiz Səməd Vurğun bütün Azərbaycan xalqı adından igid zabitin təkrarolunmaz hünərini alqışlayır, eloğlumuza həsr etdiyi “Qəhrəmanın hünəri” adlı gözəl, qəlbinin dərinliyindən gələn şeirini “Kommunist” qəzetinin 10 iyul 1941-ci il tarixli nömrəsində dərc etmişdi.

Qəhrəmanın hünəri
Adını şeirlə mən alqışladım,
Sərv ağacı kimi ucaldı başım.
Sənin dastanını belə başladım:
“Sağ ol, Vətən oğlu, sağ ol, qardaşım”!

O qara qaşların çatıldı birdən,
Gözündə oynadı bir odlu şimşək.
Cəbhə dostlarına üz tutaraq sən,
Dedin ki, körpünü düşmən keçəcək.
Bir hədəf olsa da bu gün sinəmiz,
Gəlin, yol verməyək quldurlara biz!

“Hazır ol!” söyləyən o mərd səsindən
İgidlər yanında ayağa qalxdı.
Alovlar dağıdan xoş nəfəsindən,
Hər əsgər qəlbinə min qüvvət aldı.

Yayıldı şöhrətin Azərbaycana,
Dinlədi qəlbini dağlar, yamaclar.
Adını nəğməylə saldı dastana,
Muğan çöllərində uçan turaclar.

Çatdın bəllədiyin nöqtəyə, Kamal,
Qoyub dinamiti çəkildin dərhal.
Azacıq keçmədən alışdı şunur,
Körpü gurultuyla qopdu yerindən.
Hər böyük zəfərdə dastan oxunur,
Yazdın bu dastanı öz əlinlə sən.

Çatdı yurdumuza şöhrətin sənin,
Çatdı səhər-səhər yellər əsəndə.
Adınla fəxr etdi böyük Vətənin,
İndi söz mənimdir, qulaq as sən də.

Güldü qəlbimizə hünərin sənin,
Gözəl yay gününün səhəri kimi.
Alqışa layiqdir o mərd əllərin,
Bizim Koroğlunun əlləri kimi.

Bildi şöhrətini ağsaçlı anan,
Köksünü dağ kimi verdi irəli.
Sənə alqış deyib, əl çaldı bu an,
Qafqaz dağlarının şəlalələri.

Səninlə fəxr edir mənim dövranım,
Sənsən ana yurdun eşqi, diləyi.
Sənə halal olsun, ey qəhrımanım,
Babəklər yurdunun duzu, çörəyi.

Adını şeirlə mən alqışladım,
Sərv ağacı kimi ucaldı başım.
Sənin dastanını belə başladım:
“Sağ ol, Vətən oğlu, sağ ol, qardaşım!”

Kamal Qasımov daha bir neçə çətin əməliyyatda iştirak etdi, onun şöhrəti artdı, igidliyi də Böyük Vətən müharibəsinin salnaməsinə yeni-yeni səhifələr yazdı.
Respublikanın nüfuzlu ağsaqqalı Basqal məktəbinin yaradıcılarından biri, Əməkdar müəllim Ağarəzi Qasımxanlı və onun ailəsi müharibənin qızğın çağında rejissor Ağarza Quliyevin və operator Muxtar Dadaşovun çəkdikləri “Vətən oğlu” qısametrajlı bədii filmdə Kamalın igidliyinin canlı təsvirini gördülər. Çəkiliş qrupu Kamalın vətəni Basqalda da olmuş, onun əla qiymətlə oxuduğu məktəbi, oturduğu partanı, qocaman müəllimləri də lentə köçürmüşdülər. Kamal rolunda aktyor İsmayıl Əfəndiyev, anası rolunda aktrisa Əzizə Məmmədova, atası rolunda isə respublikanın Xalq artisti Əli Qurbanov çəkilmişdir. Bu sətirlərin müəllifi və onun sinif yoldaşı mərhum Arif Məhərrəmov rejissorun özü ilə gətirdiyi pioner qalstuku və qısa paltarı geyib Kamalın atası rolunu oynayan Əli Qurbanova canlı gül dəstələrini pioner salyutu ilə təqdim etmişdilər. Azərbaycan tamaşaçısının böyük rəğbətini qazanmış “Vətən oğlu” filmi nəinki müharibə illərində, hətta 50-ci illərə qədər müntəzəm olaraq nümayiş etdirilmişdi.
1941-ci ilin noyabr ayında Ağarəzi müəllim hissə komandirinin imzası ilə məktub aldı. Polkovnik Pyotr Trofimov yazırdı: “Atacan! Böyük Vətən müharibəsi qəhrəmanı, ordenli Kamal Qasımov kimi oğul böyütdüyünüz üçün sizə çoxsaylı döyüşçülərimiz və hissəmizin komandirləri adından çox sağ olun deyirəm. Kamal gələcək nəsillərə nümunə olan, heç vaxt unudulmayan igidliklər göstərib. O, elə qəhrəman idi ki, onu bir anda mübarizəsiz saxlamaq mümkün deyildi. Son əməliyyat zamanı Kamalın dəstəsi faşistlərin avtomatçılar vzvodu ilə üz-üzə gəlmişdi. Kamal əlbəyaxa hücum əmri verdi. Ata, almanlar bizim süngülərdən qorxan kimi heç nədən qorxmurlar. Dəstə faşistlərin üzərinə hücum edəndə Kamal ağır yaralandı. Əsgərlərimiz onu səhra xəstəxanasına aparanda o, yolda əbədi olaraq gözlərini yumdu. Elə həmin gün Azərbaycan xalqının qəhrəman oğlunu igid komandirə layiq ehtiramla dəfn etdik. Moldaviya torpağında uyumuş Kamal Qasımovu ölmüş sanmayın!
Moldav şairi Yemelian Bukov da Kamalın qəhrəmanlığı qarşısında baş əyir, onun iki xalqa mənsub olduğunu tərənnüm edir.
Kamal Qasımov
Ungen şəhərində bir küçə vardır,
Daşında yazılıb: Qasımov Kamal.
O, bizə ən əziz bir yadigardır –
Hünər dastanını məndən xəbər al.

Boy atıb böyüyüb Azərbaycanda,
Qəlbini bağlayıb doğma Vətənə.
Mənim günəşimi bulud alanda,
Bakıdan ayrılıb gəldi Ungenə.

Döyüş səngərinə atıb özünü,
Amansız düşmənə verməyib aman.
Xəzər sahilində açıb gözünü,
Prut sahilində köçüb dünyadan.

Açdı ürəyini bizim ellərə,
Moldav torpağının heyranı oldu.
Ölümlə tutuşdu o neçə kərə,
Fəqət bir güllənin qurbanı oldu.

Əl tutub hamıyla dost tək görüşür,
Gəlişi uğurlu, gedişi hicran.
Qızlar arasında ondan söz düşür,
Subaydı o zaman, subay bir oğlan.

Qoynunda saxladı onu bu düzlər,
Həzin laylasını çaldı küləklər.
Məzarı başına töküldü qızlar,
Bəzədi üstünü güllər, çiçəklər.

Sorağı gəzdikcə eli, obanı,
Hamı öz yerlisi sandı Kamalı.
Çoxları unutdu keçən davanı,
Ancaq xatırladı , andı Kamalı.

Bir ana döşündən o, süd əmsə də,
Neçə min ananın övladı oldu.
Yoxluğu qəlbimə bir sitəmsə də,
Şöhrəti şeirimin qanadı oldu.

Yenə unutmayıb haqqı-sanını,
Basıram bağrıma qardaş diyarı.
Mənə elə gəlir Prut çayını,
Kamal axıdıbdır Xəzərə sarı.
(Tərcümə Teyyub Qurbanındı)

Bu axıcı, səmimi ehtirasla yazılan şeirin müəllifi isə dostum, mərhum Cəbrayıl Yeniyollu (Səmədov) dur.
Basqalda bir çinar var, günəş də səhər-səhər
Səxavətlə şöləsin onun üstünə salar.
Vüqarlıdır, uzanıb, mavi göylərə çatıb,
Yerin dərinliyinə qalın damarlar atıb.
Mən bir bahar fəslində yoldan ötüb keçəndə,
Şah qamətli çinarın dibindən su içəndə
Eşitdim bu sözləri: “Görürsənmi çinarın
Yaşı neçə yüz keçib, Kamalımın özü də
Bu çinarın dibindən hər gün sərin su içib”.
İndi qəhrəmanımın adı gəzir dillərdə,
Onu hey xatırlayır bu obalar, ellər də.
Bulaq həmin bulaqdır, gecə-gündüz axır su.
Elin var bir arzusu – düşündürür hər kəsi:
Elə bu çinar kimi ucalsın qoy Basqalda
Kamalın abidəsi.
İllər bizi haqq işi uğrunda, müqəddəs amal uğrunda, qanlı-qadalı Böyük Vətən müharibəsindən ayırsa da, qədirbilən xalqımız heç kimi, heç nəyi unutmur. Kamalın ölməz igidliyi ərazimizin, iyirmi faizindən çoxunu vəhşicəsinə zəbt etmiş, əhalisini öz doğma yurdundan didərgin salmış əbədi-əzəli düşmənimiz erməni işğalçılarına qarşı mübarizədə Vətən övladlarını ruhlandıra biləcək əsl mənbədir.
Miryavər Hüseynov

Şərh Yaz