Çəmənli Akifsiz idi…

Hava aydın olsa da, Aydın ata özündə deyildi. Bu aydın gündə Çəmənli Akifsiz idi. Amma bu böyük izdiham onun adına ünvanına toplaşmışdı. Akifin şəhidlik xəbəri minlərlə insanı bir yerə yığmışdı. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri bu böyük izdihamın önündə idilər.
Çəmənli  Akifsiz idi...Çəmənli Akifsiz idi…
Hava aydın olsa da, Aydın ata özündə deyildi. Bu aydın gündə Çəmənli Akifsiz idi. Amma bu böyük izdiham onun adına ünvanına toplaşmışdı. Akifin şəhidlik xəbəri minlərlə insanı bir yerə yığmışdı. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri bu böyük izdihamın önündə idilər.
Milli Ordumuzun əsgəri Akif Aydın oğlu Baxşıyev Qarabağ bölgəsində hərbi tapşırığı yerinə yetirərkən düşmən gülləsinə tuş gəlmişdi.
Çəmənli  Akifsiz idi...
Günortadır. Şəhid balamızın Azərbaycanın Dövlət bayrağına bələnmiş tabutu gətirilir.
RİH-in başçısı Mirdaməd Sadıqov çıxış edib, şəhid valideynlərinə, yaxınlarına, doğmalarına təsəlli və başsağlığı verir. Vətən uğrunda şəhid olanların ölməzliyindən, onların Allah dərgahında yenidən danışır. Başçı bu ölməzlik yolunun gənclərimiz üçün nümunə olmasını deyir. Çünki: “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” Nə qədər ki, Qarabağı düşmən tapdağından azad etməmişik, şəhidlərimizin qisasını azğın düşmənlərdən almamışıq, bizə dinclik yoxdur. Lakin vaxt gələcək, torpaqlarımızı azad edəcək, mənfur düşməndən qisasımızı alacağıq. Allah şəhid balalarmıza rəhmət eləsin. Allah sənə rəhmət eləsin, Akif.
Akif Baxşıyevin komandirləri, digər çıxışçılar da şəhidə Tanrıdan rəhmət dilədilər. Milli bayrağımıza bələnmiş tabut çiyinlərdə məzarlığa gətirildi. Akif boya-başa çatdığı Çəmənli kəndində torpağa tapşırıldı. Üçrəngli bayrağımız, bayrağın üstünə düzülən tər qərənfillər, gül-çiçək dəstələri şəhid məzarına təsvirə sığmayan bir ucalıq verdi.
Vətən torpağı onu canından artıq sevən övladını ağuşuna aldı. Aralıda, hələ də ağı deyən ananın fəryad eşidilirdi:
Ağacda xəzəl ağlar,
Dibində gözəl ağlar.
Oğlu ölən analar,
Sərgərdan gəzər, ağlar.
Sanki dağlar qar papaqlarını başlarına qoyub kədərli-kədərli susur, çaylar nənələrimiz sayağı bayatı deyib sızıldayırdı:
Mən aşiq qoşa dağlar,
Çatıb baş-başa dağlar.
Sizdə bala itirdim,
Dönəsiz daşa, dağlar.
Camaat qəbiristanlığı tərk etdikcə qarlı dağlardan əsən soyuq aprel küləyi eşitdiyi fəryadları qanadlarına alıb, daha uzaqlara aparırdı.
Xalıq Xalıqov,
İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzinin direktoru

Şərh Yaz